“-13 il də film istehsalatda qalar?
- Yenə bu rejissor filmlə 13 il qalıb. Nicat Feyzullayev rəhmətlik əlində ssenari gəzdi neçə il, axırda da öldü. Ssenarinin adı da belə idi- “əgər qismətim olarsa... “. Heş ona qismət də olmadı...”
Bu, “Qırmızı bağ” filminin təqdimatı zamanı foyedə gedən söhbətlərdəndi.
Bu söhbətdən sonra istər-istəməz filmin ideya problematikasına bir sual qoşulur: 13 il çəkən çəkiliş prosesində filminlə arandakı bağ qırılarmı, qırılmazmı?
Beləliklə, rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” adına əlavə etdiyi metaforik mənalara tamaşaçı daha birini əlavə edir.
“Qırmızı bağ” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunub (istehsalata 13 il əvvəl buraxılıb).
“Qırmızı bağ” filmi ilk kadrlarından unudulan bir əhvalatın adda-budda xatırlanması kimi bir təəssürat yaradır. Əlbəttə, bu fləşbək üsulu ilə hadisələrə keçid bunu əsaslandırır. Filmin rəngləri bu yuxuvariliyi qoruyur. Amma əsaslandırılmayan məsələlər də çoxdur. Və bu haqda az sonra...
“Qırmızı bağ” insanın ruh aləmi, daxili dünyası haqqındadır. Tənhalığın, mənəvi boşluğun insanın öz eqosu olması kimi sezilən bir ideyası da var.
Filmin qəhrəmanı Abbas müəllimdir. Arvadı Vəfanı itirəndən sonra qəlbini insanlara və dünyaya bərk-bərk bağlayan təbiətşünaslıq müəllimi təbiətin nəhayətsiz sevgi ilə insanlara qucaq açdığı bir yerdə, ondan kömək, sevgi uman kimsəsiz oğlanın yanında tənhadır, içi quruyan ağac kimidir.
Film qəhrəmanın mənəvi boşluqdan qurtulmasınadək yaşadığı təbəddülatları göstərir.
Abbas müəllim öz qanından olan varis istəyən kişi, qadınını yeni sevgiyə qısqanan ər və öz talesizliyini qısqanclıqla davam etdirmək istəyən bir adamdır. Arvadının oğulluğa götürdüyü kimsəsiz Orxanı heç cür qəbul edə bilməyən Abbas daim arvadına nəslinin davamçısı olacaq adamın öz qanından olmalı olduğunu xatırladır. Vəfa isə hamilə qalarsa bu, onun həyatına təhlükədir. Elə Vəfanın vaxtsız ölümünə səbəb də bu hamiləlik və ya Abbasın öz qanından olacaq övlad arzusu olur. Abbas arvadı öləndən sonra Orxanı da internata qovur.
Filmin musiqisi (bəstəkarı Salman Qəmbərov) qəhrəmanın daxili yaşantılarını bəzən zor gücünə poetizmə calayır. Film az qala başdan axıradək musiqinin manipulyasiyasına verilib.
Bəlkə bu üzdən ki, təsvir metaforaları zəifdir, tələskən, hadisə-süjetlə əlaqəsi olmayan epizod və səhnələr, demək olar ki, bütün kadrlara yüklənən musiqi tamaşaçıya əhvalatın gerçək atmosferinə düşməyə mane olur.
Bu təsadüfi detal-epizodlar əhvalata baxan gözün texnikiliyini (kamera) yada salır. Çünki insan hər şeyi görə bilsə də yaddaş hansısa hadisədə ən vacibi nüansları, dəqiq metafora və detalları saxlayır, əhəmiyyətsiz olanlar öz-özünə silinib gedir.
“Qırmızı bağ” filmində isə hətta küçədə milli geyimdə (?) tar kaman-çalan adamlar da gedən maşının şüşəsindən filmə soxulur. Kamera küçədəki balalı iti də seyr edir. Və bu dağınıqlıq heç bir halda qəhrəmanın ruhsal halı, psixoloji dağınıqlığı kimi yozula bilmir.
Özünə qəbir qazdırıb intihar edən Abbas müəllimin reanimasiyadan əvvəlki yuxusu onun daxili dünyasının metaforik-simvolik təsviridir. Yanan ağac, susuz vedrə, bomboz torpaqlar sevgisiz dünyanın paralelidir.
Qəlbin cəhənnəmini göstərən yuxu ilə Abbas həqiqətləri dərk edir. Yəni rejissor Tarkovskisayağı olaraq, öz qəhrəmanını “dramatik, tragik situasiyaların, ümidsizliyin içindən keçirərək, ona ümid, həyat və sakitliyə çıxış qapısına ” (A.Tarkovski) gətirir. Elə məhz bu yol özü də xüsusən rus kinosundan gələn klişelərlə boldur. Hətta filmə daxil olan təsadüfi epizodlar sanki filmi hansısa simvolika və mistika ilə yükləmək üçün salınır, amma bu, filmin, əhvalatın əleyhinə işləyir. Əvəzində çox yüklənmiş bir filmə baxırıq.
Sanki filmdəki hadisələr, ovqat bağı tez-tez qırılır. Bu qırıqlıq personajlarda da müşahidə olunur. Orxan rolunun ifaçısı Tale Bədiyev öz çevikliyi, xarakterliliyi, qətiyyətli mimikaları ilə “Ögey ana”nın İsmayılını xatırladır. Aktrisa Gülzar Qurbanova Vəfa rolunda sönəcək xoşbəxtlik şəfəqi kimi parlamağı seçib. Aktyor Maqsud Məmmədovun Abbası isə hətta Vəfanın sağ olduğu məqamlarda da dünyadan qopuq təsiri bağışlayır. Abbas obrazının qopuqluğunu baş qəhrəmanın ideya-oyun xəttinə görə əsaslandırmaq olar. Bu üçbucağın konfliktin qütbləri olmasını istəmək düzgün olmazdı-konflikt Abbas müəllimin özündədir. Amma bu bucaqlar bir müstəvidə də ola bilmir.
Filmin rəng həlli (boz-qırmızı) kontrastlığı və eyni zamanda harmonikliyi ilə ideyanı tamamlayır. Çünki: “bütün rənglərin başqa rəngi qırmızıdır...” (X.Hass)
Qırmızı bağ bu üçlüyün – Orxan, Vəfa, Abbas - birgə ola biləcəyi ərazi, Zonadır. Həm də paralel yox, real dünyadır. Bu, “Qırmızı bağ”ın əsas özünəməxsus cəhətidir.