Məşhur aktyorun Kann təəssüratları MÜSAHİBƏ

Məşhur aktyorun Kann təəssüratları  MÜSAHİBƏ
27 may 2014
# 14:47

Rasim Cəfərin oynadığı “Torn” filmi Kann festivalının “Rejissor həftəliyi” proqramında Quinzaine bölməsində nümayiş olundu. Kulis.Az festivaldan yenicə dönmüş aktyorla müsahibəni təqdim edir.

- Rasim, ümumiyyətlə, Kanna səfəriniz necə keçdi?

-Əla. Bütün dünyanın hər yerindən kinoya baxmaq istəyən insanlar axışıb Kanna gəlmişdi. O qədər insan var idi... Şəhərdə gəzmək mümkün deyildi. Biz festivalın iştirakçısı idik, amma bizə də bilet məhdud idi. Filmə baxmaq üçün bir neçə yoxlanışdan keçməli idin.

- Festivalın hansı qəribə və mütləq qaydaları var idi?

- Bizin iştirak etdiyimiz bölmə- Quinzaine - Jan lyuk Qodar tərəfindən əsas müsabiqəyə alternativ kimi yaradılıb. Əsas müsabiqə dəbdəbəli keçirilir, qlamur olur- mütləq kəpənək qalstuk geyməlisən, smokinq filan. Amma Quinzaine-də elə şey yoxdur, hətta şortikdə də gələ bilərsən. Bunu Qodar o dəbdəbəyə etiraz və alternativ olaraq düşünüb. Yəni, əsas olan kinodu, filmə baxmaq üçün təm-təraqa ehtiyac yoxdur. Əsas müsabiqədəki proseslər burada da gedir-amma daha sadə.

- Qodar da solçudu axı... Heç bu il də gəlməyib festivala.

- Hə, elə belə şeylərə görə də...

- Dünya kino ulduzlarından, rejissorlardan kimi görə bildiniz?

- Çox məşhur aktyorlar qara maşınlarda gəlirdilər, mühafizəçilərin müşayiəti ilə onlara tərəf can atan insanlardan qoruna-qoruna zala daxil olurdular. Onları yalnız qırmızı xalının üstündə bir də monitorda görmək olardı. Şeron Stounu yaxından gördüm. Bir də Nuri Bilgə Ceylanı. Amma yaxınlaşıb şəkil çəkdirməyə utandım (gülür).

- “Torn” filmi nümayiş olunan proqramda hansısa mükafatlandırma olmadı ki?

- Bu bölməni təşkil edən sponsorların təqdim etdiyi mükafatlar oldu.

- Kann festivalı bir zirvə kimi əlçatmazdır sizin üçün, yoxsa dəyişib fikriniz?

- Kann zirvə yox, hədəfdir. Tammetrajlı müsabiqədə aktyor işinə görə mükafat almaq hədəfdir... Bilirsən, o bayramı görəndən sonra adamda stimul yaranır ki, mən də iştirak edib uğur qazanım. O qədər gözəl ab-hava var idi ki... İnsanlar gözəl geyinib, açıq havada dəniz qırağında film nümayişləri təşkil olunub. Əsl kino bayramı... İnsanlar çox pozitivdir, həyat eşqi aşıb daşır. Bizdəki kimi deyil - 40 yaşdan sonra hamının üzündə qəbir əzabı var... Orada 70 yaşında adamların orada həyat eşqi aşıb daşır... Mən ordan gələndən çox pozitiv əhvaldayam.

- Bizim oradakı kino pavilyonumuz necə idi? Nə qədər maraq oyadırdı?

- Bu pavilyonlar ölkəni, onun kino mədəniyyətini təmsil etmək məqsədilədir. Festivala gələn insanlar pavilyonları gəzirlər. Kimsə yaxınlaşanda hər kəs öz ölkəsi, öz filmi haqda danışır, disklər təqdim edir.

- Bəs filmlərimiz necə qarşılandı?

- “Sonuncu” filminə baxa bilmədim. Bizim öz proqramımız var idi. Amma “Torn” film pis qarşılanmadı. Filmdən sonra mətbuat konfransı oldu, müzakirə keçirildi. Tənqidçilərin və jurnalistlərin söhbətindən belə başa düşdüm ki bəyənilib. Bir ingilis jurnalına müsahibə verdik. Filmdən heyranlıqla danışdılar. Mənim dil baryerim var idi deyə, mənə çətin idi.

- Hansısa əlaqələr və ya təkliflər oldumu?

- Yox, elə bir təklif filan olmadı. Sadəcə filmlərə baxıb söhbətlər etdik.

- Hansı filmlərə baxdın?

- Bir neçə film gördüm. Vallah, orada qeyri-adi bir şey yox idi- sadə, aydın, süjetlərdi. Yəni, biz o Kann festivalına rahat düşə bilərik. Fəlsəfə qaldırmağa ehtiyac yoxdu. Zvyaqintsevin “Levifian”ına baxdım, çox gözəl filmdir. Sadə bir süjeti var: bir balıqçı kiçinin dəniz qırağında ata-babasından qalma evi var. Şəhərin meri də bu evi ondan almaq istəyir. Məhkəmə də, idarələr də-hamısı merin xeyrinə çalışır. Evi də adamın əlindən alırlar, özünü də tuturlar. Orada məhkəmə səhnəsi var: üç qadın məhkəmə qətnaməsini emosiyasız oxuyur. “Levifian” Bibliyadan olan bir əhvalatdır. Finalda keşiş həqiqət və ədalət haqqında danışır, təsvirlərdə isə evi dağıdırlar. Yəni, ədalət illüziyadır.

Bunu biz də çəkə bilərik.

- Bəs niyə çəkə bilmirik?

- Biz fəlsəfə axtarırıq. Sadə yanaşmaq lazımdır. O sadə şeyin içində hər şey var. Bizim “Ev” filminin də mövzusu təxminən belə idi- evin əlindən alınmağı, dostun xəyanəti-filan. Bizimki qısametrajlı idi, bir az başqa idi...

- Rasim, son illər ciddi nüfuzlu festivallarda adı hallanan filmlər-elə “Tabutçunun yelləncəyi” də, müəyyən qədər “Torn” və “Sonuncu” da müstəqil studiyaların istehsalıdır. Bu, nəsə demirmi? Yəni, nazirliyin istehsalı filmə dəstəkdir, yoxsa maneə?

- Sizi başa düşdüm. Nazirlikt sifariş etdiyi film üçün istədiyi tələbləri irəli sürə bilər. Bu, onun haqqıdır. Müstəqil studiyaların imkanları böyük olsa, əlbəttə proses daha yaxşı olar. Mən bayaq dedim ki, “Levifian” kimi filmi bizdə də çəkmək olar. Çünki o reallıqlar bizdə də var.

- Səncə, Kannda “Ən yaxşı ssenari” mükafatı almış “Levifian”ın ssenarisinə bizdə maliyyə ayrılardı?

- Yəqin ki, problem yaranar. Amma “Levifian”ı Rusiyanın Mədəniyyət Nazirliyi təqdim etmişdi.

Bilirsiz, mən “Tütək səsi” filmini çox sevirəm. Ona görə ki, Sovet zamanında kənd sovetinin əsgərin arvadını sevməsi, əsgər ailəsinə girməsini göstərmək... həm də Sovet zamanında. Bilirsiniz, Sovet ailəsinin namusu-zad... Zaman dəyişib, amma o film hələ də yaşayır.

- Sizin “Qafqaz” qısametrajlı filminiz var. İçki süfrəsində bir Qarabağ qaçqını qonşusu olan erməniyə erməni zülmünü, çəkdiyi müsibətləri danışır, dərdləşir. Qəhrəmanının da leksikonunda söyüşlər çox idi. “Qafqaz” internetdə çox izləndi və sosial şəbəkələrdə müzakirə olundu. Hər halda maraq və müzakirə yaratdı. Sizcə, o filmə nazirlik maliyyə ayırardı?

- Yüz faiz dilə, oradakı sözlərə mütləq baryer qoyacaqdılar. Mən yaşlı kino adamları ilə o filmə görə mübahisə etmişəm. Deyirdilər ki, o nədi, azərbaycanlı erməni ilə bir süfrədə oturub çörək yeyir, hələ o nə danışıqdı, etika var, mədəniyyət var, kino dili var... Mən deyirəm ki əvvəla bu, qəhrəman deyil, antiqəhrəmandır. Sonra da ki, bəyəm belə reallıq yoxdu? Azərbaycandan kənara çıxdınsa erməni ilə, qonşusan da, nə bilim həmkarsan da... Bir də o adam necə danışmalıdır ki? Başı nə müsibətlər çəkib: sağ qalmaq üçün iki uşaqdan birini seçməli olub...Necə danışmalı idi? Hanı o dediyiniz kino dili?

- Başqa nə kimi kəskin iradlar olub?

- Bəziləri anlamamışdı. Mənimlə oturan “erməni” axı sonadək danışmırdı, məni dinləyirdi. Axırda deyir ki, “ara, bəs sən kimi seçdin?”. Orada montajda elə kəsmişdilər ki, sanki, onun danışığından diksinirəm, guya əvvəldən bilmirəm ki, erməni imiş...

- Bir kino adamı kimi necə düşünürsən, yaxşı, dünya ekranına görə film çəkmək üçün bizə nə lazımdır?

- Vallah, biz Kanna düşə bilərik. Yaxşı ssenari olsun, ən azı dramaturji qaydalara riayət olunsun - baxanda deməyəsən ki, bu kim idi, hara getdi... Deyəsən Rasim Balayev də deyirdi ki, hind kinosuna baxanda bilirəm ki, kim kimin xalası oğludu, ya nəyidi. Amma bizim filmlərə baxanda ayırd edə bilmirəm kim kimin nəyidi və hardan gəlib hara getdi.

“Levifian”da kontekstdən kənar heç bir obraz, hərəkət, kadr yox idi. Bir az yaxşı ssenari, rejissora azadlıq...

Bu qədər sadə... Sadəlik yaxşıdır. Mən Yavər Rzayevi rejissor kimi sevirəm, amma “İlahi məxluq”da çox şey qarışıb. Şərq-Qərb. Ata-oğul. Bunlar olsa da, ən azı filmdə qabarıq görünməməlidir.

- Məncə, bizim rejissorlar bir neçə filmdə edə biləcəklərini bir filmə yükləyirlər. Ömründə bir, ya iki film çəkmiş rejissor çalışır ki, özünü o filmdə ifadə eləsin, fürsəti əldən verməsin, bütün bilgisini, təcrübəsini, dünyagörüşünü ora qoysun.

- Haqlısınız.... Həm də bizim düşüncəmiz azad deyil. Düzgün yaşamırıq, düzgün tərbiyə almırıq, düzgün olmuruq... Avropa insanı çox azaddır.

- Bəlkə bizim kinonun problemlərindən biri də rejissorlarımızın kompleksləridir?

- Komplekssiz adam yoxdur. Bütün rejissorların çəkdikləri də onların öz içləri, kompleksləri ilə mübarizəsidir. Kaş ki, belə olaydı...

- Mən kompleks deyəndə filmə milli dəyərlərin, vətənpərvərliyin, milli kimliyin və sairənin prizmasından baxmağı nəzərdə tuturam. Azərbaycanlılıq kompleksi.

- Bu gerçək kompleks deyil, yalançı şeylərdir. Əgər gerçəkdən bizim rejissorlar öz komplekslərini çəksələr şedevr olar. Trierin filmləri niyə yaxşıdır? Adam ora öz komplekslərini çəkib-ona görə maraqlıdır. Ruhdan gələn hər şey maraqlıdır.

- Rasim, səncə bizdə hansısa yerli və nüfuzlu kinofestivalının olmamasınınprosesə nə kimi təsiri var?

- Bizdə də 2 avqust Milli Kino Günündə festival etsələr, yeni filmlər iştirak etsə bu nə qədər stimul olar... öz milli "oskar"ımız olsa, "İlin ən yaxşı aktyoru", "ilin ən yaxşı operatoru", "ilin ən yaxşı rejissoru" seçilsə, bir düşünün, bu nə qədər stimuldu...

- Rasim, əlinizdə nə çəkiliş var? Film təklifiniz varmı?

- Hələ ki yox. “Oğurlanmış arzular” serialına çəkilirəm, vəssalam. Mən həmişə qısametrajlarda oynamışam. Tammetrajlı filmə çəkilmək istəyirəm. Qısası, işləmək istəyirəm...

# 4169 dəfə oxunub

Müəllifin son yazıları

# # #