Orta nəsil tamaşaçı üçün o hələ də “Səni axtarıram” dakı “yaxşı qız”- Gülnardı. Yəqin tamaşaçı o Gülnara, Telliyə (“Bəyin oğurlanması”) “toz qondurmaq” istəməz. Amma Firəngiz xanımın son illər teatrda oynadığı fahişə Nigarı da (“Qanlı Nigar”), deyingən Həvvası (“Varlı qadın”) da Gülnarı unutduracaq qədər fərqli və bütöv obrazlardı...
Kulis.az Xalq artisti, aktrisa Firəngiz Mütəllimova ilə müsahibəni təqdim edir.
- Firəngiz xanım, səhhətiniz necədir?
- Çox yaxşıyam, şükür Allaha. Yanlış bir məlumat yaymışdılar ki, guya ikinci dəfə beyin əməliyyatına gedəcəm. Bunu yayan kimdisə, mənim ailəmdəkiləri sarsıtmaq, özümə zərbə vurmaq istəyir... Yanlış məlumatdı. Yalnızca yoxlanış müayinəyə gedəcəyəm.
- Yeni il gəlir. (Müsahibə dekabrın 31-də götürülüb-red.) Bu bayramın, ümumiyyətlə, uşaqlığınızın ən yaxşı xatirələri?
- Şuşada yaşayırdıq, Adilə xalam gəlirdi Bakıdan. Mənə paltarlar, çəkmələr gətirirdi. O qırmızı məxmər paltarları indi də xatırlayıram. Mən Şaxta Babaya, onun hədiyyələrinə-filana çox da inanmamışam. Ən çox xalamın gətirdiyi naringiləri həsrətlə gözləyirdim. Yeni il, qış, Şaxta baba-zad hamısı mənim üçün “mandarin” demək idi. Rayon yeri idi, Şaxta baba-filan əhvalatı elə də məşhur deyildi oralarda. Amma həmişə atam təbii yolka gətirirdi. Yolka tamam saralanadək onu saxlayırdıq. Xizəklər düzəldib onun üstünə dəri vurdururduq, sürüşürdük... Valideynlərimin sağ olduğu vaxtlar ən gözəl vaxtlar idi...
- Firəngiz xanım, insan yaşlandıqca arzuları azalır, ya böyüyür?
- Mən çox xəyalpərəst olmuşam. Xəyallarım arzulara keçib, sonra arzular da həyata keçib. Uşaq olanda arzularım xırda idi: bu olsun, o elə olsun istəyirdim. İndi arzularım bütövləşib.
Nikbin insanam, sentimental adamam həm də. Dramatik əsərləri çox sevirəm. Dostoyevskinin dəlisi olmuşam. Çoxu deyir ki, Dostoyevskini oxuyanlar yaşamaq istəmirlər, özünü asmaq istəyir-filan, qətiyyən düz deyil. Məsələn Drayzerin “Kerri bacı”sı tam əksidir: yaşamaq istəyirsən, nələrsə edirsən, sonda baxırsan ki, hər şeyin var, amma bomboşsan, əslində heç nəyin yoxdu.
...Köçəndə başqa evə ilk apardığım kitab rəfim və kitablarım olur. O kitabların üstündə əsirəm. İnstitutda oxuyanda təqaüdümü yığıb talona çevirirdim və kitablar alırdım. Elə kitablar var ki, tam təsadüfən almışam və mənə heç lazım deyil, o kitabları da evdən çıxaranda əzab çəkirəm. Anarın, Elçinin, İlyas Əfəndiyevin, Rəşad Nuri Güntəkinin, Əlibala Hacızadənin əsərlərini çox sevirəm. Bir də Gi de Mopassan. Onu oxuyanda sanki gedib o adamları, o yerləri görüb qayıdıram. Stefan Sveyqin, Drayzerin əsərlərini oxumaqdan zövq alıram.
İndi həm vaxtım azdı, həm də nə isə lazım olduqda internetdən qısa məlumat tapa bilirəm. Səhhətimə görə, beynimə əlavə gərginlik vermək olmaz. Filmlərə də baxıram. “Anjelika və kral” kimi sevdiyim bir filmin yeni versiyası çəkilir, onu maraqla gözləyirəm.
- İndi yaratdığınız obrazların içində Gülnarın davamı varmı?
- Yox, Gülnar, Gülnardır. Atəş var yanır və sönür, heç bilmirsən nə zaman söndü, atəş də var ki unuda bilmirsən. Gülnar da yandı və söndü.
Mən indi Gülnarı hardasa tək qalmış görürəm. Düzü, istəyirdik onun davamını, 4-cü hissəni çəkək. Yaşarla da danışmışdıq ki, onların yaşlılığını oynayaq. Hətta Yaşar xəstə olanda, Türkiyəyə onun yanına getdiyim zamanlarda çəkilən kadrları da saxlamışdıq ki, istifadə edərik. Qismət deyilmiş.
Amma deyim sizə ki o zaman da mən birinci hissəni bəyənirdim. Düzdü, sonrakı hissələr də sevildi və tamaşaçıların xahişi ilə çəkildi.
Ürəyim istəyən rolları indi də oynayıram və oynamışam. Nə olsun ki, indi də mənə Gülnar deyirlər.
- Bu sizin üçün yaxşıdır, ya pis?
- İlk dəfə səni hansı obrazla tanıyırlarsa, elə onunla da çağırırlar. Həm də televiziya tamaşası geniş tamaşaçı kütləsinə istiqamətləndiyinə görə bu rola görə tanınmağım təbiidir. Məsələn, İranda mənə Nazan (“Yad qızı” –red) deyirlər. Mən alışa bilmirdim.
- Heç janr olaraq dəyişməyi, başqa teatra getməyi düşünmüsünüzmü?
- Akademik Dram Teatrında bütün janrlarda tamaşa oynaya bilərik. Burada qara komediya da, faciə də oynayırıq, dəvət alıb başqa teatrlarda oynaya bilərəm, amma işləməkdisə, bura mənə yaxşıdır.
- Sizin qəribə suyuşirinliyiniz var. Teleekranda sizə baxanda azərbaycanlı tamaşaçıya bir mesaj ötürür: Biz doğmayıq...
- Dünyanın çox yerində olmuşam, amma azərbaycanlı kimi dürüst, saf, qonaqpərvər xalq görməmişəm. Çox istiqanlıyıq. Çatmayanımız odur ki, yaddaşsızıq, unutqanıq. Azərbaycanda doğulduğuma şükür edirəm. Nə yaxşı, Allah bu ürəyi mənə verib ki, son tikəmi də kimləsə bölüşə bilərəm.
- Sadiq pərəstişkarlarınız varmı?
- Lənkərandan Yavər xanım var, məni dəhşətli dərəcədə çox sevir. 35 ildən artıqdır. Hər dəfə Bakıya gələndə mənə ləvəngi gətirir...
- Arzuladığınız rol varmı?
- Bu il şairəmiz Məhsətinin yubileyi keçiriləcək. Məhsətini oynamaq arzumdur. Arzum sırf Azərbaycan qadınını oynamaqdır.
- Sırf Azərbaycan qadını necə bir obrazdı ki? “Varlı qadın”dakı sırf azərbaycanlı qadın deyilmi?
- O da azərbaycanlı qadındı. Amma bunlar qırıq-qırıqdı.. Mən bütöv bir Azərbaycan qadını obrazını yaratmaq istəyirəm ki, dünyaya göstərim, bax, Azərbaycan qadını budur.
- Mən belə anladım ki, siz o obrazı bütün müsbət cəhətlərlə bütövləşdirmək istəyirsiniz...
- Hə.
- Məxsusi sizin üçün pyes yazıldığı olubmu?
- “Tənha iydə ağacı”ndakı Mərcan mənim üçün yazılıb. Amma təzəliklə yox.
- Yeni ildə tamaşaçılar sizdən nə gözləsinlər?
- Seriallarda çəkilirəm. Həm də universitetdə dərs deyirəm, kursum var. İstəyirəm, onların diplom tamaşasına yaxşı hazırlaşaq, onların yadında bu tamaşa yaxşı qalsın. Vaxtımın çoxunu onlara sərf edirəm. Ona görə də özümü əlavə işlərlə yükləmək istəmirəm. Teatrda da oynanılacaq pyesləri oxuyuram. İnşallah, onlardan biri ilə tamaşaçıların görüşünə gələrəm.