Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə
30 aprel 2024
# 15:00

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun ildönümüdür.

Kulis.az bu münasibətlə Alik Əlioğlunun terror qurbanlarına həsr etdiyi “Sabah olmayacaq...” hekayəsini təqdim edir.

Azərbaycan Dövlət Neft Akademiyasında terror qurbanı olan tələbələrin günahsız ruhuna

Günəş çıxmışdı, adamlar ikiləşirdi. Artıq yerdə kölgələr sürünməyə başlamışdı.

Səhər tez oyandı. Gözlərini açıb tavana baxdı. Otaq soyuq olsa da, pəncərədən düşən günəş şüası ona hərarət verdi. Ayağa qalxıb stolun kəndarına qoyulmuş çantanı eşələdi və keçən həftənin şənbə günü bacısı üçün aldığı açıq qırmızı rəngli donu çıxarıb baxdı. Donu verəndə bacısının nə deyəcəyini artıq bilirdi:

Bütün bunları düşünüb yenə gülümsədi. Gülümsədi və pəncərədən bayıra baxdı... Gözəl səhər idi. Adamlar günahsız görünürdü. Bəzən doğurdan da hamı günahsız olur. İnsanların günahları məhz bizim onları günahlandırdığımız ölçüdədir. O, inandı... İnandı ki, bu gün hamı günahsızdır, hamı məsumdur, hamı təmizdir. O, inandı ki, tezliklə kəndə qayıdacaq və anasına sevdiyi qızın şəkillərini göstərəcək, ondan ağız dolusu danışacaq, bacısına açıq-qırmızı rəngli don hədiyyə edəcək, atasına şəhər həyatının soyuqluğundan danışacaq, bəzən də suallar verəcək:

- Ata, bir gün axşam küçədə bir hay-küy qopdu ki, dəhşət qorxdum, dedim kaş evimizdə olaydım...

- Ata, hərdən yaman bərk darıxıram...

- Ata, bilirsən, artıq çoxlu dostlarım var...

- Ata, elə bil bir az qocalmısan e...

Hər dəfə kəndə gedəndə yolunun üstündə olan qəbiristanlığa baş çəkir və atasının başdaşı önündə dayanıb gah şəhər həyatının soyuqluğundan danışır, gah da cavabı tələb olunmayan suallar verirdi. Atası öləndən sonra ölüm onun üçün adiləşmişdi. Yeni məzarlara baxırdı... Baxırdı ki, görsün, kənddə olmadığı müddətdə daha kimlər dünyasını dəyişib.

Donu yenidən səliqə ilə qatlayıb çantaya yerləşdirdi: “Aysel, Aysel... Donu görəndə nətər sevinəcək...”.

“Ümiddir adamlar yaşayan evlər...” Harada insan nəfəsi varsa, oradan ümid qoxusu gəlir.

Bu gün bütün adamlar günahsızdır...

Anasına sevdiyi qızın şəkillərini göstərəcək: “Ana, gör nə gəşəng qızdır, özü də ağıllıdır. Mənimlə eyni fakültədə oxuyur.”.

Sonra yəqin ki, kənd uşaqları ilə futbol oynamağa gedəcəklər.

Kəndləri barədə bu qədər çox düşünməyinə səbəb var idi. May ayı tələbələrin ən sevimli ayıdır. Bu ay təhsil aylarından tətil aylarına keçiddir. Kənd uşaqları üçün isə may ayı tək tətil aylarına yox, həm də ana doğmalığına, kənd həyatına, ev istisinə keçiddir. Sabah mayın biri olacaq...

Bir fincan şirin çay içdi. Dərsin başlanmasına hələ var idi. Qapını bağlayıb həyətə düşdü. Havada yaz təravəti duyulurdu. Az-az quşların səsi də eşidilirdi. Ağacların bəziləri çiçək açmışdı. Balaca uşaqlar məktəbə gedirdilər.

İnsan övladının ən günahsızı uşaqlardır, amma bu gün hamı günahsızdır, bu gün hamı yazıqdır...

Bunun da bir səbəbi var, mütləq var...

Leyla gəlməli idi, danışmışdılar, bir az gəzişib universitetə birgə gedəcəkdilər.

Dükanların çoxu bağlı idi, bəziləri isə hələ indi açılırdı. Leyla məktəb uşaqlarının arasında gəlib çıxdı. Onlar kimi oynaya-oynaya, tullana-tullana, sevinə-sevinə gəldi. Onlar kimi məsum və günahsız gəldi. Onlar kimi birgə əl-ələ tutub gəzməyə başladılar:

- İmtahanlarım qurtaran kimi kəndə gedirəm. Sənin şəkillərini də aparıram, anama göstərəcəyəm. Ayselə qırmızı don almışam.

Leyla gülümsündü. Sevinirdi:

Qucaqlaşdılar, Leylanın dodaqlarından şirin bir öpüş aldı. Yanlarından ötən məktəb uşaqları pıçıldaşıb gülüşdülər. Onlar da güldü və ehtiyyatsızlıq elədiklərinə görə bir az utandılar.

Dünən, bu gün, sabah - hər gün xoşbəxt olmaq... Hər gün xoşbəxt olmaq istəmək... Hər gün xoşbəxtliyə can atmaq...

Leylaya səhər necə oyandığını, səhərin gözəlliyini hiss elədiyini, atasını xatırladığını və yuxusunu danışdı:

- Divarları ağappaq uzun bir dəhlizdə idik. Sən ağ gəlinlik donu geyinmişdin. Mən də ağappaq bəylik kostyumunda dayanıb siqaret çəkirdim. Dörd tərəfimə fırlanıb rəqs eləyirdin...

- Hansı musiqidə? – deyə Leyla gülə-gülə yarızarafatla soruşdu.

Söhbət uzandı, elə gülə-gülə, zarafatlaşa-zarafatlaşa yuxunun altından çıxdılar, unutdular bu “ağappaq” yuxunu... Leyla bu gün dərsə getməyəcəyini dedi:

- Başım ağrıyır, özümü yaxşı hiss eləmirəm...

Saat 9-a qalırdı. Ayrıldılar.

Dünən fikirləşirdi ki, kəndə gedəndə Leylanı soyuq şəhər mühitində necə buraxıb gedəcək. Elə bilirdi ki, kənddən qayıdana qədər bu sonsuz şəhərdə itirər onu, şəhər onu öz ağuşuna alar, yox edər... Qısqanırdı... Bu gün isə, məhz bu gün düşünürdü ki, bütün insanlar günahsızdır, bütün insanlar məktəbə gedən uşaq kimidirlər.

Universitetin qarşısında ayaq saxladı... Geri dönüb boylandı... Sonra içəri keçdi...

****

Leyla telefonu açdı:

- Hə, Səbinə?

Xəttin o başından tənginəfəs olmuş, həyəcanlı səs eşidildi:

- ...

Leyla yerinə uzandı, yata bilmədi. Yarım saat o yan-bu yana çevrilib, durdu. Kompüterin qarşısında oturub internetə qoşuldu. Sevimli saytlarından birində xəbər başlığı onu dəhşətə gətirdi:

“Səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum olub. Ölən və yaralananlar var. Binadan artıq 3 meyit və 5 nəfər yaralı çıxarılıb. Onların adlarını açıqlayırıq:

.............................

.............................

Ehtimal edilir ki, ölənlərin sayı daha çoxdur.”

Daha çoxdur, daha çoxdur, daha çoxdur.........

Günəş çıxmışdı, adamlar ikiləşirdi. Artıq yerdə kölgələr sürünməyə başlamışdı.

- Ata, bir gün axşam küçədə bir hay-küy qopdu ki, dəhşət qorxdum, dedim kaş evimizdə olaydım...

- Ata, hərdən elə darıxıram ki...

- Ata, artıq çoxlu dostlarım var...

- Ata, elə bil bir az qocalmısan e...

- Ana... Ayselə qırmızı don almışam... Özüm gələ bilmirəm, özünüz götürün, evdə, çantanın içindədir...

- Leylanın şəkillərinə dəyməyin...

- Leyla, bəsdir, ağlama...

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #