Öpmək yox, qoxlamaq istəyəsən – Günün şeiri

Alik Əlioğlu, şair

Alik Əlioğlu, şair

18 avqust 2022
# 10:00

Bu gün şair Alik Əlioğlunun doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və "Günün şeiri" layihəsindən onun "Yad şəhərdə" şeirini oxucuların diqqətinə çatdırır.

Səhərlər durub tanımadığımız
Bir şəhərin dar küçələrini süpürürük,
Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

Kimsə gəlməlidir.

Günlər uzanır və heç kəs gəlmir.
Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
İllər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar...

Görürsən ki, yiyəsizsən...
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də...
Bilmirsən öldürürlər, ya azdırırlar...

Və sən
Bilmirsən hönkürüb ağlayasan
Ya sadəcə kədərlənəsən...

Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən...

Günlər uzanır, heç kəs gəlmir...
Və sən bir-bir ölürsən...

# 4327 dəfə oxunub

Müəllifin son yazıları

# # #