İnsan balıqdan əmələ gəlib – Akif Əli yazır...

İnsan balıqdan əmələ gəlib – <span style="color:red;">Akif Əli yazır...
11 iyul 2018
# 13:40

Kulis.az Akif Əlinin “Bu - Kainatşünas, İnsanşünas və Okeanoloq alim Xudaverdi Pirverdi oğlu Tanrıverdilinin öz yeni sensasion kəşfini şərh etməsidir” adlı qaravəllisini təqdim edir.

- ... Bəli, əziz dostlar, milyon İllərlə yaşa malik İnsan övladının təşəkkül və tənəzzül tarixini araşdıraraq ən yeni İnsanşünaslıqda nail olduğumuz sensasion xarakterli elmi müddəaların məğzini, mahiyyətini və el dili ilə desək, məmmədqulusunu uca oxuyuculara anlatmaq fürsətindən vaz keçməmək qərarına gəldim.

Əziz xalqım! Əziz insanlar! Həmçinin qardaşlar, bacılar, dostlar, qohumlar, qonşular, qonaqlar və qaralar! İndi deyəcəyim və sonra da tutarlı dəlillərlə əsaslandıracağım bu konseptual fikir geniş auditoriya qarşısında ilk dəfədir bəyan olunur və mən bu yeni kəşfimi ilk dəfə öz xalqımın qarşısında açıqlamağı düşünərək necə bir alovlu vətənpərvər olduğumu nəzərə çarpdırmaqda qərarlıyam. Odur ki, siz də diqqətli olun. Deyəcəyim hər xırda detala və əhəmiyyətsiz nüansa həssaslıqla yanaşmağınızı acizanə surətdə rica, təvəqqe, xahiş, minnət və tələb edirəm.

Beləliklə... Sensasiya!

Dostlar, yerdə, göydə, səmada, kainatda, kəhkəşanda və külleyi-ərzdə apardığım uzun-uzadı axtarışlardan və yorucu, bezdirici, cansıxıcı, zəhlətökən elmi araşdırmalardan sonra nəhayət, qəti fikrə gəldim ki, sən demə neçə əsrlərdir Çarlz adında bir Darvin bu dünyanı sadəcə və sadəcə barmağına dolamışdır. Tamamilə əsassız, qondarma, süni, saxta, gərəksiz nəzəriyyəsi ilə camaatı yolundan azdırmış, öz keçmişindən uzaq salmış, bəşəri inkişafı ləngitmişdir. Fəqət nəhayət mən sübut etdim ki, İnsan Meymundan yox, Balıqdan əmələ gəlmişdir! Bəli, bəli, məhz Balıqdan!

Diqqətli olun, konkret detallar əsasında sübutlara keçirəm.

Baxın, dünya ibarətdir beş okeandan: Sakit okean, Atlantik okeanı, Hind okeanı, Şimal buzlu okeanı və Səma okeanı. Okeanlarda isə tarixən ən çox rast gəlinən canlı – balıqlar olmuşdur. Balıqlardan sonra Səmadan yerə gələn canlı nəslə “İnsan” demişlər.

Baxın: hələ eramızdan bir milyon iki yüz əlli altı min yüz doxsan dörd il əvvəl yaranmış “Balığı at dəryaya, Balıq bilməsə də Xaliq bilər” zərb-məsəli sonrakı inkişaf mərhələsində cüzi transformasiyaya məruz qalaraq, müasir parafraza ilə əvəz olunmuşdur: “Balığı dəryadan çıxart, Balığın bilməsi vacib deyil, bazarda Xaliq bəyin bilməsi kifayətdir.” Bu paralel deyim İnsanla Balığın müştərək işbirliyindən doğan oxşarlığa ilk siqnaldır. Lakin biz bu elementar siqnalla kifayətlənməyərək tədqiqatımızda daha bir qədər irəli getməyə cürət etdik. Balığın müxtəlif xassə və xüsusiyyətləri əsasında onların insanların həyatındakı daha dərin izlərini axtarmağa baş vurduq. Və nail olduq.

Baxın: beynəlxalq arenada əks-səda verən balıq motivi zaman-zaman yaradıcı insanları ilhamlandırmışdır. İnsan və Balıq tematikası hələ Puşkinin “Balıqçı və Qızıl balıq haqqında nağıl" poemasında, Jül Vernin "20 000 lye su altında" fantastik romanında, Heminqueyin “Qoca və Dəniz” povestində və digər ədəbi-bədii-elmi-fantastik nümunələrdə öz həllini tapmışdır.

Bildiyiniz kimi Balığa xas olan başlıca əlamət onun bədəninin pulcuqlarla örtülməsidir ki, bu amil də İnsan həyatı üçün ən vacib elementlərdən ən mühümünü yada salır: Balığın pulunu çıxartmaq üçün onu tərsinə, yəni quyruqdan başa doğru təmizləmək lazımdır. Eynən İnsan davranışı da həmçinin. İnsanlar bilir ki, pul heç vaxt asanlıqla çıxmaz və kim əgər lazımi qədər pul çıxartmaq istəyirsə, gərək onda bütün işləri tərsinə görə, çünki ancaq baş-ayaq işdən yaxşı pul çıxır.

Ağıllı Balıq və ağıllı İnsan qarmağa çətin keçir. Acgöz balıqları və acgöz insanları isə qarmağa keçirmək çox asandır. Bunun üçün onlara kiçicik bir dadlı soxulcan təklif etmək kifayətdir.

Balıq heç vaxt əldə qalmır və daim sürüşür. İnsanların da sürüşkənliyi onların ən xarakterik cəhətlərindən biridir. Gah kələyi açılmış adam sürüşüb aradan çıxır, gah yüngül adamın ayağı daim sürüşür, gah sevgililər görüşə sürüşə-sürüşə gedirlər və i. A. “Ey, sürüş burdan!” – ifadəsi də İnsanla Balığın oxşarlıq əlaqəsindən doğan psixoloji əlamətin simptomatik təzahürüdür. Dənizdə yaşayan, ayıb olmasın, yarıçılpaq balıq-qadının, Su Pərisinin heç vaxt tora düşməməsi və daim uzaqdan görünsə də, dərhal sürüşüb gözdən itməsi dediklərimizə əlavə sübut kimi kainatda mövcuddur. Ümumiyyətlə, sürüşkənlik meylləri balıqlarda olduğu kimi, insanların da qanında vardır.

Qana gəldikdə isə Balığın qanının soyuq olduğunu nəzərinizə çatdırmaqla diqqətinizi soyuqqanlı insanlara yönəltmək istərdim. Məhz bəzi insanların soyuqqanlı olması səbəbindən digər insanların əzablar içərisində balıq kimi çabalamaq məcburiyyətində qalması bütün istiqanlı adamlara məlumdur.

Gözü zəif görən İnsanların Balıq yağı içməklə gözünə işlıq gəlməsini isə demək artıqdır, çünki bunu hamı ta uşaq vaxtından bilir.

Sudan kənara atılmış Balıq daim çabalayır, partlayır, atılıb-düşür. Eynilə öz mühitindən ayrı düşmüş, yaxud vəzifəsinə səhv düşmüş İnsan övladı da özünü layiq olmadığı yerdə doğrultmaq, qorumaq, xilas etmək arzusu ilə daim çaba döyür, əl-qol atır, yerli-yersiz atılır-düşür, lazımsız sözlər danışır, min oyundan çıxır və s. Onun ağzı Balıq ağzı kimi daim açılıb-yumulur, nəfəsi təngiyir, nəsə demək istəyir və elə hey əsnəyir, əsnəyir və iş bilmədiyi üçün fərli söz də deyə bilmir... O ki qaldı bəzi İnsanın ağzının yerli-yersiz açılıb yumulmasına, o da yüzdə-yüz balıq əcdadlardan qalma xüsusiyyətdir. Daha çox fonoqram ilə oxuyan müğənnilərdə müşahidə olunur. Diqqətlə fikir versəniz belələrinin əksərən hətta zahiri görünüşcə də balığa oxşadığını müşahidə edə bilərsiniz. Əlbəttə, bu heç də qəbahət deyil, əksinə sənətçidə klassik irsə olan hörmət-izzətin, əcdadlara məhəbbətin, ənənələrə bağlılığın nişanəsidir.

Balıqlar özlərindən kiçikləri heç vaxt “uf” demədən asanlıqla udurlar. Özlərindən böyüklərdən isə qorxub qaçır, uzaqlaşır, haralardasa gizlənirlər. İnsanlar arasında da bu cür sadə meyllər yox deyildir.

İnsanın Balıq əcdadlarından qalma ən gözəl, mən deyərdim, ən səmərəli və hətta sərfəli adəti ağzına su alıb susa bilmək bacarığıdır. Məlumdur ki, okeanın bütün sirlərinə bələd olan balıqlar çox şey bilir, amma danışmırlar. Balıqların sirr saxlaya bilmək qabiliyyəti insanlar tərəfindən məharətlə mənimsənilmiş və ən gözəl keyfiyyət kimi ənənəvi olaraq özününküləşdirilmişdir. İnsanların tez-tez işlətdiyi “Susmaq qızıldır” müdrik kəlamı heç şübhəsiz Qızıl balıqların özəl xüsusiyyətlərinin bariz təzahürü kimi dövriyyəyə daxil olmuşdur. Bu nadir qabiliyyət insanları çox yerlərdə sudan quru çıxarır, batmağa qoymur. Digər heç bir canlıda belə özəlliklər müşahidə edilə bilməz. İllah da çığırğan meymunlar, əntərlər, oranqutanlar ola... O Çarlz adındakı Darvinə deyən lazım idi ki, a kişi, meymun hara, insan hara?! Sən məsələnin mahiyyətinə diqqət elə... Nə isə...

El arasında insanlar bir-birinə “Quru balıq”, “Silotka”, “Sazan”, “Uzunburun”, “Siyənək” və s. deyə müraciət edirlər – təbii, bu da insan mənşəyi haqqında tam dolğun təsəvvür yaradır. Bəzi məkanlarda İnsanların əsasən balıq konservlərilə qidalanması da kökə, mənşəyə məhəbbətdən başqa bir şey deyildir. Bunu heç kim ayrı yerə yozmasın...

İnsanların daim Balıq məhsullarına meyl etməsi, balıqları böyük şövqi-məhəbbətlə, sevə-sevə bir-birinə satması, təbii və süni kürüləri nadir mal kimi oxşaya-oxşaya pencəyin qoltuğunda gəzdirməsi, tapan kimi dərhal evə qaçıb qapıları bağlayaraq daxili məmnunluqla Tanrıya şükr edə-edə həzm-rabedən keçirməsi və s. tədqiq etdiyimiz “İnsan və Balıq” nəzəriyyəsinin konseptual əsaslarına dəlalət edən simptomlar kimi dəyərləndirilməlidir.

Lakin İnsan və Balıq münasibətlərinin zirvəsi əvvəldə dediyim məşhur el məsəli kimi, hələ eramızdan bir milyon iki yüz əlli altı min yüz doxsan dörd il əvvəl yaranmış qədim bir təbabət əlyazmasında tam dolğunluğu ilə təcəssümünü tapmışdır. O dövrün balina dərisində yazılmış bir tibbi arayışda Balığın ev şəraitində saxlanması üçün gigiyenik qaydalar tövsiyə edilir. Bildirilir ki, Balığın quyruq hissəsi nə qədər dadlı və təhlükəsiz olsa da, baş nahiyəsi bir o qədər dadsız və təhlükəlidir... Ehtiyatlı olun!

Bununla da söhbətimiz başa çatdı.

Sağ olun, salamat qalın.

# 1999 dəfə oxunub

Müəllifin son yazıları

# # #