“Bakinets"in məşhurlaşmağı...

“Bakinets"in məşhurlaşmağı...
25 may 2018
# 16:40

2007-ci ildə Rusiyanın əsas rəsmi Televiziya kanalı statusunda yayımlanan ORT məşhur sovet kinorejissoru Vladimir Motılın 80 illik yubileyi münasibətilə maraqlı bir süjet hazırlamışdı. Süjet 2007-ci il iyunun 26-da, saat 14.20-də ilk dəfə Moskvadan efirə verildi. Sonra daha bir neçə dəfə axşam saatlarında təkrarlandı və sosial şəbəkələrdə yayıldı.

ORT Televiziyasının süjetində bizim üçün maraq doğuran məqamlara keçməzdən öncə kinosevərlərə xatırladaq ki, ümumən 9 bədii filmə quruluş vermiş kinorejissor Vladimir Motıl Sovet kinosunun çox istedadlı və vicdanlı sənətkarlarından biri idi. Əqidəsinə və amallarına sadiqliyi ilə seçilən, unikal istedad sahibi V.Motılın filmlərini Sovet senzurası və rəsmi idarələri adətən problemlərlə qarşılayar, böyük qalmaqallardan sonra ekranlara buraxardı. Ancaq bu kino ustasının çəkdiyi hər film ekrana çıxan kimi dərhal geniş tamaşaçı auditoriyası toplayar və məşhurlaşardı.

Sonralar dekabrist xanımlarının həyatından bəhs edən “Füsunkar bəxt ulduzu” (“Звезда пленительного счастья”) kimi gözəl ekran əsəri yaradan quruluşçu rejissor yaradıcılığının ilk dövrlərində çəkdiyi “Jenya, Jeneçka və “katyuşa”” ("Женя, Женечка и "катюша") filmindən sonra Sovet ideoloji aparatı onu II Dünya Müharibəsinə “ideyasız münasibət” göstərməkdə suçlayaraq bir daha film çəkməsinə yasaq qoymuşdu. Ancaq xeyli müddət çəkiliş meydançalarına həsrət qalan bu istedadlı rejissoru Sovet kinosunun digər bir klassiki olan Qriqori Çuxray xilas edir...

Xatırlatmalarımızı burada saxlayaraq ORT-nin haqqında bəhs etdiyimiz verilişinə qayıdaq və bundan sonrakı hadisələrin cərəyanını 80 yaşlı kinorejissorun öz dilindən eşidək. Vladimir Motıl tele-süjetdə jurnalistin rejissor Q.Çuxrayın xeyirxahlığı barədə fikrini davam etdirərək belə deyir: “O vaxtlar Qriqori Çuxray Dövlət Kinematoqrafiya Komitəsinə (Госкино) bağlı olmayan müstəqil Eksperimental Studiya yaratmışdı. Bu studiyada Amerikan filmlərinin Sovet oxşarlarını yaratmaq barədə düşünürdü. Çuxray xeyli vaxtdı işsiz qalan və əli hər yerdən üzülən kinorejissor V.Motılı studiyaya dəvət edir və oxumağa bir ssenari verir. Müəllifi Rüstəm İbrahimbəyov adlı bir nəfər “bakinets” olan bu ssenarini bədii şura “necəsə” qəbul etsə də, çəkilmirdi və “cərimə” kimi studiyanın rəfində yatıb qalırdı. A.Konçalovski və daha başqa bir neçə məşhur kinorejissor həmin ssenarini götürüb oxusa da, sonra “zəifdir” deyib geri qaytarmışdı. Nəhayət, Q.Çuxray həmin ssenarini işsiz gəzən Vladimir Motıla təklif edir, deyir götür çək...

Əsil kolliziya da bundan sonra başlanır. Məlum olur ki, işsiz Motıl və xeyirxah Çuxray olmasaydı, sonralar dünyaca məşhur “Səhranın bəyaz günəşi” (“Белое солнце пустыни”) adlı film də olmayacaqdı.

Yubiley verilişində ORT kanalına müsahibə verən kinorejissor Vladimir Motıl daha sonra davam edir: “Mən də digər rejissorlar kimi ssenarini oxuyub bəyənmədim və geri qaytardım, dedim bundan film olmaz və o yazı əsasında film çəkməkdən imtina etdim. Ancaq Çuxray məndən əl çəkmədi, təkidlə beynimə başqa bir fikri yeritdi. Dedi, sən heç yerdə iş tapa bilməyəcəksən, bizdən başqa heç kim səni qorxusundan yaxın buraxmayacaq, səni heç kim müdafiə etməyəcək. Odur ki, bu bir fürsətdir, gəl götür o yazını, nəyi necə istəyirsən dəyiş, düzəlt, poz, yarat, lap bütöv ssenarini özün təzədən yaz. Ancaq özün də işlə, bizi də bu “cərimədən” qurtar... ”

Elə də olur. Tele-süjetdə vurğulanır ki, həqiqətən də sonralar tamaşaçıların “Səhranın bəyaz günəşi” filmində gördüklərinin çoxu Rüstəm İbrahimbəyov adlı “bakinetsin” ssenarisində yox imiş. Nə Suxovun Katerina Matveyevna ilə məhəbbət epizodları, nə Vereşşaginin ölüm səhnələri, nə ərlərinin meyidi üstündə ağlaşan Abdullanın arvadları... Bütün bu epizodları Motıl özü yazıb ssenariyə əlavə edirmiş...

Həmin fikirlərin təsdiqi kimi, rejissorun özünün qələmə aldığı bəzi maraqlı mətnlər üzrə çəkdiyi epizodlar da tele6süjetə daxil edilib; məs: “İnqilab sizi azad etdi. Daha sizin əriniz yoxdur və sizin ağanız da yoxdur daha. Mənə isə sadəcə yoldaş Suxov deyə bilərsiniz.” Əlavə olaraq, kinorejissorun xahişi ilə film üçün bəzi epizodları ssenarist Valentin Yejov, filmin bəzəyi olan Qızıl Ordu əsgəri Suxovun Katerinaya sevgi məktublarını isə Mark Zaxarov yazıblar...

Bu minvalla istedadlı kinorejissor Vladimir Motıl Sovet kinosuna bənzərsiz bir şedevr bəxş edir: “Səhranın bəyaz günəşi” - qırx ildir sağa-sola müsahibələr paylayaraq “yaratdığı” əsərə görə qürrələnən, bütün sonrakı yaradıcılığı da əsasən kino-rejissorlarının istedadı üzərində qurulan “bakılı kinodramaturq Rüstəm İbrahimbəyovun filmi.”

25.05.2018

# 1138 dəfə oxunub

Müəllifin son yazıları

# # #