İmam Əli peyğəmbərin sirrini necə yaydı?

İmam Əli peyğəmbərin sirrini necə yaydı?
11 iyun 2014
# 10:19

Mövlanə «Məsnəvi»yə bu beytlə başlayır:

Dinlə neydən ki, hekayət etmədə,

Ayrılıqlardan şikayət etmədə.

Bu misralardakı «ney» nədir? Hansı ayrılıqdan şikayət edir? Necə şikayət edir? Bütün bu suallara yenə Mövlanə özü cavab verir. Elə «Məsnəvi»nin özündə...

Oxuduqca gerçəkliklər dünyası ilə aranızdakı pərdə qalxacaq, röyadan açılan gözləriniz simvollarda daldalanmış həqiqətləri olduğu kimi görəcək.

Ney əslində çox qədim alətdir. Amma bu alət öz kimliyini Mövlanənin sayəsində tanıtmış və mövləvilik kimi mükəmməl bir məfkurənin əsas atributuna çevrilmişdir.

Mövlanə neydən əvvəl «dinlə» deyir. Çünki ilk əmr olan «Oxu»dan (Qurani Kərim) sonra dinləmənin zamanıdır. Mövlanə «Məsnəvi»də bəşər övladı üçün dinləmənin, duymanın söyləməkdən irəli olduğunu anladır:

«İnsana yemək də halaldır, söz də! İnsan deyilsən yemə, dilsiz qal! Uşaq doğulunca süd əmər, bir zaman susar, qulaq kəsilər...

Tanrı qulaqlara «susun» buyurdu. Uşağın söz söyləməsi öyrənməsi üçün bir zaman dodaqlarını yumması gərək... Evlərə qapılarından girin, istəklərinizi səbəblərinə sarılaraq diləyin».

İnsanın əsli torpaqdandır. Bu torpaq içində «ölümsüz olanı» (ruhu) ləyaqətlə daşımaq böyük qalibiyyətdir.

***

Neyin hekayəsi də insanın hekayəsi kimidir. Əvvəlcə vətəni olan qamışlıqdan ayırmışlar onu. Üstəlik, içini doğrayıb atəşlə vücudunda köz-köz yaralar açmışlar. İnsanla eyni qürbəti bölüşən ney şübhəsiz, dərd ortağının halını ən gözəl tərənnüm edən olacaqdır. Bununçün də «Məsnəvi»də «Ney» demək, dolayısı ilə Mövlanə deməkdir, yaxud əksinə...

Bu cinasa baxın:

Niyə xəlq etdi demə Həzrəti Mövla neyi

Xalqa andırmaq üçün Həzrəti Mövlaneyi...

Amma insan oğlu neyin bu dəyərini yetərincə görməmiş... Halbuki, belə bir əfsanə də var: Bir gün Peyğəmbər Həzrət Əliyə kimsəyə deməməsi şərti ilə ilahi eşqin sirlərini nəql edir. Həzrət Əli öyrəndiyi sirlərin əzəmətinin ağırlığını daşıya bilmir. Bir quyu başına gəlir, taqət və təhəmmül sərhədlərini zorlayan sirləri suyu çəkilmiş quyuya söyləyir. Quyu coşur. Suları sel olub çağlayır. Daşan suların bərəkəti ilə quyunun ətrafında qamışlar boy verir. Quyuya suya gələn bir çoban qamışlardan birini kəsir, çeşidli nöqtələrdən dəliklər açır və onu üfürülən zaman səs verəcək hala gətirir. Ondan yüksələn fəryad qəlblərə vəcd və həyəcan gətirir. Bunu eşidən peyğəmbər işin əslini anlayır. O saat Həzrəti Əlini çağırıb soruşur:

- Sənə anlatdığım sirləri açdınmı?

Həzrəti Əli:

- Bəli, ya RəsulAllah! O böyük sirri qəlbimə sığdırammadım, onu bir quyuya söyləməyə məcbur oldum - cavabını verir.

O zamandan bəri, qamış parçası ilahi sirlərin gerçəklərinə tərcüman olaraq tanınır və ona ney adı verilir.

Mövlanə bu hekayəti qısaca belə qeyd edir:

Der qopardılar qamışlıqdan məni,

Ah-nala zar eylədi mərdi-zəni.

Şərha-şərha eyləsin bağrım firak

Eyləyim ta şərhi-dərdi-iştiyak.

Mövlanənin özününküləşdirdiyi ney «insani-kamildir». O, birlik qamışlığından kəsilmişdir. Ondan çıxan hər səs Tanrı iradəsini bildirir.

Başqa bir beytində isə Mövlanə qeyd edir ki, ney əslində şikayət yox, «kəndi taleyini» rəvayət edir.

Deməli, ney bir məcazdır. Mövlanə «Məsnəvi»yə daxil etdiyi on səkkiz beytli bir qəzəlində neyə müraciətlə deyir ki, sən gözəlsən, gözəlliyinlə könüllər almadasan. Hər kəsin sevgilisinə uyğun rəsmlər yaparsan. Bütün gerçəyin şəklisən sən… Düşdüyün atəş eşq atəşi, verdiyin səs aşiq səsidir. Leylinin və Məcnunun da sirləri səndədir.

Deməli, ney böyük mətləblərə açar olan məcaz – simvoludur.

«Məsnəvi»də ney ağla gəlməyən rəngarəngliklə tərənnüm olunur. Eyni zamanda, qeyd olunur ki, ney ustadının əlində qəmli deyil, fərəhvericidir. Bu fərəhlilikdə insanı müjdələnmiş bir səadətə inandıran bir şövq vardır. Ona görə də, neyi layiqincə dinləyənlər maddi aləmdən uzaqlaşıb mütləq varlığın bulunduğu başqa bir məna aləminə yüksəlirlər.

Görün qeyd etdiyimiz mətləblərdən Füzuli nə yazır:

Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver.

Oda yanmış quru cismimdə həvadan qeyri...

Yaxud,

Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.

Mövlanə yazır ki, ney Mövləvi dərvişdir, zövq və kamillik onun nəfəsindən törəyən çocuqlar...

Ney səsi Qiyamətin xəbərçisidir. Bu barədə klassik Şərq ədəbiyyatında yüzlərlə nümunə tapmaq olar.

Məqsədi, məramı simvollar arxasında gizləyən klassik ədəbiyyatda Mövlanəni hansısa bir mövzu ney qədər düşündürməmişdir!

Ümumiyyətlə, neyə həsr olunan divan şerlərini, ayrı-ayrı beyt və misraları toplamaq mümkün olsa, böyük bir kitab tərtib etmək olar.

Xatırladaq ki, ney irfan ədəbiyyatında çox işlənən onlarla simvoldan biridir. Bu simvolları bilmədən divan ədəbiyyatını və klassik aşiq şerlərini təfərrüatı ilə anlamaq çətin olur. Bu barədə bilgilər qazanmaq isə fars və ərəb dillərində oxuya bilməyən oxucular üçün problem yaradır.

Hazırladı: Şərif Ağayar

# 4486 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #