“Səni tənha qoymaq var...” - LAYİHƏ

“Səni tənha qoymaq var...” - LAYİHƏ
29 may 2014
# 15:01

Layihə: Qismətin təqdimatında “Dünyanın ən gözəl şeirləri”

Əslində, bircə cümlə də bəsdi: Şekspirdi, ta mən nə deyim? Amma və lakin bir-iki xırda-para qeyd. Sözsüz ki, mən Şekspirin bu çox məşhur 66-cı sonetini orjinaldan oxumamışdım, əvvəlcə ruscasından, sonra isə Can Yücel tərcüməsində türkcəsindən xəbərim vardı. Sonradan sovet vaxtı ana dilimizdə çıxan Şekspirin sonetlər kitabında da həmin şeiri oxudum.

Ötən il İstanbulda olanda, bir ayrı tərcüməçinin – Talat Sait Halmanın tərcüməsində çap olunan “Shakespeare – Soneler. (İngilizce-türkçe) kitabını əldə etdim, yenidən oxudum bütün sonetləri. Oxuduğum bütün tərcümə variantları içindən mənə ən doğma gələni, Can Yücelin tərcüməsidir.

Hərçənd, Can Yücel tərcüməyə daha çox sərbəst yanaşır, improvizələr, hər hansı fikri, ifadəni türk mədəniyyəti kontekstində ifadə etməyi sevir, bununla belə həmin tərcümə neçə illərdi elə türk dilində yazılmış şeir kimi zaman-zaman yadıma düşür, özüm üçün dilimin altında vird edirəm.


Şekspirin 66-cı soneti kəskin ictimai-sosial etiraz ruhunda başlasa da, son iki misra şeirin kontekstini dəyişir, ona ayrı məna yükləyir. Yalnız şeirin sonunda məlum olur ki, dünyanın xarab olmasından gileylənən, hər şeyin baş-ayaq olduğunu deyən şeirin lirik qəhrəmanı bütün bunları sevgilisinə danışırmış və yalnız sonda məlum olur ki, bütün baş verən əyriliklərdən bezmiş şeirin qəhrəmanı (Şekspirin özü) yaşamaqdan bezsə də, canına ona görə qıymır ki, sevgilisini, qadınını bu vəhşi dünyada tək qoymasın.

Sonetin bu gözlənilməz finalı şeiri adi narazı, publisistik tondan uzaqlaşdırır, şəxsən mənə görə bununla da oxucunu daha universal həqiqətə - sevgiliyə, qadına, doğma adama olan sevgiyə dəvət edir.

66-cı sonet

Bezmişəm yaşamaqdan, öləmmirəm üstəlik,

Amma dəyməz əl açmaq, bura qədəri bəsdi.

Görmürsən ki, inancın biri olub bir qəpik,

Görmürsən ki, yoxsullar səadətdən şikəstdi.

Görmürsən ki, tapdanır cəsurların qüruru,

Ləyaqəti it kimi azdırıblar uzaqda.

Görmürsən ki, heç olub əl əməyi, göz nuru,

Naqqallar başa keçib, mərdlər qalıb qıraqda.

Görmürsən ki, sənətin dişlərini oyublar,

Axmaqlıq hər tərəfdə dolaşır gülə-gülə.

Həqiqətin adını sadəlövhlük qoyublar,

Oğrular doğru olub, yaxşılar pisə kölə.

Məndən olsa ölərdim, elə bugün, bu axşam,
Səni tənha qoymaq var... ona görə qalmışam!

Layihənin digər şeirləri

Odenin şeiri: Qaçqınkoma yollandım, “gələn il” dedilər

Kiplinqin şeiri: “Əgər”

Araqonun şeiri: Xoşbəxt sevgi yox imiş bu xaraba dünyada

# 8574 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər