Ramiz Novruz: “Həyat yoldaşım 17 il əvvəlki 2 min 500 manatı üzümə vurdu...”

Ramiz Novruz: “Həyat yoldaşım 17 il əvvəlki 2 min 500 manatı üzümə vurdu...”
26 may 2014
# 12:02

Bir aktyor üçün misal gətiriləcək tək bir obrazı varsa və o obrazın adı çəkilən kimi aktyorun siması göz önündə canlanırsa, bu, artıq onun sənətdəki şansıdır. Ramiz Novruz belə aktyorlardandır.

“Ramiz müəllim, bəlkə 59-un tamamında bir söhbət edək sizinlə?”

Razılıq verdi, çünki həm özü də dəfələrlə etiraf etdiyi kimi, mənə yox deyə bilmir, həm də çox böyük mədəniyyətə sahibdir, gözəl qəlbi var. Könülsüz olmasının səbəbi odur ki, təcrübəm boyu Ramiz Novruzun bütün yaradıcılığı, həyatı barədə dəfələrlə yazılarım, özü ilə müsahibələrim olub. Düşündü ki, yəqin təzə nə olacaq, həmin söhbətlərdir də, hamısını özüm bildiyim halda niyə onunla yenə söhbət etmək istəyirəm. Əvvəla, sizinlə bir daha müsahib olmaq şərəfini əldən qaçıra bilməzdim, bir də indiyə qədərki yazıları səhlənkarlıq edib yığmamışam, bu səhvimi indən belə düzəltmək istəyirəm.

Beləliklə...

Uşaqlıq - yaxud 85 manata “adam olmaq”

- Biləsuvar rayonunun Səmədabad kəndində doğulmuşam, orta məktəbi orda bitirmişəm. Yaxşı oxuyan deyildim, amma lazımlı uşaq idim, bütün məktəb tədbirlərində mənə güvənirdilər. Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamışam. Ən çox futbol oynayardım, bir də 8-ci sinifən tamaşalar hazırlayardıq, rol oynayardım. Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən bu sənəti, onu bilsən demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyir ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir.

Atam dülgər idi, anam evdar qadın. Atam müharibə veteranı idi, Berlinə qədər getmişdi. Müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki çox səmimi danışardı. Dindardı atam, namaz qılardı, hərdən mənə deyirlər sən niyə namaz qılmırsan? Deyirəm, atam mənim də əvəzimdən qılıb. Ailədə iki qardaş, üç bacı olmuşuq. Onlar da hamısı ailəlidirlər, burda Bakıda yaşayırlar. Bircə qardaşım rayondadır, müəllimdir. Əslində aktyorluğu mənə o sevdirdi, özünün də istedadı var.

İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq istədiyimi yazdım. Özü də belə başlamışdım ki, mən indiyə qədər kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm.

Kənddə fərsiz uşaqlar siyahısında idim, çünki quzu otaranda hər dəfə birini itirərdim. Başım qarışırdı futbol oynamağa, axşam qayıdanda baxırdım ki, quzulardan biri yoxdur. Kənddə Surxay adlı bir kişi vardı, qoyunları çox idi. Hər toya gedəndə siyahıya bir quzu yazdırardı, amma heç birini verməzdi. Mənə də kənddə Surxay deyərdilər – o, toya yazdırdığı qədər mən quzu itirmişdim.

Tələbəlik – Qadağan olunmuş şeirə görə beş

- Orta məktəbi bitirən kimi atam mənə 85 manat pul verdi, dedi ki, get Bakıya, oxu, adam ol. Birbaşa instituta girə bilmədim. Aktyor sənətindən 4, 4, 5 aldım. Hamı Sovet şairlərinin şeirlərini hazırlayırdı. Rza Təhmasib “Hansı şeiri hazırlamısan?” -soruşanda cavab verdim ki, Tofiq Fikrətin “Siz” şeirini. Demə bu türk şairi sovet ölkəsində qadağan olunub. Rza Təhmasib qışqırdı:

- Kimin?

Mən də bilmirəm axı, qadağan olunmağını, elə adi qaydada Səməd Vurğun deyirəmmiş kimi bir də şəstlə dedim:

- Tofiq Fikrət.

Rza Təhmasib bir o tərəfə, bir bu tərəfə baxdı, de görək, bala, dedi. Şeiri dedim, arxasınca nə etüdə baxdı, nə başqa heç kimə, məndən heç nə soruşmağa imkan vermədi, dedi, get. Sonra gördüm ki, şeirə görə 5, qalanlarından 4 almışam. Yazıdan isə kəsildim, razılaşmayıb şikayət elədim . Nəticədə rektor mənə söz verdi ki, haqsız kəsiblər səni yazıdan, amma hansı instituta istəyirsən daxil ol, mən səni 1-ci kursdan sonra keçirdəcəm bizim instituta. Həmin ili Pedaqoji İnstitutda oxudum, amma Adil İsgəndərovun kursuna da gəlib mühazirələrini dinlədim, növbəti il, tələbnamə yazıb məni İncəsənət İnstitutuna, Adil İsgəndərovun kursuna keçirdilər. Qrup nümayəndəsi oldum hətta. Adil İsgəndərov belə bir rəy verdi mənə: “Sənin əxlaqınla yanaşılsa irəli getmək olar, böyük teatrda işləyə bilərsən. Sən o adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar səninlə”.

Teatr və həyatımdakı ilk general

- Təyinatla bir il Sumqayıt Teatrında işlədim, binası yox idi. Əsgərliyə getdim, qayıtdım, dedilər bu il teatra bina verilir. Neçə illər idi bu söhbət vardı. Bəxtim gətirdi, Nəriman Həsənzadənin “Qoy, bütün Şərq bilsin” tamaşasında general Şıxlinskini oynayırdım. Tamaşaya baxanlar arasında Hökümə Qurbanova da vardı. Sonda eşitdim, deyir ki, mən yalnız bir söz deyə bilərəm, generalı oynayan oğlan yaxşı idi. Mən də tez özümü guya təsadüfən atdım bunun qarşısına, baxdı və bir kəlmə yaxşı idin, bala - dedi.

Bu sözlə də ürəklənib böyük teatrda işləmək üçün müraciət elədim. Müraciət elədim o vaxtkı direktor Əli İsmayılova, o da sağ olsun, az müddət sınaqdan sonra götürdü işə.

Deyəsən, kənddə at çapmağım, futbol oynamağım fiziki cəhətdən inkişaf edib general qamətli olmağıma kömək edib. Elə ilk rollarım və uğur gətirən rollarım general obrazları olub. Bir on il Akademik Teatrda özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, onların xoşuna gəlsin.

Tanrı hər on ildən bir hədiyyə verib mənə. Həzi Aslanov kimi bir tarixi obrazı oynadım, bir də baxdım ki, əməkdar artistəm, heç gözlənilmədən 31 yaşımda. Onun eyforiyasından ayılmamış 42 yaşımda xalq artisti verdilər. Bunların həsrətini çəkib gözləməyə vaxt tapmadım, özləri məni tapdı.

Kino - hansısa biləsuvarlı Həzi Aslanov roluna seçildi

- Həzi Aslanov roluna təsdiqlənməyin özü gözlənilməz oldu mənim üçün. Cavan aktyor idim, orda sınaqda əjdahalar vardı. İddialı, şanslı idilər. 25 nəfərin içində məni necə seçdilər bilmədim. Axırıncı üç nəfərdən mən seçilib qaldım. Hansısa biləsuvarlı gənc Həzi Aslanova təsdiqləndi. Orda çəkilişdə olan bir qız dedi ki, seçim prosesində sənin yerin gələndə hamı əl çaldı.

Həzi Aslanov mənim vizit kartımdır, adımı çəkəndə soruşurlar ki, o, hansı aktyordur? Cavab verilir ki, həzi Aslanovu oynayan. Bu xoşdur adama. Tarixi şəxsiyyətin obrazını yaratmaq və onunla tanınmaq çox gözəldir. Yoxsa adını çəkələr, amma hansı rolla səni tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı.

Ailə- yoldaşımın yaddaşı başıma bəla oldu

- Yoldaşımla orta məktəbdə bir yerdə oxumuşuq. O, məndən iki sinif aşağıda oxuyurdu, əsasən özfəaliyyət dərnəyində rastlaşırdıq. Yaxşı səsi vardı, oxuyurdu, elə məşqlərdə onun oxumasını gözləyirdim. “Sevil” poemasından parça hazırlamışdılar onların sinfi. Yaxşı yaddaşı var, qızlardan birinin atası tədbirə buraxmamışdı, Xoşavaz onun da yerlərini əzbərdən bildiyi üçün tədbirimizi xilas elədi. Amma sonralar onun yaddaşı başıma bəla oldu. Həzi Aslanov filmindən sonra müsahibəmdə demişəm ki, 3 min 500 manat qonorar almışam, üstündən illər keçəndən sonra hardasa demişəm ki, 6 min pul almışam. 1985-ci ildə dediyim sözü mən unutmuşam, amma o, 2012-ci ildə bunu yadıma salıb üzümə vurdu. Dedim, əlimə nəğd gələni demişəm, faizi filana çıxandan sonra.

Uşaqlarımız yaxşı uşaqdırlar. İki oğlan, bir qız... Böyüyü qızımızdır, çox gözəl ingilis dili bilirdi, mən düşünürdüm o sahəyə gedər, amma böyüyəndə elan etdi ki, mən saç ustası olmaq istəyirəm. Razı olmadım, qayınanam köhnə analara məxsus bir ritual elədi, yaylığını atdı qarşıma ki, qıza icazə ver, öz istədiyi sənətə getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki tanınmış ustadan biridir. Oğlum Nəriman televiziyalardan birində texniki işdə çalışır, içində yaradıcı insandır, amma utancaqdır, bir az da məhəllə ənənələrinə sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.

Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxuduğu müddətdə müğənniliyə yönəldi. Filmə də çəkilib, amma indi müğənnidir. Beş nəvəm var.

Bu günün reallığı - seriallar

- İndi çox az film çəkilir. Oturub gözləyə bilmərəm ki, nə vaxtsa ciddi sənətlə məşğul olacam, zaman o deyil. Məni seriallara türk serialları həvəsləndirdi ki, bizdə niyə belə olmasın. Çəkilirəm, çalışıram ki, layiqli serial qoyaq ortaya, təkcə Rövşən İsakla işləyirəm, o da vicdanlı, sənətə xəyanət eləməyən insandır. Ciddi məşğul olur işlə.

İki serialında çəkilmişəm, fərqli obrazlardır. Bəziləri deyir elə ordakı rol kimidir, amma mən bilirəm ordakı deyil, fərqlidir.

Bir-iki il çəkilmədin, Azərbaycan mühitində unudulursan, mövcud reallıqda serialdır, ona çəkilirik.

Həyatımdan narazı olmağa heç bir haqqım yoxdur. Yenə o fikirdəyəm ki, insan başını aşağı salıb işini görürsə, hələ qazanmadığı bir şeyi tələb etmirsə zamanla onu qazanacaq. Yox, əgər hələ qazanmadığını artıq tələb edirsə, bu, onun böyük dərdidir. Mən sevdiyim işi görə-görə hər şeyə nail oldum, çox şükür! Yeganə problemim mənzil idi, özüm şəxsən prezidentə məktub yazdım, reaksiya gəldi, mənzil verdilər mənə. Elə bir məktub yazmışdım ki, oxuyanda özümü də ağlamaq tuturdu.

# 14358 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #