“Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...”

“Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...”
22 may 2014
# 11:31

Layihə: Qismətin təqdimatında “Dünyanın ən gözəl şeirləri”

Lui Araqonun məşhur “Xoşbəxt sevgi yoxdu” şeirinə tələbəlik vaxtı Ahmet Altanın bir kitabında rast gəlmişdim. Elə Ahmet Altanın kitabının adı da bu məşhur şeirin misrası idi: “Ve kırar göğsüne bastırırken”

Kitabla eyni adı daşıyan essesində Ahmet Altan yazırdı ki, biz sevdiyimiz hər şeyi o qədər ifrat dərəcədə sevirik ki, axırda sevdiklərimizi bağrımıza sıxmaqdan tikə-parça edirik, sındırırıq, min yerə bölürük. Məsələn, vətəni sevirik və bağrımıza basıb min parça bölürük, bu parçalardan vətənsevərliyi, vətən xainlərini, qorxaqları yaradırıq. Qadınları sevirik və sevgimiz onları da parçalara ayırır, sonra həmin parçalardan yasaqlar yaradırıq, tabular düzəldirik və s.

Üstündən az qala 12 il keçib, amma mən həmin essenin lirik-melanxolik dilini, şeir kimi assosasiyalarını hələ də xatırlayıram. Sonradan Araqonun adı çəkilən şeirinin çox tərcümələrini oxudum, rusca da, türkcə də. Hətta lüğətlə, bir-iki dost-tanışın köməyi ilə orjinalına da əl atdım. Bilmirəm nədənsə bütün obrazlarını özüm üçün tam aydınlaşdırdığım bu şeiri onlarla variantda tərcümə etsəm də, heç biri heç vaxt ürəyimcə olmayıb. İndi sizə təqdim etdiyim variant da, üstündən neçə illər keçəndən sonra təzədən həmin şeiri ifadə etmək cəhdindən başqa bir şey deyil. Hər bəndin sonunda təkrarlanan “Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada” misrasının orjinalında, “xaraba dünyada” hissəsi yoxdur, bunu mən ritm tamlığı yaratmaq və bir az da şeirin ovqatını bizim dilimizdə səsləndirə bilmək üçün etmişəm.

Ustad Araqonun ruhu bizi əfv etsin!

Oxunuz şirin olsun!

“Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...”

Qazanc deyil insana, heç bir şey qazanc deyil,

Nə gücü, gücsüzlüyü, nə də yanar ürəyi.

Qucaq açsa kölgəsi xaça dönür elə bil,

Və bağrına basanda qırar sevdiyi şeyi.

Qəribədir ayrılıq, zülmət çökür hər yana,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...

Nədi ömür dediyin? Silahsız əsgərik biz -

taleyi özgələrin qələmiylə yazılan.

Boşunadır hər səhər güzgüyə gülməyimiz,

Hər gecə əhvalımız bir az daha pərişan.

Ömrümü danışıram, dinlə, fəqət, ağlama,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada...

Sevgilim, canım-gözüm, mənim qanayan yaram,

Qəlbimdəsən sən mənim yaralı bir quş kimi.

Bizə göz qoyub gedir bizi görən hər adam,

Eşidirlər səninçün oxuduğum nəğməni.

Sözlər həya eləyir gözlərinin yanında,

Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...

Bundan sonra ta çətin öyrənək yaşamağı,

Qoy qəlbimiz ağlasın səhərdən axşamadək.

Ağrısız başa gəlmir nəğmənin doğulmağı,

Əgər ocaq sönürsə, közərtməyə ah gərək,

Gitaranın naləsi çatsın gərək imdada,

Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...

Bircə sevgi də yoxdur iztirabsız, kədərsiz,

Bircə sevgi də yoxdur şad-xürrəm, gülə-gülə.

Bircə sevgi də yoxdur ötüb keçsin zədəsiz,

Bil, səndən artıq deyil vətən sevgisi belə.

Bircə sevgi də yoxdur göz yaşına biganə,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada,

Amma biz yorulmadan sevəcəyik yenə də.

Layihənin digər şeirləri

Odenin şeiri: Qaçqınkoma yollandım, “gələn il” dedilər

Kiplinqin şeiri: “Əgər”

# 8212 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər