Qeyrət-namus rejissorları

Qeyrət-namus rejissorları
5 may 2014
# 16:13

Sevda Sultanova yazır

Kinonun problemləri ilə bağlı hansısa müzakirə olanda bu sahədə çalışan adamları polemikalara, debatlara razı salmaq az qala Sizif əməyidir.

Mədəniyyət sahəsində çalışan jurnalistlər analoji problemlə tez-tez üzləşirlər.

Məsələn, “Kulis” az-ın “Kinoseans” layihəsinə uyğun müsahib tapmaqda çətinlik çəkirik. Yalnız 3-4 adam var ki, onları da hər dəfə dəvət etmək monoton, birtərəfli münasibət, mövqe yaradır.

“Problem” sözünü eşidəndə adətən kino adamları susmağı seçirlər, müzakirələrdən qaçırlar, həmkarlarının filmləri haqda tənqidi fikir söyləməyə çəkinirlər, hətta öz filmləri ilə bağlı müsahibə verməkdən boyun qaçırırlar.

Tanınmış bir jurnalist müsahibi olduğu rejissordan səbəbini soruşanda cavab absurd olub: “Kino adamları məsələn, daxildə bir-birinin quyusunu da qazırlar, intriqa da aparırlar, amma ədəbiyyat adamları kimi bunu ictimai müzakirə müstəvisinə çıxarmırlar”.

Qısası, kino adamları sağlam, açıq polemikadansa daxili intriqalara üstünlük verirlər. Halbuki, cəmiyyətin, istənilən sahənin inkişafı həm də açıq, cəsarətli polemika mədəniyyətindən, tənqiddən keçir.

Mövzunu həmkarım Aliyə ilə müzakirə edirik. Aliyənin arqumentinə görə, yazıçıların işlədiyi material sözdür, söz silahdır və ona görə də hansısa problemin müzakirəsində “söz” demək onlar üçün çətin deyil.

Bu arqumentə hətta Azərbaycanda ədəbiyyat ənənələrinin kino ənənələrindən qədimliyini və kinematoqrafiyadan fərqli olaraq, tarix boyu ədəbiyyatdakı üsyankarlığın, etirazın, yeni mərhələlərin mövcudluğunu da əlavə edək.

Yazıçı, şair sözlə, rejissor görüntü ilə işləyir. Ümumilikdə Azərbaycan rejissurasının vizual ifadələri (bəlkə də ifadəsizliyi) cəsarət, estetik planda ədəbiyyata uduzub.

Hələ XX əsrin əvvəllərindən dünya kinosu ekspressionist, sürrealist estetikayla işləyib, postmodern elementlərdən istifadə edib, fərqli kino dili tapıb, Azərbaycan kinosu isə yarandığı gündən indiyədək hələ klassik realizmdə qalıb.

Əhvalat mütləq xronoloji ardıcıllıqla ifadə edilməli, hadisə səbəb-nəticə əlaqəsi içində bir nöqtədən başlayıb sona çatdırılmalı, tamaşaçıya hazır məhsul verilməli, obyektiv reallıq təsvir olunmalı və s. və ilaxır.

Sadalanan problemlər ədəbiyyatda da olub və var. Amma bu gün pis-yaxşı ədəbiyyat inkişafdadır, alternativ ədəbiyyat yaranır, heç olmasa, mətnlərə yenilikçi, modernist tendensiyaları gətirmək cəhdi var.

Amma müasir kino sanki dünyadan qopmuş, ondan təcrid olunmuş şəkildə, özü üçün hansısa totalitar qayda-qanunların müəyyənləşdirdiyi naməlum qapalı məkanda yaşayır. Onlar qapalı, alternativsiz məkandan çıxıb yeni dünyaya çıxmağa, kinonu sükunət halından çıxarmağa qorxurlar.

Kinonun qaydalarını pozan, onun ənənəvi strukturunu, kino dilini dəyişməyə, fərqli estetikalar gətirə biləcək nəslin işartıları da yoxdur.

Bizim filmləri izləyəndə, rejissorların müsahibələrini oxuyanda mənə elə gəlir ki, onların müasir dünya ilə bütün bağları qırılıb.

Bir həmkarımızın dediyi kimi dünya kinematoqrafiyası yerə bölünür: dünya və Azərbaycan kinosu.

Məsələnin daha faciəvi tərəfi Azərbaycan kinosunda Samir Qulamov, Şeyx Əbdül kimi sənəti məhz qeyrət-namus, ana-bacı çərçivəsində anlayan insanların sənət iddiasıdır.

Halbuki sənət özü əxlaqdır. “Əxlaq” deyəndə təbii ki, onun coğrafi kontekstini nəzərdə tutmuram. Bu, lokal, funksionallığı itirilmiş milli əxlaqdır.

Mən çılpaq təsvirləri ilə bəşəri, insani əxlaqı ifadə edən Pazolini, Bunuel, Berqman, Bertoluççi əxlaqını nəzərdə tuturam.

# 6934 dəfə oxunub

Oxşar xəbərlər

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

17:00 30 iyul 2026
“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü

“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü

16:30 30 iyul 2026
Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

14:30 30 iyul 2026
Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

12:30 30 iyul 2026
Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

10:20 30 iyul 2026
Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər