“Mən Avropaya-zada inteqrasiya etmək istəmirəm” MÜSAHİBƏ

“Mən Avropaya-zada inteqrasiya etmək istəmirəm”  <span style="color:red;">MÜSAHİBƏ
28 aprel 2014
# 13:00

Kulis.az əməkdar artist, aktyor Vidadi Həsənovla müsahibəni təqdim edir.

- İki tamaşa təhvil verdiniz. Hətta təzyiqiniz vardı. Yorğunluğunuz keçibmi?

- Boş şeydir, keçib gedər. Bəli, bu tamaşalardan biri " Dədəm Qorqudun Kitabı " əsasında "İlahi oyun ", o birisi isə Dumbadzenin " Gecə qonağı " hekayəsi əsasında hazırlanmış "Məqam " adlı mono-tamaşa idi. Hər iki tamaşa “Azdrama”nın səhnəsində baş tutub. İndi xoş yorğunluqdu. Adam belə yorğunluqları tez-tez yaşamaq istəyir.

- Sonuncu söhbətimizdə ailə və cəmiyyət haqqında maraqlı söhbətimiz oldu. Bildim ki, patriarxal dünyagörüşü olan adamsınız.

- Haqlısınız.

- Maraqlıdır, ailə sizin üçün nədir və necə bir ailədə böyümüsünüz?

- Yəni ailə, elə ailədi. İndi ailə institutu yeniləşir, ailədəki münasibətlər guya yeni çalarlar qazanır, gender məsələləri... Adi bir Azərbaycanlı ailəsində böyümüşəm. Sadəcə o ailədə söz konusu olmayan bir ierarxiya var idi. Hər kəs öz yerini bilirdi. Kimsə cızığından çıxanda ona öz yerini göstərirdilər. Ailə nə qədər qapalı, nə qədər cəmiyyətdən təcrid edilmiş olursa, o qədər öz dəyərlərini qoruyub-saxlaya bilir. Bir ailənin ki, söz-söhbəti bayırdadır, o ailə nə başqalarına maraqlıdır, nə də o ailədə yaşamaq maraqlıdır. Ailə qaladır və onun əsgərləri də, qalabəyisi də olmalıdır.

- Bəs o qaladakılar xoşbəxtdi?

- Mən o qalada xoşbəxtəm. Yəqin o qaladakılar da...Ümumiyyətlə, ailəm haqda danışmağı xoşlamıram.

- Ümumiyyətlə kişi mərkəzçi cəmiyyət ədalətlidirmi sizcə?

- Bir baxın, dünya necə qurulub? Marksistlər cəfəng bir nəzəriyyə irəli sürmüşdülər. Amma məlum oldu ki, nə dünya onlar deyilən kimi qurulub, nə də insan meymundan əmələ gəlib. Dünyanı Allah-təala yaradıb. Dünyanı bir qüvvə idarə edir. Bir neçə qüvvə yox, yalnız bir qüvvə. Dünya bu cür qurulub e!.. Biz dünyanın gərdişinə nələri isə zorla pərçimləmək istəyirik. Dünyanın qanunauyğunluğuna ağlasığmaz nəzəriyyələr qoşuruq. Amma sınaqdan çıxmış köhnə, hələ heç bir sınaq keçməmiş təzədən yaxşıdır. Köhnə daha dəyərlidir. Yenilik olsun, nə deyirəm? Amma nəyin naminə? Hələ mən “Avropaya inteqrasiya” kimi bəsit kəlməni demək istəmirəm. Mən inteqrasiya olunacağamsa gərək onlara oxşayam? Bəs onlar mənə niyə oxşamasınlar?! Sovet vaxtı biz tərəfə “Zaqafqaziya”- Qafqazın o tərəfi - deyirdilər. Bu ifadədə bir aşağılamaq mənası var. Amma mən də buradan baxanda onlar “Zaqafqaziya”dır- yəni, onlar da Qafqazın o tərəfindədirlər. Nədənsə biz heç vaxt bu ifadəni onlar kimi işlətmirik... İndi isə Avropa mədəniyyəti, Qərb dəyərləri deyirlər... Çox gözəl. Amma bu onlarındı. Bu onların həyat və yaşam tərzləridir. Bizimsə öz həyat və yaşam tərzimiz var. İllərlə qorunan şeyləri necə atmaq olar? Mifləri, nağılları, bayatıları? İndi bunlardan necə imtina edək? Mən feodal təfəkkürlü adam deyiləm. Özümü kifayət qədər proqressiv adam sayıram. Yeni olan hər şeyin fəlsəfəsini anlamağa çalışıram. Mən gözünü islam pərdəsi, müsəlmançılıq tutmuş adam da deyiləm. Bütün dediklərim isə ancaq mənəvi, əxlaqi, sosial, mədəni dəyərlərə aiddir.

- Bəs mentalitet nədi?

- Ən zəhləm gedən söz. Daha doğrusu, bu sözü elə pis günə qoyublar ki... Mən indi "köhnə-köhnə" deyəndə, “bütün əski şeylərin hamısı yaxşıdır” demirəm. Elə şeylər var ki, doğrudan da onlardan imtina etməliyik. Amma elə şeylər var ki, məni ondan imtina etməyə məcbur edə bilməzlər.

- Məsələn, nədən imtina etməyə məcbur edə bilməzlər?

- Mən Avropaya-zada inteqrasiya etmək istəmirəm - fəlsəfə, əxlaq, mənəviyyat məsələsində... Geyimini dəyişməklə də avropalı olmaq olmaz. Çinlilərin atalar sözü var: "İnsan həyətindən çıxmadan belə dünyanı dərk edə bilər." Nizami Gəncəvi Gəncədən çıxmadan dünyadan xəbərdar olub. Jül Vern yaşadığı əyalət şəhərindən çıxmadan Amazonkadakı cığırı belə dəqiqliklə yazıb. Ondan soruşanda ki, bu səyahətlərə nədə getmisiz, deyib öz kreslomda. Yalnız düşüncə baxımdan yeniləşə bilərsən, amma bu dəyişmə kimə isə oxşamaq deyil... Sizin bayaq dediyiniz mərkəzçilik qanunauyğunluqdur. Elə ailədə də, həyatda da mərkəzçilik olmasa dərəbəylik baş alıb gedər. Yaxşı ailə bir nəfərin avtoriteti, nüfuzu olan ailədi. Belə ailə daha düzdü. Məni bu fikrimdən dönməyə heç nə məcbur edə bilməz.

- Belə çıxır ki, totalitar dövlət modelini bəyənməliyik?

- Qəribə də olsa, incəsənət, ədəbiyyat totalitar rejimlərdə daha çox inkişaf edir. Təzyiq, basqı olanda əks təzyiq də yaranır axı. Baxın 60-70-ci illərdə ədəbiyyat, incəsənət nə qədər inkişaf etmişdi. Hələ bir dayanın e, təzyiqin nəyi pisdir? Məgər Allahın öz bəndələri üzərində hökmü, iradəsi, təzyiqi, qorxusu yoxdur? Belə olmasa dərəbəylik olardı, dünya çoxdan dağılardı. O zaman basqı var idi- 60-70-ci illərdə ədəbiyyat da, incəsənət də inkişaf edirdi. İndi demokratiyadır. Hər şey də göz qabağındadır. Yəni biz hər şeydən o qədər də razı deyilik.

- İndiki dövrün ədəbiyyatından kimləri oxuyursunuz ki?

- Koelyonu çox sevirəm. Əlimə keçən hər bir kitabını məmnuniyyətlə oxuyuram.

- Mən bizim ədəbiyyatı soruşuram.

- Kamal Abdullanı, Ramiz Rövşəni.

- Amma onlar indiki nəsil deyil, elə əvvəlki dövrün yetirməsidirlər.

- Ədəbiyyatda və incəsənətdə təzə və ya köhnə nəsil yoxdur. O insan ki, bu cür yaza bilir, eşq olsun ona. Mən Kamal Abdullanı köhnə nəsil hesab eləmirəm. Ramiz Rövşəni də. Ramiz Rövşəni gəncliyimdən oxumuşam. O mənim üçün yaşlı adam deyil. Bir az da dərinə getsən, Ramiz Rövşən, bəlkə də, heç adi adam da deyil, o təpədən-dırnağa şairdir. Onun şerlərindən həzz alıram, Vaqif Bayatlının, Adil Mirseyidin şerlərindən həzz alıram. Bəli, indi yazanları da oxuyuram, amma iddia çox, ədəbiyyat az.

Təhlükəsiz yer axtarırdım

- Vidadi müəllim, siz aktyor olmaq istəyəndə, ailənizdən təpki oldumu?

- Orta məktəbi bitirəndən sonra iki il Sverdlovskda yaşamışam, işləmişəm. Hüquqşünas olmaq istəyirdim. Mən əsgərlikdən qayıdanda atam rəhmətə getmişdi. Sürücülük vəsiqəm var idi. İş axtarırdım. Hansı işə baxdım, gördüm içində bir qorxu, təhlükə var. Teatra işə düzəldim. Fikirləşdim ki, bundan təhlükəsiz nə ola bilər ki? Sən demə, ən təhlükəlisi elə bu imiş. Sadəcə, qıraqdan baxana asan gəlir...

- Bir dəfə uzun müddətə teatrdan ayrıldınız. Az qala on il sonra yenidən qayıtdınız. Niyə getmişdiniz?

- Müəllimim dedi get, getdim. Dedi qayıt, qayıtdım.

- Soruşmadınız niyə?

- Bu onunla ikimizin arasında olan sirdir. O haqq dünyasındadı. İndi bu yalnız mənim sirimdir.

- Bu illər ərzində bəs nə ilə məşğul oldunuz?

- Hər bir kişi ailəsini dolandırmaq üçün nə işlə məşğul ola bilərsə o işlə.

- Teatra, yaradıcılığa ehtiyac hiss etmədiniz?

- İndi durub gurultulu sözlər danışmayacam ki... Həyat, ruzigar mənim qarşıma nə çıxarıbsa, şükranlıqla qəbul etmişəm. O işləri də çalışırdım vicdanla, səliqə ilə, özümə hörmətlə edim. İnsanın harada olmağından asılı deyil... Bəziləri düşünür ki, gedərəm Amerikaya, mənə yaxşı olar. Amerikaya gedəndə bəyəm başını, onun işindəkiləri özünlə aparmayacaqsan? Burda necədirsə, orada da elə olacaqsan. Teatrda olmayanda da mən yaradıcılıqla məşğul idim. Şer yazırdım, ssenari yazırdım... Yaradıcılıqla məşğul olurdum.

Yuğ

- Yuğ Teatrının əvvəlinci aktyorlarındansınız. “Yuğ”u mənəvi məkan kimi saxlamaq, qorumaq nəyin bahasına başa gəlir?

- Ümumiyyətlə, mənəviyyat həmişə gerçəkliklə döyüşdə zəifdi. Qərb filosoflarından biri deyir: "Gerçəklik acgöz monstrdır". Onun qidası insanın vücudu olmur, mənəviyyatı, əxlaqı olur. Əlbəttə, onu qorumaq çətindir. "Yuğ" da o biri teatrlarımız kimi bizim mənəvi ocağımızdır. Nəyin bahası olursa-olsun onu qorumaq lazımdır.

-Ara-sıra “Yuğ”a qarşı çıxışlar olur teatr aləmində, sizcə bu antipatiya nədəndi?

- Rəqabət. Əslində rəqabət yaxşı şeydir. Amma rəqabətə dözümlülük də olmalıdır. Bu olmasa inkişafdan söhbət gedə bilməz.

- Deyirlər, Yuğ Teatrının aktyorları “Azdrama”nın səhnəsini işğal edir. Siz Akademik Teatrın səhnəsində ən çox rol alan “Yuğ”çu aktyorsunuz…

- O ifadəni işlədən adamın təfəkkür səviyyəsinə enmək istəməzdim... Bu yaxınlarda bir məqalə oxuyuram. Müəllif yazır: "Yunan rejissor gəlib “Azdrama”da, bizim teatrda yunanlar üçün tamaşa hazırlayacaq? O nə bilir bizim dərdimiz-sərimiz nədir?” İndi bu o deməkdimi ki, yunan rejissor gəlib teatrımızı "işğal edir". Bunu demək təfəkkürsüzlükdür! Bir vaxtlar teatrda iş olmayanda bir para insanlar şikayətlənirdilər ki, teatr tənəzzüldədir. İndi isə bütün teatrlarda gərgin iş gedir, indi də deyirlər ki, bu qədər işləmək olar? Kimsə gedib hansısa teatrda, tamaşada oynayırsa oranı "işğal etməyə" getmir. Buna qarşılıqlı faydalanma kimi baxmaq lazımdır. Tutaq ki, “Azdrama” bu saat keçmiş Gənclər Teatrının, İrəvan Teatrının, Gəncə Teatrının, Gənc Tamaşaçılar Teatrının, Sumqayıt Teatrının, hətta "Rus dramasının" aktyorları da müqavilə ilə çalışır. Düşünürəm ki, bu çox faydalı əməkdaşlıqdır, bundan ümumiyyətlə teatr prosesimiz qazanır.

- Bəs sizcə, indi teatra tamaşaçıların marağının aşağı olmasının səbəbi nədir?

- Dəqiq səbəbi deyə bilmərəm. Bu barədə bəzi qənaətlərimi deyə bilərəm. Baxın, sovet vaxtı bir televiziya var idi. Başqa televiziya yox idi. İndi, maşallah, nə qədər kanal var. Hamısı da baxımlı. İndi insanların çoxu televiziyaya üstünlük verir. Başqa bir qənaətim, o zaman insanlar 8 saat işləyirdilər. İşini bitirib əyləncəyə, ruhi qidaya vaxt ayıra bilirdilər. İndi iş saatı da artıb. On dörd-on altı saat işləyən adam var. Məsələn, sürücü ailəsini teatra gətirmək haqda düşünə bilərmi? O səhərdən axşama kimi sükan arxasındadı. Bu, bir çox başqa sənət və peşə adamlarına da aiddir... Bir də deyirlər teatra o zaman adamlar çox gəlirdi. İnanın, o zaman nə qədər gəlirdisə, elə indi də o qədər gəlir. Həm də niyə teatr ağzına kimi tamaşaçı ilə dolu olmalıdır? Biz özümüzü niyə aldadırıq ki, hamı teatraldı, hamı kitab oxuyur? Elə deyil axı. Teatra, bu məbədə ehtiyacı olan adamlar gəlir. Bunun tamaşanın keyfiyyətinə dəxli yoxdur. Sovet zamanında da belə idi, indi də belədi.

- Yeni işləriniz? Film... Ssenari...

- Film çəkilişim yoxdur. Yeni ssenari sinopsisi təqdim etmişəm. Çoxdan yazdığım ssenarilər də var. Bəzilərini nazirliyə də təqdim etmişəm. Amma hələ ki, xəbər yoxdu. İndi rejissorlarımız özləri yazıb, özləri çəkirlər. Bu da maraqlıdır. Müəllif kinosuna maraq daha üstündü dünyada.

- Siz də özünüz çəkmək istəyirsiniz?

- Yox, ağlım çaşmayıb ki. Bir də mən aktyor kimi nə yatdım, nə yuxu görəm?

- Niyə ki? Elə bircə “Yalan”dakı Yavəriniz azdı bəyəm?

- Yox, o mənada demirəm. Naşükür də deyiləm. Sadəcə, mən aktyorluqdan doymamışam. Mən yaşda elə aktyorlar var ki, daha çox, daha sanballı rollar oynayıblar. Yaxşı mənada onlara həsəd aparıram. Düşünürəm ki, canımda su var ikən daha çox işləməliyəm. Biz akvarium balığı kimi bir şeyik, akvariumdan qıraqda yaşaya bilmirik.

- “Yalan” filmindəki Yavər obrazınız... Hansısa real əhvalatla uyğun idimi və ya müşahidələriniz vardımı? Filmdən sonrakı reaksiyalar necə idi?

- Axı nəyi müşahidə etməliydim? Oğlunu itirmiş atanı müşahidə etmək qəddarlıq olmazdımı? Ruhi xəstəni oynayırsansa, heç də vacib deyil ki, dəlixanaya gedəsən. Gözümüzün qabağında o qədər misallar var ki... O yaşdayam ki, itki də görmüşəm, müharibə də yaşamışam. Hətta, döyüşlərdə olmasam belə. O ki qaldı filmə, ordakı hadisələrdən təsirlənən insanlar görmüşəm. Bədii əsərdir də təsirləndirməlidir.

- Bir yaradıcı insan kimi, qarşılaşdığınız, həyatınıza, yaradıcılığınıza mane olan ən böyük problem?

- Əvvəla problemin balacası və ya böyüyü olmur. Problem olub, var və inşallah da olacaq! Problemsiz düşmənimiz olsun!

# 3630 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #