Övladınız homoseksual olsa, neylərdiniz? KİNO SEANS

Övladınız homoseksual olsa, neylərdiniz?  <span style="color:red;">KİNO SEANS
18 aprel 2014
# 13:14

Kulis.Azda “Seans” layihəsi çərçivəsində “Dualar Bobbi üçün” filmi nümayiş olundu. Rejissor Rassel Malkexinin “Dualar Bobbi üçün” filmi Bobbi Qriffit adlı gənc homoseksualdan bəhs edir. İctimai rəy və din üzündən anası Merri oğlunun cinsi orientasiyasını heç cür qəbul edə bilmir. Onun inandığı kitab bunu günah hesab edir, ətrafındakı insanlar buna rüsvayçılıq kimi baxır. Merri oğlunu psixoloq yanına aparıb müalicə etdirir, bunun nəticə vermədiyini görüb ona dinə tapınmağı, dua etməyi tövsiyə edir. Bobbi isə homoseksuallığının iradəsi ilə bağlı olan bir şey olmadığını dərk edir. Sonda Bobbi anasının dirənişi ilə ailəsindən uzaqlaşır, təklənir və nəhayətdə ona bu dünyada yer olmadığını düşünüb intihar edir. Merri Qriffit isə oğlunun intiharına öz cahilliyi, dini ehkamları ilə səbəb olduğunu anlayır və bundan sonra Merri Qriffiti cinsi azlıqların hüquqlarını müdafiəsində, LGTB mitinqlərində görürük...

Kulis.Az telejurnalist Elnur Hidayətoğlu və sənətşünas Aliyə Dadaşova ilə aparılan film müzakirəsini təqdim edir.

Müzakirənin moderatoru Qan Turalıdır.

Qan Turalı: Elnur, əvvəlcə səndən başlayaq. Bu filmi ümumiyyətlə necə qiymətləndirirsən? Bir film kimi, sənət əsəri kimi bu barədə nə düşünürsən?

Elnur: Film maraqlı olsa da, əslində sətiraltı bir məna, bir təbliğat var. Həddən artıq rəngarənglik var. Filmdə göstərilən o bayrağı görəndə mənim yadıma İsa Şahmarlının intiharı düşür. Bununla bağlı ayağa qalxanlar, etiraz edənlər oldu. Filmin sətiraltı mənası da cinsi azlıqlara azadlıq verilməsidir. Mən də onları təhqir etməyin, alçaltmağın tərəfdarı deyiləm. Ancaq onların açıq-aydın öz oriyentasiyaları haqqında danışıb azadlıq istəməsi və bunu qabartması düzgün deyil. Filmdə “İncil”in təhrifi də var idi. Bütün müqəddəs kitablarda insanların kişi və qadın olaraq yaradıldığı bildirilir. Amma filmdə bir keşiş izah etməyə çalışırdı ki, əslində başqa cürdür və bunu başa düşmək lazımdır. Filmdə atanın rolu ümumiyyətlə yox idi. Ana avtoritar anadır. Filmin əvvəlində oğluna qarşı qeyri-tolerant davrandığı vaxt ana daha çox xoşuma gəlirdi. Ananın iradəsi vardı və oğlunu çəkindirməyə çalışırdı. İnsanlar tərəfindən aşağılanması isə o qədər də nəzərə çarpmırdı. Daha çox ananın münasibəti nəzərə çarpırdı. Oğlanın özünü öldürməsi üçün heç bir təzyiq yox idi. Məsələn, bizdəki qədər təzyiq hiss olunmurdu.

Aliyə: Film haqqında məlumata baxdım və məlum oldu ki, film Aorons adlı bir müəllifin yazdığı kitab əsasında, Bobbi Qriffit adlı gəncin gerçək həyat hekayəsi əsasında çəkilib. Hətta filmdə Bobbinin gerçək anası Merri Qriffitin və LGTB aksiyasının təsvir olunduğu epizodda kütlənin içində görünür. Maraqlıdır ki, romanı yazan yazıçı 25 il LGTB-yə qarşı, onları müdafiə edən jurnalistlərə, ümumiyyətlə cinsi azlıqlara qarşı fəal mübarizə aparıb. Beləliklə, Merri Qriffit həm də müəllifin özü ilə eyniləşib. Deməli, əsərdə iki tövbə, etiraf var: müəllifin və Merri Qriffitin.

Elnur: Filmdə diqqət etmisinizsə, sona qədər iradə ortaya qoyulur və oğlana izah olunur ki, mübarizə apar. Dostu onu başa salır ki, yolundan vaz keçmə.

Aliyə: Elnur qeyd etdi ki, bu film təbliğatdır. Filmdə olan bayraq, filmin mövzusundan irəli gəlir. Burda mövzudan kənar təbliğatdan söhbət getmir. Film özü cinsi azlıqların haqqını müdafiə edir.

Elnur: Şüuraltı bir anlam, təbliğat var.

Qan Turalı: Nədir bu şüuraltı məna?

Elnur: Biz yetkin insanlarıq və seçimimizi bilirik. Amma elə gənclər var ki, seçim edə bilmirlər. Seymur Baycan bu yaxınlarda seksual azadlıqlarla bağlı bir yazı yazıb, əyalətlərdəki gənclərlə Avropa gənclərini müqayisə etmişdi. İzah edirdi ki, Avropa gəncliyi normal seksual istəklərini təmin edə bilir. Azərbaycanda isə hələ də heyvanla cinsi münasibətə girən gənclər var. O demək deyil ki, onlar cinayətkardır. Bu cür gənclər varsa, onlar bu filmə baxdıqdan sonra özlərindən zəif oğlanlara cinsi təcavüz edə bilərlər.

Aliyə: Elnur az öncə dedi ki, qəhrəmanın ölümünə, intiharına heç bir səbəb görmür. Ola bilər ki, bu filmdə bədii cəhətdən yaxşı işlənməyib. Amma oğlanın intiharına kifayət qədər ciddi səbəblər var. Anası, sevgilisi onu tərk edir. Sevgidən məhrum qalır. Hər zaman diqqətdə, himayədə olan bir insan tamamilə təklənir. Siz bayaq pedofillikdən danışdınız. Pedofillik cinsi istismardır. Bu tamam başqa məsələdir.

Elnur: Mən sadəcə müqayisə etdim ki, əgər ona azadlıq verilirsə, zoofiliyaya da azadlıq verilsin.

Qan Turalı: Zoofiliya ilə homoseksuallığı necə bir yerə qoyursunuz?

Elnur: Əgər onların seksual istəklərinə normal baxırıqsa, buna da normal baxmalıyıq. Filmin təsir gücündən danışıram. 12-13 yaşlı bir uşaq bu filmi internet üzərindən izlədikdə, cinsi istəyini yerinə yetirmək üçün müxtəlif şeylər düşünə bilir. Filmdə bunun günah olmadığı göstərilir.

Qan Turalı: Axı filmdə keşiş demir ki, bu günah deyil. Keşiş deyir ki, “İncil”də “onları öldürün” deyilir. Eyni zamanda toy gecəsi bakirə çıxmayan qız haqqında da eyni hökmü deyir. O deyir ki, onları öldürmürsünüz, amma homoseksualları öldürürsünüz. Ona haqq qazandırmır, sadəcə müqayisə edir. O deyir ki, “İncil” çox şeyə cəza tətbiq edib, amma siz yalnız homoseksuallara olan qadağalardan danışırsız.

Elnur: Mən düşünmürəm ki, bu filmdə oğlana qarşı sərt münasibət var idi. Azərbaycanla o mühiti müqayisə etsək oğlanın mühiti çox rahat mühitdir. Hətta Los Ancelesə gedib, barda oğlanla görüşür. Kişi ilə asanlıqla münasibət qura bilir. Sonradan özünü atması səbəbsizdir. Onu başa düşürdülər.

Qan Turalı: Yaxşı, o, niyə intihar elədi?

Elnur: O, sadəcə fikirləşdi ki, orientasiyasına görə ailəsinin və dostlarının ona qarşı münasibəti dəyişdi, diqqəti azaldı və buna görə intihar etdi.

Qan Turalı: Aliyə, sən necə düşünürsən Azərbaycanda geylərə, lesbiyenlərə, transseksuallara, biseksuallara qarşı münasibət necədir? Sovet vaxtı cinayət məcəlləsində homoseksuallıq cinayət idi və konkret cəzası vardı. Azərbaycan Avropa Şurasına girdikdən sonra bu cinayət məcəlləsindən çıxarıldı və Avropaya inteqrasiya məsələsi ortaya çıxdı. Azərbaycanda bu azadlığın verilməsinə necə baxırsan?

Aliyə: Cəmiyyət klassik ailə modelini hər zaman dəstəkləyib və bunda haqlıdır. Çünki gələcək inkişaf üçün bundan yaxşısı düşünülməyib. Ailə modeli vacibdir. Amma film, sənət hər zaman başqa bir baxış – insani baxış tələb edir. Mənə elə gəlir ki, bütün valideynlər övladının cinsi oriyentasiyasından narahat olacaq. Onun ailə qurmayacağından narahat olacaq. Amma əgər bu, baş veribsə onu bədbəxt etmək olmaz. Əsas olan uşağın xoşbəxtliyidir. İnsana xoşbəxt olmaq və yaşamaq üçün qısa bir zaman verilib. Başqaları sənin olan bu zamana nə isə yükləməyə çalışır. Film bu baxımdan yaxşı üslub seçib. Empati hissini qabardır. Bu barədə danışan adamlara hər zaman eyni sual verirlər: “Sən istəyərsən, sənin uşağın belə olsun?”. Heç kəs bunu istəmir. Amma bu baş veribsə, onda necə? Filmdə bu sual qoyulur ki, belə insanlar intihara sürüklənməlidirmi? Nə qədər bədii həllini tapması, başqa məsələdir.

Fərqli oriyentasiyası olan qurumlar ona görə aksiyalar edir ki, onlara qarşı basqı var. Niyə onların adı pozğunluqda hallanır? Çünki onlara normal iş verilmir və onlar fahişəliyə məcbur olur.

Qan Turalı: Bu problemlə rastlaşan adam nə etməlidir? Buna cəmiyyətdə münasibət necə olmalıdır? Bəziləri buna əxlaqsızlıq kimi baxır. O insanlar isə düşünür ki, bu seçim deyil, onlar sadəcə bu cür yaradılıblar.

Elnur: Dini baxımdan yanaşsaq bu günah ola bilər. Günahlar var ki, onu bilərəkdən edirik. Filmdə insanların şüuraltına yeridilən odur ki, bu hər bir ailədə ola bilər. Bu insandakı qüsurdur. Oğlan homoseksual olsa da, insanı qıcıqlandıran bir şey görmədik. Bizdə homoseksualların qadın kimi davranmaq xüsusiyyəti var və bunu tənzimləmək olar. Məsələn, mənim qumar oynamağa dəhşət həvəsim var. Amma tutduğum mövqeyə görə heç vaxt qumar oynamaram. İstək ola bilər. Amma insan o istəyi boğa bilər. Bu məsələdə gizliliyin tərəfdarıyam. Əgər bu istək varsa, o, mütləq tərəf-müqabili tapacaq. Amma Enrike İqleses kimi “Mən fəxr edirəm ki, homoseksualam” şüarı səsləndirməyi qəbul etmirəm. Hər zaman deyirlər ki, cəmiyyətin homoseksuallara təzyiqi var. Ancaq onların da təzyiqi var. İsa Şahmarlının intiharında da, biz bunu gördük.

Qan Turalı: Onların təzyiqi nə idi ki?

Elnur: Konkret feysbuku açdıq və onu müdafiə edənləri gördük. Onun bu şəkildə şişirdilməsi və müzakirə olunması qəbuledilməzdir.

Qan Turalı: Siz İsanın ölümü ilə bağlı nə yazmışdınız?

Elnur: Mən onun intiharına görə cəmiyyətin günahlandırılmasını qəbul etmirəm.

Qan Turalı: Siz deyəsən yazmışdınız ki, belə adamlar ölsə yaxşıdır.

Elnur: Xatırlamıram.

Qan Turalı: Bu hardan qaynaqlanır? Qıcıqlanıb yazmışdınız?

Elnur: Bu tip insanlara qarşı heç vaxt aqressiv münasibət bəsləməmişəm. Hətta jurnalist olaraq onların aksiyasında iştirak etmişəm. Tbilisi prospektində bir dəfə hadisə baş vermişdi və ora getmişdim. Onların içində bir nəfər rəhbər vardı. Kişi özünü dəyişdirmişdi. O, çox gözəl bir qadına çevrilmişdi. O qədər gözəl idi ki, az qala ona vurulum. Onlar yolu bağlamışdı və “007” onların üstünə sürətlə gəldi. Maşın gəldikcə o da maşının üstünə qaçırdı, sanki iki qoç toqquşacaqdı. Son anda sürücü əyləci basdı. O, havaya qalxdı və maşına çırpıldı. Yaralandığı üçün həkimə getməyi lazım idi. Heç bir taksi yaxın durmaq istəmirdi. Transların, demək olar, hamısının çantasında kəsici alət vardı. Həmin anda kəsici aləti sürücünün boğazına dirədilər ki, yaralını xəstəxanaya aparmalısan. O məqamda mən mikrofonla translardan birinin başına vurdum.

Qan Turalı: Sizcə bu normaldır?

Elnur: Mən də yaralının aparılmasının tərəfdarı idim. Ancaq sürücü aparmaq istəmirdi. Mən də onlar tərəfdən danışırdım.

Qan Turalı: Azərbaycan cinayət məcəlləsi ən ağır cinayətlərdə belə ölüm cəzası nəzərdə tutmur. Biri çıxıb 40 adamı öldürsə də ölüm cəzası verilmir. Amma siz bu adama ölüm arzulamışdınız. Bu cəmiyyətdə onlara qarşı qəzəbin olması deyilmi?

Elnur: Mən onların açıq-aşkar fəaliyyətinə qarşıyam. Cəmiyyətin onlara qarşı qəddar olmasını arzulamıram.

Aliyə: Sizin dediklərinizdə ziddiyyət var. Cəmiyyətin qəddar olmasını qəbul etmirsiniz, amma özünüz belə adamların ölümünü istəyirsiniz.

Elnur: Feysbukda hamının onların müdafiəsinə qalxması qıcıq yaradırdı. Gündə neçə intihar hadisəsi baş verir və heç kəs bu barədə yazmır.

Aliyə: Siz kimsə öləndə yazmırsınız “o ölsə yaxşıdır”. Sıradan bir informasiya kimi üstündən keçirsiniz. Amma onu görəndə yazırsınız.

Elnur: İsa intihar etdiyi gün Azərbaycan cəbhədə üç əsgərini itirmişdi. Üç əsgərin ölümü ilə bağlı gənclər heç nə yazmırdı. Üç əsgərin ölümü yox, İsanın ölümü daha qlobal hadisəyə çevrilmişdi.

Qan Turalı: İnsanlar istəyir ki, əsgər ölümündən yazmır. İnsanları necə məcbur etmək olar ki, bu barədə yaz, bu barədə yazma? Halbuki cəmiyyət əsgər ölümlərinə də etiraz edib, aksiyalar keçirirdi. Demək olmaz ki, cəmiyyət əsgər ölümlərinə laqeyddir.

Aliyə: Zorlanma, pornoqrafik xəbərlər daha çox oxunur, amma sizin dediyiniz o xəbərlər az oxunur.

Elnur: Əgər heç kəsin fikrinə müdaxilə etmiriksə, mənim də statusuma qarışmaq olmaz. Bir İsanın ölümü bu qədər şişirdilməli deyildi.

Aliyə: Bir İsa nə deməkdir sizin üçün?

Elnur: Bir İsa sıradan bir insandır. İntihar edənlərdən biridir. Onun intihar səbəbini araşdırmaq lazımdır. Bu adam Feysbukda ancaq homoseksualizmi təbliğ edirdi.

Aliyə: Siz filmdən təsirləndiniz?

Elnur: Təsirləndim. Əgər insanın belə problemi varsa, ona qarşı belə münasibət olmamalıdır. Amma bu adamın bu işin təbliğ edilməsinin tərəfdarı deyiləm. Bunu təbliğ edib, bununla fəxr etmək doğru deyil. Mən gənclərin bu cür təsirlərə düşməsindən narahatam.

Aliyə: İnsanı insani dəyərlərinə görə qorumaq, insan olduğuna görə dəyərləndirmək lazımdır. Belə bir hadisə kiminləsə baş verərsə hər kəs öz uşağını da düşünməli, onu atmamalıdır.

# 4105 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #