26 yaşında intihar etmiş qadın filosof

26 yaşında intihar etmiş qadın filosof
7 mart 2014
# 11:34

Qadın filosoflar-IV

XVII əsrdən etibarən fəlsəfə inkişaf edərək ağıl və düşüncə dartışmalarından azad, ideologiya müdafiəçisinə çevrildi. XVIII əsr fəlsəfəsi (maarifçilik fəlsəfəsi) adlandıracağımız fəlsəfədə din və tanrı mərkəzli bir quruluşun yerini ağıl mərkəzli bir fəlsəfə aldı. Şübhəsiz ki, azad düşüncə formasının daxilində inkişaf edən fəlsəfi söhbətlər və ehtimallar fəlsəfə tarixi baxımından olduqca önəmli olmuşdur. Maarifçilik dönəmini iki hissəyə bölə bilərik: ilk dövr və romantizm dövrü.

Volterin sevgilisi, Nyutonu Fransaya tanıdan qadın filosof

Maarifçilik dövrünün qadın filosoflarından ən məşhuru fizik, filosof və yazar Emili de Şatledir. 1706-1749-cu illər arasında Fransada yaşayan Emili de Şatlet kiçik yaşlarından latın, ingilis, ispan dillərini öyrənmiş, fizika və tarix elmləri ilə tanış olmuş və özünü inkişaf etdirmişdir. Gənc yaşında evlənsə də evlilik ona mane olmamış, özünü daha da inkişaf etdirmiş, elmlə məşğul olmağa davam etmişdir. Xüsusilə riyaziyyat və fizika elmlərini dərindən mənimsəmişdir. 20 yaşında Fransa Elmlər Akademiyasında araşdırmalar aparmaq istəsə də, qadın olduğu üçün bu istəyi rədd edilir.

Məşhur fransız maarifçisi Volter ilə tanışlığı onun həyatını dəyişir. Bu tanışlıqda onun ərinin böyük rolu olur. O, Volterlə birlikdə kilsə və dövlətin ayrılması mövzusunda uzun müddət araşdırma aparmışdır. Onun ən böyük xidmətlərindən biri də İsaak Nyutonun “Prinsiplər” əsərini fransız dilinə çevirməsidir. Nyuton Şatlenin sayəsində Fransada tanınmağa başlayır.

Emili de Şatlenin ən önəmli və dəyərli əsəri “Xoşbəxtlik haqqında təhlil”dir. O düşünürdü ki, insan ehtiraslarının təsirindən xilas olmalıdır. Ehtiraslar insanın həyatını çətinləşdirir və onlardan xilas olmaq lazımdır. Özünü xüsusi və qüsursuz bir fərd olaraq təqdim etməklə yanaşı, öz qərarlarını özü verdiyini də dilə gətirir. Fərd xoşbəxtliyə ancaq bu yolla çata bilər.

Feminist çıxışlardan gilyotinə gedən yol

Maarifçilik dövrünün xanım filosoflarından biri də Olympe de Gouges-dir. Onu digərlərindən fərqləndirən xüsusiyyəti ilk dəfə qadın haqları haqqında yazan qadın filosof olmasıdır. Onun fikrincə qadın azad doğulub və bütün sahələrdə kişilərlə bərabər hüquqa sahibdir. Əsil adı Marie Gouze olan filosof 1748-1793-cü illər arasında Fransada yaşamışdır. Erkən yaşlarında ailə qursa da, 18 yaşında ərini tərk edir.

1770-ci ildə Parisə köçən Olimpiya de Quj intellektual bir çevrədə təmsil olunmuş, Fransa İnqilabı dönəmində kilsə, evlilik kimi müxtəlif mövzularda yazılar yazmışdır. Daha çox ictimai tənqidi mövzularda romanlar yazsa da, müəyyən dönəmdən sonra qadın hüquqları mövzusuna müraciət etmişdir. “Qadının və qadın yurddaşların hüquqları haqqında məlumat” adlı əsərində qadınların siyasi və ictimai həyatda kişilərlə bərabərhüquqlu olması fikrini müdafiə etmişdir. Fransız İnqilabına böyük ümidlərlə baxsa da, gözlədiklərinin əksi baş verir. İnqilabdan sonrakı ədalətsizlik onun daha kəskin yazılar yazmasına və sərt tənqidi əsərlər çap etdirməsinə səbəb olur. “...Vətənin xilası” əsəri böyük səs-küy yaradır.

Bu əsəri Olimpiya de Qujun ölüm səbəbi də hesab etmək olar. O, əvvəlcə düşüncələrinə görə həbs edilmiş, 1793-cü ildə isə gilyotində edam edilmişdir.

Əsilzadə şair, maarifçi xanım filosof

Joanna Şarlot Unzer öz dövrünün nümunə sayıla biləcək şəxsiyyətlərindən biridir. 1725-1782-ci illərdə Almaniyada yaşayan düşüncə adamı dövrünün hərtərəfli filosoflarından biri hesab olunur. Əsilzadə bir ailədə doğulan Unzer əvvəlcə şeirləri ilə diqqət çəkməyə başlayır. Sonradan fəlsəfəni seçir və bu sahədə daha çox şöhrət qazanır. Fəlsəfə sahəsində ilk əsəri “Qadınlar üçün fəlsəfənin əsas xətləri” adlanır. Bu əsərində fəlsəfənin əsas istiqamətlərini sadə dillə oxuculara çatdırmış, qarışıq fəlsəfə terminlərini mümkün qədər sadələşdirməyə çalışmışdır. Unzer digər yazılarını da sadə və oxunaqlı etmək üçün, yazılarında gündəlik həyatdan nümunələr vermiş və yazı dilini olduqca sadələşdirmişdir. Onun düşüncəsinə görə fəlsəfə təcrübədə və fəlsəfənin hamı tərəfindən başa düşüldüyü nöqtədə başlayır. Filosof təcrübələrini başqaları ilə də bölüşməlidir. Fəlsəfənin öyrədici istiqaməti də olmalıdır. Unzer əsilzadə olsa da, ailə basqıları ilə müxtəlif vaxtlarda araşdırmalarına ara verməyə məcbur olmuşdur.

Maarifçilik dövrünün romantik qadınları

XVIII əsrin sonlarında fəlsəfədə romantizmin təsirləri hiss olunmağa başlayır. Romantizm bir ədəbi cərəyan olaraq ortalığa çıxsa da, fəlsəfə üzərində də təsiri böyük olmuşdur. Romantizmin təsirində olan fəlsəfədə təkcə məntiq və ağıl yox, duyğular və xəyallar da önəmli hesab olunur. İnsan sadəcə öz düşüncə gücünə bağlı olmamalı, fərqli insanlarla birlikdə lmalı və birlikdə fəlsəfə ilə məşğul olmalıdır.

26 yaşında intihar etmiş şair və filosof qadın

Bu dövrün romantik qadın filosoflarından biri də şair və filosof Karalina fon Günderrodedir. 1780-ci ildə Almaniyada dünyaya gələn bu xanım filosof 26 yaşında intihar edərək həyatla vidalaşır. Yaşadığı uğursuz sevgi hekayələri və duyğusallığı onun intiharına yol açır.

Qısa ömür yaşasa da, gördüyü işlər diqqətçəkəndir. Bir müddət əsərlərini kişi təxəllüsü ilə yazmış, sonra isə öz adı ilə yazmağa davam etmişdir. Günderrode ədəbi mətnlər yazmaqla yanaşı, dərin fəlsəfi araşdırmalar aparmış, Hegel kimi nəhəng filosofların həyatını araşdırmışdır. Ona görə insan sadəcə bir varlıqdır və bir qrup içərisində olmalıdır. Zaman-zaman öz daxili dünyasına baş vurmuş, dəyişkən və özüylə savaşan bir ruh halında olmasından söz açmışdır. O düşüncələrini ifadə edərkən şeir və məktublarla ifadə etdiyi xəyal gücündə geniş şəkildə faydalanmışdır.

Katolikliyi qəbul edən yəhudi qadın filosof

Romantik qadın filosoflardan biri də Rahel Varnhagendir. 1771-1833-cü illərdə Almaniyada yaşayıb. Hörmətli bir yəhudi ailəsindən çıxmış Varnhagen atasının icazəsi olmamağına baxmayaraq Berlində mədəni insanlarla ünsiyyət yaratmağa və təhsilə başlamağa müvəffəq olmuşdur. Xüsusilə xarici dil, ədəbiyyat və fəlsəfə mövzusunda özünü inkişaf etdirməyi bacarmışdır. Napaleon Berlinə girdikdən sonra onun vəziyyəti xeyli çətinləşir. Yəhudilər qarşı ayrı-seçkilik və pis münasibət onun həyatını xeyli çətinləşdirir. Bir müddət sonra isə onun həyatında daha qəribə bir hadisə baş verir. Varnhagen katolik xristianlığı qəbul edir və ailə qurur.

Onun fikrincə hər şey düşüncədən asılıdır. Azad düşüncə ictimai təsirlərdən asılı olmadan inkişaf etməlidir. Fəlsəfə cəsur insanların işi olmalıdır. Həqiqəti axtarış nöqtəsində qorxmamaq lazımdır. Varnhagen fəlsəfə haqqında düşüncələrini aforizmlər, məktublar şəklində dilə gətirmişdir. Bu yazılarında insanın qavranması mümkün olmayan bir varlıq olduğunu dilə gətirir. İnsan suallarla var olmalıdır və hissiyyata sahibdir. Hissiyyat insanın içindədir və izahedilməz vəziyyətdir. Maarifçilik dövrünün qadın filosoflarını təhlil etdikdə görərik ki, onlar fəlsəfəni geniş araşdırmağı bacarıblar. Bu dövrdə fikirlər daha cəsur şəkildə dilə gətirilir, daxili dünya, xoşbəxtlik, azad düşüncə haqqında yazılmış, qadın hüquqları və ictimai quruluşun tənqidi diqqətdən yayınmamışdır.

Bu yazıda araşdırmağa çalışdığımız qadın filosoflar maarifçilik dövründə yaşamış filosofların cüzi bir hissəsidir. Bu yazı tanışlıq məqsədi daşıdığı üçün daha geniş təhlil və araşdırmalara ehtiyac duymadıq. Amma maarifçilik dövrü qadın filosoflarla, qadın düşüncə adamları ilə zəngindir.

İstifadə olunan ədəbiyyat:

1. Sinem Doğan, “Düşünce dünyasının gölgede kalanları: Kadın filozoflar”, “Açık Bilim” dergisi, dekabr 2013

# 3198 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #