“Bütün demokratlar yorğun olur sonunda...”

“Bütün demokratlar yorğun olur sonunda...”
12 fevral 2014
# 12:15

Müsahibə qarlı fevral günlərinin birində baş tutdu. Müsahibim tanınmış qələm adamı, poeziyası ilə ruhlara sakitlik gətirən, insanı dincəldən, hər misrası incə fəlsəfəylə dolu olan, söz sərrafı, "Baymedia" saytının rəhbəri, "Xalq Cəhbəsi" qəzetinin redaktoru, ən əsası vətən, millət təəssübkeşi dəyərli insan Elçin Mirzəbəylidir. Onun haqqında çox şey yazmaq olar, yaxşısı budur müsahibəni oxuyaq...

A. Sükutu kim poza bilər?

E. Sükutu hər kəs poza bilər. Bir insan nəinki öz həyatının, ətrafının, bütün dünyanın belə sükutunu poza bilər. Amma mən sükutun pıçıltıyla pozulmasını istəyirəm. Məlhəm və hüzurlu bir səslə, yalnız qaranlıqdan görünə biləcək işıq zərrəsiylə, sevgiylə, mərhəmətlə, şəfqətlə pozulmasını sevirəm sükutun...Dağıdıcı olan heç bir şeyi sevmirəm.

A. Bütün rənglər var ömür paltramda...

Qaradan-bəyaza qədər,

Al-əlvan yazdan qızılı payıza qədər...

Bütün rənglər var,

Alın yazıma qədər...

Təkcə sənin rəngin yoxdu... Elçin bəy, onun rəngi nə rəngdi?

E. Sən bəyazdan qaraya sıçrayış rəngindəsən,

Pəncərəmdən süzülən son yağış rəngindəsən,

İlk öpüş rəngindəsən...

İlıq...

isti...

əriyən...

Uçunan nəfəs kimi

Titrəyiş rəngindəsən...

Amma bu rənglər mənim palitramda yoxdu...

A. Demək ki, hələ onun rəngini tapmamısız...

E. Tapmışam, amma palitrama əlavə etməmişəm.

Qan və çiçək eyni rəngdə ola bilər, amma...

A. Səbəbini yəqin demək istəməzsiz...

E. Söhbət İlahi eşqdən gedir. İnsan sevgisindən çox yüksəklərdə olan Eşqdən...Rənglərlə bağlı şeirlərim çoxdu.

Sən çiçək rəngindəsən,

Mən isə qan rəngində...

Qan və çiçək eyni rəngdə ola bilərlər, amma...

A. Deyirlər, ümidin rəngi ağ olur. Sizin də bir misranızda ümidlə bağlı bir frazanız var. Elçin Mirzəbəyliyə görə niyə ümidlər qara sandıqdan çıxır?

E. Hər bir qaranlıqda işıq var. Sadəcə bu işığı hər kəs görə bilmir. Ümid də qaranlıqda hər kəsin görə bilməyəcəyi işıq zərrəsi kimidi.

A. Yenə səni gözləyirəm,

Səndən ayrıldığım yerdə...O yer haradı?

E. O yer insan ayağının hez zaman dəyməyəcəyi vəhdət-əl-vücud məqamı...Tanrı dərgahı...Orada yalnız əbədi gözlənti var. Mən ayrılığın divarına hörülüb qalmış qaya parçasıyam.

A. Kimsəsiz bir duyğu Elçin bəyi çoxmu ağladıb?

E. İndi xatırlamıram. Göz yaşlarım ürəyimə axdığı üçün hesabını apara bilmirəm...

A. Hesabla aranız necədi? Tərəzinin bir gözünə Elçin Mirzəbəylinin mənəvi dünyası qoyulsa, o biri gözünə nə qoyardız?

E. Nazim Hikmətin şeirlərini...

A. Ay tərsinə çevriləndə nə olur?

E. Sadəcə simvol olur vəssalam, dəyərini, anlamını itirir. Ay tərsinə çevriləndə qurdlar qaranlığa çəkilir, itlər isə ulduza hürürlər.

A. Dərdimin üstündə kirşə çəkən qız...Bu çümlə kimi yazılsa, nöqtələrin yerinə nə qoyardız?

E. Soyudu havalar...

Ürəyim kimi...

Yollar buz bağladı baxışlarımda..

Titrəyən nəfəsin çəkdi rəsmimi...

Çəkdi yağan qarın naxışlarında...Cümlə kimi yaza bilməzdim.

A. Elçin Mirzəbəylinin ürəyində hansı fəsildi?

E. Ürəyim fəsillərin qovşağıdı. Əslində payızı bütün fəsillərdən çox sevirəm. Bir az payıza bənzəyirəm, bəlkə də ona görə...

A. Bir misranızda belə deyirsiz:

Dilimin ucunda 2 fəsil var:

Bircə kəlmə payız, bircə kəlmə yaz...

E. Sənə nə göndərim?

Payız, yoxsa yaz?

Mənimçün fərqi yox, elə xəzandı..

Daha qəlbimdəki ocaq alışmaz,

Sən öz gözündəki çırağı yandır...

"Sən"

A. Yadıma Telli Pənahqızının sizin haqqınızda yazdığı yazı düşdü. Orda belə bir cümlə var: Elçin özünü yazan şairdi.

E. Haqlıdı Telli xanım. Əslində bütün şairlər özlərini yazırlar. Amma söhbət söz oyunçularından yox, gerçək şairlərdən gedir. Bundan sonra min il də özümü yazsam, yenə nəyisə unutmuş olacam.

A. Bir ömrün sonuncu sətri sizcə neçə hərfdən ibarətdi?

E. 3 hərfdən, son nəfəsdə deyə biləcəyəmsə...

A. Sirr deyilsə, hansı hərflər?

E. Həmin sözü deyə bilərəm, amma bəlkə də oxucular üçün bir anlama gəlməyəcək: "SƏN"

A. Məncə anlama gələcək və düşündürəcək.

E. Bəlkə də...

A. Yenə də son ümid yollara qaldı,

Tanrıdan bir çığır, yol götür gedək,

Biz nə istəyirdik, fələk nə çaldı?

Bu dərd havasına qol götür gedək... Elçin bəyin dərdinin havası hansı havadı?

Mənim qol götürə biləcəyim hava indi, bu an "Ruhani"dir...

E. Hər dərdin öz havası var. Siz hansını soruşursuz?

A. Bu gözlənilməz oldu. Bəxtiyar Vahabzadə yaradıcılığınıza münasibətiniz necədi? Suala qayıdacağıq.

E. Çox yaxşı. Bəxtiyar müəllimi ustadım sayıram. Ədəbiyyatda mənə dəstək olan adamlardan biri və bəlkə də birincisidir. Yaradıcılığınızı da sevirəm, şübhəsiz...

A. Onun bir misrası var:

Mən dərdddən qaçanda dəərd yalqız qalır,

Bu da mənim üçün təzə dərd olur... Bəlkə insan dərdi tapır, o havanı özü zümzümə edir?

E. Doğru deyirsiniz, dərd insanı deyil, insan dərdi tapır. Mənim qol götürə biləcəyim hava indi, bu an "Ruhani"dir.

A. “Ruhani” üstündə qol götürmək... Əla cavabdı...

E. Minnətdaram!

A. Dostum!

Biz saralmış telefon kitabçalarının,

toz basmış gündəliklərin,

Kağız üzərinə köçürülən xatirələrin adamıyıq.

Xatirə dostlarınız çoxdumu?

E. Çox deyil, Əslində çox azdı...

A. Siqaret tüstüsü dolur gözümə...

Dumana bürünür xatirələrim...

hardasan, ey mənim itkin qatarım...

Hardasan, ey mənim qərib şəhərim!

E. "Kabus qatar"

A. Bu misralar Rəşad Məcidə yazılıb. Sizin üçün ədəbiyyat nədir? Azərbaycan ədəbiyyatının indiki durumu sizi qane edirmi?

E. Özümü ifadə etmək üçün vasitə. Bunu qələmlə etməyi bacarmasaydım, fırça ilə edəcəkdim, yaxud daş üzərinə köçürəcəkdim. Və bu şeir Rəşad Məcidə,Akif Aşırlıya və Ağdam qatarına yazılıb...

A. Xaini, namərdi, ara vuranı,

Bu fani dünyada az yaşat , Allah!

Könül sındıranın, ürək qıranın,

Qəbrini gözündə, qaz, yaşat, Allah! Bu misralar sizə nə deyir?

E. Zəlimxan Yaquba yazdığım şeirdəndi. Daha doğrusu şairin yubileyinə yazı həsr etmişdim və birnəfəsə bir neçə bəndlik şeir yazmışdım. Əslində bu şeir Zəlimxan bəyin üslubundadır, ona hörmət əlaməti olaraq yazmışdım. Mən belə şeirlər yazmıram, adətən...

A. Qapını açıq qoyanda xoş arzular özü gəlir?

E. Əgər göndərən olsa, əlbəttə...

A. Ruhların intihar gününün olacağı bəllidirmi? İnsan bunu hiss edə bilirmi?

E. Dünyaya sənsizlik dini gəlir, Tanrım!

Ruhların intihar günü gəlir, Tanrım!

Xəbərin varmı sənin?!

Bu dünyanın sabahları tükənir,

Tükənir, Tanrım!

Bu dünyanın duaları,

Xəbərin varmı sənin?!

A. Elçin Mirzəbəylinin ruhu hansı şüşənin içindədi? Və bu şüşə bir ilahi gözəlin əlində deyil ki?

E. Bu qəfəsdən çıxar məni ,

Dünya mənə dar, dar...

Bir ruhum var, o da sənin,

Ürəyimi yar , çıxar...

Tanrının əlindədi şübhəsiz...

A. Günün hansı saatını sevirsiz? Ümumiyyətlə saat əqrəbi ilə dəqiqə əqrəbi arasında bir sevgi görürsüzmü?

E. Günün elə bu saatını çox sevdim...Əslində fərq qoymuram. Hüzurumun pozulmayacağı saat ən çox sevdiyim zaman kəsiyidir. Məncə saat əqrəbləri arasında sevgi yoxdur, zorən birgəlik var.

A. Maraqlı məqamdı, zorən birgəlik...Demək ki, əqrəblər daima bu zorluğu daşıyır çiyinlərində...Bəlkə elə insan da belədi... Ruhu sevgidən, məhəbbətdən yoğurulmuş Elçin Mirzəbəylinin eyni zamanda sərt qələminin olduğunu da bilirik. Siyasi yazılarınız, ən azından "Xalq Cəhbəsi" kimi bir qəzetin redaktoru, "Baymedia"adlı saytın yaradıcısı, coxşaxəli siyasi fəalliyyətiniz...Yəni bunları bir arada necə tuta bilirsiz?

E. Əslində heç özüm də bilmirəm ki... Sadəcə gərəkli olduğum yerdə oluram, vəssalam. Sərhədləri səhv salmıram, poeziya ilə siyasəti, qəzetçiliyi bir-birilə qarışdırmıram. Hər birini öz yerində tuturam. Ömür çox qısadır, amma insan arzularını gerçəkləşdirmək istəyir. Xeyirli olmağa çalışıram, sadəcə... Mənim üçün məsuliyyət əsas şərtdi. Son ana qədər öz işimin başında oluram.

A. Ədəbiyyat və siyasət. Zaman-zaman bunlar bir-birinə təsir edib, bəzən də diktə edib. İndi vəziyyət necədi?

E. İstəsək də, istəməsək də siyasətin içindəyik. Yaxalarını kənara çəkib, "yox, mən siyasətə qarışmıram, yalnız ədəbiyyatla məşğul oluram" deyənlərin səmimiyyətinə inanmıram. Ədəbiyyat siyasətə diktə edəndə siyasət insana yaxınlaşır, siyasət ədəbiyyata diktə edəndə isə, ədəbiyyat insandan uzaqlaşır. Mən ədəbiyyatın diktə etdiyi tərəfdəyəm.

A. Qərb və Şərq siyasətçiləri deyə belə bir bölgü aparmısız və maraqlı məqam-şərq siyasətçilərini "at təlimçisi" kimi qələmə vermisiz. Bu barədə nə deyə bilərsiz?

E. Siyasət sözünün ərəbcədən tərcüməsi at təlimçisi anlamına gəlir. Zənnimcə, şərq siyasətindəki despotizm meyllərinin bir hissəsini də məhz burada axtarmaq lazımdı. Şərqdə hakimiyyətə gələn insanların çoxu insanlara at kimi yanaşır, onları əhliləşdirməyə, özünə ram etməyə çalışır. Qamçı və arpa ilə...

A. Ona görə də bəzən at arabaya qoşulur...

E. (gülür)

A. Qalx ayağa millət,

Boğmasınlar səsimizi,

Bir bayraq altında,

Birləşdir bizi!

Tam Səmimiyyətimlə deyirəm ki, əgər heç nə yazmasaydınız belə, təkcə "Azadlıq marşı"ilə bu vətənə borcunuzu vermiş olardınız...

E. Var olun, bu sözləri duymaq qürurvericidir.

A. Hər kəsdən öndən atıldın meydanlara,

Hər kəsdən öndə qapıldın zindanlara,

Hər kəsdən öndə vuruldun,

Hər kəsdən sonra yoruldun-Yorğun demokrat!

E. Bu şeir mənimlə birgə mücadilə yolu keçən insanlara həsr olunub. Əhməd Qayanın da belə bir mahnısı var. Amma Əhməd Qayanın yorğun demokratı ilə mənim Yorğun demokratım arasında fərq çox böyükdür! Mən bu şeiri Böyük Türk Millətinin təmsilçisi kimi yazmışam. Bütün demokratlar yorğun olur sonunda...

A. Elçin bəy, səmimi müsahibə üçün sizə təşəkkürümü bildirirəm.

E. Siz də sağ olun, mənim üçün çox dəyərlisiz. Ruhunuz doğmadır mənə. Sanki doğma bir adamımın suallarını cavablandırıram.

A. Təşəkkür edirəm, yaxşı ki varsiz!

Müsahibəni apardı: Ayna

# 1607 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #