“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri
4 oktyabr 2026
# 14:00

Kulis.az Elçin Məhərrəmin yeni şeirlərini təqdim edir.

Rənglərdən o tərəfə

Xoşbəxtlik -
bir təlxəyin söyüşsüz keçən günü.

Həmişə
rəngarəng olmurmuş şarlar.

Qapqara parçalar
yellənir bəzən
azadlıq bayrağıtək
darvazaların başında.

Onda bilirsən ki,
həyatın qara rəngi var.

Onda bilirsən ki,
qara gün dördnala qovur
ağ günləri.

"Qara yara" qarğışı
eşidilir qırmızı dodaqlardan.

Və qara yuvaya çevrilir
girdiyin hər daxma,
hər mənzil, hər saray..

Kip dodaqlı suvenir

Vitrindən
boylanan suvenirtək
xatirələr boylanır
“Yad daş” ımın
künc-bucağından.

Qəbul et ki,
nəfəs almaq
dünənin ciyərinə düşmür.
Daha çırpınmır ürəklər
sabahlara,
qollar qucaqlayır günahları
mismarlı əlləriylə.
Və sırsıralar deşir
bəbəksiz gözləri
yayın cırhacırında.

Üzü küçəyə
qışqırmaq istəyirəm
bu gün :
Varmı bir heykəltəraş
kip dodağını yarsın
bu suvenirin ?!

Hanı dilim?!
Mən danışmaq istəyirəm...

İş saatı

Pivəxanada
başını boş
masaya
söykəyib mürgü vuran
ağbirçək qadın,
evindəki şorba
neçə saatdır soyuyub?


Akasiya
kölgəsindəki adam

"Nə vaxtsa
yarpaqlar
təslim olmayacaq
çovğun nəfəsli
aylara."

Nə vaxtsa uşaqlar
başa düşəcəklər ki,
barmağını dişləyib
ayaq altına qoymaqla
ölümü yubatmaq olmaz.

Başa düşəcəklər
xəyanət elə
gizlənqaçdan,
beşdaşdan,
qaçdı-tutdudan başlayır.

Anlayacaqlar :
böyümək elə kiçilməkdir,
xırdalanmaqdır -
şəhər-şəhər,
küçə-küçə,
döngə-döngə...

Üst-başındakı
tozu çırpıb,
yalnız və yalnız
köynəyindən
daman mürəkkəbi
zəfər təntənəsi
sayan bir şair,
körpə akasiyanın
kölgəsində sübh tezdən
pıçıldayacaq :

"Nə vaxtsa
yarpaqlar
təslim olmayacaq
çovğun nəfəsli
aylara."

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər