news-inner
clock09:00 calendar-gray 09 Dekabr 2013 view-gray2246 dəfə oxunub
view-gray2246 dəfə oxunub

“Məni çap etməyən Vaqif Bayatlıya minnətdaram”

- Nə vaxtdan yazmağa başladınız? Yazmaq həvəsiniz necə yarandı?

- Orta məktəbin son illərində başladım yazmağa. Amma ilk yazdıqlarım sadəcə təcrübə idi. Hansısa bir hissin, duyğunun təsiri altında yazırdım. Yəqin ki, erkən gənclik dövrünün sevgiləri, duyğularının təsiri vardı. Çox sevinəndə, çox kədərlənəndə nə isə yazırdım.

Çap olunmağa da erkən başlamışam. Məktəbdə oxuyarkən rayon qəzetində, daha sonra isə respublikanın müxtəlif qəzet və jurnallarında şeirlərim çap olunub. Gənclik illərindən başlamışam və bu mənim üçün önəmli bir məsələyə çevrilib. Mən həm də yaxşı oxucuyam. Yazdıqlarıma oxucu gözü ilə baxmağı bacarıram. Yaradıcılığı, ədəbiyyatı içimdəki ağrı kimi yaşamışam.

- Sözü ağrıyla müqayisə etməyiniz diqqətimi çəkdi. Şeir ağrıdır, yoxsa ağrıdan xilas olmaq vasitəsi?

- Şeir həm ağrıdır, həm də ağrıdan xilas olmaq üçün vasitə. Məsələn, hansısa ağrıyla bağlı həkimə gedirik və həkim də bizə dərmanlar yazır, müalicə kursu təyin edir. Bir müddət keçir və hiss edirsən ki, həkimin yazdığı bu resept sənə fayda vermir və özünü yaxşı hiss etmirsən. Bir neçə həkimə müraciət edirsən, amma olmur. Bundan sonra başlayırsan özün özünü müalicə etməyə. Bu baxımdan mənim dərmanım, özümü müalicəm şeirdir. Şeir həm də mənim ağrımdır. Özümü havasızlıqda hiss edəndə, şeir köməyimə gəlir. Şeir məni ümidləndirir. Şeir məndə yeni üfüqlərin varlığına inam yaradır.

- Dediniz ki, çap olunmağa çox erkən başlamısınız. Bəzən qələm adamları gileylənir ki, sovet vaxtı bizi çap etmirdilər, mane olurdular, imkan vermirdilər çap olunmağa. Sizdə belə problemlər olubmu?

- Əlbəttə. Bütün yaradıcı adamlar kimi, mənim də həyatımda belə şeylər olub. Uşaqlıqdan, yəni yazmağa başladığım vaxtlardan şeirlərimi redaksiyalara göndərirdim. Təbii ki, rayon qəzetində, Gədəbəy rayonun “Tərəqqi” qəzetində göndərdiyim yazılar çap olunurdu. Amma bu məni qane etmirdi. Respublika mətbuatına yol tapmaq, bir az sıçrayış etmək istəyirdim. “Ulduz” jurnalında çap olunmaq arzusu məni rahat buraxmırdı. Mənə elə gəlirdi ki, “Ulduz”da çap olunsam, hər şey yaxşı olacaq. Amma “Ulduz”dan mənə hər həftə məktub gəlirdi. Çox ehtiramla, hörmətlə başlayan şablon məktubların məzmunu təxminən eyni olurdu: “Şeiriniz bədii cəhətdən zəif olduğu üçün, çap olunmadı”. O vaxt “Ulduz” jurnalında poeziya bölməsinə Vaqif Cəbrayılzadə rəhbərlik edirdi və məktublarıma cavabı da o yazırdı. O vaxt ondan incisəm də, indi narazı deyiləm. Gənc idim, üsyankar idim, çılğın idim...Özümü böyük şair hesab edirdim. Hətta o vaxt məşhur olan imzalarla özümü müqayisə edirdim və şeirlərimin çap olunmamağı ilə barışa bilmirdim. Amma indi çap olunan şeirlərimə, kitablarıma yenidən baxanda çoxu məni qane etmir. Böyük mənada heç nə məni qane eləmir. Bu bəlkə də yaxşı yana bilmədiyimdəndir. Bəlkə də sözün tarlasına yaxşı xış çəkə bilməməyimdəndir. O vaxt məni çap etməyənləri minnətdarlıqla anıram. Onlar olmasa şeirə münasibətim fərqli olardı. İndi mənim üçün şeirin tamam fərqli, tamam başqa üfüqləri görünür. Çap olunmadıqca yaxşı şeiri axtarmağa, araşdırmağa, dünya ədəbiyyatını oxumağa başladım. Çap olunmamaq məni çalışmağa təhrik elədi. Fransız şairi Gilvik deyir ki, mən əlbəttə şair olmaq üçün nə etmək lazım olduğunu bilmirəm, amma nə etmək lazım deyil, onu bilirəm.

O vaxtdan öz üzərimdə çalışmağa, kitabxanaların qapısını kəsdirməyə başladım. Məni ümumiyyətlə maraqlandırırdı ki, görəsən yaxşı şeir nədir?

- İndi bu suala cavab verə bilərsiniz? Yaxşı şeir nədir?

- Bu suala müxtəlif cavablar veriblər. Kimi deyir bir küləyin əsməyidir, kimi deyir bir gözəlin baxışıdır. Tolstoy deyir, şeir insanın köksündə şölələnən alovdur. Kimsə işığını görür, kimsə istisini hiss edir. Müxtəlif deyimlər var bu barədə...

- Bəs Ayaz Arabaçı üçün nədir yaxşı şeir?

- Yaxşı şeir ruhumun, könlümün toxluğudur. Ehtiyac hiss etdiyim nələrisə mənə şeir verir. Şeir şairə çox şey verir. Həm mənəvi, həm də maddi qazancı var. Şeir şairə alqışlar verir, hörmət qazandırır. Alqışları daha çox ənənəvi şeir, ənənəvi üslub qazandırır. Çox sevilən şeir, çox vaxt yaxşı şeir olmur. Ənənəvi şeir kiminsə sazının dınqıltısıdır.

- Sizcə şeir kütlə üçündür, yoxsa xüsusi adamlar üçün?

- Şeir həm də kütləvidir. Çox məşhur rəsm əsərləri var ki, hərraclarda yüz min dollardan da baha satılır, amma onun qarşısında dayananların çoxu anlamayanlardır. Şopenin, Baxın, Büxnerin musiqiləri çoxluq üçün aydın deyil. Şeir də belədir. Hər auditoriyanın öz şeiri olmalıdır. Mənim bəzən çox zəif bir şeirim, çoxları tərəfindən sevilir, əzbərlənir. Mən bəzən düşünürəm ki, anlaşılmaq üçün bu cür yazım. Mən həm də özüm üçün yazıram.

Barı bircə dəfə eşit sən məni,

Sonra lap istəsən ömürlük kar ol.

Və yaxud

Gedək vaxtımızı bir az öldürək,

Desinlər bunlar da bir iş bacarır...

Mən bu səpgidə yazıram və şükür olsun ki, heç kəsə oxşarlığı yoxdur. Daha çox ənənəyə söykənsəm də, sərbəst şeir də mənim üçün maraqlıdır. Adını unutduğum bir türk şairinin misraları düşür yadıma:

Şairəm, şeiri nəfəsindən, səsindən tanırım

Amma harda bir kök şeiri eşidirəm,

Şairliyimdən utanırım...

Bayatılarımız, qoşmalarımız çox gözəldir.

Məsələn:

Suya gedən ikidir,

Saçı məxmər təkidir,

Allah məni su elə,

Su gözəllər yüküdür.

Və yaxud:

Burdan Təbriz görünür,

Yolları düz görünür,

Qız güzgünü neynirsən,

Üzündə üz görünür.

Mən bu şeirlərə görə, ənənədən qaça bilmirəm. Yeniliyə meylim olsa da, ənənəni silib atmağın tərəfində deyiləm.

- Kimlərdən öyrənmisiniz? Kimlər sizə təsir edib, yaradıcılığınızda kimlərdən bəhrələnmisiniz?

- Atam ədəbiyyat müəllimi, anam da kitabxanaçı olub. Kitabların əhatəsində böyümüşəm. Gündəlik dərslərdən daha çox bədii ədəbiyyat oxumuşam. Bəzən bədii kitab oxumaq üçün yalan da danışmışam. Atama demişəm ki, dərslərimi oxumuşam. Kitab və qəzetdən başqa məşğuliyyətimiz yox idi. Çox kitab oxumuşam. Amma şeir kitablarını az oxuyurdum. Şeiri o qədər də anlamırdım. Sonradan nə oldu bilmirəm, şeir mənə doğmalaşdı. Başladım şeir oxuduqca onun alt qatını aydınlaşdırmağa. İsa İsmayılzadəni, Ələkbər Salahzadə və Məmməd Arazı oxumağa başladım. Rəhmətlik Ələkbər Salahzadə mənim həyatımda rolu olan insandır. Məni “Ulduz” jurnalında dəfələrlə çap edib. Şeirlərim çap olunandan sonra cəsarətlənib “Ulduz”un “Baksovet”dəki redaksiyasına getdim. İçəri girəndə gördüm bir kişi üzü pəncərəyə, çölə baxa-baxa siqaret çəkir. Salamlaşdım, geri dönmədi, amma məni içəri dəvət elədi. Gəlişimin məqsədini soruşdu. Dedim ki, şeir gətirmişəm. Mən də bu şeiri oxudum:

Döydü ağrı, döydü acı,

Hər havaya dəf ömrümü.

Mən ox ömrü yaşamadım,

Yaşadım hədəf ömrümü.

Döndü və dedi ki, bu şeirlər mənim üzümü sənə döndərdi. Şeirlərimi aldı və dedi gedə bilərsən. Bütün şeirlərim növbəti nömrədə çap olunmuşdu. Sonradan da harda rastlaşırdıq, deyirdi şeirlərini göndər.

Saydığım şairlərdən sonra dünya ədəbiyyatını oxumağa başladım. Nazim Hikməti, Nerudanı, Yesenini, Lermantovu oxudum.

- Ədəbiyyat, oxuduqlarınız, yazdıqlarınız sizə nə verib?

- Ədəbiyyat mənə nə verməli idisə onu verib. Mənəvi rahatlıq, gözəl dostlar verib. Özümü ədəbiyyatda görürəm. Amma maddi heç nə gözləmirəm. Əvvəllər qonorar var idi, indi o da yoxdur. Bir dəfə “Azərbaycan” jurnalında şeirlərim dərc olunmuşdu. Vaqif Yusifli ilə qarşılaşdıq, mənə dedi ki, qonorarın var, get onu al. Getdim gördüm ki, 30 manat qonorar yazıblar. Adımı siyahıda axtaranda gördüm ki, mənimlə eyni nömrədə çap olunan titullu bir şairə də 250 manat qonorar yazıblar. Qonorarımı alıb pilləkəndə düşəndə həmin şairlə rastlaşdım. İç üzünü yaxşı tanıdığım üçün o şairdən xoşum gəlmir. Məni saxlayıb dedi ki, Ayaz Arabaçı, şeirlərin yaxşı idi, oxudum. Mən də dedim ki, çox sağ olun, mən də qonorarınızı oxudum. (gülür)

Şeirimin oxunmağı mənim üçün daha ləzzətlidir. Şeirə, ədəbiyyata qazanc yeri kimi baxmamışam.

- Azərbaycan ədəbiyyatında kimləri oxuyursunuz və bəyənirsiniz?

- Müasir ədəbiyyatdan Saday Şəkərlini, Kəmaləddin Qədimi, Ramiz Qusarçaylını, Vəli Xramçaylını oxuyub bəyənirəm. Aqşini, Qulu Ağsəsi bəyənirəm. Vəfa Qafarovanın, Elşən Əzimin yaradıcılığı maraqlıdır. Hamının adını xatırlaya bilməsəm də, imzalar çoxdur.

Gənclərdə istedad var, səbir yoxdur. Hər şeyi bir dəfəyə istəyirlər. Məhrumiyyətlərə, çətinliyə dözüb səbir etmirlər. Söz də bunu sevmir. Sözün bayrağını qaldırmaq çox çətindir:

Bayrağı ən uca dirəklər deyil,

Xalqın iradəsi, əzmi saxlayır.

- Yeni şeir kitabı haqqında düşünürsünüzmü?

- Bu günəcən 7 kitabım çap olunub. Onun üçünü demək olar ki, bəyənmirəm. Planımda bir şeir kitabı, bir də şair dostlarım haqqında yazacağım xatirələr kitabı var. Uşaqlıqdan yaradıcı mühitdəyəm və çoxlu xatirələr var. Qabillə, Ələkbər Salahzadə, Şahmar Ələkbərzadə haqqında maraqlı xatirələrim qələmə alacam.

... Müsahibə verməyə o qədər də həvəsli deyiləm. İstərdim ki, oxucu mənim şeirlərimi tanısın. İstəmirəm ki, oxucunun xəyalındakı obraz dağılsın. Bəzən oxuduğumuz kitablara beynimizdə film çəkirik, ona aktyorlar seçirik. Başqa rejissorun çəkdiyi film ona görə bizim xoşumuza gəlmir. Mən düşünürəm ki, ən yaxşı rejissor insan özüdür.

...Mənim iddiamın içində təvazökarlıq, təvazökarlığımın içində iddia var.

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020