Seymur Baycan: “Bu suala Tolikin yanında cavab verim?” MÜSAHİBƏ

Seymur Baycan: “Bu suala Tolikin yanında cavab verim?” MÜSAHİBƏ
19 noyabr 2013
# 15:08

Kulis.Az bu yaxınlarda “Ana ürəyi” adlı yeni kitabı çapdan çıxmış yazıçı Seymur Baycanla müsahibəni təqdim edir.

- Son romanın eyni adlı “Ana ürəyi” segahı üzərində yazılıb. Maraqlıdır, bu ideya necə yarandı?

- Təxminən, beş-altı ilin söhbətidir. Mən bunu məclislərdə anekdot kimi danışırdım. Ondan sonra yazı yazmaq fikri yarandı ki, bu nə segahdır, niyə insanın ürəyindən belə bir arzu keçməlidir ki, sevdiyi oğlanın anasının ürəyini tələb eləsin. Bir sözlə, düşünürdüm ki, bu nə imtahandır?! Bu sual məni həmişə narahat edirdi. Sonra yazı ideyası hekayə ideyasına döndü. Zaman keçdikcə bu inkişaf elədi, bir az da ora əlavə rənglər qatıldı və nəticədə bu kitab ortalığa çıxdı. Bilirsiniz, mən lap təzə yazmağa başlayanda Həmid Herisçi mənə gözəl bir məsləhət verdi və bu məsləhət mənə çox kömək oldu. Həmid o vaxt mənə demişdi ki, yaradıcı insan banal olmaqdan qorxmamalıdır. Əgər o, banal olmaqdan qorxursa evi yıxılır. Əgər, biz dünya ədəbiyyatına diqqətlə baxsaq, görəcəyik ki, bir çox şedevr əsərlər başqa əsərlərə gülmək üçün yazılıb.

- Məsələn, hansı əsərlər?

- Məsələn, “Don Kixot”, “Qulliverin səyahəti”. O dövrdə səyahət romanları var idi və bu romanlarda mənasız-mənasız şeylər yazırdılar ki, üç məməli insan gördük, nə bilim təpəgöz gördük. Bezdirmişdilər də. Conatan Svift bu cür mənasız şeylərdən bezdi və onları dolamaqdan ötrü “Qulliverin səyahət”ini yazdı. Ora siyasi rənglər və sair şeylər qatdı, dünya ədəbiyyatının şedevrlərindən biri yarandı. “Ana ürəyi” segahı isə hamıya məlumdur. Hamı demək olar ki, bu segahın süjetini bilir.

- İlk dəfə bu segahı nə vaxt eşitmisən?

- Uşaq vaxtı eşitmişdim. Zarafatsız, ilk dəfə eşidəndə dəhşətə gəldim ki, ilahi, bu nə söhbətdir, bir insan niyə belə hərəkət eləsin? O vaxt bu segaha avtobusda, maşında, toyda hamı qulaq asırdı. Elə indi də qulaq asanlar var. Youtubeda ana segahları var ki, hamısına kifayət qədər baxış olub. Ona görə də mən hamıya məlum olan bir süjeti götürdüm və bunun üzərində “Ana ürəyi” romanını yazdım.

- Ancaq hamıya məlum süjeti yazmaq bir qədər çətindir. Bu çətinliyi hiss etdin?

- Yox, yazanda özümə çox arxayın idim. Çünki sözün həqiqi mənasında əsər nə qədər kiçik həcmli olsa da, nə qədər asan oxunsa da mən onun üzərində çox böyük əziyyətlər çəkmişəm. Demək olar ki, oradakı cümlələrin və məqamların bir çoxu dünya ədəbiyyatından götürülüb. Mən sonra bunun hamısını bir-bir oturub işləmişəm. Çox zəhmətli bir iş ortaya qoymuşam. Uzun müddət hazırlaşmışam.

- Əsəri hansı müddətdə yazdın?

- İki oturuşa yazdım. Keçən ilin noyabrında yazmağa başladım. Birinci hissəsini Qax və Zaqatalada yazdım. İkinci hissəsini isə Tiflisdə, Günel Mövludgildə yazdım. Elə Günelə də burdan təşəkkür edirəm ki, mənə kitabın yazılmasında çox böyük dəstək oldu. Yeməyimi, suyumu vaxtında verdi. Çox böyük əziyyət çəkdi. Yazmaq barədə çox arxayın idim. Məsələn, açıqlaya bilərəm ki, orda nələrdən istifadə olunub. Məsələn, şair obrazı Dostoyevskinin “Netoçka Nezvanova” əsərindən, qəhrəmanımın bir hissəsi Dostoyevskinin “Bəyaz gecələr”indən, əsərdəki müstəntiq obrazı nə qədər maraqlı olsa da Mopassanın “Həyat” romanından götürülüb. Orda bir keşiş var, camaat gəlib ona etiraflar edir və həmin keşiş intim detallara daha çox xüsusi əhəmiyyət verir və bunu danışır. Sonra, oğrunun döyülmə hissəsi Taqordan, qızın məktubu Buninin “Mityanın məhəbbəti”ndən götürülüb. Əsərin həcmi balaca olsa da, orada dünya ədəbiyyatından xeyli məqamlar var. Əsərin demək olar yetmiş faizi dünya ədəbiyyatından götürülüb. Otuz faiz əlaqələri isə özüm əlavə eləmişəm. Zərgər dəqiqliyi ilə işlənilmiş şeylərdir.

- Sənin əsərlərində qəhrəmanlar yer altında, həyatın dibində olan insanlardır. “Ana ürəyi” segahına da daha çox belə insanlar qulaq asır. Bu təbəqə səni nə ilə özünə çəkir?

- Yaşımın az olmasına baxmayaraq, kifayət qədər həyatın müxtəlif üzlərini görmüş adamam. Mən həyata həddindən artıq tez atılmışam. Atam və babam yeyib-içən kişi olduqlarına görə lap kiçik yaşlarımdan mən Füzulinin, Cəbrayılın, Ağdamın bütün restoran və kafelərini onlarla birlikdə bir-bir gəzmişəm. İndi də danışanda bəzən məndən yaşca böyüklərə təəccüblü gəlir ki, sənin o vaxt həmin restoranda nə işin vardı? Başlayıram təsvir eləməyə, mat qalırlar. Bir də uşaq kimi evdə mənə kifayət qədər sərbəstlik verilib. Misal üçün, mən rahatlıqla avtobusa oturub Cəbrayılda yaşayan bibimgilə gedirdim. Həm də o dövrdə sabitlik də var idi. Uşağı rahatca, nigaran qalmadan evdən bayıra buraxırdılar. Ondan sonra on dörd yaşımdan demək olar ki, evdən çıxdım və tam sərbəst həyat yaşadım. Bu həyat da ölkənin keşməkeşli dövrünə düşdü. Artıq on dörd yaşım olanda mitinqlərdə iştirak edirdim. Çox ziqzaqlı bir həyat başlamışdı. Elə olurdu bir gün çox yaxşı bir oteldə qalırdım. Səhəri gün ofisdə yatırdım. Bir də görürdün beş dəqiqə əvvəl cibimdə pul olmurdu, acından ölürdüm. Kafedə oturub rahat-rahat çörək yeyənlərə baxırdım və cəmisi beş dəqiqə sonra mən də onların arasında olurdum. Ziqzaqlı həyat bu günə qədər də davam etməkdədir. Mənə elə gəlir ki, o insanları yaxşı tanıyıram. Çünki onlarla bir yerdə çox olmuşam. Həyatda kifayət qədər çətinliklərim olub. Gündüz oxumuşam, gecə “stoyanka”da işləmişəm. Mağazada gözətçi olmuşam. Tələbəlik vaxtı satıcı işləmişəm. Aeroportda işləmişəm. Yazılan adamları kifayət qədər yaxından tanıyıram. Mən onların içində olmuşam. Bu təkcə müşahidə deyil. Yəni, mən də onlardan biriyəm.

- Sənə görə onlar daha çox ədəbiyyat predmetidir, nəinki ofisdə, rahat yerlərdə çalışanlar?

- Belə bir sualı Henrix Böllə də veriblər. Deyiblər ki, sən niyə yalnız balaca, kiçik adamlar haqqında yazırsan. O da çox maraqlı bir cavab verib ki, böyük insanla kiçik insanın arasında sərhədi kim müəyyən edir? Hər şey əsərin səviyyəsindən, necə ifadə olunmasından asılıdır. Məncə bizim ətrafımız süjetlə, ədəbiyyatla doludur. Sadəcə biz, xüsusən də mənim gənc dostlarım bəzən onları qaçırırıq.

- Niyə qaçırırlar?

- Böyük temalardan yapışırlar. Öz həyatlarını yazmaqdan qorxurlar. Ondan sonra öz qüvvələrini dəqiq hesablamırlar. Taqorun yaxşı bir sözü var, deyir sənətdə öz qüvvəni dəqiq hesablamaq çox önəmlidir və bizim bir çox insanlarımız bax, qüvvələrini dəqiq hesablaya bilməməklərinin cəzasını çəkirlər. Çox zəhmətkeşdirlər, istedadlıdırlar, dili yaxşı bilirlər, əzab çəkirlər, işləyirlər, amma götürüb elə temalar yazırlar ki, həqiqətən də o temalar bu gün Azərbaycan üçün lazım deyil. Mən düşünürəm ki, Pərviz Cəbrayıl bugünkü Azərbaycan yazıçıları içərisində ən istedadlısı, ən zəhmətkeşidir, halal adamdır, dili çox gözəl bilir. Ancaq Pərviz özü də öz qüvvəsini dəqiq hesablaya bilmir. Bu bizim ədəbiyyatın, xüsusilə bizim ədəbi mühitin ən böyük problemlərindən biridir.

- “Ana ürəyi” romanını oxuyanlar deyir ki, bu əsər digər əsərlərindən fərqlidir. Bu fikirlə razısanmı?

- Bəli, bu fikirlə razıyam. Ümumiyyətlə, mənim həyatımda, təfəkkürümdə, düşüncəmdə bu dəqiqə çox böyük dəyişikliklər gedir. Məsələlərə bu dəqiqə tamam başqa cür yanaşıram. Mən özüm bir dövr var idi ki, bizim maarifçilərin, publisistlərin təsiri altında idim, elə yaradıcılığım da birmənalı bunun üzərində qurulmuşdu. Ondan sonra başladım rus inqilabi ədəbiyyatını oxumağa. Bu ədəbiyyat daha çox mənim publisistikama təsir etdi. İndi isə tamam başqa şeylər oxuyuram və onlar mənə təsir etməkdədir. Öz üzərimdə çox ciddi çalışıram, gündəlik mütaliəyə beş-altı saat vaxt ayırıram və bu yaxınlarda “İstedad və zəhmət” adlı məqalə yazmaq istəyirəm. Çox təəssüf ki, seyid cəddinə arxayın olan kimi, bizim insanlarımız da öz istedadlarına çox arxayındırlar (gülür). Sartrın yaxşı bir sözü var, mənə çox ləzzət elədi. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Çox təəssüf ki, bizdə bəzi insanların istedadı onların qəniminə çevrilir. Çaykovski kimi əjdaha deyir ki, doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Bizimkilərin isə fəaliyyətindən belə hiss olunur ki, doxsan doqquz faiz istedad, bir faiz zəhmətdir.

- Sən daha çox həyatda gördüklərini yazırsan. Literaturşinaya münasibətin necədir?

- Bu dəqiqə işim memuar oxumaqdır. Bir çox Avropa yazıçılarının memuarını oxumuşam. Taqorun da memuarını oxudum və sizi inandırım ki, Avropa yazıçılarının çoxundan Taqorun memuarı daha faydalı oldu. Və fürsətdən istifadə edib, gənc yazar dostlarıma həmin memuarı oxumağı şiddətlə tövsiyə edirəm. Sovet dövründə səhv etmirəmsə, Taqorun səkkiz cildliyi çap olunub və səkkizinci cild Taqorun memuarıdır. Taqor orda deyir ki, uğurun düsturu yoxdur. Yəni, hər bir insanın uğuru əlavə bir süjetdir. Bir insanın ayaqqabısını geyinmək olar, amma onun yerişini yerimək olmaz. Bununla bərabər, ümumi anlayışlar var. Zəhmət, mütaliə, yuxarıda dediyim banal olmaqdan qorxmamaq, öz qüvvəni dəqiq hesablamaq, həyat təcrübəsi... Hardasa ona yaxın ümumi anlayış var ki, bunlar sarsılmazdır və qəbul olunmalıdır. Söhbət ondan gedir ki, kim nəyi gözəl bacarırsa, onu etməlidir. Mən ədəbiyyatda qurğunu sevirəm. Məsələn, bu yaxınlarda Andre Jidin “Qəlp pulkəsənlər” əsərini oxudum. Çox mükəmməl bir romandır. Amma illah da durub belə qurğu quracam desəm, alınmaya bilər, problem yaranar. İnsan harada güclüdürsə, ancaq orda da oynamalıdır. Filan yazıçı bunu yazıbsa, mən də gedib bunu yazacam, uğur qazanacam demək yanlışdır. Bunu əvvəlcədən heç kim müəyyən edə bilməz.

- Dedin ki, qəhrəmanlarını yaxşı tanıyırsan, ancaq bir xeyli də əsər adı sadalayırsan. Bu əsərləri oxumadan “Quqark”ı, “Ana ürəyi”ni yaza bilərdin?

- Bu mümkün deyil. Mən bir analogiya aparacam. Flober haqda deyirlər ki, bəzi insanlar dahi doğulmuşdu, Flober isə özü özünü dahi etmişdi. Mən özüm özümü yetişdirmiş insanam və hər şey dişimlə, dırnağımla, zəhmətimlə başa gəlib. Mütaliə şəksizdir.

- Bəs özünü istedadlı sayırsan?

- Yox. Mənə elə gəlir ki, bunlar hamısı sonradan əldə olunub. Orta məktəbdə inşa yaza bilməmişəm. Sinif yoldaşım var idi, həm də qonşumuz idi, ona yalvarırdım ki, mənim də əvəzimdən yaz. Bu gün həmin adam gedib desə ki, Seymur məktəbdə inşa yaza bilmirdi, məndən köçürürdü, o yazığa heç kim inanmayacaq, ona güləcəklər (gülür). Bu faktiki belə olub, amma oxuyurdum, mütaliə edirdim. Bu haqda çox düşünürəm, bunu mən özüm istədim, yoxsa bu mənim taleyim idi. Buna konkret cavab verə bilmərəm. Ümumiyyətlə, zaman keçdikcə insan belə suallara konkret cavab verməkdən qorxur. Mən özümü istedadlı hesab etmirəm. Mənim müşahidə qabiliyyətimi çox qiymətləndirirlər. Deyirlər ki, güclü müşahidə qabiliyyətin var. Bu da sonradan əxz etdiyim, qazandığım fitrətdir. Məndə belə şey olmayıb və düşünürəm ki, hər bir insan özü özünü yetişdirə bilər. Yetər ki, məqsədi olsun və yetər ki, səmimi qəlbdən, əzabla bu işə qatlaşsın. Yola vermək istədisə ortaya elə bir şey qoya bilməyəcək. Burda Asif Atanın sözünə gəlirik. O, deyir ki, sənətdə Məcnunluq mütləq lazımdır. Bu Məcnunluq olmasa, alınmayacaq.

- Azərbaycan ədəbiyyatında istedadlı adamlar çoxdur, ya savadlı adamlar?

- Təəssüf ki, istedadlı adamlar çoxdur. Mən bayaq da dedim ki, bizim istedadlı adamlarımız istedadlarına həddindən artıq çox inanırlar və sonra da bu onların faciəsinə çevrilir, yəni istedadları onların qəbri olur axırda. Tutaq ki, cavan bir uşağın şeirlər kitabı çıxıb. Bu uşağın da iyirmi iki yaşı var. Biz onun şeirlərini oxuyub, onun haqqında nə deməliyik? Deməyəcəyik ki, sən yaxşı şairsən, sən dahisən. Deyəcəyik ki, istedadlısan. Gözləyək görək yeddi-səkkiz ildən sonra nə qoyacaq ortalığa. Amma əlli yaşında adamın kitabı çıxanda durub ona istedadlı şairsən demək nə qədər düzgündür? Düzdür, o, bunu kompliment kimi qəbul edəcək. Ancaq ağlı varsa bunu söyüş kimi qəbul etməlidir. Ya ona yaxşı şair, ya da pis şair deməlisən. Bizdə yetmiş yaşlı insan, istedad sözünü hələ də kompliment kimi qəbul edir.

- Azərbaycan ədəbiyyatında çətin həyat yaşayaraq yüksək mərtəbələr qalxan adamlar olub. Məsələn, Mirzə İbrahimov yetimxanada böyüyə-böyüyə Ali Sovetin sədri vəzifəsində çalışıb. Onlarla bu cür nümunə var. Amma onlardan sonra gələn nəsil sanki daha savadlı, daha intellektual idi. Bu barədə nə düşünürsən?

- Bu haqda “Siçovulun canavara çevrilməsi” adında məqalə yazmışam. İndi yeri düşüb, gərək danışım. Mən həmişə fikirlərimin hər bir tribunada tirajlanmasının tərəfdarı olmuşam. Düzdür, buna bəzən təkrardır deyib məni tənqid edənlər olur. Mənə elə gəlir ki, bu lazımdır. Bilirsiniz, o nəsil, Mirzə İbrahimov, Əli Vəliyev, Bayram Bayramov daha ciddi nəsil idi. Bu dəqiqə Bayram Bayramovun “Bəlalı sevgim” romanını oxuyuram. 80-ci ildə “Onun bəlalı sevgisi” adlı film də çəkilib. Onlar xalqın arasından çıxmışdılar və dili çox yaxşı bilirdilər, əsərlərində informasiya çox idi. Düşünürəm ki, bizim ədəbiyyat o xətt üzrə getsəydi spesifik Azərbaycan ədəbiyyatı yaranacaqdı. Məsələn, məndən soruşsalar ki, sənin üçün Azərbaycan yazıçısı kimdir, deyərəm ki, İsi Məlikzadə. İsi Məlikzadənin çox gözəl povestləri var. İsi Məlikzadənin povestlərində qaldırılan problemlər, əslində kiçik problemlərdir, amma düşünəndə sən bu vəziyyətə düşsən nə edərdin, necə hərəkət edərdin, onda adam qalır dilemma qarşısında. Dilləri çox yaxşıdır, canlıdır. Anarın, Elçinin nəsri bizim dilimizi qurutdu, Azərbaycan ədəbiyyatını çox yanlış yönə yönəltdi.

Təbii ki, bunlar bunu öz başına etmədilər. Bu bir ümumi Sovet layihəsi idi və təbii ki, Azərbaycan da Sovet respublikası olduğuna görə, bu layihə burda da həyata keçirilirdi. Çünki partiyanın iyirminci qurultayından, Stalinin ifşasından və Xruşşovun hakimiyyətə gəlişindən sonra Əli Vəliyev, Mirzə İbrahimov kimi yazıçılar dövrün tələblərinə cavab verə bilmədilər. Çünki SSRİ-də azadlıq küləkləri əsirdi. Və bu küləyin də qarşısını almaq qeyri-mümkün idi. Belə olan halda, ortaya familiyasız yazıçılar Anar, Elçin, fotoaparatla gəzən, caza qulaq asan Vaqif Səmədoğlu çıxdı. Xalqda da azadlıq yanğısı olduğuna görə çox təəssüf ki, bu adamlara aldandı. İstər bizim siyasi düşərgədə, istər başqa düşərgələrdə bu günə kimi bu artistliyə aldanan insanlar var. Bu insanlar şişirdilmiş insanlardı, onlar bu gün Azərbaycan ədəbiyyatına çox böyük zərbə vurublar. Əgər seçim etmək imkanım olsa, təbii ki, köhnə yazıçılara üstünlük verərdim. Onlar sözün həqiqi mənasında yazıçıdırlar. Anar, Elçin Sovet dövründə şişirdilmiş obrazlardır və şişirdilmiş obrazlar da bir-birinə toxunmurlar. Çünki onlar özlərinin şişirdilmiş obraz olduğunu anlayırlar. Ona görə də bir-birinə dəymirlər. Deyirlər ki, belə yaxşıdır, bu cür davam edək. Müstəqillik dövrü də göstərdi ki, bu adamlar həqiqətən də istedadsızdılar. Müstəqillik dövründə nə Anar, nə Elçin ortaya düz əməlli bir əsər qoya bilməyiblər. İndi onların yazdığı hekayələrin, nağılların altına nəinki mən, heç beşinci sinif şagirdi də öz imzasını qoymağa utanar. Anar bu gün özünün istedadsız olduğunu sübut etməkdən ötrü hər şey edir, sadəcə camaat onun bu qədər dayaz olduğuna inanmaq istəmir. Ciddi deyirəm. Biz Mirzə İbrahimova, Mir Cəlala, Bayram Bayramova, Əli Vəliyevə qayıdıb oradan davam etməliyik. Ortadakı mənfur “60-cılar” nəslini kəsib atmalıyıq. Bu bizim ədəbiyyatımızın qara ləkəsidir.

- Deyirsən, Anar, Elçin istedadsızdır, amma onların mütaliəsini də inkar etmək olmaz...

- Tomas Vulf deyir ki, yaddaş yazıçının ən böyük sərvətlərindən biridir. Niyə bunların memuarı yoxdur? Yazsınlar da. Nə yazacaqlar? Yetmiş yaşında yazıçı müsahibə verir, bilmirsən, jek müdirinin, ya aqronomun, yoxsa yazıçının müsahibəsidir. O gün Fransua Moriakın memuarında çox maraqlı fikir oxudum. Deyir ki, əslində yazıçı yaşlandıqca onun həyatı ilə yaradıcılığı arasındakı uçurum ağzı balacalaşmalıdır. Bizdə isə tərsinədir. Yazıçı yaşlaşdıqca onun yaradıcılığı ilə həyatı arasındakı uçurum ağzı daha da genişlənir. Bu insanlar öz keçmişləri haqqında niyə danışa bilmirlər? Oturub yazsınlar da. Yaza bilməzlər, çünki o keçmiş başdan-ayağa ona buna pislik etməkdən ibarətdir.

- Sən özün Azərbaycan ədəbiyyatının tarixini yazsan, ora kimləri daxil edərsən?

- Mən əsər adları çəkə bilərəm. Bilirsən, çox vaxt mənim üstümə şər atırlar ki, Seymur Azərbaycan ziyalılarını təhqir edir. Mən psevdoziyalılar haqda yazmışam və dəyərli ziyalılarımıza toxunmamışam. Mirzə Cəlil, Cəfər Cabbarlı haqqında bir cümlə mənfi fikrimi tapa bilməzlər. Yaxud bəlkə Üzeyir bəy, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə haqda nəsə artıq-əskik bir söz yazmışam? Bu insanların hər biri mənim üçün müqəddəs, dəyərli və işıqlı insanlardır. Bacardığım qədər onların yaradıcılığını həmişə təbliğ edirəm, fürsət düşdükcə onlara sayğımı və ehtiramımı bildirirəm. Yalandan mənə niyə şər atırlar ki, Azərbaycan ziyalılarını təhqir edir? Mənim üçün həqiqi Azərbaycan ziyalıları onlardır və düşünürəm ki, bizim nəsrin o qədər böyük tarixi olmasa da, ortaya kifayət qədər əsərlər qoyulub.

Axundovdan başlayaq. Axundov böyük bir şəxsiyyət kimi Şərq ölkəsinin insanlarını Avropa dəyərlərinə və əxlaqına doğru yönəltdi. Axundov böyük şəxsiyyətdir. Bir çox insanlara tarixi kontekstdə yanaşmaq lazımdır. Məsələn, Turgenyev Qlinkani ibtidai xalqın dahisi adlandırmışdı. Amma Qlinkanın rus xalqının həyatında oynadığı rolu heç kim inkar edə bilməz. Və yaxud biz demirik ki, Üzeyir bəyin əsərləri dünya səviyyəsindədir. Üzeyir bəy əsrin əvvəllərində, o biabırçı dövrdə ibtidai xalqa yad bir mədəniyyəti çox gözəl şəkildə yedizdirib və bizi bu mədəniyyətlə tanış edib. Onun musiqisini həm toyda, həm mitinqdə, həm də dövlət tədbirlərində eşidirik. Doğurdan onunla qürur duyuruq və hər dəfə onun musiqilərinə qulaq asırıq.

Əlbəttə ki, tarixi kontekstdə baxanda Üzeyir bəy öz xalqı üçün Avropanın bir çox böyük şəxsiyyətlərindən daha çox iş görüb. Ənənə çox ciddi məsələdir. Bizim ölkədə bir insan bir iş görmək istəyirsə Robinzon Kruzo kimi gərək hər şeyi özü görsün. Avropa insanı doğulanda 100-0 qabaqda olur.

Təsəvvür edin ki, heç bir ənənəsi olmayan ölkədə Cəfər Cabbarlı iyirmi dörd yaşında “Od gəlini”ni yazır. Necədi sizin üçün? Məncə Cəfər Cabbarlının istedadı və nəfəsi Mayakovski ilə Runeskonun arasındadır. Mən çox istəyərdim ki, ölkədə Cəfər Cabbarlı adına beynəlxalq, çox ciddi bir ədəbiyyat müsabiqəsi keçirilsin. Hər bir azərbaycanlı əlini ürəyinin üstünə qoyub Cəfər Cabbarlının şəxsiyyəti ilə fəxr edə bilər. İnanın, burda heç bir mübaliğə yoxdur. Elə Mirzə Cəlili götürək. Mirzə Cəlil o dövrdə bizim üzümüzü ağardan şəxsiyyət olub. “Molla Nəsrəddin” jurnalını nəşr edib. Bu mənim üçün dəyərdir. Bu gün də Azərbaycan publisistikası həmin o məktəbin üzərində gedir. Bu gün o bizim yolumuza işıq tutur. Ondan sonra da çox maraqlı nəsr nümunələri var. Əkrəm Əylislinin, İsi Məlikzadənin, elə Mirzə İbrahimovun əsərləri. Təbii, hamısı yox, müəyyən hissəsi. Sabir Əhmədovun əsərlərini də qeyd edə bilərəm.

- Mirzə Fətəliyə, Üzeyir bəyə ibtidai xalqın dahiləri deyə bilərik?

- Hə, demək olar. Amma bu onların gördüyü işi heç də aşağılamır. Mənim üçün onlar çox böyük, müqəddəs şəxsiyyətlərdir.

- Sən Üzeyir bəyin, Mirzə Cəlilin "teatra gedin", "kitab oxuyun" kimi çağırışlarını müdafiə edirsən. Sənə elə gəlmir ki, bu dövrdə artıq bu çağırışlara gərək qalmayıb?

- Məncə haqsız iraddır. Əvvəla bizim ən böyük səhvlərimizdən biri odur ki, biz “Necə ola bilərdi?” haqqında yox, “Necə var?” haqda düşünürük. İndi siz təsəvvür edin ki, Azərbaycanda ötən əsrin əvvəllərində demokratik cümhuriyyət olmayacaqdı. Nə dəhşətli bir şey olardı? Bəli, onlar zəif idilər, paytaxt Gəncədə olanda Bakıdakıların, paytaxt Bakıda olanda Gəncədəkilərin xəbəri yox idi. Xalq savadsız idi, amma altı-yeddi nəfər adam elə bir çətin vəziyyətdə cümhuriyyəti yaratdılar və bu cümhuriyyətin yaranması sayəsində biz SSRİ-yə respublika kimi daxil olduq. Onlar tarixi bir iş gördülər. Müstəqil ölkə kimi SSRİ-yə daxil olmasaydıq, bizi parçalayacaqdılar. Mən düşünürəm ki, dünyada azərbaycanlılar yeganə azsaylı xalqlardandır ki, bizi ədəbiyyat yaradıb. Təkcə bu faktın özü göstərir ki, biz ədəbiyyata borcluyuq və ədəbiyyatı sevməliyik. O çağırışların da kifayət qədər effekti var. İndi məcburam özümü tərifəyəm. Maraqlı bir fakt deyim. Bu yaxınlarda bir dindar mənə yazıb ki, sənin dediyin kitabları oxuyuruq və buna görə sənə “Halal ateist” adı qoymuşuq. Bu ad mənə ləzzət elədi. Kimdirsə ağıllı adamdı, özünə lazım olanları götürüb və faydalanıb. Bu da onu göstərir ki, mən Azərbaycanda xeyli insana ədəbiyyatı sevdirdim, xeyli insana ədəbiyyatı oxutdurdum. Nişan verdiyim kitabları gedib insanlar tapırlar, oxuyurlar və bu mənim öz yolumda haqlı olduğumu göstərir.

- Şou-bizneslə bağlı çıxışların da olur. Doğurdanmı, Azərbaycanda şou-biznesin inkişafı səni bu qədər narahat edir?

- Mən o qədər dəli deyiləm ki, şouya qarşı müharibə elan edim. Şou var və olmalıdır. Amma söhbət ondan gedir ki, şanslar da bərabər paylanmalıdır. İyirmi dörd saat efiri müğənnilər, təlxəklər doldurursa, bir saat da ədəbiyyat verilişi olsun. Məsələn, mən Gürcüstanda bir veriliş gördüm. Kitabların əhatəsində üç nəfər oturub söhbət edirdi. Yanımdakı gürcü dedi ki, bukinistdə üç nəfər – şair, yazıçı və tənqidçi kitab haqqında söhbət edir. Soruşdum ki, hər bir kanalda belə veriliş var? Dedilər, bəli, hər bir kanalda belə veriliş var. Mən şansların bərabər paylanmamağından narahatlığımı ifadə edirəm. Üç saat bir müğənni oxuyur, icazə versinlər yarım saat da bir yazıçı gəlib öz kitabı haqda danışsın. Belə bir şey atıblar ortaya ki, bu cür verilişlər reytinq gətirmir. Bunun özü cığallıqdır. Necə yəni reytinq gətirmir? Hansı uşaq valideyninə deyir ki, xəstəyəm, mənə iynə vurun. Uşaq ağlayır, qorxur. Amma biz bilirik ki, bu iynə ona lazımdır. Biz ona o iynəni ağlada-ağlada vururuq. Niyə? Çünki biz bir böyük kimi bilirik ki, bu iynə uşağın sağalması üçün lazımdır. Mən də maarifçilik hərəkatını təxminən belə təsəvvür edirəm. Deyirlər, xalq bunu istəmir. Bəyəm xalq özbaşınadır bunu istəsin?

- Sən dediyin proletariat diktaturasıdır. Buna yuxarıdan dəyişiklik deyirlər.

- Bir çox xalqların formalaşmasında və tərbiyə olunmasında administrativ resurslar öz rolunu oynayıb. Bizdə də belə olmalıdır. Mən bu haqda düşünürəm, amma Taqorun da sözünü heç vaxt unutmuram. O deyir ki, insan ləyaqətini nəzərə almayan islahatlar sonra fəsad törədir.

- Bəs, verilişlərə niyə çıxmırsan?

- Getmirəm verilişlərə. Çağırırlar, soruşuram ki, o biri qonaqlar kim olacaq? Deyirlər, Nadir Qafarzadə, nə bilim filan stilist, filan prodüser, filan rəqqasə. Mənim nə işim var onların arasında? Meymunluq etməyimi istəyirlər. Gedim orda mənə bəşəri sual versinlər, min ildir filosofların tapa bilmədiyi suala beş dəqiqəyə Nadirin, Tolikin, rəqqasə Fatimənin yanında cavab verim?

- Kitabın dünyanı xilas edəcəyinə inanırsanmı?

- Yenə bayaqkı söhbətin üstünə gəlirik. Biz “Necə ola bilərdin?”i yox, “Necə var?”ı düşünürük. Bəzən bəzi insanlar fikirləşirlər ki, filankəs kitab oxuyub, amma islah olunmayıb. Bu bizi küsdürməməlidir. Təsadüfi deyil ki, Marks çap maşınını bəşəriyyətin ən böyük ixtirası adlandırırdı. Bəşəriyyətin siyasi, coğrafi xəritəsini dəyişmiş ixtiradır da. Gedək bu gün dünya xəritəsini qoyaq qabağımıza, ölkələrə baxaq. Ən zəlil ölkələr kitab oxumayan ölkələrdir. Ən inkişaf etmiş və rifah içində yaşayan ölkələr kitab oxuyan ölkələrdir. Bu faktın özü göstərir ki, biz kitab oxumalıyıq.

- Facebookla bağlı çıxışlarına rast gəlirik. Sosial şəbəkələrdə insanların çox vaxt keçirməsindən sanki narahatsan.

- Üç il bundan əvvəl əlbəttə ki, Facebookun bir çox faydalarını kəsinliklə hiss edirdim. İnsanlar bir-birini tapırdı, filmlər, kitablar reklam olunurdu. Amma bu gün Facebookun konkret bizə ziyan vurduğunun fərqindəyəm.

- Facebookun ziyanlı olduğunu konkret nədə görürsən?

- Konkret, orda heç kim öz səviyyəsini qaldırmaq istəmir, heç kim öz üzərində işləmir. Çox az sayda insanlar var ki, orda öyrənmək istəyirlər. Hamı öz boş başı ilə sevgi nədir, həyat nədir kimi abstrakt mövzularla bağlı müzakirələr keçirir. Və çox təəssüf ki, bizim cəmiyyətin də bir çox öncül insanları, aktiv kəsimi, hansı ki, milləti maarifləndirə bilərlər onlar da bu axına düşüblər. Kitab, məqalə yazmaq əvəzinə, orda vaxt öldürürlər. Gəncliyin aldadıcı cəhətlərindən biri də odur ki, elə bilirsən bu ədəbidir. Bir də gözünü açıb görürsən ki, yaş çatıb otuz beşə, baqaj da boş.

- Amma iki-üç il bundan əvvəl “Facebook – enerji qəbiristanlığı” adlı yazı yazmışdın. O yazıdan sonra vəziyyət yəqin çox pisləşib.

- Bəli, çox pisləşib. Mənə elə gəlir o başıboş insanlara özlərini bir şəxsiyyət kimi hiss etməyə şərait yaratmaq olmaz. Onların başıboş olduqlarını daima sifətlərinə çırpmaq lazımdır ki, gedib kitab oxusunlar. Mən bu gün Facebookda avaraçılıq görürəm. Məsələn, ciddi bir yazı paylaşırsan, reaksiya sıfırdır. Halbuki bunun yerləşdirilməsi, tapılması, tərcümə olunması üçün insanlar əziyyət çəkiblər. Amma axmaq bir şey yazırsan, bir də görürsən, yüz nəfər buna baş qoşur. Qardaş, hamının danışdığı yerdə oturmaq düz deyil. Biz onları orda qoymalıyıq, qoy boş başları ilə nə qədər istəyirlər, danışsınlar.

- Bu yaxınlarda Space televiziyasında yayımlanan verilişdə Varis, Elxan Elatlı, Qaranla bağlı müəyyən fikirlər səsləndi. Sənin onlara münasibətin necədir?

- Bir çox yazar dostlarımdan fərqli olaraq onlara həqiqətən də düşməncəsinə münasibətim yoxdur. Düşünürəm ki, Varis də lazımdır, Qaraqan da lazımdı, Elxan Elatlı da. Haradasa on gün bundan əvvəl bir ərzaq dükanına girmişdim. Gördüm ki, satıcı qız kitab oxuyur. Maraqlı gəldi, soruşdum ki, nə oxuyursunuz? Dedi ki, Elxan Elatlını oxuyuram. Gözəldi də, oxusun. A kişi, Çingiz Abdullayevi oxusun, Qaraqanı oxusun, Varisi oxusun. Kimi oxuyur özü bilər. Təki oxusun. Ən azı kitab oxuyur da. Onlara düşmən münasibəti anlaya bilmirəm.

- Bəs onları rəqib kimi görmürsən?

- Yox, niyə onlar mənim rəqibim olmalıdır? Mənim xitab etdiyim auditoriya ilə Varisin auditoriyası fərqlidir. Mənim onlarla heç bir düşmənçiliyim yoxdur. Varisə təşəkkür etmək lazımdır ki, bu qədər insana kitab oxutdurub. Niyə düşmüşük bu insanın üstünə? Kitab yazır, camaat da oxuyur da.

- Bilsəydin ki, on min adam səni oxuyacaq, Varis yazdığı kimi bir əsər yazardın?

- Əslində bunun özü də çətin bir işdir. Sizi inandırım ki, biz gedib Nobel mükafatı almış şairə desək ki, filan mahnıya söz yaz, yaza bilməz. Amma Baba Vəziroğlu çox gözəl yazır. Qardaş, bacarır da. Şəxsən mən yaza bilmərəm. Mahnı sözləri mistik bir şeydir. Mən indi bir məhəbbət romanı yazmağa çalışıram. Müəyyən qeydlər götürmüşəm. Ona görə də bu dəqiqə Azərbaycan ədəbiyyatındakı məhəbbət romanlarını oxumağa başlamışam.

- Varisi də oxuyacaqsan?

- Onu da oxuyacağam. Görüm o necə yazır. Əlbəttə, öyrənmək lazımdır. Amma maraqlıdır, mən kimə deyirəm məhəbbət romanı yazacam, hamı deyir ki, sən məhəbbət romanı yaza bilməzsən, çünki sən sevməmisən. Niyə insanlar belə fikirləşirlər bilmirəm. Nədənsə məni bir maşın kimi təsəvvür edirlər. Halbuki mən elə bir məhəbbət yaşamışam ki, sözün həqiqi mənasında yüz mində bir adamın başına gələn bu məhəbbət.

- Maddi durumun necədir?

- (xeyli düşünür) Mənim heç vaxt pula ciddi marağım olmayıb. Həmişə özümə lazım olan qədər pul arzulamışam. Heç vaxt villam olsun, maşınım olsun, bahalı restoranlarda yemək yeyim kimi arzularım olmayıb. Geyim almağa, yeməyə, avtobusa minməyə pulum var. Amma sözün həqiqi mənasında bu gün maddi çətinlik tam fəaliyyət göstərməyimə mane olur. Bir xeyli əsər var ki, təcili dilimizə tərcümə olunmalıdı. Kitablar nə qədər tez nəşr olunsa, xalq olaraq tez fayda görərik. Həvəsli, işləyib fayda vermək istəyən cavan uşaqlar var. Sadəcə maddi çətinlik imkan vermir tərcümə işi ilə, kitabların nəşri ilə məşğul olaq. Yazmaq üçün harasa getməliyəm. Yeməyim, içməyim vaxtında olmalıdı. Rahatlıq üçün də pul lazım olur. Pul da bəzən tapılır, bəzən tapılmır. Yardım edən, işin məsuliyyətini dərk edən adamlar var. Onların da sayı azdı... Tez-tez narahat etmək olmur. Həyatımda ilk dəfədi pula ciddi ehtiyac duyuram. Faktiki olaraq pulsuzluq tam fəaliyyət göstərməyimə mane olur. Bəzi insanlar üçün yazan adamın kasıb həyatı sadəcə ləzzətli bir səhnədi. Nədənsə adamlar düşünür ki, yazan adam mütləq acından ölməlidi. Sonra da bunlar ləzzətlə desinlər ki, filankəsi acından öldürdük, indi də gedək görək acından ölən bədbəxt nə yazıb. Nə bilim, bəlkə də biz doğurdan da acından ölməliyik...

# 11215 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
# # #