Əli Kərim sonuncu dəfə özünə palto aldı…

Əli Kərim sonuncu dəfə özünə palto aldı…
28 oktyabr 2013
# 10:54

Kulis.az mərhum şairimiz Əli Kərimin dostu olmuş Feyzi Mustafayevin onun haqqında yazdığı “Dinmə, ey kədər” (“Yazıçı” nəşriyyatı, 1986) kitabından bir neçə fraqmenti təqdim edir.

Heç kəs bizi Əli Kərimə qarşı diqqətsizlikdə təqsirləndirə bilməz. Heç kəs deyə bilməz: “Əli Kərimdən çox yazmaq, çox danışmaq olardı. Axı o, hələ dünənə kimi sağ idi”.

Bəli, o, dünənə qədər söhbətlərində inamla deyirdi:

- Yəni 50 il də yaşamayacağam?

Bu sözdən sonra Əlinin belə tez ayrılığına inanmaq olardımı? Ehtiyat etmək olardımı: Əli nə danışırsa, yazıb saxlayaq, yoxsa sabah gec olacaq. Əlbəttə, yox. Bu qəfil ayrılıq bəzilərimizin yaddaşını da pozdu. Kədər dumanına bürünmüş yaddaşım Əlinin söhbətlərindən bəzi sətirləri saxlaya bilmişdir. Əli söhbət edirdi:

- Mən redaksiyada işləyəndə bizim bir iş yoldaşımız vardı. İşləməklə o qədər arası olmazdı. Tez-tez redaksiyadan yoxa çıxardı. Redaktor ondan şübhələndiyindən tez-tez onun oturduğu otağa gəlirdi. O da redaktoru “aldatmaq” niyyətilə siqareti yandırıb külqabına qoyardı. Özü isə çıxıb gedərdi. Bizdən də xahiş edərdi ki, siqareti yanıb qurtaran kimi başqasını odlayıb qoyaq külqabına…

Əli günahı redaktorda görürdü: “Yaradıcı adamın başı üstündə durub ona nəzarət etmək onu təhqir etməyə bərabərdir”.

Dəqiq tarixi yadımda deyil. O, yadımdadır ki, “Azərbaycan” jurnalı Nazim Hikmət haqqında böyük material vermişdi. Bu materialı oxuyan bir şair heyrətə gəlib dedi ki, vay, bu yazığın (Nazim Hikmətin) əməlli-başlı faciəsi varmış. Əli bundan çox acıqlandı. Acıqlandı ki, niyə özünü şair adlandıran bu şəxsin indiyə kimi Nazim Hikmətdən, onun həyatından xəbəri yoxdur. Ona görə də dedi:

- Əgər o, mənim şeirlərimi bəyənərsə, deməli, mən yoxam, ölmüşəm. Çünki onun zövqünün səviyyəsinə enmişəm ki, o, məni bəyənir.

***

Əli Kərim danışırdı ki, bir dəfə onun əsərini tənqid edən bir yoldaş sonra Əlidən üzr istəyir ki, düz iş görməyib, haqlı tənqid yazmayıb. Onda Əli həmin adama deyir:

- Eyib etməz, sənin də kişiliyin ona çatır. Sənin də başa düşdüyün oracandır.

***

Bir dəfə Yazıçılar İttifaqında yığıncaq zamanı Əli Kərim arxa cərgədə oturur. Yazıçı yoldaşlarından biri ona deyir ki, ay Əli, özünü niyə çəkirsən, keçib qabaqda otursana. Əli Kərim deyir:

- Mən özümü çəkmirəm, siqaret çəkirəm.

***

Şair yoldaşlarından biri maşın alıbmış. Əli Kərim onun maşın sürməyindən bərk ehtiyat edirmiş. Elə buna görə də yarızarafat-yarıgerçək onun maşınını “səyyar tabut” adlandırarmış.

***

Əli Kərim yazıçı səliqəsindən danışarkən deyərdi:

- Heç vaxt bir gündə iki redaksiyaya getməyin. Heç vaxt tez-tez oxucuların qapısını döyməyin. Bəziləri çalışırlar, bir gündə bir neçə qəzetdə, radioda çıxış etsinlər. Bax, buna yoxam. Oxucu sənin imzanın intizarında olmalıdır. Yoxsa deməməlidir: hara baxırsan, bu evi yıxılan ordadır. Əhməd Cəmilin klassik bir sözü var. O, deyir: biz bəzən kədərlənməliyik ki, bizi çap edirlər. Düz deyir!

***

Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kərimi yanına çağırıb deyir:

- Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik. Oraya avtobus da işləyir, tramvay da, trolleybus da. Səninçün yaxşı olar, razısanmı?

Əli Kərim deyir:

- Ona qalsa, Moskvaya da təyyarə işləyir.

- Yaxşı, get. Başa düşdüm.

***

Günlərin bir günündə Əli Kərim Sumqayıta gəlmişdi. Özünə palto almaq istəyirdi. Biz: Oqtay Cəfərov, Vaqif İbrahim, bir də mən şəhərin bir neçə mağazasını gəzdikdən sonra Əliyə yaraşıqlı bir palto aldıq. Əlinin sonuncu paltosu. Əlinin köhnəlməmiş paltosu. O, paltonu geydikdən sonra güzgüdə paltoya yox, üzünə baxıb, əli ilə çənəsini tutub dedi: - Pis deyil, eləmi, hə?

Məni gülmək tutdu: - Əli müəllim, paltoya baxmaq lazımdır. Eninə-uzununa.

Əli: - Paltar adama yaraşırsa, onun sifətə də təsiri olur. Siz enini-uzununu yoxlayın, mən də ki, belə də…

***

Ə. Kərim danışırdı ki, bir dəfə necə olursa, qonşuları M. öz qapısı ilə Əligilin qapısını səhv salır. Özü də Əlinin otağı birinci mərtəbədə, M-gilinki isə bir neçə mərtəbə yuxarıda imiş. Qonşu Əli Kərimgilə girib onu görən kimi deyir:

- Ay Əli, sən bizə xoş gəlmisən! Nə əcəb səndən? Nə var, nə yox?

***

Bir dəfə Əli Moskvadan gəlmişdi. Onunçün bir toyuq almışdıq. Toyuğu kəsmək istəyəndə Əli zarafatla dedi: “Mən ölüm, onu Moskva qibləsinə kəsin”.

# 4409 dəfə oxunub

Oxşar xəbərlər

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər