news-inner
clock08:15 calendar-gray 08 İyun 2013 view-gray1406 dəfə oxunub
view-gray1406 dəfə oxunub

Bir qadın rus yazıçısı üçün nələr edə bilər?

Poplin köynək

(hekayə)

Arvadım deyir:

- Sırf öz tənbəlliyi üzündən səni tərk etməyən kişiylə yaşamaq – ağılsızlıqdır…

Arvadım həmişə hər şeyi şişirdir. Düzünə qalsa, hə, mən gərəksiz qayğılardan həmişə qurtulmağa can atıram. Nə gəldi yeyirəm. İnsan cildindən çıxdığım vaxt başımı qırxdırıram. Onda da saçlarımı dibindən qaşıtdırıram. Sonrakı üç ayda dəlləyə getməyim deyə.

Səmimi etiraf edim ki, evdən çıxmağa da həvəs duymuram. Məni rahat buraxsınlar, yetər…

Uşaq vaxtı bir dayəm vardı – Luiza Henrixovna. Həbsə atılmaqdan qorxduğu üçün hər işi diqqətsiz görərdi. Bir dəfə Luiza Henrixovna şortumu geyindirəndə çaşıb hər iki ayağımı eyni dəliyə dürtmüşdü. Bu üzdən mən bütün günü eləcə dolaşmağa qatlaşmışdım.

Onda cəmi dörd yaşım olsa da bu hadisəni yaxşı xatırlayıram. Şortun əynimə yanlış geyindirildiyini anlayırdım. Ancaq susurdum. Onu çıxarıb düzgün geyinməyə isə ərinirdim. Elə indinin özündə də beləyəm.

Buna bənzər xeyli məqam var xatirimdə. Başıma yersiz cəncəllər açmayım deyə lap uşaq vaxtlarımdan mən hər zillətə dözməyi uyğun bilmişəm…

Bir vaxtlar yamanca içkiyə qurşanmışdım. Ağlıma nə gəldi, harda gəldi danışırdım. Buna görə çoxları məni söhbətcil biri sayırdı. Halbuki içkinin xumarından ayılan kimi bu xislətim də qeybə çəkilirdi.

Ona görə də mən yalqız yaşaya bilmirəm. Elektrik üçün ödənəcək qəbz haradadır, xatırlamıram. Paltar yumağı və ütüləməyi bacarmıram. Ən betəri isə – az qazanmağımdır.

Yalqızlığı sevsəm də, böyrümdə bir həyanımın olmasını arzulayıram. Arvadım isə hər şeyi böyüdür:

- Niyə mənimlə birgə yaşadığının səbəbini də bilirəm. İstəyirsən, deyim?

- Hə, niyə görəsən?

- Çünki sən özünə açılan yataq almağa da ərinirsən!..

Mən də bunun cavabında ona:

- Bəs sən? Sən niyə özünə açılan yataq almırsan? Niyə məni ən ağır illərdə atıb, getmədin? Sən ki paltar yumağı, yamamağı, ötəri tanışların nazına dözməyi və ən əsası – pul qazanmağı bacarırsan?! – deməliydim.

Onunla iyirmi il əvvəl tanış olmuşduq. O günün bazar günü olduğunu da xatırlayıram. On səkkiz fevral günüydü. Seçkilər günü.

Təşviqatçılar ev-ev gəzirdilər. Sakinləri dilə tuturdular ki, səs verməyə imkan daxilində erkən getsinlər. Mən isə heç tələsib eləmirdim. Hətta əvvəllər üç dəfə səs verməyə getməmişdim də. Yox, bunun səbəbi dissident baxışlarım deyildi. Daha çox bu, mənasız hərəkətlərə içimdə bəslədiyim nifrətdən qaynaqlanırdı.

Budur, qapı zəngi çalınır. Kandardakı gənc qadının əynində payız gödəkcəsi var. Zahirən məktəb müəlliməsinə, bir az da qarımış qıza bənzəyir. Gözlük taxmasa da əlində süni dəriylə üzlənmiş dəftər tutub.

O, dəftərə göz atıb, soyadımı söyləyir.

Təklif edirəm:

- İçəri keçib, isinin bir az. Çay için…

Əynimdəki ev xələtinin altından görünən ayaqlarımdan utanırdım. Nəsillikcə hamımızın ayaqları kələ-kötürdür. Həm də xələtimdə ləkələr vardı.

Cavan xanım özünü təqdim elədi:

- Mən – Yelena Borisovnayam, sizin təşviqatçınızam… Siz hələ də səs verməmisiniz…

Bu sual yox, gizli qınaq sayılmalıydı. Təkrar dedim:

- Çay içərsiniz? – Təklifim ədəbsiz səslənməsin deyə, əlavə elədim: - Anam da evdədir…

Başı ağrıdığından anam uzanmışdı. Buna rəğmən, o, uca səslə yatdığı yerdən qışqırdı:

- Cürətiniz var mənim halvama toxunun!

Əlavə elədim:

- Səs verməyə isə vaxt taparıq.

Bu məqamda Yelena Borisovna heç gözləmədiyim halda təşviqata başladı:

- Mən də bilirəm ki, seçkilər – başdan-ayağa profanasiyadır (latın terminidir, «müqəddəs sayılan bir şeyə bilmədən və ya heç istəmədən xələl toxundurma, onun əsas məğzini təhrif etmə» mənasına gəlir. Termin burada öz gerçək mənasına çox da uymurA.Y.). Ancaq neyləmək olar? Sizi seçki məntəqəsinə aparmalıyam. Əks halda, bu gün məni evə buraxmazlar.

Dedim:

- Yaxşı, ancaq ehtiyatlı olun, çünki bu cür danışıqlara görə heç kəs başınızı tumarlamaz.

- Sizə etibar eləmək olar. Bunu ilk andan anladım. Soljenitsının o portretini gördüyüm andan.

- O Dostoyevskidir. Ancaq mən Soljenitsına da sayğı duyuram.

Sonra biz yüngülvarı qəhvəaltı elədik. Hər şeyə rəğmən, anam bizi bir tikə halvaya qonaq elədi. Aydın məsələdir ki, söhbət ədəbiyyatdan düşdü. Lena Qladilinin adını çəkəndə mən dəqiqləşdirdim:

- Tolya Qladilini deyirsiniz?

Şukşindən söhbət gedəndə soruşdum:

- Vasya Şukşin, eləmi?

O, Axmadullinadan danışanda rəğbətlə pıçıldadım:

- Ah, Bellacan!..

Sonra küçəyə çıxdıq. Binalar bayraqlarla bəzədilmişdi. Qarın üstə konfet kağızları gözə dəyirdi. Süpürgəçi Qrişa öz ratin paltosunda ora-bura gedir, şellənirdi.

Səs vermək könlümdən keçmirdi. Ona görə yox ki, ərinirdim. Çünki Yelena Borisovna könlümə yatmışdı. Axı, bütün seçicilər səs versəydi, onu da evə buraxacaqdılar…

Birlikdə «İvanın uşaqlığı» filminə baxdıq. Film yetərincə səviyyəli olduğundan ona heç cür ağız büzə bilmədim.

O vaxtlar mən sadəcə detektiv filmləri ağızdolusu tərifləyirdim. Çünki onlara baxarkən qismən dincəlirdim.

Tarkovskinin filmlərini qıza əsl peşəkar kimi təriflədim. Bu ara onu da vurğuladım ki, son altı ildə Tarkovski məndən bir ssenari istəyir.

Kinodan çıxıb Ədəbiyyatçılar Evinə tərəf üz tutduq. Orada hansısa bir məşhur sima ilə rastlaşacağımızdan əmin idim. Axı, mən hələlik, necə deyərlər, gənc qələm sahibi sayılırdım. Hətta Qranin də məni üzdən tanıyırdı.

Bir vaxtlar Leninqradda xeyli məşhur adam yaşayırdı. Məsələn, Çukovski, Oleynikov, Zoşşenko, Xarms və sair və ilaxır. Müharibədən sonra onların sayı yamanca azaldı. Bəzilərini nəyinsə üstə güllələdilər, qalanları isə Moskvaya köçüb getdi…

Birlikdə restorana yollandıq. Şərab, buterbrod və pirojnalar sifariş elədik. Əslində mən omlet sifarişi də verəcəkdim, ancaq fikrimdən daşındım. Böyük qardaşım həmişə mənə deyirdi ki: «Sən rəngli qidaları səliqə ilə yeməyi bacarmırsan».

Əllərimi cibimdən çıxartmadan oradakı pulu saydım. Salonda bizdən başqa heç kəs yox idi. İçməyə başladıq. Yevtuşenkonun həyatından üç macəranı elə danışdım ki, sanki bunların canlı şahidi olmuşdum.

Məşhurlardan hələlik bir kimsə gözə dəymirdi. Müştərilərin sayı isə durmadan artmaqdaydı.

Belə getsə, mənim ümidlər verən bir yazar olduğumu Yelena Borisovna heç cür öyrənə bilməyəcəkdi.

Bu vaxt yazar Dançkovski restorana girdi. Bəzi məqamları çıxmaq şərtiylə onu məşhur sima saymaq olardı. Bir ildən çox bizim ədəbi birliyə başçılıq etdiyindən Dançkovski məni yaxşı tanıyırdı.

Budur, o, restoranda peyda oldu. Səsimi qısaraq, Yelena Borisovnaya pıçıldadım:

- Diqqət yetirin: şəxsən Dançkovski buradadır… Görünməmiş uğur… Lenin mükafatı almağa namizəddir o…

Dançkovski salonun bir küncündə qoyulan musiqi avtomatına tərəf yönəldi. Yanımızdan ötərkən, addımlarını yavaşıtdı. Mən özündənrazı halda qədəhimi qaldırdım. Bizimlə salamlaşmayan Dançkovski dedi:

- Sənin o «Avrora»da çıxan yumoreskanı oxudum. Məncə, əsl zibildir…

Biz saat on birə qədər restoranda oturduq. Seçki məntəqəsi o vaxta çoxdan qapanmışdı.

Başı ağrıyan anam yəqin hələ də uzanmışdı. Qız ilə Fontanka çayının sahilində gəzişirdik. Öz mülayimliyi ilə Yelena Borisovna məni yamanca heyrətləndirirdi. Bunu «mülayimlik» yox, «həyat gerçəklərinə laqeydlik» adlandırmaq daha doğru olardı. Sanki bütün bu baş verən olaylar həyatda yox, ekranda gerçəkləşirdi. O, seçki məntəqəsini də unutmuşdu. Vəzifə borcuna barmaqarası baxırdı. Hətta məlum oldu ki, özü də səs verməyi unudub. Bəs bütün bunları niyə edirdi? Uğursuz yumoreskalar yazan birisiylə məhrəm münasibətlər xətrinə.

Əlbəttə, mən özüm də səsverməyə qatılmadım. Mən də öz vətəndaşlıq borcuma səhlənkarca yanaşdım. Ancaq mən ümumiyyətlə götürəndə, bənzərsiz tipəm. Görəsən, onunla oxşar yönlərimiz nə idi?

Düz iyirmi ildir ki, onunla evliyəm. Bu iyirmi ili yanaşı, lakin ayrı-ayrılıqda və həyata laqeydlik içində keçirmişik biz.

Lenanın nəyə isə qarşı çıxdığını və ya mübahisə etdiyini xatırlamıram. O, nə vaxtsa tam inamla, cingiltili bir «hə», yaxud ötkəm və zəhmli şəkildə «yox» da deməyib.

Sanki onun bütün ömrü televiziya ekranındakı təsvirlər kimi gəlib keçib. Kadrlar, üzlər, səslər dəyişib, xeyirlə şər baş-başa verib, harayasa tələsiblər. Sevdiyim qadın isə üzünü həmin ekrana tərəf tutsa da, həmişə daha vacib işlərlə uğraşıb.

Anamın artıq yuxuya getdiyindən əmin olduğum üçün evə yollandım. Hətta o ara Yelena Borisovnaya: «Gedək bizə» də demədim. Heç əlindən də tutmadım onun.

Bir də baxdıq ki, bizim evdəyik. Və bu hadisə iyirmi il bundan əvvəl oldu. Bu iyirmi ildə neçə dostumuz aşiq oldu, evləndi və boşandı. Onlar bu barədə şeirlər və romanlar yazdılar. Bir respublikadan digərinə köçdülər. Peşələrini, inanclarını, adətlərini dəyişdilər. Bəziləri dissident oldu, bəziləri isə əyyaş. Özlərinin və başqalarının canlarına qıydılar.

Çevrəmizdə gözəl və sirli dünyalar yaranır və gurultuyla qeybə qarışırdı. İnsanlararası bağlar hədsiz gərilmiş simlər kimi qırılırdı. Yeni dost-tanışlar peyda olur və səadət axtarışları sonucu məhvə sürüklənirdilər.

Bəs biz? Həyatın bütün cilvələrini və dəhşətlərini biz içimizdəki yeganə nemət sayılan biganəliklə qarşılayırdıq. Doğrudan da, qumluqdan ucaldılan qaladan daha davamlı nə var həyatda?! Bəyəm ərlə arvadın xaraktersizliyi qədər ailəni möhkəmləndirən, bu birliyə yenilməzlik verən başqa nə isə tapmaq olar görəsən?! Özünü necə qoruyacağını bilməyən, lakin bir-birinə meydan oxumağından da qalmayan iki ölkədən daha yaxşı dueti necə tapasan?!

Mən böyük tirajla çıxan qəzetdə çalışırdım. Maaşım yüz manata yaxın idi. Bundan başqa xırda-xuruş əlavələr də ödəyirdilər. Məsələn, yadımdadır, «İstehsal üsullarının daha da təkmilləşdirilməsinin təmininə görə» hər ay dörd manat pul alırdım. Bir çox jurnalistlər kimi, mən də bir roman yazmaq arzusundaydım.

Həm də jurnalistlərin çoxundan fərqli olaraq ədəbiyyatla ciddi məşğul olurdum. Buna rəğmən, nüfuzlu ədəbi jurnallar əlyazmalarımı bəyənməyib geri qaytarmışdı. İndi mən buna ancaq sevinə bilirəm. Mövcud senzura ucbatından mənim püxtələşmə dövrüm düz on yeddi il sürdü. O illərdə çap etdirməyə çalışdığım hekayələr indi mənə tamamilə vecəyaramaz təsir bağışlayırlar. Elə bircə onu deyim ki, hekayələrimdən biri «Fainanın taleyi» adlanırdı.

Lena mənim hekayələrimi oxumazdı. Bunu ona təklif də etmirdim. Özü isə buna maraq göstərmirdi.

Bir qadın rus yazıçısı üçün üç şey edə bilər. Onu yedirə bilər. Onun dahiliyinə tam səmimiyyətlə inanar. Və nəhayət, qadın onu rahat buraxa bilər. Yeri gəlmişkən, bu üçüncü şərt əvvəlki ikisiylə birlikdə də keçərlidir.

Lena hekayələrimə maraq duymurdu. Mənim hansı təşkilatda işlədiyim barədə də məncə, o, hər hansı təsəvvürə malik deyildi. Bircə onu bilirdi ki, nələrsə yazıram.

Mən də onun məşğuliyyətindən elə o qədər xəbərdar idim.

Əvvəllər arvadım bərbərxanada işləyirdi. Həmin o seçkilər əhvalatına görə onu işdən çıxartdılar. Gedib, korrektor işinə girdi. Sonradan, həm də heç gözləmədiyim halda Poliqrafiya İnstitutunu bitirdi. Yanılmıramsa, idman üzrə ixtisaslaşan bir nəşriyyata işə düzəldi. Maaşı da mənimkinin iki misliydi.

Aramızda hansı bağların olduğunu söyləmək çətindir. Adətən iş-güc barədə danışırdıq. Özümüzə görə dostlarımız vardı. Oxuduğumuz kitablar da fərqlənirdi. Hansı kitab əlinə yaxın idisə, arvadım ancaq onu açırdı. Həm də harasından gəldi oxuyurdu.

Əvvəl-əvvəl onun bu hərəkətindən cırnayırdım. Sonradan anladım ki, əlinə ancaq yaxşı kitabları alır. Bu barədə mənim tayım deyil. Məsələn, mən təsadüfən bir kitabı açası olsam o, mütləq «Xam torpaq» olur…

Beləcə, həm yanaşı, həm də ayrı-ayrılıqda yaşayırdıq. Nadir hallarda bir-birimizə hədiyyələr verərdik. Hərdənbir ona deyirdim: «Sırf məzə üçün gərək sənə gül dəstəsi bağışlayım».

Lena söz altda qalmırdı:

- Mənim hər şeyim var…

Heç mən də ondan hədiyyə-filan ummurdum. Bu, daha əlverişliydi.

Bir ailə tanıyırdım. Ər ta səhərdən gecə düşənə qədər işləyirdi. Arvad isə evdə televizor seyr edir və dükan-bazarı dolaşırdı. Həm də deyirdi ki: «Ərim Marikin ad gününə elə gözəl tül pərdələr almışam ki, ağlın gedər!..»

Bu minvalla, dörd ili yola verdik. Sonra qızımız Katya dünyaya gəldi. Bu doğumun ardında nə isə qəribə bir ciddiyyət və möcüzə intizarı vardı. Əvvəlcə iki nəfər idik, sonra şıltaq, hay-küyçü, daim diqqət uman üçüncü adam aramızda peyda oldu.

Qızımızı biz sadəcə sevirdik, tərbiyə eləməyə can atmırdıq. Həm də ki o, beşaylığından sonra vaxtaşırı xəstələnirdi.

Bir sözlə, yalnız qızımız doğulandan sonra biz evli olduğumuzun fərqinə vardıq. Katya bizdən ötrü nikah şəhadətnaməsini əvəz elədi.

Yadımdadır, bir dəfə uşaq arabacığıyla «Avrora» jurnalının redaksiyasına getmişdim. Qonorar kimi bir az alacağım vardı. Mühasib qadın siyahını açıb:

- İmzalayın, - dedi və əlavə elədi:

- Övlad sahibi olmadığınız üçün məbləğdən on altı manat tutmuşuq.

- Amma mənim qızım var.

- Bununla bağlı gərəkli sənədi təqdim eləməlisiniz.

- Buyurun, deyib, arabacıqdan pəmbə rəngli qundağı götürdüm. Onu baş mühasibin masasına qoydum. Bu sayədə on altı manat qabağa düşdüm o vaxt…

Arvadla münasibətlərimiz isə heç dəyişməmişdi. Artıq ortaq qayğı mənbəyimiz qarşılıqlı biganəliyimizin önünə keçmişdi. Məsələn, birlikdə qızımızı çimizdirirdik…

Bir gün Lena işə getdi. Mən isə evdə ləngidim. Həmişəki kimi, başım gərəkli kağız-kuğuzu axtarmağa qarışmışdı. Yanılmıramsa, nəşriyyatla anlaşmanın surətini axtarırdım.

Şkafları ələk-vələk edirdim. Yazı masasının siyirmələrini bir-bir açıb baxırdım. Hətta yatağın baş ucundakı tumbaya da baxmağa ərinmədim.

Oradakı bir qucaq kitab-jurnalın, köhnə məktubların altında mən bir albom tapdım. Bu, balaca, haradasa cib formatında fotoalbom idi. On beş karton səhifədən ibarət idi, qapağında qabartmalı göyərçin rəsmi vardı. Onu açdım. İlk fotolar saralıb, çatlamışdı. Bəzilərinin isə künc-bucağı qopmuşdu.

Bir fotoda yumrusifət uşaq iti tumarlayırdı. Daha dəqiq desəm, heyvana ehtiyatla toxunurdu. Tükləri pırtlaşıq it isə qulaqlarını başına qısıb durmuşdu. O biri şəkildə altı yaşlı qızcığaz özünün düzəltdiyi gəlinciyi köksünə sıxmışdı. Hər ikisinin üz-gözündən qüssə və çaşqınlıq yağırdı.

Sonra nəzərlərim ata, ana və qızdan ibarət bir ailə fotosuna sataşdı. Ananın əynində uzun plaş, başında isə samandan hörülmüş şlyapa vardı. Plaşın uzun qollarının altından barmaq ucları güclə sezilirdi. Arvadının əynindəki yun koftanın çiyinləri çıxıntılı idi, zülfləri və qaz parçadan şərfi isə diqqəti çəkirdi. Qız sərt tərzdə dönüb, kənarda nəyə isə baxırdı. Bundan dolayı onun payızlıq paltosu fotoda dumanlı çıxmışdı. Görünür kadra girməyən nə isə onun diqqətini çəkibmiş. Bəlkə bu, hansısa səfil it imiş. Arxa tərəfdə, ağacların ardında isə Çarskoye Selo liseyinin fasadı görünməkdəydi.

Sonrakı fotolarda üzlərinə məcburi təbəssüm qonduran qohumlar əks olunmuşdu. Şələbığ, ahıl dəmiryolçu, Leninin büstü yanındakı qadın, motosiklet sürən yeniyetmə. Bunların ardınca bir dənizçinin, daha doğrusu, kursantın fotosu gəlirdi. Onun necə ciddi-cəhdlə taraş olunduğu hətta fotodan da sezilirdi. Əlində inciçiçəyi dəstəsi tutan cavan qız isə bu kursantı heyranlıqla süzürdü.

Sonrakı dörd səhifədə sinif fotoları vardı. Bu şümal fotolardakı məktəblilərin üzündə qorxu və gərginlik ifadəsi donmuşdu. Çöhrələrində uşaq sevincindən əsər-əlamət yox idi. Orta hissədə bir qrup müəllim gözə dəyirdi. İkisinin yaxasında ordenlər vardı, yəqin veteran idilər.

Müəllimlərdən biri sinif rəhbəriydi. Onu təyin eləmək çətin deyildi. Ağbirçək qadın zorla gülümsəyən iki məktəbli qızı qucaqlamışdı.

Üçüncü sırada sol cinahdakı arvadımdır. Təkcə o, kameraya baxmır.

Bütün fotolarda onu tanıyıram. Bir qrup xizəkçinin çəkdirdiyi kiçik ölçülü şəkildə də, kolxoz kitabxanasının böyründə çəkilən çox xırda fotoda da. Hətta gənclər xoru üzvlərinin kollektiv şəklində də – bu fotonun üzü indiyədək çox üzlər görüb yəqin.

Nimdaş ayaqqabılar geyinmiş o qaşqabaqlı qızcığazı dərhal başqalarından seçirəm. Budur, ucuzvarı çimərlik paltarındakı utancaq cavan qız nəhəng «Yevpatoriya» yazısının yanında dayanıb. Kolxoz kitabxanasının böyründə duran, başı ləçəkli tələbə qız da odur. Bütün şəkillərdə ən qüssəli üz onunkudur. Bir neçə səhifəni də çevirirəm. Altıbucaqlı kepka qoymuş bir cavana, dirsəklənmiş qarıya və naməlum balerinaya sataşır baxışlarım.

Artist Yakovlevin fotosu keçir əlimə. Daha doğrusu, bu, onun açıqca kimi çap olunan fotosudur. Şəklin ətək qismində gözəl xətlə yazılıb: «Lena! Sənətə xidmət insandan bütün varlığını, həm də son zərrəsinədək qurban verməyi tələb edir. Rafiq Abdullayev»…

Sonuncu səhifəyə çatdım. Qəfildən nəfəsim daraldı. Nəyə heyrətləndiyimi heç özüm də dəqiq deyə bilmərəm. Ancaq yanaqlarımın pörtdüyünü sezirəm. Kvadrat biçimli bu son foto poçt markasından azca böyük olar. Şəkildəki adam peşə vərdişlərini itirmiş matadoru xatırladır: alnı ensizdir, saqqalı isə uzun.

Bu, mənim fotomdur. Səhv eləmirəmsə, ötənilki vəsiqəmdən qoparılıb. Şəklin küncündəki ağ köşədə zavod möhürünün izi də görünməkdədir.

Yerimdən tərpənmədən düz üç dəqiqə oturdum. Bayırda kompressor işləyir. Liftin qıcırtısı gəlir qulağıma. Mən isə oturduğum yerdəcə quruyub qalmışam.

Belə götürəndə, guya nə baş verib ki? Önəmli heç nə. Arvad öz ərinin fotosunu alboma qoyub da. Bu, normal haldır. Amma mən nədənsə görünməmiş təlaşa qapılmışdım. Bunun səbəblərini özüm üçün aydınlaşdırmaqdan ötrü fikrimi heç cür toplaya bilmirdim. Görünür, bu baş verənlərin ardında ciddi nə isə dayanırdı. Əgər mən bunun yalnız indi və ilk dəfə fərqinə varmışamsa, gör, bu uzun illər boyu sevgiyə necə də tamarzı qalmışıq onunla...

Baş verənləri saf-çürük etməyə özümdə güc tapmırdım. Sevginin həyatımda belə bir güc və önəm qazanacağını heç ağlıma da gətirməzdim. «Əgər indidən əl-ayağım titrəyirsə, bəs sonrası necə olacaq?» - deyə düşünürdüm. Nə isə, özümü ələ alıb, işə yollandım…

Aradan altı il ötdü, mühacirətə izn verildi. Yəhudilər tarixi vətənlərini gündəmə gətirdilər.

Əvvəllər kamil insan sayılmaq üçün adama bir dublyonka və namizədlik dərəcəsi bəs idi. Sonradan bunlara İsrailə dəvət də əlavə olundu.

İstənilən ziyalı bunun həsrətiylə yaşayırdı. Hətta mühacirət etməyəcəyini bilsə də. Belə də, hər ehtimala qarşı.

Əvvəl-əvvəl əsl yəhudilər köçüb, getdilər. Sonra əsli-kökü şübhə doğuranlar bunların ardınca yollandı. Bir il keçəndən sonra ruslara da izn verildi. İsrail sənədlərinə əsasən gedənlərin arasında bir tanışımız da vardı – keşiş Mavrikiy Rıkunov.

Budur, arvadım da mühacirət etmək qərarına gəldi. Mən isə qalmağa üstünlük verdim.

Niyə burada qaldığımı açıqlamam çətindir. Görünür, həyat məni bu cür vacib seçimlə qarşı-qarşıya qoymamışdı. Ya da ki, mən repressiyalara şüursuz şəkildə rəğbət duyurdum. Belə də olur. Türmədə yatmayan rus ziyalısının nə qiyməti var ki?!

Arvadım qərarının qətiliyi ilə məni yaman heyrətləndirmişdi. Axı, Lena üzüyolaydı, başqalarının iradəsiylə tez razılaşırdı. Qəflətən o, bunca ciddi və dönməz qərar vermişdi.

Ona xaricdən göndərilən izn sənədlərində qırmızı möhürlər vardı. Saqqallı və qaşqabaqlı adamlar gəlib-gedirdi yanına. Ona tənbəki kağızında yazılmış təlimatlar verib, gedirdilər. O ara etimadsızlıqla mən oturan tərəfə baxırdılar.

Mən isə ən son məqama qədər buna inanmadım. Çünki bütün bunlar tamamilə ağlasığmaz görünürdü mənə. Lap Marsa səyahət qədər.

And içərəm ki, sonuncu ana qədər buna inanmırdım. Nə isə bildiyim üçün inanmırdım. Adətən elə belə də olur.

Nəhayət, o lənətə gəlmiş an yetişdi. Sənədlər tam hazır idi, viza da alınmışdı. Katya topladığı konfet kağızlarını və markaları rəfiqələrinə bağışladı. Bircə təyyarə bileti almaq qalırdı.

Anam ağlayırdı. Lena qayğılar aləminə qərq olmuşdu. Mən artıq ikinci planda qalan birisiydim.

Heç əvvəllər də mən onun üfüqlərini daraltmırdım. İndi isə o, məni öz planlarına yerli-dibli qatmırdı.

Budur, Lena bilet almağa yollandı. Qayıdanda əlində bir qutu vardı. Mənə yaxınlaşıb, dedi:

- Bir az pulum qalmışdı. Bunu sənə pay aldım.

Qutunun içində xaricdə istehsal olunmuş poplin köynək vardı. Yanılmıramsa, Rumıniya malıydı. Dedim:

- Nə deyim, vallah, təşəkkürlər. Yaxşı köynəkdir, həm keyfiyyətlidir, həm də ciddi. Yaşasın yoldaş Çauşesku!

Ancaq o köynəyi mən haraya geyinəcəkdim ki? Həqiqətən ey, axı, haraya?!

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020