news-inner
clock12:01 calendar-gray 18 Aprel 2013 view-gray2033 dəfə oxunub
view-gray2033 dəfə oxunub

Kitablarını satdırmaq üçün özünü öldürdü

İl yarım ərzində - 1919-un payızından 1921-in yanvarına qədər mövcud olmuş Fiume Respublikası XX əsrin Avropasının ən əcaib dövləti idi. Adriatik dənizi sahilindəki liman şəhərinə o vaxtın İtaliyasının sosial tullantıları, oğruları, avaraları, işsizləri, kabare müğənniləri, fahişələri, hər cür başdanxarabları ilə yanaşı, həm də çeşidli millətçilər, anarxistlər, şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar toplaşmışdı. Bir sözlə, “bogema üçün kloaka”.

Bu dövlətin sakinləri öz şəhərlərini “Dünyanın yeganə və son azad adası” sayırdı. Buffonada kimi səslənən “Şairlər Respublikası” adlı bu dövlət dəniz quldurluğu, qaçaqmalçılıq və qonşu şəhərlərdən oğurluq hesabına yaşayırdı. Çörək çatışmayanda, adamlara kokain paylayırdılar. Respublikada musiqi təhsili məcburi idi və burada hər gün karnaval kimi keçirdi. Fiumenin mədəniyyət naziri məşhur bəstəkar Arturo Toskanini, xarici işlər naziri Belçika anarxisti Leon Koxnitski idi, maliyyə naziri əvvəllər oğurluğa görə 3 dəfə məhkum olunmuşdu.

Dövlətin başında isə Komandante (komendant) dururdu - öz dövrünün ən tanınmış şair və yazıçılarından biri, 57 yaşlı Qabriele D`Annuntsio...

***

“Mən həmişə hər şeyə və hamıya qarşı yaşamışam - özümü təsdiq edərək və məşhurlaşdıraraq. Mən tale ilə, hadisələrlə, mərclərlə, sfinkslərlə və ximerlərlə oynamışam” - “Gizli kitab”ında D`Annuntsio özü haqda yazırdı. Fransız şairi Andre Suares (1868-1948) isə onu bu cür xarakterizə edirdi: “Onun üçün sıradan bir adam olmaq ən böyük cinayət idi”.

Adı on illərlə Avropada guruldamış bu avantüristi xatırlamağa dəyər. Əlbəttə, o, epataj fiqurdu - ancaq onun epatajı sadəcə Söz oyunu deyildi, Əməl idi, praktikaydı. “Gözəllik siyasəti” termininin müəllifi, ömrünü ədəbi mistifikasiyaya çevirmiş oyunbaz, birinci faşist, fırıldaqçı, erotoman, əsilzadə, romantik, qorxu bilməyən döyüşçü, kütləni ekstaza salan natiq, duelçi, dövrünün ən dəbdə olan salon yazıçısı, yaramaz, yalançı, kilsədən qovulmuş bidətçi, kinik, Avropanın baş dekadenti - bunlar hamısı odur, Qabriele D`Annuntsio...

Qabriele dünyaya 1863-cü ilin 12 martında göz açır. Onun atası İtaliyanın Peskara şəhərinin meri idi. Deməli, uşaqlığı maddi sıxıntılarsız keçir.

Gələcək avantürist ilk epatajını 16 yaşında gerçəkləşdirir: Atasının maliyyəsi ilə nəşr etdirdiyi ilk kitabı satılsın deyə o, qəzetlərdən birində öz nekroloqunu yerləşdirir. 16 yaşında “ölən” şairin kitabını almaq üçün adamlar növbəyə düzülür. Kitab son nüsxəsinə qədər alınır. Yəqin elə bu fırıldaq da D`Annuntsioya ömürlük rola girmək zövqü aşılayır.

Sonra Romaya köçür, qəzetlərdə kübar xronikası rubrikasını aparır, çoxsaylı eşqlər yaşayır, duellərə çıxır. Bu duellərdən birində başından yaralanır. Həkim onun başına hansı dərmanı sürtür- deyə bilmərik, ancaq bundan sonra o, ömürlük keçəl qalır.

Romanlar və şeirlər yazır, dramları teatrlara yol tapır. İtaliya parlamentinə seçilir, varlanır və tez də müflisləşir. O qədər dərin borc quyusuna düşür ki, xilası Romadan Parisə qaçmaqda görür. Elə bu vaxt Argentinada varlanmış italyan mühacir Covanni del Quççodan Latın Amerikasına gəlmək və mühazirələr oxumaq təklifini alır. Del Quçço ona iri məbləğdə avans da verir. “Əvvəlcə Parisə gedib dişlərimi təmir etdirməliyəm” deyən D`Annuntsio avansı da götürüb Fransanın paytaxtına yollanır və düz 8 il orada qalır. Argentinaya, təbii ki, getmir.

Onun Paris dövrü həm də bir ədib kimi zəfər dövrüdür. Əsərləri tamaşaya qoyulur, ssenariləri əsasında filmlər (təbii ki, lal) çəkilir. 1911-ci ildə Klod Debüssinin musiqisi ilə onun “Müqəddəs Sebastyanın əzabkeşliyi” dramının tamaşası olur. Sebastyanın rolunu qadın oynayırdı! - üstəlik də bu qadın yəhudi idi. Söhbət İda Rubinşteyndən gedir.

Tamaşa D`Annuntsionu katolik kilsəsi ilə düşmən edir və həmin ilin mayında Müqəddəs Konqreqasiya xüsusi dekretlə onu kilsədən kənarlaşdırır, katoliklərə isə onun tamaşalarına getmək və əsərlərini oxumaq qadağan edilir. D`Annuntsionun Vatikanla münasibətləri bir də 25 il sonra - onun ölümü ərəfəsində düzəlir.

D`Annuntsionun Paris dövrü ona “Böyük məşuq” titulunu qazandırır. Aysedora Dunkan onun haqqında yazmışdı: “Bu dazbaş, diqqət cəlb etməyən cırtdan adam qadınlarla danışanda göz önündə dəyişir və az qala Apollona çevrilirdi. Çünki, onun təlqini altında hər bir qadın özünü Kainatın mərkəzi hesab etməyə başlayırdı”.

Ancaq bütün populyarlığına baxmayaraq, hər kəsə elə gəlirdi ki, artıq 1910-cu illərdə D`Annuntsio bir ədib kimi tükənib, karyerası isə bitib. O, get-gedə daha az yazır, nə deməliydisə artıq deyib, yaşı da 50-ni ötürdü. Bu yaşdan sonra insana öz həyatının yeni istiqamətini tapmaq üçün hansısa qeyri-adi, fövqəladə hadisənin baş verməsi gərəkdir. Belə bir hadisə baş verdi - 1914-cü ildə Sarayevoda səslənən güllələrlə 1-ci Dünya Müharibəsi başladı.

***

D`Annuntsio müharibəni Fransada qarşılayır, İtaliya və ABŞ qəzetlərinin hərbi müxbiri kimi cəbhəyə yollanır. O, xəbərlərini şeir formasında yazır və bu şeirlərdə vətənpərvərlik kimi sırınan müharibəyə çağırışın dozası çox güclü olur. İtaliyada oxucular onları əzbərləyirlər. 1915-ci ildə İtaliya müharibəyə qoşulanda, “Böyük İtaliya” arzusunda olan irredentistlər (“əyilməzlər”) onu lider kimi Romaya çağırırlar.

Yazıçı əvvəlcə tərəddüd edir: Fransada ona xoşdur, burada komfort, məşuqələr, atlar, köpəklər - hər şeyi var. Ancaq avantüra damarı üstün gəlir. Fransa-İtaliya sərhədində onu başda əfsanəvi Haribaldinin nəvəsi Peppino olmaqla yüzlərlə insan qarşılayır, Genuyaya doğru irəlilədikcə bu dəstəyə daha kimlər qoşulmur ki! - senatorlar, yüksək rütbəli zabitlər, Romanın və Neapolun meri... D`Annuntsio anlayır: müharibə böyük bir tamaşadır, o isə bu tamaşada baş rolun ifaçısı ola bilər. Baş roldan kiçik bir rola o, razı deyil.

Genuyada, Kvarto meydanında o, çoxminlik kütlənin qarşısında təntənəli bir nitq söyləyir. Onu alqışlayırlar, ona inanırlar, onun ardınca hara desə getməyə razıdırlar. O, şöhrətin şüalarına bələnib. Və Genuyadan Romaya gələn D`Annuntsio buradakı mitinqdə ilk dəfə sonralar faşistlərin və nasistlərin salamlaşma formasına çevriləcək məşhur jesti (qol çiyin səviyyəsində irəliyə) işlədir. Bəli, ona ilk faşist deyənlər yanılmır. Faşistlərin də, nasistlərin də çox cüzi hissəsi Nitsşeni oxumuş, Vaqneri dinləmişdi. Onların yerinə bu “işlər”i D`Annuntsio görmüşdü. Kobud gücə sitayişi, “fövqəlinsan” anlayışını təhrifli formada kütləviləşdirən ilk intellektual da elə D`Annuntsio olmuşdu. Həmin vaxt Mussolini hələ sosialist qəzetlərində jurnalist idi.

1915-ci ilin 23 mayında İtaliya Avstriyaya müharibə elan edir. D`Annuntsio dərhal döyüşən orduya, Venesiyaya yollanır. Onun rütbəsi kapitandır, ancaq səlahiyyətləri qeyri-məhduddur. O, cəsarətlə döyüşür, müharibədə bir gözünü itirir, sonralar “dənizlərin və səmaların qəhrəmanı” titulu qazanması isə həm gəmidə, həm də o vaxtın hərbi üçün yeni olan təyyarədə hücumlarda iştirakı ilə bağlıdır. Onun artıq 52 yaşı var, ancaq pilotluq edir, Vyananı bombalayır, hətta Berlinə hava hücumunun planını hazırlayır. Berlin əməliyyatı yalnız ona görə baş tutmur ki, bu kamikadze hücumuna (yanacaq azlığından geriyə dönüş mümkün olmayacaqdı) ordu rəhbərliyi icazə vermir. Bütün bu müddətdə o, romanlar, poemalar, qəzet məqalələri, hərb nəzəriyyəsinə dair məruzələr yazır...

1918-ci ilin 3 noyabrında müharibə bitir. Həmin gün D`Annuntsio gündəliyində yazır: “Dinc həyatın üfunətini hiss edirəm”. Bütün dünya sevinir, o isə artıq darıxır. Ancaq bu darıxma hissi uzun çəkmir.

***

Versal danışıqlarında qaliblər İtaliyanın xətrinə dəyirlər - piroq bölgüsündə ona pay düşmür. Bu, bütün Dalmatiyanı və yuqoslavlara verilən bəzi əraziləri özündə görmək istəyən İtaliyada böyük narazılığa səbəb olur. Narazılıqların başında arditilər (“qaynar başlar”) - elitar hərbi birləşmələrin veteranları gedir. Onlar da lider axtarışında gözlərini yenə D`Annuntsioya dikirlər.

1918-ci ilin 30 oktyabrında yuqoslavlara verilmiş Fiume şəhərində (hazırda bu, Xorvatiyanın Rieka şəhəridir) əhali üsyan qaldırır. Burada yaşayanların 80 faizi italyandı və onlar İtaliyaya birləşmək istəyirlər. Sonrakı ilin aprelində Fiumedən onun yanına nümayəndə heyəti gəlir və yazıçıya yeni dövlətin rəhbəri olmağı təklif edirlər. D`Annuntsio tərəddüddədir, ancaq “va-bank getmək” qərarını verir. “İde nasionale” qəzetində “İtaət etməyəcəm!” adlı manifestini çap edir, tərəfdarlar toplayır və Fiumeyə yollanır. Sərhəddə onun bir neçə minlik ordusuna mane olmağa cəhd edən general Pattaluqaya sinəsini açaraq “Bacarırsızsa, atəş açın” deyir. Və möcüzə - Pattaluqa bütün ordusu ilə onun tabeçiliyinə keçir.

1919-cu ilin 12 sentyabrı, günortaya yaxın D`Annuntsionun ordusu bir güllə də atmadan Fiumeyə sahib olur. Yerli əhali onu dərhal Komandante elan edir (bu adla onu ömrünün sonunadək çağıracaqlar). İtaliya hökuməti və kral üçün bu, pat vəziyyətidir: bir tərəfdən onlar Fiumeni İtaliyanın tərkibində görmək istəyirlər, digər tərəfdən isə Versal danışıqlarına görə, şəhər yeni yaranan Yuqoslaviyaya verilir. Odur ki, kral şəhəri blokadaya alır, ancaq hücum əmri vermir.

D`Annutsionun “Fiume dövrü” başlayır. O, Mussoliniyə məktub yazaraq onu passivlikdə suçlayır, gələcək Duçe isə hadisələrin hansı yöndə inkişaf edəcəyini izləyərək Fiumeyə gəlmir.

D`Annuntsio özünün “Şairlər Respublikası”nın konstitusiyasını yazır - şeir formasında. Burada “Əzilən xalqlar Liqası” yaradaraq Sovet Rusiyasına müraciət edirlər. Rusiya isə baş verənlərə haqlı olaraq inqilab yox, əks-inqilab kimi baxdığından, susur. Komandantenin dövləti yalnız Kataloniya separatçıları və Meksika üsyançıları arasında dəstək tapır.

Blokada davam etdikcə, pirat reyslərinin uğuruna baxmayaraq, şəhərdə aclıq başlayır, ancaq Fiume təslim olmur. Hər şey onunla bitir ki, 1920-ci ilin noyabrında İtaliya şəhərin yuqoslavlara verilməsini təmin edən Rapallo sazişini imzalayır. Vəssalam, daha D`Annuntsionun burada qalmasına heç bir dəlil-əsas olmur. Və 1921-ci ilin ilk günündə o, Fiumeni tərk edir. Ancaq əvvəlcə bütün iştirakçılar üçün toxunulmazlıq və əfv almağa nail olur.

Bununla da, D`Annuntsionun “Fiume ömrü” bitir və sonuncu ömrü başlayır.

***

“Fiume epopeyası”nda onun sosial bazası o qədər çeşidli idi ki (millətçilər, anarxistlər, sosialistlər, faşistlər, monarxistlər, lümpenlər...), hələ uzun müddət D`Annuntsio sadə italyanların müxtəlif təbəqələri üçün milli qəhrəman olaraq qalır. Ancaq o, yorulub, üzülüb. Və Qarda gölü sahilində villa alaraq oraya köçür.

Partiarxın payızı başlayır. Bu kədərli komik tamaşa 15 il uzanır.

İtaliyada isə hakimiyyətə Mussolini gəlir. D`Annuntsio həmişə Mussoliniyə yuxarıdan aşağı, qeyri-ciddi personaj kimi baxıb, Duçe isə müəllimi qarşısında müqəddəs bir qorxu hissi keçirərək onu özünə rəqib sayıb. Ancaq qaydalar artıq dəyişib.

Mussolini qocalan yazıçıya münasibətdə praqmatik mövqe sərgiləyir: Onun bütün istəklərini gerçəkləşdirir, ancaq siyasətin yaxınlığına buraxmır. D`Annutsioya qarşı açıq-aşkar çıxmaq qorxuludur - onun itaətində hələ də minlərlə arditi və Fiume legionçusu var. Duçe onun irsini öyrənən xüsusi institut təsis edir, ona akademik adı verir, villasının xərclərini boynuna çəkir, xırda xahişlərini yerə salmır. Neytrallaşan D`Annutsionun arditiləri sürətlə Duçenin faşistlərinə qaynayıb qarışır və budur - köhnə Qəhrəmandan yalnız quru can qalıb. Daha onu hesabdan silmək olar.

D`Annuntsio öz həyatı ilə təsdiqləyir: Xalqı idarə etmək oxucunu əyləndirməkdən nə asandır, nə də çətin. Ancaq hər ikisində gec və ya tez nüfuzunun itirilməsi ilə barışmalısan.

Yazıçı və diktator 1927-ci ilə qədər az qala hər gün məktublaşırlar. D`Annutsio Mussolinini gah hədələyir, gah tənqid edir, gah utandırır, gah da acizanə xahişlərdə bulunur. Və son - kapitulyasiya. Qoca yazıçı uduzduğunu boynuna alaraq ötən macəralarının zəif istisinə sığınır. Son illər o, “Vittoriale” villasını praktik olaraq tərk etmir, heç kəslə görüşmək istəmir, 1938-ci ilin 19 sentyabrında ölüm 75 yaşlı D`Annuntsionu axtarıb tapır.

Mussolini onun üçün təntənəli dəfn mərasimi düzəldir...

Oxşar xəbərlər

Xəbər lenti