news-inner
clock18:11 calendar-gray 01 Aprel 2013 view-gray3444 dəfə oxunub
view-gray3444 dəfə oxunub

“Bu, dövlətin əsaslarını sarsıtmaqdır”

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu “Qafqazinfo”ya verdiyi müsahibədə bəzi Avropa ölkələrində olduğu kimi, dinin rəsmi din elan olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyini söyləyib. O, islam dininin ölkədə rəsmi din elan olunmasına ehtiyac olduğu fikrini səsləndirib.

Məsələyə münasibət bildirən tarix elmləri namizədi Altay Göyüşov Kulis.az -a açıqlamasında bildirib ki, Avropanın bir neçə ölkəsində dinin rəsmi dövlət dini kimi qəbul olunması monarxiya quruluşu ilə bağlıdır: “Lixtenşteyn, Monako, Andorra kimi cırtdan ölkələri göstərmək olar ki, onların bəzilərində həm də formal olaraq monarxiya quruluşu qalır. İri dövlətlərdən Danimarkanı qeyd edə bilərəm. Britaniyada çox maraqlı situasiya yaranıb. İngiltərədə anqlikan, Şotlandiyada isə presbiterianizm kilsəsi dövlət dinidir. Yəni elə dövlətlər var ki, orda bir yox, iki dövlət dini var. Bu da xristianlıq daxilindəki konfessional fərqlərlə bağlıdır. Finlandiyada da eyni vəziyyətdir, orda da lüteran və ortodoks kilsəsi dövlət dinidir. Bu tarixən belə formalaşıb. Amma burda məsələnin məğzi ondan ibarətdir ki, bu artıq keçilmiş mərhələ sayılır.

Eyni zamanda bizim qonşu Ermənistanda Qriqoryan kilsəsi dövlət dini sayılır. Gürcüstanda gürcü-ortodoks kilsəsi dövlət dini sayılmasa da ona elə bir əlahiddə status verilib ki, o da təxminən dövlət dini kimi qəbul olunur. Yunanıstanda da ortodoks kilsəsi dövlət dinidir. Avropa ölkələrinin böyük əksəriyyətində isə rəsmi dövlət dini yoxdur.

Məsələ bundadır ki, indi istiqamət tamam başqadır. Yəni Gürcüstan və Ermənistanı çıxmaq şərti ilə yeni tendensiya ondan ibarətdir ki, dövlət dini anlayışı Avropa dövlətlərinin konstitusiyalarından çıxarılıb. Azərbaycanda islam dininin rəsmi dövlət dini kimi qəbul olunması düşünürəm ki, əlavə problemlər yarada bilər. Bu məsələ demokratik, dünyəvi dövlət üçün əhəmiyyət daşıyan bir məsələ deyil. Heç də hansısa bir dinin dövlət dini elan olunması o dinin həmin ərazidə və ya ictimai həyatda rolunun artmasına təsir göstərmir. Məsələn, Avropada, İngiltərədə anqlikan kilsəsi dövlət dini hesab olunur, amma faktiki ABŞ-da dövlət dini yoxdur. ABŞ sekulyar dövlətdir və bütün dinlərə bərabər şərait yaradır. Amma ABŞ-da dindarlığın səviyyəsi Avropadan qat-qat artıqdır”.

A. Göyüşov Azərbaycanda dinin rəsmi dövlət dini olunmasını prioritet məsələ hesab etmir: “Müasir dövlətin qarşısında duran əsas məqsəd konstitusiyada yazıldığı kimi xalq hakimiyyətinin tətbiq olunmasıdır, bu şeylər bu saat daha çox prioritet təşkil edir, nəinki istiqaməti bu cür qeyri-aktual məsələlərə yönəltmək. Azərbaycan demokratik quruluşlu, dünyəvi dövlətdir. Din dövlətdən ayrılıb. Formal olaraq bütün dinlərə azad, bərabər şərait yaradılıb. Biz deyirik ki, dövlət qurumları dinin işinə müdaxilə etməməlidir, belə olanda etiraz edirik, amma həmçinin dininin dövlət işlərinə müdaxilə etməsi də yolverilməzdir. Dövlət dininin elan olunması isə məhz dinin dövlətin işlərinə müdaxiləsi anlamını verəcək. Bu gün dövlət dini anlayışı qəbul edilsə, sabah o dinin hansısa təəssübkeşi haqlı olaraq dövlətin qanunlarının həmin bu dinin şərtlərinə uyğunlaşdırılmasını tələb edə bilər. Bu isə birbaşa qurmaq istədiyimiz demokratik dünyəvi dövlətin təməlini sarsıtmaqdır. Hansısa simvolik nümunələri misal gətirib dünyəvi dövlətin dini dövlətə çevrilməsi istiqamətində addımlar atmaq bəlkə kiminsə əqidəsinə uyğundur, bütövlükdə isə cəmiyyətin istəyinin tam əksinədir.

Hesab edirəm ki, bu müasir dövrün inkişaf tendensiyalarına, müasir dövlətçilik düşüncəsinə uyğun gəlməyən məsələdir. Bu gün din hər bir fərdin öz işidir, hər hansı bir dinə rəsmi dövlət dini statusu verilməsi, ona əlahiddə şərait yaradılması bərabərlik məsələsinə ciddi sual yaradır. Çünki biz eyni zamanda elan etmişik ki, bütün dinlər bərabərdir.

Bu gün Ermənistana, Gürcüstana bu məsələ ilə bağlı çoxlu sayda iradlar var ki, onlarda hansısa kilsənin dominantlığı təmin olunur. Bu onların müsbət yox, mənfi tərəfidir. Biz onların neqativlərini əxz etməməliyik”.

Tarixçi-alim islam dinin rəsmi din olunacağı təqdirdə məzhəblər arası problemin yaranma ehtimalına da diqqət çəkdi: “Başqa bir məsələ də var. Bu da həmin o prinsipin həyata keçirilməsi mexanizmlərinin faktiki yoxluğudur. Baxın, həmin o Avropa ölkələrində xristian dini rəsmən dövlət dini elan olunmur, onun konkret forması dövlət dini elan olunur. Tutaq ki, Finlandiyada deyilmir ki, xristian dini dövlət dinidir. Konkret olaraq, lüteran və pravoslav kilsələrinin adı göstərilir. Əgər Avropa ilə müqayisə gedirsə, belə bir şərait yarananda nə olacaq?! Yunanıstanda demir ki, xristian dini dövlət dinidir, konkret göstərir ki, pravoslav kilsəsi dövlət dinidir. Bəs Azərbaycanda necə olacaq? Ölkədə axı sünnilər, şiələr var. Avropa nümunəsini olduğu kimi tətbiq etmək olmur. Dediyim kimi özünəməxsus xüsusiyyətlər var. Avropada konkret konfessiyanı rəsmi dövlət dini elan edirlər, bəs burda necə olacaq? Unutmaq olmaz ki, Cümhuriyyət qurucularının əsas amallarından biri Azərbaycanda tarixən mövcud olmuş sünni-şiə parçalanmasını aradan götürmək idi. Bunun yolu hansısa konfessiyanı rəsmi dominant elan etmək deyil, bütün dinlərə, məzhəblərə bərabər şərait yaratmaqdır.

Düşünürəm ki, bu debatların açılması qətiyyən müasir dövrlə səsləşmir. Azərbaycan özünü 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin varisi elan edib. Həmin cümhuriyyət sekulyar respublika idi, cümhuriyyət qurularkən ilk atılan addımlardan biri məhz şəriət məhkəmələrinin ləğvi idi. Dünyəvilik bizim cümhuriyyətin təməl prinsiplərindəndir. Bəli bayraqda İslamın rəngi var, amma bu İslama əlahiddə status verilməsi deyil, yerli xalqın mədəni kimliyinə işarədir, dünyəvilik isə onun dövlət kimliyinin təməllərindəndir. İslam mədəniyyətinin təsiri ilə formalaşmış Azərbaycan xalqının dünyəvi dövlət qurması onun müasir kimliyidir, keçdiyi inkişaf yolunun göstəricisidir.

Dini qüvvə ictimai-siyasi həyatda iştirak etmək istəyirsə, unutmamalıdır ki,, o, sadəcə əhalinin müəyyən qisminin iradəsinin ifadəçisidir. O ictimai-siyasi hərəkat kimi demokratik yarışa girişə bilər, amma dünyəvi dövlət həm də ölkədə o dini qəbul etməyən, ateist olan, İslam dininə mənsub olmayan insanların da hüquqlarının, müxtəlif əqidələrin dinc yanaşı yaşaya bilməsinin təminatçısıdır. İranda dövlət dini islamdır, dinindən, əqidəsindən asılı olmayaraq qadınların hamısına hicab geyməyə məcbur edirlər. Yaxud Səudiyyə Ərəbistanında də kilsə tikmək qadağandır. Məncə əksəriyyətiniz razılaşarsınız ki, bunlar Azərbaycan dövlətinin, Cümhuriyyətinin, xalqın çoxluğunun idealı deyil.

Rəsmi dinin yenidən konstitusiyaya qaytarılması Azərbaycanın təməli 1918-ci ildə qoyulmuş dünyəvi Cümhuriyyət ideallarından imtina etməsi olar”.

Oxşar xəbərlər