news-inner
clock15:00 calendar-gray 25 Fevral 2013 view-gray2896 dəfə oxunub
view-gray2896 dəfə oxunub

“Osmanlıdan tərcümə türkdə, bunu bilməm” deyən Sabir haqlıdırmı? - SORĞU

Türkiyə türkcəsindən yüz il qabaq Sabir “Osmanlıdan tərcümə türkə, bunu bilməm” misrası ilə öz mövqeyini bəyan edirdi.

Bir müddət əvvəl Azərbaycan teleefirində türkcə filmlərin, teleserialların yayımı qadağan edildi, türk dili xarici dil statusu verildi.

Amma bu qadağadan əvvəl də, sonra da türk dilindən dilimizə müxtəlif əsərlər çevrilirdi.

Türk dilindən tərcümə etmək doğrudurmı və bu dildən edilən tərcümələr nə qədər uğurludur?

Kulis.az bu sualla alim və tərcüməçilərə müraciət edib...

Millət vəkili, Azərbaycan Atatürk mərkəzinin sədri Nizami Cəfərov Türkiyə türkcəsindən ana dilimizə tərcümə ənənəsinin olduğunu

bildirdi: “XX əsrin əvvəllərində Mirzə Ələkbər Sabir də buna etiraz etmişdi ki, bu dillər arasında tərcüməyə ehtiyac yoxdur. Amma o vaxt dillər arasında fərq də az idi. 30-cu illərdə Türkiyə türkcəsində “Özləşmə” adlanan proses getdi və fərqli sözlər yarandı. Buna görə də bədii mətnlərin tərcümə məsələsi meydana çıxdı. 20-30–cu illərin əvvəllərinə qədər Azərbaycanda türkiyəli müəllimlər dərs deyirdi, hətta dərslikləri onlar yazırdılar. Ona görə də uyğunlaşma, yaxınlıq var idi. Məsələn, Səməd Vurğunun dilinə fikir versəniz görərsiniz ki, onun şeirlərində çoxlu türk sözləri var. Hüseyn Caviddən isə danışmağa dəyməz. O, demək olar ki, türkcə yazırdı. Sonrakı dövrdə əlaqələr kəsildi və fərqlər əmələ gəldi. 50-60-cı illərdən tərcümələr başladı. Türkiyəli yazıçılar və şairlərin əsərləri dilimizə tərcümə olundu. İndi türkcə əsərləri daha çox orijinalda oxumaq meyli yaranıb. Mən özüm də türkcə oxuyuram, o mətnlərin ana dilimizdəki variantını oxumuram, daha doğrusu oxuya bilmirəm. Mənim kimi ölkədə minlərlə insan var ki, məhz türkcə oxuyur. Tərcümə ənənəsi var, ancaq getdikcə bu ənənəyə ehtiyac qalmayacaq. Bədii mətnlər mütləq tərcümə olunmalıdır və yaxud olunmamalıdır deməkdə çətinlik çəkirəm”.

““Adını “uyğulama” qoyub əndrəbadi mətnləri oxuculara sırıyanlar kifayət qədərdir”

Orxan Pamukun “Mənim adım Qırmızı”, “Qara kitab”, Elif Şafakın “Eşq”, İskəndər Palanın “Şah və Sultan”, “Od” və bir sıra başqa əsərləri türkcədən dilimizə çevirən yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı Azərbaycan ədəbi mühitində Anadolu türkcəsindən dilimizə tərcümənin zəruriliyinə ehtiyac olmadığı barədə fikirlərin formalaşmasından narahatlığını ifadə etdi: “Adını “uyğulama” qoyub əndrəbadi mətnləri oxuculara sırıyanlar kifayət qədərdir. Bu da Azərbaycan türkcəsinin korlanmasına gətirib çıxarır. Çünki Anadolu türkcəsində aldadıcı – formaca dilimizdəkilərə oxşar, mənaca tamam fərqli sözlər istənilən qədərdir. Nəticədə, məsələn, “merdiven” (pilləkən) “nərdivan”, “leylak” (yasəmən) “leylək” kimi təqdim olunur, gülməli-ağlamalı məna təhrifləri meydana çıxır. Görkəmli türkoloq professor Əsgər Rəsulovun “Tərcümə nəzəriyyəsində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyasında dilimizə çevrilmiş əsərlərdən çoxlu bu cür misallar gətirilib. Belə təhriflər son vaxtlar daha geniş miqyas alıb, bu da Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə barmaqarası münasibətlə bağlıdır. Əslində, qohum dillərdən tərcümə tanış və aldadıcı sözlərlə əlaqədar daha çətindi və təbii ki, daha artıq məsuliyyət tələb edir. Başa düşənlər qoy Türkiyə türkcəsində oxusunlar, amma Azərbaycan türkcəsinə çevirmə nəinki lazımdı, hətta zəruridir”.

N.Əbdülrəhmanlı deyir ki, bəzi tərcüməçilər bu işə barmaqarası baxırlar: “Tərcüməyə barmaqarası, “uyğulama” kimi baxırlar. İkinci, belə “tərcümə”ylə türkcənin qatlarına, gizlinlərinə bələd olmayanlar məşğul olur. Mənim əlimin altında beş cildlik “Böyük türk sözlüyü” var, şübhələndiyim sözləri, ifadələri orda axtarıram. Ümumiyyətlə, bədii tərcüməylə məşğul olan kəsin kifayət qədər yazı təcrübəsi olmalıdı, öz dilini mükəmməl bilməlidi. Türk dilini Facebookda yazdığı statuslar səviyyəsində bilən kəslərdən mükəmməl tərcümə gözləmək çətindi. Ola bilsin ki, bu “kütləvi tərcümə” gələcəkdə bir neçə peşəkarın formalaşmasına səbəb olsun”.

“Mətni Türkiyə türkcəsində qavraya biliriksə niyə o cür də oxumayaq?!”

“525-ci qəzet”in redaktoru, tərcüməçi Yaşar Əliyev bütöv mətni saxlayıb, Azərbaycan dilində işlək olmayan sözlərin izahını verməyi məqbul hesab edir: “Türkcədən dilimizə tərcüməyə ehtiyac yoxdur. Biz mətni Türkiyə türkcəsində qavraya biliriksə niyə o cür də oxumayaq?! “Xəzər” televiziyası Kamal Sunalın filmlərini dublyaj edir. Filmdə hamı Azərbaycan dilində danışır, yalnız Kamal Sunal türkcə danışır. Yalnız onun danışığı koloriti saxlayır. Bizim dildə belə dublyaj gülməli səslənir. Bu nümunədə fərq özünü göstərir. Təxminən 15 il bundan əvvəl insanlar türkcəni o qədər anlaya bilmirdilər. Ancaq son illərdə dil baryeri xeyli itib. Ona görə də türkcə bədii mətnləri tərcümə edib dilimizə çevirməyə ehtiyac yoxdur”.

Y.Əliyev türkiyəli yazıçıların əsərlərindən başqa dünya ədəbiyyatı nümunələrinin də türkcədən dilimizə tərcümə olunduğunu söylədi: “Müəyyən əsərlərin ingilis, fransız, rus dilindən tərcümə olduğunu deyirlər. Ancaq qrammatikasına, təhkiyəsinə baxanda hiss edirsən ki, türkcədən çevrilib. Təəssüflər olsun ki, dünya ədəbiyyatından çox tərcümələri türkcədən edirlər. Halbuki orijinaldan olunan tərcümələr daha keyfiyyətli olur”.

“Şeirlərin tərcümə olunmasını istəməzdim”

Tərcüməçi Cavanşir Yusifli şeir mətnlərinin tərcümə olunmasının əleyhinədir: “Şeirlərin tərcümə olunmasını istəməzdim. Şeirlər olduğu kimi saxlanılsa daha yaxşı olar. Ancaq nəsr mütləq tərcümə olunmalıdır. İnsanların hamısı oxuduqlarını eyni dərəcədə başa düşmür. Bədii mətnlər mütəxəssislər tərəfindən tərcümə edilməlidir. Hal-hazırda Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə işi ilə təsadüfi adamların məşğul olması xeyli problemlər yaradır. Halbuki o “tərcüməçilər”in çoxunun tərcümə sənətinə aidiyyəti yoxdur. Orxan Pamuk və digər türkiyəli yazıçıların dilimizə tərcümə olunan əsərləri onu göstərdi ki, onların əsərləri dilimizə mütləq ixtisaslı tərcüməçilər tərəfindən çevirilməlidir”.

“Ciddi fərqlər qaçılmazdır”

Şair-tərcüməçi Azad Yaşar Türkiyə türkcəsindəki əsərlərin dilimizə tərcümə olunmasının tərəfdarıdır: “8 ilə yaxın türk inşaat şirkətində çalışmışam. Həmin dövrdə bu dilin texniki imkanlarına, söz bazasına və sintaksisinə yetərincə, həm də praktikada yiyələndiyim üçün aradakı ciddi fərqləri aydın şəkildə hiss edən, sezən biri kimi dilimizə tərcümə olunmasına müsbət yanaşıram. Çünki zamanın tələbləriylə ayaqlaşmaq lazımdır. Bəziləri deyir ki, orijinal türkcəsi olan bir mətnin tərcüməsini oxumağın nə mənası var? Amma qonşu dilə hər kəs eyni dərəcədə bələd deyil və ola da bilməz. Son onillikdə mən onlarla insanın, həm də kifayət qədər dərin intellekt sahibi insanın “Türkcə filmlərə baxıram, ancaq danışılanların 10-20 faizini anlayıram. Bundan artığına gücüm yetmədiyindən beynim yorulur və bezirəm” dediyinin şahidi olmuşam. Eyni fikirlər türkcə kitablar barədə də tez-tez təkrarlanır. İstənilən dildə hər hansı mətni anlamaq üçün bəlli bir hazırlıq səviyyəsinə sahib olmaq və zamanla bunu artırmaq gərəkdir. Yoxsa heç bir dilə yiyələnmək olmaz. Unutmayaq ki, türk diliylə müqayisədə doğma dilimizin həm söz ehtiyatı, həm sintaksisi, ayrı-ayrı söz və ifadələrin dərki bəzən yerlə-göy qədər fərqlənir. Bu yerdə etiraf edək ki, son 200 ildə dilimiz bu dildən fərqli areallarda və fərqli qanunlarla inkişaf edib, ona görə də ciddi fərqlər qaçılmazdır”.

“Çox kobud səhvlər, qeyri-peşəkar tərcümələr olur”

“525-ci qəzet”-in redaktoru, tərcüməçi Seyfəddin Hüseynli də türkcədən tərcümənin lazım olduğunu qeyd etdi: “100 il əvvəl müzakirələr gedirdi ki, tərcüməyə ehtiyac varmı. Tərcümə xüsusən indi vacibdir. Çünki aradan 100 il vaxt ötüb. Bu iki dil arasında təkcə leksik səviyyədə yox, qrammatik qatda o qədər fərqliliklər meydana çıxıb ki, tərcüməsiz keçinmək çox çətin olar. Ancaq həvəskarlar deyə bilər ki, anlayırıq, başa düşürük. Söhbət anlamaqdan, başa düşməkdən getmir. Əksər hallarda kəmiyyət keyfiyyəti üstələyir. Ona görə də türkcədən tərcüməni irəliyə salmaq bir qədər də düzgün deyil. Fikrimcə ingilis, fransız, ispan, ərəb və fars dillərindən tərcümələri qabağa salmaq lazımdır. Bunlar qabağa salınsa, enerji, vaxt, insan əməyi yönəldilsə, bu daha səmərəli olar. Bizim dillərimiz qohum dillərdir. Təcrübə də göstərir ki, qohum dillərdən tərcümə daha çətin olur. Bizdə son vaxtların tərcümələrinə baxanda görürük ki, kəlmələr çevrilir, amma intonasiya türkcə qalır. Bu artıq tərcümə olmur. Çeviririksə intonasiyadan tutmuş ən axırıncı sözün işlənmə yerinə qədər hamısı tərcümə olunmalıdır. Bu amillər mütləq nəzərə alınmalıdır. Məncə kifayət qədər nəzərə ala bilmirik. Çox kobud səhvlər, qeyri-peşəkar tərcümələr olur. Tərcümələrim türkcədən çox az olub. Hər halda bu işin çətinliyini görmüşəm. Bizim dilin funksionallığı, fəaliyyəti, işlənmə səviyyəsi türkcə qədər deyil amma istənilən halda arxayınlıqla deyə bilərəm ki, zəhmət çəkib dilimizə hörmətlə yanaşsaq, Türkiyə türkcəsində istənilən mətni dilimizə çevirmək mümkündür. Bir də türkcənin əzici üstünlüyü ondan ibarətdir ki, onların televiziyaları, radioları çox güclü təbliğat aparırlar. Türkcə xüsusən seriallar vasitəsilə əhalinin danışığına ciddi təsir göstərir”.

Oxşar xəbərlər