news-inner
clock18:21 calendar-gray 13 Fevral 2013 view-gray1926 dəfə oxunub
view-gray1926 dəfə oxunub

“”Səfillər”i oxuyan onlarla əclaf tanıyıram”

Kulis.az şair Qismət Rüstəmovun etatist.com-a verdiyi müsahibəni təqdim edir.

- Ədəbiyyata necə gəlmisiniz?

- Ümumiyyətlə məktəb illərindən - 5-6-cı sinifdən yazmağa başlamışam. Müəllimlərə aid yumoristik şeir parçaları, ailə üzvlərinə və qohumlara atmacalar yazırdım. Yəni, tam şeir də demək olmaz, şeirə bənzər parçacıqlar idi. Mən elə məktəb illərindən qarşıma məqsəd qoymuşdum ki, yazının arxasınca gedəcəm. Yazının arxasınca gedəcəm deyəndə fikirləşmirdim ki, ədəbiyyatçı və ya jurnalist olacam. Amma bilirdim ki, mənim taleyim yazı ilə bağlı olacaq. İş elə gətirdi ki, ali məktəbə, jurnalistika fakultəsinə qəbul olundum, sonra magistraturaya qəbul oldum. O vaxtdan yazılarım ədəbi orqanlarda, qəzetlərdə çap olunmağa başladı. O vaxt yazdıqlarıma indiki gözlə baxanda təbii ki, kamil əsər hesab etmirəm. Amma onlar ilk işartılar idi ki, artıq müəyyən dərəcədə ədəbiyyatdan məlumatı olan insanın yazıları idi. Söhbət 1-ci, 2-ci kursda oxuyan bir tələbədən gedir. Sonra artıq təcrübə artdıqca, həddindən artıq mütaliə etdikcə, müxtəlif mövzularda yazdıqca hər şey öz axarına düşdü, rəndələndi və cilalandı. Ədəbiyyata gəlişim uşaq arzusu kimi başlayan, sonra valideynlərinin, babasının, nənəsinin, böyük kitabxanasını görüb həvəslənən, sonrakı dövrdə bir neçə alababat şeir yazıb, bir neçə kompliment eşidən adamın başına gələn tale kimi oldu.

- Dediniz ki, babanızın, nənənizin böyük kitabxanasından həvəslənmisiniz. İndi Azərbaycanda babasının, nənəsinin böyük kitabxanası qalan insanlar azdır. Necə düşünürsünüz, yeni ədəbiyyatçılar yetişə biləcəkmi?

- Mən buna o qədərdə pessimist yanaşmıram. Düzdür indi vəziyyət təbii ki, bir az yaxşı deyil. Çünki ailədən hal-hazırda uşağa kitab oxumaq, kitabla maraqlanmaq həvəsi gəlmir. Mən öz ailə kitabxanamızda bəzi kitablara baxanda görürəm ki, bir çox kitablar yeni ildə və ya ad günündə hədiyyə olunub. Bir evin içində yaşayan adam, məsələn bacı qardaşına, və ya qardaş bacısına hansısa bayramda, ad günündə bir kitab hədiyyə edib. İndi kənardan baxanda bəlkə bizə bir az sovetizm kimi gələ bilər, pafoslu, qeyri-səmimi görünə bilər, amma bu həddindən artıq gözəl bir ənənə idi. Dünyada insanların bir birlərinə kitab hədiyyə etməsindən gözəl bir şey ola bilməz. Əfsuslar olsun ki, sonradan bu ənənə itdi. Ola bilər ki, buna ictimai-siyasi vəziyyətin də təsiri oldu. Əvvəllər insanlar biri-birilərinə kitab hədiyyə etmələri ilə fəxr edirdilərsə, indi daha çox evdə qab-qacaqlarının olması ilə fəxr edirlər. Bir var ki, evdə oturub televizora baxarkən gözünü qaçıranda bir kitabxanaya baxasan, bir də var ki, anadan qızına, qızından onun qızına ötürülən və istifadə olunmayan qab-qacağa baxasan. Qab-qacağa baxan insanla kitablara baxan insanın başqasına deyəcəyi sözlərdə də fərq var. Amma buna pessimist yanaşmaq lazım deyil. Hesab edirəm ki, indi bir proses başlayıb. Qanun nəşriyyatının başladığı, prezidentin fərmanı ilə Slavyan Universitetində çıxan 150 cild dünya ədəbiyyatı seriyası, invidividual şəkildə tərcümələri qəbul edib çap edən nəşriyyatlar, ədəbiyyat portalları, saytlar ədəbiyyatı aktuallaşdırır, izah edir ki, ədəbiyyat nə deməkdir.

Bir ölkə birinci növbədə öz mədəniyyət xadimləri ilə tanınır. Minlərlə siyasətçi olub, sərkərdə olub onlardan yalnız ən böyükləri yadda qalıb. Geridə qalanları tarixin yaddaşından elə dünyasını dəyişən kimi siliniblər. Amma dönüb tarixə, keçmiş əsrlərə və elə öz dövrümüzə baxanda görürük ki, biz həmin əsrləri, yazıçısı ilə, şairləri ilə, mədəniyyət xadimləri ilə tanıyırıq. Mən alverçisi ilə tanınan bir əsr tanımıram. Sosial şəbəkələrdə görürəm ki, çox maraqlı insanlar ortaya çıxır. Təbii ki, onların arasında istedadlıları da var istedadsızları da. Amma adamların yazmağı mənə qəribə gəlir. Pis, zəif yazsa belə, bu adam gedib başqa axmaq bir işlə məşqul olmur, yazı yazıb sayta göndərir və mən o adamı sevirəm. Qoy zəif yazsın, adam öldürmürki, pis şey etmirki?...

"Bizim insanımız elə şeylərə gülür ki, onun gülüş olub olmadığı haqda xeyli düşünmək lazımdır"

- Dediniz ki, hər yazıçı, hər şair öz dövrünün şahididir. Bəs siz öz dövrünüzdə şahid olaraq nə görürsünüz?

- Elmi texniki tərəqqi ilə həyatımıza daxil olan bəzi texnologiyalar var ki, onlar bizim həyatımızı çox asanlaşdırıblar, rahatlaşdırıblar. Sosial şəbəkələrin psixilogiyasını araşdırsaq görərik ki, onun mənfi tərəfləri də var. Amma ümumiyyətlə insanları yaxınlaşdırmağa xidmət edən hər şeyi mən müsbət qiymətləndirirəm. İnsanlar bir-birlərindən uzaqda olmalarına baxmayaraq danışa bilirlər. Məsafələr qısalıb.

Bir tərəfdən də həddindən artıq şoulaşmış bir dünya görürəm. Əslində birinci kitabımın adını ona görə "Vitrin" qoymuşdum. Dünyanı bir supermarket və vitrin kimi təqdim etmişdim. Yəni o vitrin ki, siyasi mənada böyük dövlətlər balaca dövlətləri öz vitrininə qoyub təqdim edirlər. Hər şey satışa çıxarılıb. Bu dünyanın mənəvi tərəfinin əleyhinə olan bir şeydir.

Ədəbiyyat tarixində belə bir şey var, Homerin əsərində rast gəlirsən, Sokratın söhbətlərində də görürük ki, "zəmanə pozulub", "dünya böhran keçirir". Baxırsan ki, eradan əvvəl də bunu deyirdilər. Mən fikirləşirəm ki, bütün dövrlərdə bu olub. Amma Sokratın dövründə olan mənəvi problemlə indiki dövrdə olan mənəvi problemin arasında böhran deyilən bir şey var. Onun adını ümumiləşdirib şər qoyaq. Şər də zamanla da inkişaf edib. Zoologiyada belə bir şey var, deyirlər ki, hansısa ağcaqanad, milçək mutantlaşıb. Əvvəl onları çox primitiv vasitələrlə məhv etmək olurdusa, artıq onlar o şəraitə, o dərmana uyğunlaşırlar. Şərin də genetikası dəyişə-dəyişə gəlib və o mənada Sokratın zamanındakı şərlə indiki dövrün şərinin arasında çox ciddi fərq var. İndiki şər həddindən artıq ağıllıdır.

Bir də ki, hər şey həddindən artıq şoulaşıb. Çox şoulaşmaq yaxşı deyil. Çünki şou elə bir şeydir ki, həddindən çox tez yayılır. Çox tez yayılan şey də çox təhlükəlidir, qarşısıalınmazdır.

Yunan mifologiyasında belə bir əhvalat var, mən bu əhvalatı çox sevirəm və həmişə tələbələrimə də danışırıram. Prometey ilə Zevsin arasındakı məhşur əhvalat. O əhvalat ki, hamı onun birinci tərəfini bilir ki, Prometey gedib odu oğurlayır Zevsdən. Amma əslində Prometey odu oğurladığına görə Zevs onu qayaya zəncirləməyib. Bir gün məbəddə insanlar özləri ehtiyac içində olmasına baxmayaraq tanrılara qurban vermək üçün toplaşıbmış. İnsanlar bilmirlər nə etmək lazımdır və Prometey deyir ki, siz oküzləri qoyunları kəsib onların dərilərini, ətlərini bir tərəfə qoyun, sümüklərini də ayırıb digər tərəfə qoyun, və gerisinə qarışmayın. Bu götürür ət cəmdəklərini bir tərəfə yığır, sümükləri bir tərəfə yığır və sümüklərin üstünə yağ çəkir. Zevs Olimp dağından baxır aşağı, hədiyyələrini götürmək üçün. Baxır ki, bir tərəfdə qalaq bir şey var o biri tərəfdə isə nəsə parıldayır. Elə bilir ki, qızıldır. Onu götürür yuxarı qayıdır. Olimp dağına qalxanda anlayır ki, Prometey onu aldadıb. Əslində bu onun ikinci aldanmağı idi və ondan sonra Zevs Prometeyin zəncirlənməsi qərarını verir. Buradan mənim çıxardığım nəticə budur ki, hətta Tanrı belə olsa parıltı elə bir şeydir ki, ona aldanırsan və həqiqəti görmürsən. Mən bunu bizim hazırkı durumumuzla əlaqələndirirəm. Şou da olmalıdır, popda olmalıdır, estrada da olmalıdır. Bu da bir rəngdir. Bir də var ki, primitiv şou gəlsin bizim həyatımızın əksər hissəsini işğal etsin. Bu başqa məsələdir. Şou dediyimiz şey Rusiyada, Türkiyədə də var. Amma baxırıq onların çəkdikləri filmlərə, kliplərə, reklamlara və görürük ki, orda tamam başqa səviyyələrdən söhbət gedir. Bizim şoumuzda intellekt yoxdur. Məsələn bizim insanımız elə şeylərə gülür ki, onun gülüş olub olmadığı haqda xeyli düşünmək lazımdır.

- Bu ağrınızı yazılarınızda ifadə etmisiniz?

- Çox. Əksər şeirlərdə yazmışam.

- Bizdə mübarizə ədəbiyyatı yoxdur. Çox standart mövzulara - sevgi, məişət mövzularına müraciət edirik. Sizcə biz mübarizə ədəbiyyatını niyə yaratmırıq?

- Yox mən düşünmürəm ki, bizdə bu yoxdur. Əslində var. Sadəcə indi belə bir proses gedir, əslində bu bütün zamanlarda olub. Daha çox gündəmdə olan şey, lazımlı olan yox, estrada olanıdır. Yəni, müəlliflərin çox ciddi əsərləri var, amma o müəlliflərin o əsərləri deyil, daha çox kütləvi, estrada olan əsərləri populyardır. Ona görə deyirəm var bu ədəbiyyat. Demirəm çoxdur ancaq var.

- Siz kimin adını çəkə bilərsiz?

- Şərif Ağayar. Şərif Ağayar Azərbaycanda müharibədən sonra Qarabağ insanının düşdüyü vəziyyəti ən yaxşı yazan adamdır bu dövrdə. Şərif Ağayarın "Kərpic kəsən kişinin dastanı" povesti var. Adında posmodernistcəsinə Nizami Gəncəviyə xitab edib. Burada o, müharibədən sonrakı dövrün insanının düşdüyü vəziyyəti ifadə edən hələ ki, ən yaxşı əsərdir. Əslində ədəbiyyatın mahiyyəti insanı göstərməkdir. Sən bir insanın düşdüyü vəziyyəti göstərməklə əslində bir insanın həyatını göstərə bilərsən. Mən sizə bir povesti dedim amma silsiləsi var Şərifin - Qarabağ hekayələridir. O, mənə indiyə kimi Qarabağ haqqında yazılmış bütün əsərlərdən daha doğma gəlir. Çünki pafosdan, plakatçılıqdan, çığır-bağırdan uzaq bir əsərdir. Əfsuslar olsun ki, indiki bir çox oxucuların o əsərdən xəbəri yoxdur. Düzdür, Şərifi bir çox qəzetçilər tanıyır, ondan yazı istəyirlər. Amma məsələn Elxan Elatlını tanıdıqları qədər Şərif Ağayarı tanımırlar. Mən bunu Elxan Elatlını aşağılamaq üçün demirəm. Elxan Elatlı da olmalıdır. Məsələn Varis. Onun "Sənə inanıram", "Sonunu ölən ümidlərdir" kimi serial tipli romanları var. Baxırsan ki, oxucusu minlərlədir.

"Fan page"ində aləm biri-birinə dəyib, görüş keçiriləndə adam əlindən dayanmağa yer olmur. Əslində bizdə ədəbiyyatdan çox az adamın xəbəri var. Demirəm bu indi belədir, bəlkədə bu bütün zamanlarda olub. Yəni ciddi ədəbiyyatla ciddi adamlar maraqlanır.

"Parçalarla oynamaq, bax bu postmodernizmdir"

- Mənim şəxsi fikrimə görə mübarizə ədəbiyyatı iki yerə ayrılır. Birincisi odur ki, əsər oxucuda motiv yaradır. Orda demir get mübarizə apar. Təsir edir. İkincisi isə, odur ki, bu səndə motiv yaratmır səni birbaşa mübarizəyə səsləyir. Mən xarici ədəbiyyatı belə oxumuşam. Birincisi var. Bəs ikincisi varmı bizdə?

- Elə əsərlər də var. Amma mən invidual olaraq birincinin tərəfindəyəm. Çünki mən fikirləşirəm ki, ədəbiyyatın mahiyyəti publisistik şüarçılıq ola bilməz. Sartr-Kamyu müqayisəsində, Kamyu mənim üçün daha çox yazıçıdır. Amma Sartr hətta ən məhşur hekayələr silsiləsində də daha çox mənim üçün düşünürdü, yəni filosof idi. Yazıçılıq Kamyunun yazdığıdır, Sartrınki düşüncədir və düşüncəni bir modelə salmaqdır. Ədəbiyyatın mahiyyəti sizin o dediyiniz birinci tərəfdir. İkinci artıq səfərbərlik çıxışıdır, nitqdir, plakatdır, şüardır, publisistik aqresiyadır, manşetdir amma ədəbiyyat deyil.

- Sizə görə ədəbiyyat yaratmaqdır, yoxsa yaradılmaqdır?

- Klassik ədəbiyyat düşüncəsinə görə, müəllif öz mətninin tanrısıdır. Çünki o yoxdan bir şey yaradıb. Amma mən elə düşünürəm ki, indiki dövrdə qəhrəman yaradıb, mən bunun tanrısıyam deyə düşünmək mövcud zamanı ifadə etmək gücündə deyil. Məhşur fransız posmodernist nəzəriyyəçilərindən biri olan Roland Bartın "Müəllifin ölümü" adlı məqaləsi var. O deyir ki, "müəllif ölüb. Əsas mətndir, müəllif mətni yazır və sonra mətnin öz taleyi başlayır". Mənası budur ki, hər şey deyilib biz yalnız yeni-yeni variasiyalar etməklə məşğuluq. Əslində o digər fransız nəzəriyyəçisi olan Bodrianın sözüdür. O deyir ki, hər şey parça-parça oldu, dağıldı, qırıldı və yeni heçnə yoxdur. İndi biz sadəcə parçalarla oynamağa məhkumuq. Parçalarla oynamaq, bax bu postmodernizmdir. Mən bu düşüncəni qəbul edirəm. Məşhur bir söz var, səmanın altında yeni heç nə yoxdur. Doğrudan da yeni heçnə yoxdur, onun zamana uyğun yeni variasiyaları var. Sevgi min ildir ki, sevgidir, ayrılıq min ildir ki, ayrılıqdır. Dünyada 36 dramaturji situasiya var və bütün bədii ədəbiyyat onun ətrafında fırlanır. Sadəcə biri onu 17-ci əsrdə Neapolda yazıb, biri 21-ci əsrdə yazır, yəni eyni şeydir. Posmodern onu deyir ki, yazar əsas deyil. Bu Tolstoy olsun ya başqası. Tolstoy ölüb gedir, mətn əsasdır. Mən bir zamanlar inanırdım ki, "Səfillər" romanını oxuyan pis insan ola bilməz. Elə bilirdim ki, kiməsə "Səfillər" romanını oxutsam o pis insan olmayacaq. Amma sonra mən Səfilləri məndən də yaxşı oxumuş onlarla əclaf adam gördüm. Yəni o idealizm əslində real həyatla yola getmir.

- Rus ədəbiyyatında Radişşev, "Peterpurqdan Moskvaya səyahət” əsərindən sonra özünü öldürdü. Çünki, yazdığı əsərinə görə həbs edilmişdi. Ancaq insanlara görə onun əsəri heç nəyi dəyişmədiyinə görə o gülünc obyektinə çevrilmişdi. Demək ki, insan yazdığına inanırmış. İçindən qopanı yazdığı, inandığı şeyi yazdığı üçün onun çarəsizliyini qəbul etməyib özünü öldürüb. Azərbaycanda heç bir sahədə yaratdığı üçün ölməyi qəbul edən insan obrazı görmürəm. Tariximizdə nümunəmiz olub, məsələn Nəsimi. Amma indi yoxdur. Belə çıxır ki, bizim dəyərlərimiz kökdən saxtadır. Razısınızmı bu fikirlə?

- Deməzdim kökdən saxtadır. Nəsimi təkcə şair deyildi. O siyasi xadim idi, siyasi bir cərəyan idi. Onlar öz idealları uğrunda şaqqalanmağa, ölməyə hazır idilər. Bu qədər ideallaşdırmışdılar onu və inanırdılar. Buna dünyada da çox nümunə var, məsələn Sveyk həyat yoldaşı ilə birliktə intihar etdi, Yukio Misima canlı yayımda harakiri edərək intihar etdi. Çox nümunələri var bunun. Hərəsinin özünə görə bir səbəbi var. Amma indiki dünyanın şeiri, poeziyası elədir ki, dünya artıq başa düşür ki, ideallaşdırılmış şeylər əbəs şeylərdir. Mənəvini saxlamaq şərtdir, amma ideallaşdırmamaq lazımdır. O mənada mən hesab edirəm ki, ona görə dəyərlərimiz kökdən saxta deyil. Zamanın ruhu var, indiki zamanın ruhu belədir, yəni dünyanın indi kefi bu cürdür.

- "Bakı haqqında elegiya” şeirində siz şəhərin idealığını axtarırsınız amma...

- Yox əksinə şəhərin ideal olmadığını göstərirəm.

- İdeal olmadığını göstərməniz deməyə əsas verir ki, ideallığının həsrətindəsiniz.

- Belə deyək, ideallığın həsrətində deməyək ona. Həddindən artıq ideallaşdırmanın əleyhinəyəm. Həddindən artıq şoulaşmağın qəzəbidir bu. Fikir vermisinizsə hər şeyin şoulaşmasına olan qəzəb gəlib buna da düşüb. Bu mənada razıyam. Bayaqkı sualınıza qayıdıram. Dediyimiz şeirin kontekstində bizim dəyərlərimizin bir xeyli hissəsi funksionallığını itirib. Əslində şeirə hopan bu hirs ondan yaranıb ki, belə yaşamaq bizə ancaq xətər gətirər, belə olmaz.

"Soruşurlar ki, gənclərdən kimi oxuyursunuz, onlar cavab verirlər ki, Ramiz Rövşəni"

- Bayaq Yukio Misimanı vurğuladınız. O, çox ciddi bir şəxsdir. O canlı yayımda harakiri edib. Mən indi Azərbaycanda elə insan görmürəm ki, idealları üçün ölümü seçə bilsin. Yazdıqları üçün çarpışmayan adamın nəyini oxumaq lazımdır ki? Oxumaq istəmirəm deyil bu. Mən oxumaq istəyirəm amma kimi?

- Çox maraqlı yerə gəldik əslində. Bizdə indi elədir ki, oxumaq istəyən amma nəyi oxuyacağı bilməyən minlərlə adam var bu dəqiqə. Kitablar çıxır, müəyyən bir oxucu kütləsi formalaşmağa başlayır amma nəyi oxuyacaqlarını bilmirlər. Bunun üçün nə etmək lazımdır? Bizim ədəbiyyat dərsliklərimiz, istər orta məktəbdə olsun, istərsə də ali məktəbdə olsun, dəhşətli dərəcədə biabırçı vəziyyətdədir. Bizim akademiyanın ədəbiyyat inistitunda oturan o qoca, yaşlı rofessorlar zamanda çox geridirlər. Bunların son 20 ildə baş verən proseslərin heç birindən xəbərləri yoxdur. Kim yeni bir şey yazıb, hansı yeni yazarlar var filan. Hər şeydən xəbərsizdirlər. Hətta onların bəzilərinin müsahibələrini oxuyanda şəxsən mən gülürdüm. Soruşurlar ki, gənclərdən kimi oxuyursunuz, onlar cavab verirlər ki, Ramiz Rövşəni. Onlar üçün Ramiz Rövşən hələ gəncdir. Bu mənada yaşlılar çox geri qalırlar, gənclər də nəyi oxuyacaqlarını bilmirlər. Dərsliklərdərki o klassik, köhnəlmiş, tendensiyalı düşüncənin çarəsi tapılmalıdır. Ədəbiyyat genişlikdir. Ədəbiyyat elə yazılmalıdır ki, onun içində Seymur Baycanın da yeri olsun, Aqşin Yeniseyin də yeri olsun, Qismətin də yeri olsun, Bəxtiyar Vahabzadənin də yeri olsun. Bir dövrdür bu. Onları sevib sevməmək sənə qalıb.

- Bizim ədəbiyyat yoxsuldur. Ədəbiyyatda metafizika var. Avropada bu Spinozadır. Azərbaycanda metafizik ədəbiyyat varmı?

- Azərbaycanda metafizik ədəbiyyat var. Mən əslində bayaq ona görə dedim ki, hər kəsə yer olmalıdır. Çünki siz soruşursuz ki, Azərbaycanda metofizika var, mən bilirəm və sizə deyirəm. Amma mən olmasam kimnən soruşmalısınız? Ona görə o dərslik araşdırılmalı və yazılmalıdır. Ədəbiyyat tarixinin dövrləşdirilməsi deyilən bir anlayış var. Bizdə məsələn Bəxtiyar Vəhabzadənin nəslindən sonra artıq dayandırılıb bu. Yoxdur, bitib. Hətta dünya ədəbiyyatı belə. Dünya ədəbiyyatı dərsliklərində, orta məktəblərdə, filoloqlar var. Yuxarı siniflərdə keçirilənlərdə, 1-2 yazıçının adı var ya yoxdu. Dünya bundan ibarətdir ki? Ondan sonra 10 dəfə ədəbi məktəb dəyişib. Onu oxuyan yazıq hardan bunu bilsin?

- Azərbaycanda metafizik ədəbiyyatla məşğul olan kim var?

- Azərbaycanda metafizik şeir Nizami dövründə qalıb. 20-ci əsrdə ümumiyyətlə yoxdur. Yeni dönəmdə Həmid Herisçinin bir sıra şeirləri var. Onlar modern metafizik şeirin müstəqillik dövründəki yeganə nümunələridir hələki. Sonradan Səlim Babullaoğlunun şeirlərində əks etdirdi bu özünü. Amma metafizik şeirləri dirildən Həmiddir. İnsanlar başa düşmürlər. Həmidin şeirlərini oxuyurlar, ya anlamırlar, ya da parodik şeirlərini oxuyurlar ciddi şeirlər qalır qıraqda.

- Toxunmusunuz buna yazılarınızda?

- Bəli toxunmuşam. Gələn ildən yəqin ki, "Müasir Azərbaycan Ədəbiyyatı" adlı fənn tədris olunacaq. Ola bilər ki, mən mühazirələri yaza-yaza bunu "Müasir Azərbaycan Ədəbiyyatı" tarixi kitabı elədim. Bu mənim özüm üçün də maraqlıdır. Yəni 1990-cı ildən bu günə kimi olan bir dövrü əhatə edir və mən özüm də onun içindəyəm. Mən yenə deyirəm, kim hal-hazırda varsa, kimin ən azı 1-2 dəyərli əsəri varsa hamısı yer almalıdır. Yaxşısı da pisi də orda olmalıdır.

- Mən indi çoxlarını bəyənmirəm. Bunu şəxsən oxucu kimi deyirəm. Çünki onların səmimiliklərinə inanmıram. Sırf məşhurlaşmaq üçün atılan addımlar mənə çox boş gəlir.

- Bəli, mən başa düşdüm siz nəyi deyirsiz və sizinlə razıyam. Gündəmə gəlmək xətrinə gedib bir qutsal şeyə dəyirlər ordan səs-səda çıxır və dəbə gəlirlər. İndi bizim dediyimiz o posmodern eranın xarakterlərindən biri də budur. Gündəmə gəlmək oyun yolu ilə olur. Postmodernizmin əsas şərtlərindən biri oyundur. Məsələn tanınmış bir rəssamın bir əsərini götürüb ona kiçik bir əlavə edir, məsələn bığ qoyur. Bu onun o mamırlaşmış şeyə etirazıdır. İnsanlar deyirlər ki, bu əsəri yaradıblar və bundan yaxşısı ola bilməz. Bu ona qarşı bir etirazdır, aksiyadır ki, ona kiçik bir əlavə edir - bığ qoyur və deyir ki bu artıq mənim əsərimdir. Həm buna etiraz edir həm də özünü aktuallaşdırır, onu tanıyırlar. Amma sən daim bununla məşğul ola bilməzsən. Sən tamamilə şou ilə məşğul olsan bu nə incəsənət olacaq nə də ədəbiyyat. Bu artıq şounun narkotik effektidir ki, sən ondan ayrıla bilmirsən. Amma bu fənd kimi var. Tamamilə bununla məşğul olmaq da olmaz, yenə də deyirəm. Bizdə, ədəbiyyatda istedadlı adamlar var.

- İstedadlı adamlar var demək düzdür sizcə?

- İstedadlı adamlar var. Maraqlı adamlar çoxdur. Xüsusilə son 5 il ərzində bəlkə də Azərbaycanın heç bir dövrünə bu qədər maraqlı adam ədəbiyyatda bir araya gəlməyib. Problem isə budur ki, hansısa bir işlə məşğul olmaq üçün insanda idea olmalıdır. İdeya yoxdur. Müəyyən bir talant var, mütaliə var amma ideya yoxdur. Bizim ədəbiyyatın indiki problemi ideya problemidir. Müəllif ideasınan söhbət gedir.

- Bəlkə buna görə oxucu kütləviləşmir? Əgər biri öz dediyinə inansa, yalandan yox həqiqətdə inansa, kütlə onu qəbul etməyəcəkmi? Hətta ondan nifrət etsə də onu qəbul edəcək, çünki o həqiqətdir. Mən ədəbiyyatda və həyatda həqiqət tendensiyasına çox inanıram.

- Amma bir şey də var, həqiqət bütün mədəniyyətlərin kökündə duran bir şeydir. Həqiqət, vicdan müxtəlif sinonimlərlə demək olar. Bizim cəmiyyətdə həqiqət çox az adama lazımdır. Çünki bizim insanımızda mənəvi tənəzzül prosesi gedib və bizim insanımız, həqiqətdən nə qədər uzaq dursa ona o qədər xeyirdir düşüncəsinə gəlib çıxır.

- Mənə görə siz idealistsiniz. Sizin "Bakı haqqında elegiya” şeiriniz məncə idalizm şeiridir. Mən əgər sizi tanımasaydım və siz 200 il əvvəl yaşasaydınız va mən o şeiri indi oxusaydım, mən o şeiri əzbərləyər oturduğum hər yerdə onu oxuyub mövcud vəziyyəti dəyişməyə səsləyərdim.

- O bu gün yazsam bir az başqa cür yazaram. O şeirin içində çağırış var. Bəli siz haqqlısınız o səsləmək məsələsində, çünki şeir buna imkan verir. Amma məncə indi yazsam onu belə yox başqa cür yazardım.

- Siz onu bir anda yazmısınız düzdürmü?

- Bəli mən sadəcə oturdum və o şeiri yazdım.

- Həqiqət ancaq ana sığa bilir. Bir anda yazdığınızı həqiqəti yazdığınızdan anladım. Son olaraq hansı kitabınızı oxumağı oxucularımıza məsləhət görürsünüz?

- Mənim cəmi iki şeir kitabım çıxıb. Əslində birincidə olan şeirlər elə ikincidə də var. Demək olarki, bütov bir kitabım çıxıb və bir kitabım çıxdığına görə bu kitabı məsləhət görürəm (gülür).

- Bəs hansı şeiri oxumağımızı məsləhət görürsünüz? Özünüzə daha yaxın hesab etdiyiniz.

- Kitabın adı "Meqapolis hüznləridir”. Şəhərin böyük kitab evlərinin əksəriyətində var. Onlardan "Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” adlı şeir var onu deyərdim.

- Niyə məhz o?

- Niyəsini izah etmək uzun olar. Qısaca onu deyim ki, o şeirdə bizim nağıldan gələn, yəni mifoloji məzmundan gələn bir obrazı götürüb dünya ilə öz aramdakı münasibəti çox yaxşı ifadə etmişəm.

news-inner-user

15773 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Qafqazın ətəklərində karantin axşamları - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020