«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə
17 aprel 2026
# 15:00

Bu gün məşhur kolumbiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin anım günüdür.

Kulis.az onun "Patriarxın payızı" romanından bir hissəni Xalq yazıçısı Afaq Məsudun tərcüməsində təqdim edir.

Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio Araqonesi dənizin sahilində, pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla Patrisiodan, onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu acıladığını, yaxud bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, mənim generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, Patrisio, şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, yoxsa ondan qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu görsəydiniz?!..»

Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə bu kökə düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən gözəllərdən çox oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla məmmuniyyətlə yaşamışdılar. «Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd əsgər onun qollarını burub saxlayar, sən də onun dadına, ən yekə qaşıqlarla, doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi atmayın, mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, o əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım.»

Onda ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları göstərib, hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, və eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək, onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə bil bir az da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi.

Lakin o bununla, bizim düşündüyümüz kimi, ona görə bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış bu açarların hərəsindən bircə ədə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general Rodriqo de Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?..

Çox keçmədi ki, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli, qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin vavilionsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır dolu arabalara, iri iuqana yumurtasından yığılan yumurta təpələrinə, günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-uryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu düzülən miskin komalarına baxdı.

Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o, uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi hürküb yerində səndələyən zənci qadını vuracaqdı.

«Bu odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz, leytenant, onlar məni sevir, buna mane olmayın!»

Son günlərin təsirli təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; «Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!»

O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: «Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!» - deyəndə, o, qəribə özünəarxayınlıqla: «Narahat olma, polkovnik, bu adamlar məni sevir!» deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların böyründən üzdü.

Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görününrdü. Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi. Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı.

Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər.

Millət atalarının hər biri bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı: «Baxın, general, - deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on altıncı ildönümünü qeyd edirlər, amma burda...» Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu, çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan deyirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun ölümü barədə şəhadətnamədir. O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, üfürülmüş nitqinə nifrətlə qulaq asırdı: «Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!»

Lakin, general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu! Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə həyatın puçluğundan danışdı: «Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır, sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri yandan açır. Bir baxın, qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan nəhəng okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..»

O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq barmaqlarının üstündə gəzəgəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu arzularını doyuzdurmağa çalışırdı.

O, qızların yataq otağının spesefik qoxusundan cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi, qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı səsləri eşidilirdi: «Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz olursuz!» Lakin, sevgi dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı bir olurdu və o, bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam edilir!»

Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon Alvaradonun yaşadığı məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə asaraq canüzən siesta saatlarını burda, tamarinlərin kölgəsində, keşiksiz-filansız, yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda, sarayın yataq otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - ən gözəl uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona qoltuğundan tər iyi gəldiyini deyə bilərdi.

Siestadan sonra o, öz iqamətgahına, dünyadan razı ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar Vatikan səfiri Roma papasının gözünə yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da axşamüstü nunsisidə onun yanına gəlir, bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, katolik kilsəsinin ağuşuna qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər Allah-taala, siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib qarnını göstərərək: «qoy bu köpdən canımı qurtarıb, artıq havanı içimdən çıxarsın.»

Lakin papa inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib. General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. – Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha nə istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi.

Döyüşlərin birində vəhşiləşmiş xoruz, öz rəqibinin başını boğazından qoparıb ləzzətlə dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan, gözünü qan tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ biləcək incə bir işarə kimi yozdu. O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi əmr etdi.

Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış və o, camaat çıxışa tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük işgəncələrdən sonra boynuna aldı. «Mən bunu o dəqiqə başa düşdüm, - general dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki, mən hamının gözünün içinə baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». O gündən generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz döyüşündə baş verən əhvalat deyildi.

Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə yedirtməyə başladı.

Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. «Heç olmasa təkcə ölməyim...» - general fikirləşdi...

İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri bilinməsin deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak işığının içi ilə sanki üzürdülər.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

11:15 17 aprel 2026
Elvira - İlham Əzizin hekayəsi

Elvira - İlham Əzizin hekayəsi

12:35 16 aprel 2026
"Yatmayan səslər:  26..., 7..., 13..." - İlqar Rəsulun yeni hekayəsi

"Yatmayan səslər: 26..., 7..., 13..." - İlqar Rəsulun yeni hekayəsi

10:00 16 aprel 2026
Varis - Aytac Məmmədlinin hekayəsi

Varis - Aytac Məmmədlinin hekayəsi

16:20 14 aprel 2026
"Arvadını qoru, ona sərbəstlik vermə..." - Tanınmış rus satirikdən sitatlar

"Arvadını qoru, ona sərbəstlik vermə..." - Tanınmış rus satirikdən sitatlar

13:30 14 aprel 2026
Cəhalət bütün cinayətlərin anasıdır... - Məşhur ekvadorlu yazıçıdan sitatlar

Cəhalət bütün cinayətlərin anasıdır... - Məşhur ekvadorlu yazıçıdan sitatlar

10:30 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər