"Vini-Pux"un 100 illik sirri: Heç yerdə yayımlanmamış rəsmlər üzə çıxdı

"Vini-Pux"un 100 illik sirri: Heç yerdə yayımlanmamış rəsmlər üzə çıxdı
18 aprel 2026
# 13:00

Uşaq ədəbiyyatının ən çox sevilən qəhrəmanlarından olan bal sevən ayı Vini-Puxun 1926-cı ildə nəşr olunan kitabdan əvvəl çəkilmiş, indiyədək heç yerdə görülməyən rəsmləri tapılıb.

Kulis.az xəbər verir ki, rəssam E. H. Şeparda məxsus iki ilkin karandaş eskizi, uşaq ədəbiyyatının ən məşhur kitablarından birinin 100 illiyi münasibətilə onun ailəsi tərəfindən ilk dəfə ictimaiyyətə təqdim edilib.

İlk anların sehrli təxəyyülü

Kitabın yaradılışının ən erkən mərhələsində kənara qoyulan bu rəsmlər Şepardın yazıçı A. A. Milnin personajını canlandırarkən iş prosesinə və təxəyyülünə nadir bir baxış imkanı təqdim edir. Onlar oxuculara tanış olan, lakin orijinal nəşrdə illüstrasiya edilməyən bəzi hekayə hissələrini təsvir edir.

"Çay yuxarı çox ehtiyatla dırmaşmaq" adlanan karandaş rəsmində Pux və onun macərasevər dostları Kristofer Robin, Piqlet və Bayquş təsvir olunub. Bu rəsm Kristofer Robinin Şimal qütbünə "ekspatisiya"ya rəhbərlik etdiyi VIII fəsil üçün nəzərdə tutulmuşdu.

Həmin fəsildə Miln belə yazırdı:

– Biz hamımız ekspedisiyaya gedirik, – dedi Kristofer Robin ayağa qalxıb üstünü çırparaq. – Təşəkkür edirəm, Pux.
– Ekspatisiyaya gedirik? – deyə Pux həvəslə soruşdu. – Deyəsən, heç vaxt belə bir şeydə olmamışam. Bu ekspatisiyada hara gedirik?
– Ekspedisiya, səfeh qoca Ayı.
– Oh! – dedi Pux. – Bildim.
Amma o əslində, heç nə bilmirdi.



Kitabın yekun variantına düşməyən digər bir eskiz isə Pux və Piqletin ova çıxdığı və az qala bir "Vuzl" tutacaqları III fəsil üçün çəkilmiş incə bir sınaq rəsmidir.

Rəsmlər aprelin 17-də açılacaq sərgi çərçivəsində Londonun mərkəzində, Duver küçəsindəki "Piter Harrinqton Nadir Kitabları" qalereyasında nümayiş etdiriləcək.

"Rəsmlər az qala kağızdan sıçrayıb çıxır"

"Piter Harrinqton"un baş mütəxəssisi Filip V. Errinqton bu rəsmləri "çox xüsusi" adlandırıb:

"Bu ilkin eskizlərdə Şepardın ilk fikirlərini kağıza köçürdüyünü görürük və burada mütləq canlı bir yaradıcılıq var. Onun hərəkəti təsvir etmə bacarığı həqiqətən də müstəsnadır. Kağız üzərindəki karandaş izləri çox gözəl işlənib. Siz burada həm sürətli yaradıcılığı, həm də Şepardın o özünəməxsus hərəkətli tərzini görürsünüz. Bu əsərlər az qala kağızdan sıçrayıb çıxır".

Errinqton əlavə edib ki, Vini-Puxun "ilhamın ilk anı" adlandırıla biləcək ilkin rəsmləri ilə qarşılaşmaq son dərəcə nadir bir hadisədir. Bu, rəssamın sırf karandaşla hərəkəti, personajı və hekayəni beynində necə formalaşdırdığını göstərir.

O, VIII fəsil üçün çəkilmiş rəsmi belə təsvir edib:

"Siz ön planda Kristofer Robini görə bilərsiniz. Pux, həqiqətən, çox aydın görünür və Piqlet də gözəl işlənib, lakin rəssam onun aşağısına kiçik bir ox işarəsi çəkərək "daha yaxın" sözlərini qeyd edib. Bəlkə də həmin personajların səhifədə necə görünəcəyi ilə bağlı bir az narahatlığı var idi. Orada həmçinin Kanqa və İyor da var".

Qeyd edək ki, Filip V. Errinqton rəssamın 1969-cu ildə öz ilkin rəsmlərinin böyük hissəsini vəsiyyət etdiyi "Viktoriya və Albert Muzeyi" tərəfindən 2017-ci ildə təşkil olunmuş sərginin məsləhətçisi olub.

O, prosesi belə təsvir edib:

"İki növ rəsm var – rəssamın yaratmağa, təsvirlə oynamağa və nə baş verəcəyini müəyyənləşdirməyə başladığı, adətən karandaşla çəkilən ilkin rəsmlər və tamamlanmış yekun rəsmlər".

# 79 dəfə oxunub

Oxşar xəbərlər

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

14:41 18 aprel 2026
100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

14:18 18 aprel 2026
Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?

Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?

13:30 18 aprel 2026
Hans Xristian Andersen mükafatının qalibi açıqlandı

Hans Xristian Andersen mükafatının qalibi açıqlandı

12:20 18 aprel 2026
Sevinc Çılğınla "Poeziya saatı"  keçiriləcək

Sevinc Çılğınla "Poeziya saatı" keçiriləcək

11:51 18 aprel 2026
"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər

"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər

11:41 18 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər