news-inner
clock08:15 calendar-gray 25 Yanvar 2013 view-gray4306 dəfə oxunub
view-gray4306 dəfə oxunub

Lenin Bakıdakı hansı qıza pul göndərirdi?

-“Nina necədi?” – deyə soruşduqda, “Nina şirin-şirin işləyir”- cavabı verilirdi. Heç kəsin ağlına belə gəlmirdi ki, burada söhbət, inqilabçı xalqı çar mütləqiyyətini devirməyə və silahlı üsyana çağıran gizli bir mətbəə haqqında gedir.

Birinci Rus inqilabı ərəfəsində RSDFP-nin (Rusiya Sosial -Demokrat Fəhlə Partiyası) fəaliyyətinin gücləndiyi bir vaxtda, inqilabçıların siyasi ədəbiyyata artan tələbatını xaricdən çətinliklə gətirilən əsərlər ödəmirdi. Buna görə də V. İ .Lenin Rusiyada mətbəə yaradılmasının yollarını axtarmağa başlayır. Rusiyada “İskra”nın ilk mətbəəsi Kşinyovda yaradılıb.

Lenin 1901-ci il may ayının 28-də L. M. Knipoviçə ünvanladığı məktubda yazırdı: “Rusiyada “İskra”nı siz necə təşkil etmək fikrindəsiniz? Gizli mətbəədəmi, yoxsa açıq mətbəədə... Gizli mətbəə bunun öhdəsindən gələ bilərmi? Bunun çoxlu pul və adam itkisinə səbəb olacaq olduqca böyük bir qorxusu yoxdurmu? Bu pul və qüvvələri ədəbiyyat göndərilməsinə sərf etmək daha yaxşı deyilmi, çünki hər halda Rusiya bunsuz keçinə bilməyəcəkdir.”

Bu yazışmada söhbətin Bakıda bolşevik mətbuatı təşkil etməkdən getdiyi aydın olur.

Bakıda gizli mətbəə təşkil etmək o qədər də asan deyildi. Əlverişli bina tapmaq, çap maşını, mətbəə kağızı, rəng, şrift və s. tapmaq lazım idi. Bütün bunlar isə külli miqdarda vəsait tələb edirdi. Mətbəə avadanlığı almaq üçün hələ qubernatordan xüsusi icazə də alınmalı idi.

Gürcü inqilabçısı Lado Ketsxoveli qubernatorun titulu olan təmiz blank əldə edir və öz adına Yelizavetpol qubernatorunun adından mətbəə açmağa ixtiyar verən vəsiqə yazır. Sənədin saxta olduğunu başa düşməsinlər deyə, onun üzünü köçürüb Bakı Notariusunda təsdiq elətdirir. İskraçılar bu sənədlə lazım olan avadanlığı və materialları əldə edirlər.

Beləliklə, 1901-ci ilin əvvəlində Bakıda gizli mətbəənin təşkilinə nail olurlar.

Mətbəə Vorontsov küçəsi ilə Balaxanı küçəsinin tinində olan bir evdə fəaliyyətə başlayır.

“Nina” mətbəənin gizli yazışmalardakı şərti adı idi. Əslində isə orada Nina adlı heç bir qadın işləməyib. Mətbəənin təşkilinə və fəaliyyətinə Lado Ketsxoveli başçılıq etdiyinə görə, bu adı mətbəəyə o verib. Ancaq onun mətbəəyə nə üçün məhz “Nina” adı verdiyi məlum deyil. Mənbələrin birində qeyd edilir ki, Ketsxovelinin anasının da adı Nina olmuşdur. Həm də o, Kiyevdə yaşayarkən, Nina adlı inqilabçı yoldaşı olub. Bəlkə də bu səbəbdən mətbəəyə həmin adı verib.

Ketsxovelinin pasportunda “Ninanın atası” olduğu qeyd edilib. Onun V. İ. Leninlə məktublaşması məqamı maraqlıdır. Ketsxoveli yazırdı: “...Nina sağdır. Nina özünü çox gözəl hiss edir. Ninanın atasından sizə salam!”

V. İ. Leninin cavab məktubu: “Ninanın atasına! Nina üçün bəxşişləri Ninanın dostuna göndərmişik. Ala bilərsiniz.”

“Nina” mətbəəsi birinci növbədə leninçi “İskra”nı yenidən nəşr etmək üçün yaradılmışdı. Mətbəənin təşkilatçıları L. Ketsxoveli, B. Krasin, Y. Qalperin, A. Ç. Yenikudze və başqaları idilər. Bu mətbəə nəinki Bakı iskraçıları, həmçinin RSDFP-nin Tiflis komitəsinin, “İskra”nın Rusiyanın digər şəhərlərində yaşayan agentlərinin köməyi ilə yaradılmışdı.

Mətbəə əsasən “İskra” redaksiyasının tapşırıqları ilə işləyirdi.

Mövcud olduğu 5 il ərzində mətbəədə iki milyon nüsxədən artıq müxtəlif inqilabi ədəbiyyat nəşr edilib. “İskra”nın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu da kifayət qədər böyük rəqəmdir.

“Nina”nın bütün Rusiyanı inqilabi ədəbiyyatla təmin etdiyini Krupskaya belə ifadə edib: “Bakı o zaman “İskra”çı təşkilatın dayaq nöqtəsi idi.”

Mətbəə ətrafında Rusiyada əməli fəaliyyət göstərən peşəkar inqilabçıların güclü qrupu toplaşmışdı.

1901-ci ildə Bakıda bu mətbəədə Tiflis sosial-demokratlarının orqanı olan “Brdzola” (“Mübarizə”) qəzetinin birinci nömrəsi nəşr edilib. Bundan əlavə mətbəə rusca “Cənub fəhləsi” qəzetinin də nəşrinə nail olub.

1902-ci ilin sentyabrında Ketsxoveli mətbəənin izinə düşən çar məmurları tərəfindən həbs olunur. O, gizli mətbəə qurmaqda ittiham edilərək əvvəlcə Bayıl həbsxanasına salınır, sonra isə Metex qalasına göndərilir.

1902-ci ilin dekabrından “Nina” mətbəəsinin ikinci dövrü başlayır. Bu zaman ona Lev Krasin başçılıq edir. Onun rəhbərliyi zamanı mətbəənin gücü daha da artır. Krasin yeni, müasir avadanlıq almaq üçün məşhur aktrisa Vera Komissarjevskayanın razılaşdırılmış xeyriyyə konsertindən gəlir əldə edir. Bu zaman mətbəə ünvanını da dəyişməli olub. Avqust ayında “Nina” köhnə Çadrovı (Mirzağa Əliyev) küçəsində Cəbrayıl adlı kişinin kirayənişini olur.

Ketsxovelinin taleyi isə faciəli sonluqla bitib. 1903-cü ildə o, türmədə odlu silahla qətlə yetirilib. Onu həbs etdirən Rotmistr Vladimir Runiçin də çox yaşamayıb. 1908-ci ildə Tiflisdə Tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə yerindəcə keçinib. Bununla da Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.

“Atası” hesab edilən Ketsxoveli öldürüldükdən sonra “Nina” Aşağı Təzəpir küçəsindəki 77 nömrəli evə köçüb. Ev sahibinə demişdilər ki, onların mətbəəsi adi mətbəədir və patent pulu verməmək üçün onu gizlədirlər.

Həmin vaxt Krupskaya yazırdı: “Nina” sağdır...İndi ona xüsusi diqqət yetirmək lazımdır.”

1903-cü ildə partiyanın ikinci qurultayına hazırlıq görülən zaman “İskra” redaksiyası “Nina”nı Olqa Konstantinovanın ixtiyarına verib. Mənbələrə görə, əslində bu, bir şəxs deyil, Təşkilat Komitəsi idi (Организационный Комитет). Krupskaya Həştərxan inqilabçılarına göndərdiyi məktubunda yazırdı: “Nina“ üçün ən yaxşı rəfiqə Olqa Konstantinovnadır. O, təcrübəli adamdır, lazımi göstərişlər verər, pulla kömək edər və sair. “Nina”nı bütünlüklə ona tapşırırıq.”

Mətbəə olduqca gizli və ağır şəraitdə işləyirdi. Polisin əlinə keçməmək üçün “ev sahibləri” (işçilər) qonşulara varlı, işgüzar adamlar kimi görünmək üçün tez-tez faytona minib bazarlığa gedərmişlər.

Sonralar “Nina”nın kiçik bacısı “Nadya” meydana gəlib. Aşağı Təzəpir küçəsində qalmış mətbəə “Nadya” adlandırılıb, “Nina” adı isə əslində yeni yaradılmış mətbəəyə verilib. Bu mətbəə o zamana görə ən mükəmməl avadanlıqla təchiz edilib.

1903-cü ilin dekabrında Leninə göndərilən məktubların birində deyilirdi: “”Nina” ilə “Nadya” salamatdırlar, salam göndərirlər.” Bakıdan göndərilən digər bir məktubda Krasin MK-nın xarici bürosuna xəbər verirdi ki, “”Nina” ilə “Nadya” yaşayırlar və gündən-günə gözəlləşirllər, belə ki, adamın qəlbi şad olur.”

Lakin mənbələrdə “Nadya”nın sonrakı taleyi barədə məlumata rast gəlinmir.

1903-cü ildə RSDFP iki qanada –bolşevik və menşeviklərə ayrılanda, “Nina” bolşeviklərin ixtiyarında qalıb. “Nina” mətbəəsi bolşeviklər tərəfindən olduqca gizli saxlanılaraq, 1906-cı ilin əvvəllərinə qədər ağır bir şəraitdə işləmişdi.

Mətbəənin qarşısında duran vəzifələri müəyyən etmək üçün A. Yenikudze 1905-ci ilin noyabr ayında Bakıdan Peterburqa gedib. Mətbəənin fəaliyyəti haqqında məsələ Leninin iştirakı ilə MK iclaslarından birində müzakirə edilib. Həmin qərara görə “Nina” gizli mətbəəsi ləğv edilib. Mətbəənin çap maşını Bakıdan Peterburqa göndərilib. 1906-cı ildə “Delo” cəmiyyəti mətbəəsi adı ilə partiyanın böyük bir mətbəəsi yaradılan zaman maşın həmin mətbəəyə verilib və o leqal status alıb.

“Nina” mətbəəsinin demək olar bütün işçiləri yeni mətbəədə işləmək üçün Peterburqa gediblər.

1938-ci ildə AKP MK-nın qərarı ilə “Nina”nın yerləşdiyi ev təmir olunaraq muzeyə çevrilib.

“Nina”nın əsas simalarının sonrakı taleyi də müxtəlif olub. L. Krasin Almaniyaya köçərək “Simens” şirkətində çalışıb. Lakin Oktyabr inqilabından sonra Leninin təklifini qəbul edərək Rusiyaya qayıdıb. SSRİ-nin Londonda ticarət nümayəndəsi kimi çalışarkən 1926-cı ildə 56 yaşında vəfat edib. Stalinin yaxın dostu olan A. Yenukidze Sovet dövlətində yüksək vəzifələrdə çalışıb. 1937-ci ildə 60 yaşında güllələnib. Stalinin gələcək qayınatası S. Alliluyev 1945-ci ildə 79 yaşında mədə xərçəngindən vəfat edib. V. Bolkvadze isə 1937-ci ildə güllələnib.

Mənbə:

“Nina” gizli mətbəəsi muzeyi, 1965

A.Aleksandra, “Nina” Bakıda qalır. 1985

“Müxbir” jurnalı, 1977, aprel

“Elm və həyat” jurnalı, 1980, 5

“Kommunist” qəzeti, 1968, 21 aprel

“Bakı” qəzeti, 1969

“Ədəbiyyatvə incəsənət” qəzeti, 1970, 18 aprel.

news-inner-user
Zivər Ay

20 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Səngərdəki səs" - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:22 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020