Rus məktəbində oxudu, “KQB”-yə çağırıldı, ad günündə öldü - Nəbi Xəzri onu niyə şilləylə vurmuşdu?

Rus məktəbində oxudu, “KQB”-yə çağırıldı, ad günündə öldü - Nəbi Xəzri onu niyə şilləylə vurmuşdu?
11 oktyabr 2022
# 21:00

Kulis.az Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovla bağlı maraqlı faktları təqdim edir.

Süleyman Rəhimov 1900-cü ildə Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb. Sonralar texnikum və ali məktəb bitirib.

***

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.

***

Üç dəfə 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

Gallery

Azərbaycan Yazıçılar İttifaqı tarixinin ən amansız konfliktlərindən biri 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn – Süleyman Rəhimov ixtilafı idi.

İttifaqın iclaslarının birində Süleyman Rəhimovla Mehdi Hüseynin mübahisəsindən sonra ikincinin ürəyi dayanır və elə ordaca ölür.

Hadisə baş verən gün iclas iştirakçılarının bir çoxunun imzası ilə akt hazırlanır. Aktda deyilirdi:

“Bu gün, yəni mart ayının 10-da saat 3.40-da Rəyasət Heyətinin iclasında Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahimlə Mehdi Hüseyn arasında mübahisə baş verdi. Süleyman Rəhimov və Məmməd Rahim Mehdi Hüseyni dəfələrlə təhqir etdilər. Bunun nəticəsində Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəfat etdi…”

Sənədi imzalayanlar arasında Nəbi Xəzri, İmran Qasımov, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, İsmayıl Şıxlı, Əli Vəliyev, Əhməd Cəmil, Osman Sarıvəlli, Hüseyn Abbaszadə vardı.

House museum of Abdulla Shaig

Süleyman Rəhimov adətən başına çal papaq qoyduğuna görə onun tərəfdarlarını “çalpapaqlar” deyirdilər. Çalpapaqların başçısı Mərkəzi Komitədəki iclasda Vəli Axundova deyir:

“Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının da sürücüsü Mehdi Hüseyndir. O, maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb-tutur, içimiz tökülür”.

Vəli Axundov cavabında dillənir:

“O, yaxşı sürə bilmir, siz də bir yandan onun başını qatır, sürməyə qoymursunuz”.

***

Həmin vaxt SSRİ Yazıçılar İttifaqı yanında Sovet xalqları ədəbiyyatı komissiyasında Azərbaycan üzrə məsləhətçi işləyən yazıçı Çingiz Hüseynov xatirələrində yazır:

“1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı. Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonda Bakı ilə danışır. Bir şey anlamadan “Necə öldürüblər?!” deyir və telefonun dəstəyini mənə uzadır. “Öyrən orda, Bakıda nə baş verib?” Dəstəyin digər ucundakı Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: “Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda…”. Sonra isə qatillərin adını çəkir: “Süleyman Rəhimov!… Məmməd Rahim!…” Mən soruşuram, bu nə cəfəngiyyatdır? Nəbi Xəzri isə təsdiq edir ki, onu öldürdülər!

Mehdi Hüseyn vəfat edən an Nəbi Xəzri şillə ilə Süleyman Rəhimova vurmuşdu.

***

Yazıçın oğlu Aqil Rəhimov isə müsahibəsində bunların yalan və şişirtmə olduğunu deyib:

“O hadisəyə görə olmadı bu. Onsuz da ürəyindən narahat idi. Həmin vaxt da ürəyi tutmuşdu. Orda qırğın-zad olmayıb. Şişirdirlər. Allaha and olsun ki, Mehdi Hüseyni katib götürəndə o birilər qısqanmışdı, bu qərarla razılaşmırdılar. Deyirdilər, Mehdi ilə işləmək çətin olacaq. Ona verilən evi də Mehdi Hüseynə vermişdi.”

***

Bağırov Mirzə İbrahimovu respublikadan sürgün etmək istəyirdi. Bağırovun yanına gedib xahiş etmişdi. Bağırov deyirmiş, vətən xainidir o. Süleyman Rəhimov isə deyib, o, bu vətənə bizə görə gəlib. Beləliklə onu xilas edib

***

Məmməd Səid Ordubadinin oğlu həbsdə olanda Bağırovdan xahiş eləmişdi ki, oğlunu görmək istəyir, icazə verin. Bağırov əsəbiləşib. Ordubadinin oğlu bir nəfəri baltayla vurub öldürmüşdü. Süleyman Rəhimov deyib ki, dəli də olsa, qatil də olsa, oğuldur, görmək istəyir. Axırı, Bağırov yumşalıb, “xoroşo” - deyib.

Sonralar Yazıçılar İttifaqında qazaxlılara qarşı Qarabağ qrupunun rəhbəri hesab olunsa da Səməd Vurğunla yaxın dost imiş. Səməd Vurğun onu “Azərbaycan nəsrinin ağır artilleriyası” adlandırmışdı.

***

Süleyman Rəhimovun yazdığı “Şamo” romanı Azərbaycan ədəbiyyatının ən irihəcmli əsəri sayılır. Onun ən geniş leksikona sahib yazıçımız olduğunu deyənlər çoxdur, amma müasir yazarların arasında Süleyman Rəhimovun dilinin çox aqrar olduğunu və modern nəsr üçün o qədər də yaramadığını düşünənlər də var.

***

“Şamo” romanındakı Göyərçin obrazına görə onu “KQB”-yə çağırmışdılar. Çünki qadının əxlaqında bir az problem vardı. Deyridilər, sovet qadınına yaraşmaz belə şey.

***

Ümumilikdə, onu tez-tez “KQB”-yə çağırır, müxtəlif səbəblərdən incidirdilər.

AZƏRBAYCAN MÜƏLLİMİ

Ölümündən sonra Süleyman Rüstəm hansısa bir şəhərə Süleymanabad adı verilməsi təklifi ilə çıxış edir, lakin ozamankı dövlət və hökumət nümayəndələri bu təklifi qəbul etmir.

***

Yazılarını fərqli metodla yazırmış. O, yazı masası arxasına keçəndə bir qab dovğa hazırlatdırar, yanına qoyar, iri çappa ilə içə-içə yazarmış.

***

Məşhur türkiyəli yazıçı Əziz Nesin Bakıda olanda Süleyman Rəhimovla birgə çox vaxt keçirirlər. Süleyman Rəhimovun çox yazdığını görən Əziz Nesin onunla zarafatlaşır:

- Bu qədər yazırsan, bəs, nə vaxt oxuyursan?

***

Süleyman Rəhimovun həmişə cavanların tərəfində durduğu deyilir. Mərkəzi Komitəylə cavanların üstündə davası düşürdü. Onların tərəfini saxlayırdı. Bu da rəhbərliyin xoşuna gəlmirdi.

Bir dəfə qurultayda məruzəçi kimi Mirzə İbrahimov onu qoymaq istəyib. Razılaşmayıb. Deyib, mənim yerimə Bəxtiyar Vahabzadə məruzə etsin. Onda Bəxtiyar müəllimin 30-31 yaşı olardı...

news-inner

6 övladı olub: dörd oğlan, iki qız. Oqtay, Şamo, Şəfiqə, Arif, Rəfiqə və Aqil. Övladlarından yalnız sonbeşik Aqil Rəhimov həyatdadır.

***

Dostları onu görünüşcə qartala bənzədirdilər.

***

Süleyman Rəhimov 11 oktyabr 1983-cü ildə, 83 yaşında vəfat edib. Oğlu Aqil Rəhimov o günü belə xatırlayır: “Deməli, bacımın ad gününə gedibmiş. Mikrorayona. Gecə düşüb, bacım da deyib, qal, səhər gedərsən. Ordaca dünyasını dəyişib. Mənə zəng eləyib xəbər verdilər. Heç kim xəbər tutmadan onu bu evə gətirdim.”

# 14079 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #