Sən gözəl şairsən, Həmid ağa, amma...

Sən gözəl şairsən, Həmid ağa, amma...
5 iyul 2021
# 17:45

Kulis.az gənc yazar Orxan Həsəninin “Ayaq üstə dayanıb pivə içdiyim anlara və Həmid Herisçinin 60 yaşına həsr olunur” yazısını təqdim edir.

Həyatda, görəsən, nə faciədir? Bir zavallının özünü qatarın altına atması, yoxsa dördüncü kurs tələbəsinin işdən yorğun-arğın çıxıb üzü yuxarı küçələrin ipindən yapışması? O vaxtlar səhər erkən oyanıb hissə-hissə əritdiyim hekayələrlə üz-üzə, diz-dizə dayanır, bir saatın ayağını baş eləyib evdən çıxmaq, dərsə gecikməmək üçün tələsirdim. Sonra on dəqiqəlik havasız tələffüz məsafələri ilə bir-birinə yapışan “doxsanlar” boy verirdi, onları qaynar akademik söhbətlərə, xanım dostumla şeytani mesajlara, görüşlərə həsr edirdim və sütun kimi qalxan “doxsan”ları uçurub dostlarımla Zahid Xəlilov küçəsində yerləşən “Liman Pub”a burulurdum. Hərəyə iki bakal pivə ilə alovlu ruhuma su çiləyirdim, Nigara zəng edirdim, nədənsə, danışırdım, hesabı qaraşın qızın telinə bağışlayıb çıxırdım.

İndi iş zamanı yetişdi. Mətbuat mərkəzindəki iş yerim gərgin və faydalı günortalar deməkdi. Gəlib gedənlərin işığı gözlərimi qamaşdırır, bir də heç vaxt iyirmi yaşda olmayacağımı pivənin havasıyla düşünüb qüssə burulğanına yuvarlanırdım. Belə zamanlarda Həmid Herisçinin “SSSR” kitabını açır, təsadüfi şeir, misra oxuyub sinəmdə dağlanan ədəbiyyat yükünün təskinliyini duymaq istəyirdim.

“Ədəbiyyatda, görəsən, nə faciədir? Bir zavallının özünü qatarın altına atması? Yoxsa, heç kimin özünü qatarın altına atmaması”.

Yalnız bu zaman Həmid Herçinin şeirlərindəki absurdu, həyata mırıq dişlərlə gülümsəməyi görüb təskinlik tapırdım.

Yol hamıya yoldu və yolun vecinə deyil ki, kim ondan axsaq keçir, kim diri!

Bir də heç vaxt gəlməyəcək iyirmi yaşın qeyd dəftərlərinə Həmid Herisçi haqqında bu qeydlər yazılıb:

“O, maraqlı və dinamik müəllifdir. Mənə elə gəlir ki, darıxır, reallıq zəncirlərinin buxovunda yaşamaqdan bezib və məhz buna görə bal həvəsində güldən gülə, çiçəkdən çiçəyə uçan arı kimi Həmid bir ideya çiçəyindən başqa ideya çiçəyinə yol ölçür, sərhədsiz ədəbiyyat bağında bütün güllər üçün eyni həvəslə oxuyur. Oxuyur və hamısında öz orijinallığını qoruyur. Bu mənada Həmid Herisçinin xarakterinə çox qatlılıq hakim kəsilib. Kimə hansı qat sərf edirsə, o filtrdən baxır, kimə hansı qat sərf edirsə, o tərəfdən sevir. Həmid Herisçinin yaradıcılığı və xarakterindəki əlkimya onu sevənləri də, nifrət edənləri də səbəbsiz qoymur...”

Bir də heç vaxt gəlməyəcək iyirmi yaşın Həmid Herisçi ilə bağlı qeydləri burda bitir və mənə elə gəlir ki, qeydlərin yazıldığı ərəfələrdə baş verən hadisəni xatırlamalıyam.

Həyatda, görəsən, nə faciədir? Bir zavallının özünü qatarın altına atması, yoxsa dördüncü kurs tələbəsinin işdən yorğun-arğın çıxıb üzü yuxarı küçələrin ipindən yapışması? Bilmirəm və bildiyim odur ki, həmin günlərin birində axşamüstü idi. İşdən çıxıb özümü atmışdım Bəxtiyar Vahabzadə küçəsinin adam çoxluğuna və o adam çoxluğuna qarışıb çatmışdım “Elmlər Akademiyası” metrosunun əjdaha ağzına. Ağır siqaretimdən bir qullab dartıb vaxt qazanmışdım. Ki, dərsdən təzəlikcə çıxan gözəl tələbələr gözəl qatarlara minib gözəl uzaqlara getsin, sıxlığa düşməyim. Mənim həmişə fiziki və mənəvi sıxlıqdan zəhləm gedib. Nigara zəng çatmırdı. Qayğı doluydum.

Siqaret çəkə-çəkə adam çoxluğuna baxarkən, qəfil beynimdən ulduz kimi bir fikir axmışdı. Addımların təsəvvür batareyasına enerji verdiyini elə oradaca kəşf edib götürülmüşdüm Hüseyn Cavid parkına. Keçidi başa gətirib yeraltı dünyanı salamlamışdım və gözlərim Hüseyn Cavidin əzəmətli heykəlini seçən kimi əhvalım kədərli və bayağı xatirələrin əlini sıxmışdı. Əlbəttə, iyirmi yaşın dumanı məni şəhər melanxoliyasının şah damarında azdırırdı, ancaq ruhumun reallığa saplanan sağlam dirəkləri uçulmamışdı, ol səbəbdən kədərli və bayağı xatirələrin başını tumarlayıb, əlini sıxan kimi addımlarımı irilətdim, “uzaqlandım”.

Vergilər Nazirliyinin binasına diqqət borcumu ödəyib barmağımın ucunu Landau küçəsinə çəkdim. Məni sağda Qurban Xəlilov küçəsi gözləyirdi. Niagara bir daha zəng etdim.

“Bu nömrəyə zəng çatmır”.

Budur, addımlarımın musiqisi Qurban Xəlilov küçəsində susdu və Bəşir Səfəroğlu küçəsinin təpəliyindən gözəl Bakının panoraması parladı. Bu şəhəri sevirəm, həyatımdan məmnunam, arada əlimi yaxama aparıb küləklə dağılan yalqızlığımı düzəldirəm.

Yolları addımlarıma yığıb, Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin qızarmış çörəyinin arasında Holland pendiri kimi xatirələrlə yapışqan duran Qış parkında əylənirəm. Siqaret yandırıb keçən günləri yox, gələn günləri xatırlamaq istəyirəm.

“Bakıya çox qalıb hələ?”

Səməd Vurğun küçəsindən qalxıb Salatın Əsgərovaya buruluram və Bakı Xoreoqrafiya Məktəbinin qarşısındakı dayanacaqda gördüyüm adamı həmin an tanıyıram. Bakının təəccüb qutusu hər zaman dolu dolduğundan küçələri, dalanları, həyətləri ehtiyatla, dabanlarımı vurmadan gəzdiyimi, xatirələri yuxudan oyatmadan addımladığımı niyə gizlədim? Hava soyuq və küləklidır. O, paltosunun kəpənəyini qaldırıb qulaqlarını gizləyir. Və bu an 11 metrlik cərimə topuyla güllələnirəm. Budur, Həmid Herisçi.

“Ey mənə bənzər insan, sən burdasan!”

Təkdən bir gəlib keçən maşınların nur səpən faralarından özgə küçənin qaranlığını heç nə doğramır.

– Salam, Həmid bəy – mən bilmirəm ruhuma səpilən cəsarət toxumları nə vaxt cücərir? Tərəddüd divarlarımı uçurub yaxınlaşıram. Ayağıma dolayıb gətirdiyim əyri-üyrü küçələrin emosiya yükünü indi daha çox duyuram.

– Salam – o əlini uzadır. Mən çaşıb sol əlimi verirəm, hə, küt anlaşılmazlıqdır arada dolaşan. Beləcə, buzdan adamlar olub dururuq. Nə mən danışıram, nə də Həmidin dili söz tutur.

Bu vaxt gəlib keçən maşınların nur səpən faralarının işığında kimliyi bilinməz, orta yaşlı adam yanlayır bizi. Ovcunda sıxdığı manatlığın ucunu göstərib söyləyir:

– Qardaşlar, bəlkə, xırda ola?

Əvvəl-əvvəl bir-birimizə baxırıq. Sonra sağ əlim cibimə keçir, xatırlayıram ki, cəmi-cümlətani əlli qəpiyim var. Nə xoş!

– Xırdam yoxdur – deyirəm.

– Məndə olmalıdı. Gözlə... – Həmidin sağ əli ciblərini eşir və qısa axtarışın sonunda qəpiklər hava alır. Ovcundakı qəpikləri gözlərinə yaxınlaşdırır, təkdən bir gəlib keçən maşınların səpələdiyi nurda ayırdı edir, sayır. Altmış qəpik.

– Al, sənin olsun!

– Yox, dilənçi deyiləm – yad kişinin gözləri oyanır.

– Deyilsən, lap yaxşı, yoxdu xırdamız! Götür, götür! – Həmid deyir.

– Siz məni dilənçi yerinə qoymusunuz? Yox, olmaz. Mümkün deyil. Mən dilənçi deyiləm!

Bu zaman təkdən bir gəlib keçən maşınlardan birinin nur dənizi yad kişinin görüntüsünü apaydın göstərir. Həqiqət soyunur. Əynindəki paltarların nimdaşlığı parlayır, saqqalının özbaşınalığını, ağ tellərin yavaş-yavaş boy verdiyi saçlarının çirkini, dağınıqlığını və nimdaş paltarlarının altında utancdan gizlənmək istəyən yara izlərini görürəm. Ayaqqabısını görürəm, ucları timsah ağzı kimi açılmış...

– Mən dilənçi deyiləm, qalmamışam qəpiyinizə. Yox, yox, olmaz. Mümkün deyil.

Bu vaxt Həmid cibindən beş manatlıq çıxarır.

– Bildim, dilənçi deyilsən. Ancaq pulu götürməlisən. İstəyirəm, ehtiyacı olan adama verəsən. Özün üçün yox, başqaları üçün. Başa düşdün?

Yad kişinin gözləri bir anda parladı. Gözlərindəki işıq iriləşdikcə, üst-başına səpələndikcə saqqalı səliqə qazandı, saçlarında tək-tək boy verən ağ tüklər itdi, yuyundu, darandı, üstü-başı ütüləndi, canlandı və ayaqqabılarının timsah ağzı kimi açılan ucları mismarlandı.

Yad kişi gülümsəyib uzaqlaşdı. Qaranlığın arada süzülən nazik işıq xətti kimi itdi.

“Hardasan, Nigar?”

– Görünür, Bakı kitabxanaları mühafizə olunmur. Dostoyevskinin obrazları kitablardan qaçıb şəhərdə dolaşır – mən gülümsər deyirəm bu an hiss edirəm ki, bayaqdan əllərimiz eləcə sıxılı qalıb. Çəkirəm.

– Siz də solaxaysınız? – o deyir.

– Yox!

Gözlənilməz görüşü qanunauyğunluq reyslərinə oturtmaq üçün bir də heç vaxt gəlməyəcək iyirmi yaşın ruh tavasında yağ kimi əriyən Həmid Herisçi şeirindən salıram söhbəti və müsahibimin məmnunluğunu görərkən əvvəl-əvvəl xəcalət çəkirəm.

Nə idi bu?

İnsanları narahat etmək olmaz.

Uyğunluğun alisi budur.

– Vaxtın varsa, bir az gəzişək, Orxan bəy! Bəlkə, siqaretin ola? – o dedi.

– Əlbəttə! Varımdır – bir də heç vaxt gəlməyəcək iyirmi yaşın öyrətdiyi nəzakət işə düşdü.

Biz Bülbül prospektinin uzanıb nazildiyi, balacalaşdığı ara küçəyə daxil olduq. Sağımızda hündürmərtəbələr dikəlirdi, solumuzda Bakının çar dövründən qalma klassik binaları. Çar dövründən qalma klassik binaların qarşısında maşınlar, oturacaqlar, çinar ağacları və zamanın öpüb keçdiyi hissələrə səpilən qara ləkələr... Həmid təkdən bir gəlib keçən maşınların səpələdiyi nurda bunları gördü, çinar ağaclarına diqqət kəsildi və astadan söylədi:

– Orxan bəy, harada ki, ağaclar binalardan hündür olur, mənim həyata inamım artır.

– Klassik binalar mənə də doğmadır. Klassik binalar, klassik ədəbiyyat...

– Bax bu gördüyün hündürmərtəbələr Tristan Tzaradır, Andre Bretondur, - klassik binaları göstərdi – bunlar da Nizami, Rumi!

O, dayandı, əlini qaralmış binanın fasadına çəkdi. Yuxarı mərtəbədən aşağı süzülən işıq onun yalnız fasada birləşən əlini göstərirdi və mənə elə gəlirdi ki, məkanlar və insanlar arasındakı mücərrəd əlaqəyə bir də heç vaxt belə şahidlik etməyəcəm.

İlan olub uzanan Bülbül prospektinin nazik quyruğuna çatıb əyləndik və dairəvi sirk binası qaranlığın arasından gülümsəyib özünü məhlim elədi. Bizdən solda, hündürmərtəbələrin arasında sıxılıb gizlənən, üzünə utanc pədəsi çəkən kiçik məhəllələr dururdu.

Həmid Hersiçinin hələ açıq-aydın təhlil olunmayan, məqsədli-məqsədsiz akademik tədqiqatların əlindən balıq kimi sürüşüb düşən müstəqillik dövrü ədəbiyyatımızın ən ciddi impulslarından biri olduğunu o vaxt yaxşı bilirdim. Bu mənada söhbətlərdən, kiçik esselərdən, arxiv materiallarından, sarılığa tutulmuş kitablardan təsəvvürümdə canlanan mənzərənin mərkəzində hər zaman Həmid Herisçi dayanıb. Təkqaynaqlı ruha sahib olmayan Həmid üçün həyatda hər şey ədəbiyyatın forma dəyişmiş halıdır, yazıçı üçün yeganə missiya onları götürmək, büküb ilkin varianta, yəni ədəbiyyat halına salmaqdır. Məhz buna görə 90-cı illərdən bu yana azad Azərbaycan ədəbiyyatı məşəlini əlindən hərləyən və tənqidi-realizm prinsiplərinin sözçüsü olan Həmid birdən mistika cəngəlliklərinin çiçəyini qoxlayır, biz onu pirlərdə görürük, Azərbaycan ədəbiyyatının az qala iki yüz ildir görməzdən gəldiyi, məzələndiyi, doladığı şərq mistikası Həmidin dünyasında brendləşir, hava alır.

Ədəbiyyatın ilkin impulsları dini-mistik mətnlərdən törəyib. Hələ qəbilələr dövründə insanları müxtəlif uyuşdurucu bitkilərlə ekstaz hala salıb başqa bir dünya təsəvvürü yaradan şamanlar ritual zamanı müxtəlif nəğmələr oxuyurdular. Bu nəğmələr günümüzün şeirinin ulu babaları hesab olunur. Gerçək ədəbiyyatın alternativ dünya təqdim etməyi, bəlkə, təsadüfdür?

Xüsusilə, reallıq kərpicləri ilə hörülmüş roman janrına müstəsna Latın Amerikası magiyasının çəkdiyi sığal bütün təsəvvürləri dəbərtdi. Magiya, sehr həyatı, keçmişi, gələcəyi, zamanı ədəbiyyat güzgüsü ilə qavramaq istəyənlərin əlində vasitəyə çevrildi, dünyanı dolaşdı, Günter Qrassları, Salman Rüşdiləri, Yusif Səmədoğluları doğdu.

Mirzə Fətəli Axundov ilə hörülməyə başlayan və Cəlil Məmmədquluzadə ilə düyünlənən Azərbaycan ədəbiyyatı paltarını soyunan kimi öz mistikasını, sehrini də soyunmuşdu. Dərviş Parisi partlatmamışdı, Nəsrullah ölünü diriltməmişdi və sanki bununla mövzu qapanmışdı.

Maarifçilik dövrünü tamlıqla yaşayıb bitirməmiş Azərbaycan cəmiyyəti və ədəbiyyatı müstəqilliyin sonrakı iki onilliyində XX əsrin əvvəlini yenidən yaşadı. Alternativsiz tənqidi-realizm tufan olub bütün sahələri tozuna qatdı. Bu, əlbəttə, təbii proses idi. Bitməyən yol gedilməliydi, göyə atılan daş torpağı görməliydi. Ancaq düzgün təhlil və ya mənəvi tələbin üzündən Həmid Herisçi tənqidi realizmi aşa bildi və Azərbaycan ədəbiyyatını bir bütöv olaraq öz sinəsində yumşaltdı.

İnsan dualist varlıqdır. O, həyatı həm mistik qavrayır, həm realist. Bu mənada, Həmidin dünyanı və ədəbiyyatı qavraması insanın təbii aləmi ilə ayaqlaşmaqdır.

– Romanda süjetin böyük əhəmiyyəti var. Süjet mistik olmalıdır, mistik. Bax, müasir Qərb ədəbiyyatına. Hamısı hadisələrin düzümü ilə təəccübləndirir oxucuları. Nəsə fantastika! Patrik Züskindi oxumusan? “Parfümer” romanını deyirəm. Realizm yazı tərzində, obrazlarda bitir. Vəssalam. Realizmin başqa harada iti azıb? Heç yerdə! Yeganə hərəkət mistikadır! Qorxma. Yazıçı gərək cəsarət yiyəsi olsun. Sinəsini qabağa verməyi bacarsın. Hamı Mirzə Cəlil yolu gedir, mən yox. Qəbul etmirəm o yolu. Özün öz qiymətini biləsən gərək. Özünü mükafatlandırmağı bacarasan. Cəmiyyətə fikir vermə. Azərbaycan oxucusu nə özü sənə qiymət verir, nə də imkan verir sən özün özünə qiymət verəsən. Başa düşdün? Gəncsən, gərək belə şeyləri indidən biləsən. Mən səndən əvvəlkilərə çox dedim, az eşitdilər. Özləri bilər.

Biz gəlib köhnə məhəllələrdən birinə girəndə Həmid Herisçi bunları söylədi və barmaqlarının arasında möhkəm sıxdığı siqaretdən dartdı.

– Şəhəri gecə gəzməyi sevirəm, Orxan bəy. Qaranlıq hər şeyi örtür!

– Hə, qaranlıqda küçələr qısa görünür.

Məhəllədən çıxdıq, külək uladan Səməd Vurğun küçəsinə atdıq özümüzü və Həmid yenidən binaların fasadlarına diqqət kəsildi. “Arzuların bişirdiyi şirniyyatların üstünə elə o saat ümidsizlik milçəkləri qonur”. Qonmasın. Gərək yenə zəng edim. Nigar! Niyə çatmaq olmur?

– Vaxtdır, Orxan bəy, getməliyəm, bir dost gözləyirdim, onu görməliyəm – saatına baxıb söylədi.

– Yolunuz hayanadır?

– Metroya tərəf

– Mən də əks tərəfə...

– Onda sağ-salamat.

– Yenə görüşək, Həmid ağa.

– Nə vaxt istəsən.

– Bəlkə, nömrənizi götürüm.

– Lap gözəl.

Yorğun-arğın gəlib evə çıxıram və çarpayımda sərələnib Nigarı düşünürəm. Haradadır? Saat gecəyə qol uzadır. Niyə zəng çatmır? Çatmırdı, amma bayaq. Bəs indi? Yenə zəng etməliyəm, yenə. Mesajlara cavab vermir, verməsin! Nəsə etmişəm, amma nə! Telefonu çıxarıb kontaktları gəzirəm. Gözlərim yorğunluqdan səthə çıxan ağ balına ağzı kimi yavaş-yavaş açılıb, yumulur. Budur, yığıram, telefonu qulağıma tutub gözlərimi qapayıram, zəng çalır. Nə gözəl! Xətt açılar-açılmaz dil-boğaza qoymuram:

– Hardasan, Nigar, niyə cavab vermirsən? Niyə açmırsan zəngi? İndi belə olduq? Nə deyirəm, sən deyən olsun, daha sözüm yoxdu sənə. Niyə açmırsan zəngi?

– Kim idi? – zəngin o tərəfindən gələn kişi səsinə dikəlib oturdum çarpayımda. Telefonu qulağımdan çəkib heyrətlə zəngin adına baxdım. Həmid Herisçi. Ay allah, işə bax da, yorğunluq, diqqətsizlik, amma bu qədəri... Ax Nigar, hamısı sənin üzündən.

– Həmid ağa – mən deyirəm.

– Eşidirəm.

– Sən gözəl şairsən, Həmid ağa, amma təəssüf ki, mən səhv düşmüşəm.

Həyatda, görəsən, nə faciədir?

Hardasan, Nigar?

# 3013 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #