news-inner
clock12:09 calendar-gray 03 May 2021 view-gray1039 dəfə oxunub
view-gray1039 dəfə oxunub

Eşq və Seks: Kenquru torbasında Azərbaycana gətirilən feminizm

Kulis.az filosof Rahid Uluselin Eşq və Seksessesini təqdim edir.

Qadın və Kişi başlanğıcının vəhdəti dünyanın İnYan universal duallığındakı vəhdətdə qərar tutur: Onlar canlarını bir-birinə qatarkən, Qadın (İn) qadınlığının şah damarıyla dünyadan min illərcə və öz həyatı boyunca yığıb topladığı nektarı Kişiyə, Kişi (Yan) kişiliyinin şah damarıyla dünyadan min illərcə və öz həyatı boyunca yığıb topladığı nektarı Qadına ötürür – bəxş edir. Buna görə də Kainatda onların Sevgisində mayalanan Eşqdən böyük Eşq yoxdur. Vəhdətin iki axınından gəlib bir Məcrada birləşən Sevgi – özündə dünyanın ən qüdrətli dad-enerjisini daşıyır. Bu Sevgi Okeanından doğulan İnsan – özünün və dünyanın yaradıcısı olur. İnsan-Dünya yaradıcılığının bu əbədi cismani-ruhani dövranı Varlığın ən böyük mənalarındandır.

İlahi qüdrət qadın gözəlliyinin yaradılışı ilə zirvə qatlarını açıb. Şərq İntibah və Qərb Renessans mədəniyyətlərində qadının üzü­nün müqəddəs haləsi – əslində çox realist təsvirdir. Üz – qa­dın ülviyyətinin və əxlaqının tam ifadəsi üçün bəs edir. Qadın üzünün həyalı qızartısından da duyğusal zəriflik, nəcabətli kübarlıq yoxdur. Abırlı geyinmiş qadının həyalı üzünün haləsi qədər onu qoruyan sipər, cangüdən yoxdur. Bu üzün qızartısı çadradan min dəfə etibarlı hifzetmə qüdrətinə malikdir. Qadın üzünün həyalı nurunda ona dürlü münasi­bət­lərin bütün layları açılır. Bu üz sənin ona münasi­bətini dərhal müəyyən edir. Anındaca bilirsən, – kimlə üz-üzəsən: ana ilə, gəlinlə, nişanlı və nişanlanmamış qızla, ərli qadınla, dulla. Maneken sifətinin sahibinə isə, özünü öldürsən də, münasibətini müəyyən edə bilmirsən. Özünü gözə dürtmək üçün o elə ekstravaqant geyinir ki, yanı başından daha "maraqlı" görünür.

Eşqin bitməz zamanı boyunca kişinin qadına sığallı münasibəti onun bədənini incəldib, yum-yumşaq edib. Təbii ki, qadın aurası da kişininkindən qat-qat zəif, şəffaf və keçir­gəndir. Cəlbediciliyini son həddə artırmağa həvəsli qadına endirilən nəzərlər, çırpılan baxışlar, deşən gözlər onun vücu­dunu sıyırır, gözəlliyini yırtır, qadınlığını yarır...

Kosmetikadan daimi, ifrat istifadə qadın bədəninin təbii rayi­həsini, dərisinin təbii ətir saçmasını öldürür. Dəri – gönləşir. Elastikliyini, estetik füsunkarlığını yoxaldır. Üzün, dərinin fizioloji özünübərpası funksiyası itirilir... Bəzən kosmetik cəhətdən "zirehlənmiş" qadın özünü o günə qoyur ki, onu vitrində gördüyün uyuqla (manekenlə) çaş salırsan.

Kos­me­tika qadına unutdurub ki, onun sifətinin harası qızarır. Hə­ya­sı gözəlliyinə tən gələn qadının təbii olaraq yanağı allanır. Üzün ağ, nurlu haləsi içrə bu al qızartı sübhün və qürubun rəng açılışı qədər sehrlə özünə qərar tutur. Manekensifət isə qulağınadək qatı bir boya ilə boyanır. Qaş qırxılır. Yeri ütük, biz-biz qalır. Altı göyərdilir. Dodaqlara boğuq bir rəng yaxılır. Bu sifəti yusan, bir dolça həlməşik boya alınar. Boyalı qadın dodaqlarından dünya kişilərinin damağı ilə çəllək-çəllək rəng sorulur... Bu boya altında Tanrının sevə-sevə yaratdığı üz – ölür. Yəqin bu boyanı yuyub bədənnüma güzgüdə özünə baxan qadın ölü sifətindən, qırxıq vücudundan üşənir, ürpənir, xoflanır. Nekrofil manerası qadınlığı sümürür... Vampircəsinə.

Dünyanın ən modern kosmetikası belə Tanrının yaratdığı rəngləri, ətriyyatı əvəz edə bilməz. Tanrı qadını yaradanda ona bütün bəzək-düzəyini vurub. Tanrı yüz yaşlı qarının qırış-qırış sifətinə də öz nur payını verib. Gərək qadın qədrli duyusu ilə bilə ki, kişilər təbiiliyi sevir, o, kişi üçün min süni rəngindən, zahiri bəzək-düzəyindən çox, bir təbii rəngində min dəfə gözəl və dəyərlidir. Gərək qadın bilə və fəxr edə ki, güllərin ən ətirlisi odur. Süniliyin kvazi-estetikası heç vaxt təbiiliyin estetikasına üstün gələ bilməz. Gözəlliyi – gözə soxmazlar.

Bunu anlamayanlar indi elə dikdaban – şüşdaban geyirlər ki, yalnız ayaq barmaqlarının ucu qatlanıb yerə dəyir. Bu, fizioloji-tibbi cəhətdən anormallıqdır, öz yerində. Bir də ki, əgər ayaqlar yerə 20-30 faiz qədərində basılırsa, deməli, onların Yerüzü ilə kontaktı da 20-30 faiz qədərindədir. Gərək insanın dabanı yerə dəyə. Həm fiziki, həm də simvolik mənada. Tanrı bizi göydə gedənlərdən qorusun...

Gərək geyim dəbləri insanın təbii-fizioloji xüsusiyyətləri ilə sosial-estetik tələbatının harmoniyasından doğsun. Tibbi kosmetika və plastik əməliyyatların təsiri ilə bir qədər də hədəqəsindən çıxan manekenləşmə isə qadının gözəllik qa­nun­ları ilə yaradılmış təbii-ilahi bədən quruluşunu pozur, ayaq­ların şüşlənib millənməsi, incəbelliyin, bel və yançağın tumarlı sferikliyinin itirilməsi, taxta kimi uzanıb düzlənmə qadın bədəninin həm estetik, həm doğarlıq funksiyasını puça çıxarır.

Müasir, normal Azərbaycan qadınının nəcib görünüşlü geyimi və dürlü manerası ən yüksək estetik meyarlara və milli əxlaqın bütün tələblərinə cavab verir. Bu olan yerdə yabançı mədəniyyətlərin ultra-dəblərinə əyilmək – irəli getmək yox, əksinə, geri getmək, dayazlıq və zövqsüzlükdür.

Cəmiyyətin, özünü "elita" sayan, "kəndçilərdən" seçilmək üçün yaşadığı ölkənin dilində belə danışmayıb hələ də rusca (daha çox da – qarmaqarışıqca!) qonuşan urbanist-meşşan parasının yabançı təsirlər altında sürtülüb estradalaşmış manerası bayağı özgəlik yaratmaqla yanaşı, çaparaq moda xatirinə bu texnosivilizasiyon taxta "inteligentlərə" qazandıqlarının xeyli hissəsini çörəyə deyil, kosmetikaya və dərmana xərclətdirir. Bu da cəhalətin bir formasıdır – modern forması.

Belə bir ziddiyyət də gerçəklikdir: tərbiyəli qadınlar da tez-tez dəyişən urbanist dəblərdən geri qalmamaq, cəmiy­yə­tin ümumi fonunda "kasıb", "geriçi", "mühafizəkar" görün­mə­mək üçün "son modalarla" ayaqlaşmağa məcbur olurlar. Daxili nəzakəti ilə zahiri "müasirliyi" təzad təşkil edən bu kəsim gərək mühiti çaşdırmaya. Azərbaycan milli geyim mədəniyyətinin bənzərsizliyini və rəngarəngliyini yaşatmaq – məhz nəcib qadınlarımızın səbat­lı əxlaq, düzgün seçim və mükəmməl zövq nümayiş etdirmələrindən asılıdır. Bu mədəniyyətin üstünlüyünü və yaşarılığını sübut etmək – onların və bütövlükdə Azərbaycan cəmiyyətinin heysiyyəti, ucalığı və qürur məsələsidir.

Qadın açılıb-saçıldıqca, kişi qapanır. Kişini cəlb etmək, həvəsə gətirmək niyyəti ilə yapılan erotik geyim və görünüş, tərsinə, kişinin kişiliyini ölüşkədir. Əgər qadın öz bədənini günün günorta çağı açıq-saçıq oxudursa, onu müqəddəs bir gecənin oğrununda vərəq­lə­məyə istək yetişmir. Bədəninin erotik cəhətdən bütün strateji nöqtələrini qabardıb gözə soxan qadının çox ucuz satdığı bu matahına tamah salan tapılmaz, – süləngəclərdən başqa. Gözəlliyin intim və məhrəm qatlarının küçədəcə, ümumiy­yət­lə, cəmiyyət içrə belə açılması qadınlığa məxsus bütün füsunkarlığı heçə endirir, hüsnü yıprandırır.

Döşün, kürəyin, belin, göbəyin... getdikcə çılpaqlaşdırılması tamam anadangəlmə lütlüyə də öyrəncəklik yaradacaq. Necə ki, indiki vəziyyətə cəmiyyət getdikcə vərdiş edir. Və bu sayaq divanə çılpaq­laşma – açıq havaya, müxtəlif temperatur rejimlərinə, günəş şaxıntısına öyrəncəkliyi qadın bədənini alalaşdıracaq, tükləndirəcək. Doğrudanmı, bu qadın tayfası "qıllı-qaban" olmaq – əcdadının halına qayıtmaq istəyir?! Yarılüt doğrudanmı anlamır ki, o, bu qiyafəsində, daha gerçəyi, qiyafəsizliyində kişini cəlb etmək əvəzinə, əksinə, itələyir, kişi şit ətin göz qabağında belə zərli sayrışmasından çiyrənir. Belələrinin təkcə ora-burası deyil, bütün aurası yırtıq-yırtıqdır...

Erotikanın küçələşməsi (gözəlliyin küçükləşməsi) ümum­dünya kişi impotentləşməsinin üstün səbəblərindən biridir. Bu səbəbdəndir ki, Qərb erotikası nə oyundan çıxsa da, bütün hoqqaları ilə impotentliyi – erkəksizləşməni aradan qaldırmaq əvəzinə, onu əks-təsirlə bir qədər də artırır və sürətləndirir.

Eşq – Canla, Seks – Əndamladır. Eşqdən doğulanla Seksdən doğulan bənzəməz bir-birinə. Eşqdən doğulan – Mədəniyyətin, Seksdən doğulan – texnosivilizasiyanın törədicisi olur.

Seksbombizm – erkəktinətliliyi və qadın şuxluğunu yerlə-yeksan edir. Poliqamiyaya qayıdış – ləçərliyin estetikasını yaradıb. Əxlaqda və şəhvaniyyətdə. Bu ləçərlik öz gözü­da­ğınıq, hərcayı tamarzılığı ilə çığırır: "Yeni bir aşk arıyorum!.." Ancaq anlamır ki, yüz erkəklə yatağa girən – bir sevgili kişi­dən, yüz ləçərlə yatağa girən – bir sevgili qadından aldığını ala bilmir. Başqalarının altında yastılanıb sürtülən dişidən əsil kişi necə həzz ala bilər?! Və tərsinə.

Homoseksualizm – Ölmüş Qadınlığın, Lezbiançılıq – Ölmüş Kişiliyin xarabalığında, erkəyin dişidən, dişinin erkəkdən doyduğu və onda ləzzətli bir şey tapmadığı halında özünün həmcinsinə yapışması, bənd olmasıdır. Bəşəriyyətin həyatında bəlkə də ən iyrənc disharmoniya budur:

Birinci əxlaqi deqradasiya mərhələsində Qadın-Kişi mü­na­sibətlərinin müqəddəsliyi – Əks-cins Qütblərinin Harmo­niyası Erkək-Dişi münasibətlərinin şəhvani səviyyəsinə enir, Eşq – Seksə çevrilir. İkinci mərhələdə isə Əks-cins Qütblərinin Harmoniyası – Homoseksuallıqla (kişinin kişi ilə cinsi müna­sibətləri) və Lezbiançılıqla (qadının qadınla cinsi müna­si­bət­ləri) – Bircinsli Qütbləşmə ilə əvəz olunur. İlahi nizam və hedo­nik balans pozulur. Qadın-Kişi maqnetiz­mində Yara­dıcı, Doğurucu Enerjinin azalması, dölsüz dövriyyəyə girməsi və nəticədə, yoxalması, Enerjinin anormal olaraq bir Qütbə toplanması (Erkək+Erkək; Dişi+Dişi), sevgisizlik, qısırlıq, nəsilsizlik, sonsuzluq – bəşəri esxatologi­yanın ən rüsvayçı sonuclarındandır.

Şərq-Qərb mədəniyyətlərinin antitezası fonunda Şərq-Qərb erotikasının da öz fərqli səciyyələri var. Şərq erotikası bürüncəyi ilə, Qərb erotikası ilə soyunuşu ilə özünü şiddətləndirməyə can atır. Şərq erotikası özünü gizlədib cilvələndirir, Qərb erotikası isə özünü açıb cilvələndirir. "1001 gecə" ilə "Dekameron" Doğu-Batı ehtiraslarını nə qədər yaxınlaşdırsa da, çadra erotikası Batı, feminist erotika Doğu ehtiraslarını körükləməyəcək. Çadra erotikası – çatılmazlıq, əlyetməzlik "effekti" yaradır. Feminist erotika – səpələnmişlik, çimərlik "effekti". Birində – əlin çatmadığı üçün – acsan, o birində – əlin çatdığı üçün – toxsan.

Şərq işrətbazlığı, Qərb orgiyası dünya mədəniyyətinə heç bir yaradıcı impuls verməyib. Ehtirasların dalınca qaçmaq – ehtirassızlıq doğurur. Bu gün də maddi doyğunluğunun qudur­ğan həddinə çatmış cəmiyyətlərdə erotikanın kişnəməsi, vakxanaliyanın qızışdırılması, karnaval tufanı onların lilli-bulanıq ehtiraslarını, mənəvi tələbatlarını yalavac qoyacaq. Çünki insan mənəviyyatı kəmiyyət ölçüləri və anlayışlarına deyil, keyfiyyət ölçüləri və anlayışlarına toxdanır.

Demokratiyanın öz kenquru torbasında gətirdiyi, bir çox görüntüləri ilə matriarxatçılığa oxşayan feminizm, deyirlər, yaxşı bir nəsnə. Qadın emansipasiyası Türk-Azərbaycan toplumunda öz normal, təbii həddində artıq baş verib. Azərbaycanın ziyalı və evdar qadınları – dünyanın ən yüksək elitar mədəniyyətinin səviyyəsini təmsil edir. Azərbaycanda maddi və mənəvi durum qaydasına düşdükcə, bu səviyyə daha da yüksələcək. Buna görə də feminizmi yabançı əxlaq daşıyıcılığında Azərbaycana və eləcə də bütün türk dünyasına xarici və xaricyönlü qurumların şprislə yeritməyinə gərək yox.

Əgər bir şeyin yaxşısı, təbiisi bizdə varsa, onun yavasını, saxtasını, köhnəlmişini başqasından almağa nə ehtiyac var. Həmin kenquru torbasında gətirilən feminizm isə müəyyən konstruktiv yararlılığı ilə yanaşı, məhz yabançı təsirlər kompleksinə çevrilən məqamlarda ümummilli əxlaqın dayaqlarını sarsıdır. Aşırı feminizm – xüsusilə yüngüləx­laq­lı­ları, nəcabətdəndayazları yerindən oynadaraq onlara moder­nist görüntüsü yapır. Aşırı feminizm qadını kişiləşdirir, kişini qadınlaşdırır. Aşırı feminizm qadınlarda kişisayaqlıq – "Erkəkfatılıq", kişilərdə zənənsayaqlıq – "Qızbacılıq" yaradır. Bunların hər ikisi – Azərbaycanda folklor səviyyə­sində gülüş və kinayə obyektidir.

Oxşar xəbərlər

Xəbər lenti

Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021
Seviş mənimlə, gecədir! – Məlihə Əzizpurun şeirləri
17:30 21 Sentyabr 2021
Ailə dəyərləri, qadın azadlığı və fahişəlik
16:44 21 Sentyabr 2021
Bizi zibilə salanlar - Sevda Sultanova yazır...
15:50 21 Sentyabr 2021
Rejissor öz ölümündən film çəkdi
15:10 21 Sentyabr 2021
Məktəb oxumayan yazıçı Nobeli necə aldı?
14:12 21 Sentyabr 2021
Fotoqraflar arasında müsabiqə elan olundu
13:02 21 Sentyabr 2021
Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı - Anar Təhminəni onun həyatından götürmüşdü?
12:10 21 Sentyabr 2021
Şəhid anasının əli ilə veriliş bağlayan Tolik
11:33 21 Sentyabr 2021
Səməd Vurğuna görə ianə toplanır – Foto
11:01 21 Sentyabr 2021
Laçında teatr açmaq istəyən aktyor – Müzakirə
10:33 21 Sentyabr 2021