"Evdə tək"in ulduzu "Emmi" səhnəsində

"Evdə tək"in ulduzu "Emmi" səhnəsində
16 sentyabr 2026
# 11:00

Amerikalı aktyor Makoley Kalkin "Emmi" mükafatlandırma mərasimində mərhum ekran anası Ketrin O'Haranın (Catherine O'Hara) xatirəsini anarkən göz yaşlarına hakim ola bilməyib.

Kulis.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

"Evdə tək" (Home Alone) franşizasında O'Hara ilə birlikdə çəkilən Kalkin aktrisanın filmdə övladlarını canlandıran Enni Mörfi (Annie Murphy) və Den Levi (Dan Levy) ilə birlikdə səhnəyə çıxıb. Çıxışı zamanı kövrələn aktyor həmkarının hər zaman dəstəkləyici və əla bir ana fiquru olduğunu vurğulayıb.

"O, daim cəsarətləndirirdi. Çox səmimi və çox əyləncəli idi. Ancaq ağlıma gələn ilk kəlmə sadəcə 'ana'dır", – deyə Kalkin bildirib.

Kalkin "Evdə tək" filmindəki anasının məşhur unutqanlığına da zarafatla toxunub: "O, bəlkə də məni unudub... həm də iki dəfə. Amma biz onu həmişə xatırlayacağıq", – deyə aktyor əlavə edib.

Xatırladaq ki, əfsanəvi Ketrin O'Hara bu ilin yanvarın 30-da 71 yaşında dünyasını dəyişib. Aktrisanın ölümünə düz bağırsaq xərçəngi nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəb olmuşdu.

Mərasimdə çıxış edən Enni Mörfi mərhum aktrisanı ətrafdakılara işıq saçan və sevinc bəxş edən bir insan kimi xarakterizə edib. Den Levi isə onun yaradıcı instinktlərinə olan heyranlığını dilə gətirib:

"Ketrindən öyrəndiyim ən böyük dərs hər zaman 'bəli' demək oldu. Nə qədər radikal görünsə də, onun daxili hisslərinə və fəhminə 'bəli' demək... O, bizdən millərlə öndə idi və biz sadəcə onunla ayaqlaşmağı öyrənirdik".

Ketrin O'Hara kim idi?

Ketrin O'Hara (Catherine O'Hara; 1954 – 2026) — Kanada əsilli amerikalı məşhur aktrisa, komediya ustası və ssenarist idi. O, bütün dünyada və xüsusilə MDB məkanında 90-cı illərin kult filmləri olan "Evdə tək" və "Evdə tək 2"dəki Kevin MakKallisterin anası — Keyt MakKallister rolu ilə yaddaşlara həkk olunub. Karyerası boyu onlarla unudulmaz rola imza atan sənətkar Tim Börtonun "Bitlcus" (Beetlejuice) filmindəki çıxışı ilə də diqqət çəkib. Son illərdə isə "Şitts Krik" (Schitt's Creek) komediya serialında canlandırdığı Moyra Rouz (Moira Rose) xarakteri aktrisaya "Emmi" (Emmy) daxil olmaqla çoxsaylı televiziya mükafatları və yenidən qlobal şöhrət qazandırmışdı.

# 457 dəfə oxunub

Oxşar xəbərlər

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
"Emmi"  televiziyada yayımlanmayacaq — 70 illik  ənənə sona çatdı

"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı

14:00 7 oktyabr 2026
"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

10:12 7 oktyabr 2026
"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər