Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim... - Ən böyük donosbaz kim idi?

Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim... - Ən böyük donosbaz kim idi?
20 aprel 2021
# 15:01

Bu gün Xalq şairi Məmməd Rahimin doğum günüdür. Kulis.az bu münasibətlə Sərdar Aminin onun haqqında yazdığı “Ədalət naminə” yazısını təqdim edir.

XX əsrin 30-cu illərində ədəbiyyatımızdan, mədəniyyətimizdən keçən qara zolaq həm də bir çox şəxsiyyətlərin, incəsənət xadimlərinin üzərinə kölgə saldı. Bir zamanlar canının, ailəsinin qorxusundan, hələ yazmaq istədiklərini vərəqə tökə bilmədiyindən bir çox istedadlı şəxslər dostlarına, həmkarlarına şər atmaq zorunda qaldı.

Təkcə ədəbiyyat qəzetinin 1937-ci ilin bahar saylarına baxsaq görərik ki, əli qələm tutan və sonradan “çiçəklənən ölkə”nin vətəndaşı kimi yaşamaq haqqı qazanan hər kəs bu haqqa dostlarını satmaqla nail olublar. Hər kəs bu ölkənin qanlı astanasından qalxmaq üçün bir istedadlı dostunu ayağının altına qoymalı olub.

Həmin fəsil yazıçı və şairlərin susmaq imkanı yox idi. İttiham olunan şəxslərə qarşı mütləq yazı yazıb qəzetə təqdim etməli idin. Şərt bu idi. Ya həmin şəxsləri müdafiə edib onlarla paralel üzü Sibirə durub komanda gözləməli idin, ya da mümkün qədər sərt tənqid edib yaşamaq haqqı qazanmalı idin.

Bu sınaqdan sonra Azərbaycan ədəbiyyatı üzüağ meyitlərlə üzüqara yaşarların taleyində haçalandı.

1937-ci ildə “Kommunist”“Pravda” qəzetlərində təlimatlandırılmış rus ideoloq və yazıçıların bu yöndə başlatdığı – sonra “Ədəbiyyat qəzeti”ndə də dərc olunan amansız təkid motivli yazılar tezliklə ədəbiyyatımızın yarısını o dünyalıq etdi...

Digər yarısı da nə qədər badələr qaldırıb ölkənin şərəfinə sağlıqlar desələr də, içlərindəki qaramatı spirtlə də yuya bilmədilər.

Yaxşı bilirdilər ki, bu qansızlıq yerdə qalmayacaq, Müşfiqin, Cavidin qanına bulaşan barmaqlar uzaq tarix yaza bilməyəcək.

Tam da bu zərurətdən Azərbaycan müstəqillik qazandığı an ilk ifşa olunan tarix məhz repressiya dönəmi oldu. Donoslar təkrar dərc olunmağa, şəxsiyyətlər çiliklənməyə başladı. Həmin şəxsiyyətləri kor-koranə müdafiə edənlər, onların istedadını dəyərləndirənlər, dövrü qiymətləndirməyə üstünlük verənlər, radikallar – hər kəs bir-birinə qarışdı.

Bu tozanaq gözlənilən idi və bu tozanağı qoparan bütün qütblərin özünə görə haqqı var idi.

Təəssüf doğuran məqam isə eyni işi görən – həmkarlarını cəhənnəmə göndərən, eyni qələmlə aşağı-yuxarı eyni mətnləri yazan insanları fərqləndirmək idi. Yəni, bu adamlara donosbaz kimi baxmaq da olar, onları istedadlarına, cəsarətsizliklərinə bağışlamaq da olar, ancaq onları fərqləndirərək bəzilərinə haqq qazandırıb kimisə təkləmək, birmənalı bədnam etmək riyakarlıqdır.

Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim və onlarla şair, yazıçı həmkarları haqqında kəskin resenziyalar, tənqid, təhqir yazdığı halda sonuncular – S.Rüstəm və M.Rahim daha çox tənqid olunur.

Xüsusən də, Məmməd Rahim...

Onun haqqında bu gün nə ədəbi mühitdə, nə oxucular arasında bir kəlmə xoş söz deyən, bir şirin xatirə bölüşən yoxdur. Sanki repressiya olunan bütün sənət adamlarını Məmməd Rahim təkbaşına, öz şəxsi istəyi ilə güdaza verib.

Məmməd Rahimə sevgi göstərilməsini, onun yazdığı donoslara haqq qazandırılmasını istəmirəm. Bir fərd kimi məni narahat edən Məmməd Rahimin təklənmə səbəbidir.

Bu səbəb çox iyrənc və amansızdır!

Məmməd Rahim dünyasını dəyişəndən sonra onun əzizləri, övladları arasında vəzifədə olan, efirə çıxan, onu müdafiə edən biri olmadı deyə hər kəs özündə Məmməd Rahimi təhqir etməyə cəsarət tapdı.

Məmməd Rahim ədəbiyyatda yerlibazlıq edənlərin də kurasiyasına qatılmadı. Təkcənə qaldı.

1938-ci ildə, repressiyaların həmən-həmən ardınca Yazıçılar İttifaqına sədrlik edən Rəsul Rza, Hüseyn Cavidə kosasaqqal, şarlatan, xain deyən Səməd Vurğun və başqaları kənarda saxlanıb yalnız Məmməd Rahimi baltalamaq insafsızlıq deyilmi?

Tutaq ki, Səməd Vurğunu əlahiddə istedadı, məhsuldarlığı bu kontekstdə xilas edir, axı Məmməd Rahim Mirmehdi Seyidzadə, Rəsul Rza, Osman Sarıvəlli və digərlərindən nə istedadda, nə məhsuldarlıqda əskik deyil. Təkcə bu iki misra,

“Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə”

bir çox şairlərin külliyyatından ağırdır.

Hələ “Leninqrad göylərində” poemasını demirəm.

İdeologiyaya hesablanmasını nəzərə alaraq, mətndən imtina ediriksə, Səməd Vurğunun şedevri olan “Komsomol”a gözümüzün ucu ilə də baxmalı deyilik.

Sonda bu gün adları donosbaz kimi çox da hallanmayan, lakin qəzetlərin sarı vərəqlərində adı qorunan müəllifləri təqdim edirəm:

Ə.Əkbər “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” (“Kommunist” qəzeti 20 iyun 1937), Abdulla Faruq “Sonadək ifşa etməli” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Məmməd Səid Ordubadi “Təmizliyə başlamalıdır” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüseyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Osman Sarıvəlli “Nizamnamə təhrif edilmişdir” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Cəfər Xəndan “Sıralarımızı təmizləyəlim!” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüseyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Səməd Vurğun “Səhvlərimiz haqqında” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Seyfulla Şamilov “Sayıqlığın kütləşdiyi yerdə” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937).

Bir dəfə “Səməd Vurğunu niyə sevməliyik” adlı videomaterial hazırlamışdım və həmin materialda repressiyalarda maşa olmuş istedadlı soydaşlarımızın bədbəxtliyindən, onların canını qurtarmaq üçün geri atdıqları addımına görə bütün əsərlərinin üzərindən xətt çəkilməsinin yolverilməzliyindən söz açmışdım. Sözügedən verilişi o səbəbdən diqqətə çatdırıram ki, oxucu donosbazlar məsələsində mövqeyimi yanlış anlayıb səhv nəticə çıxarmasın.

Müdafiə də, hücum da mərdanə olmalıdır.

Məmməd Rahimi çox cılız müstəvidə - yiyəsizlik plastında təkləməyin adı riyakarlıqdır!

Məmməd Rahim satqındırsa, Rəsul Rza , Səməd Vurğun, Məmməd Səid Ordubadi və yuxarıda adı qeyd olunan bütün donos yazanlar da eyni səbədən ittiham oluna bilər.

Yox, əgər onları tarixi dönəm, rejimin amansızlığı fonunda təftiş ediriksə, bunu bütün donosçulara şamil etməliyik və təftişi neytral adamlar, mütəxəssislər ədalətli qaydada ayrı-seçkilik qoymadan aparmalı, həmin şəxslərin vəzifədə olan övladları, bu övladlara yarınmaq istəyən işbazlar, “regionşina” girdabında boğulan qrafomanlar yox.

# 4156 dəfə oxunub

Oxşar xəbərlər

# # #