Onun ölüm xəbəri məni sarsıtdı – Anar yazır...

Onun ölüm xəbəri məni sarsıtdı – Anar yazır...
5 aprel 2021
# 13:10

Kulis.az Xalq yazıçısı Anarın “İlk "Qobustançıların" sonuncusu” yazsıını təqdim edir.

Azər Abdullanın ölüm xəbəri məni sarsıtdı və dərindən kədərləndirdi. Ailəsinə, yaxınlarına, doğmalarına böyük hüznlə başsağlığı verirəm.

Azər gözəl şair, nasir, publisist, sədaqətli dost, etibarlı və güvənilən insan idi. Həmişə ləyaqətini qoruyan, qürurlu, məğrur şəxsiyyət idi. Əlli neçə il bundan əvvəl "Qobustan" incəsənət toplusunda bərabər çalışmağa başladıq, "Qobustan"ın Birinci nömrəsini hazırlayanlar - ilk "qobustançılar" - toplunun məsul katibi Vidadi Paşayev, şöbə müdirləri Tofiq Abdin və Yusif Əliyev, texniki redaktor Azər Abdulla, rəssam Ramiz Yambulatov və mən - Baş redaktor.

Əlbəttə, Azər savadına və təhsilinə görə texniki redaktorluğa yox, daha münasib vəzifəyə layiq idi. Amma ştat imkansızlığından onu bu adla işə götürmüşdük. Doğrudur, Azəri heç vaxt başqa ədəbi işçilərdən ayırmırdıq. "Qobustan"da o, ilk növbədə, bu toplunun müəlliflərindən biri kimi maraqlı yazılarıyla, müsahibələriylə iştirak edirdi.

Onu işə götürməyi mənə Tofiq Abdin (Məhərrəmoğlu) məsləhət etmişdi. "Qobustan"dan əvvəl Tofiq də, Azər də ağır sınaqlardan keçmişdilər. Dilimizin qayğısını, millətimizin təəssübünü çəkən vətənsevər gənclərdən (gözəl yazıçımız Mövlud Süleymanlı da daxil olmaqla) bir neçəsi sadəlövhcəsinə gizli cəmiyyət yaratmışdılar, amma çox tez məsələ açılmışdı və hamısını həbs etmişdilər. Xoşbəxtlikdən o vaxt Azərbaycanda Dövlət Təhlükəsizlik İdarəsinin rəhbərlərindən biri Heydər Əliyev idi. Millətin gələcəyi haqqında düşünən, gənclərə xüsusi diqqətlə yanaşan Heydər Əliyev məsələni şişirtməyə imkan vermədən cavanları yüngülvari məzəmmət edib buraxmışdı.

İlk "Qobustançıların"  sonuncusu - Anar mərhum yazıçı Azər Abdullanı yad edir

İndi, hər yerindən duran özünü sovet vaxtı rejimə qarşı alovlu mübariz kimi qələm verən zamanda nə Tofiq, nə Mövlud, nə Azər o çətin zamandakı təhlükəli və cəzalandırılmış hərəkətlərilə möhtəkirlik etmədilər.

O vaxt bu hadisələr barədə mənə Tofiq danışmışdı, amma Azərlə nə onda, nə sonralar bu haqda söhbətimiz olmayıb. Çox sonralar onu da bildim ki, müəyyən idarələrin "Qobustan"a xüsusi marağının və əlahiddə diqqətinin bir səbəbi də redaksiyada iki gənc asinin işləməsi imiş. Hətta müəyyən yerlərə çağırıb "dostcasına" söz almaq istəyirmişlər: redaksiyaya kimlər gəlib gedir, nə barədə danışırlar? Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də bir-birimizin gözünün içinə şax baxa bilməyimiz boşuna deyil.

Mən "Qobustan"dan gedəndən sonra da Azərlə əlaqələrimiz kəsilmədi. Heç vaxt onun dilindən özüm haqda şit tərif eşitmədim, amma özündən yox, başqalarından eşitmişdim ki, yeri gələndə dalımca danışanların ağzından vurur. Özbaşınalıq dövründə haqsız hücumlara məruz qaldığım zaman Azərin mənimlə geniş müsahibə aparmasını da unutmuram.

Yazıçılar Birliyində "Oğuz eli" qəzetini yaratdıq, qəzetin ömrü uzun sürməsə də, onun nəzdində "Yazıçı" adlı əlavə buraxılışlar nəşr etməyə başladıq. "Yazıçı"nın özəl sayları ayrı-ayrı klassik və çağdaş yazıçılara həsr olunurdu. Bu nəşrlərin təşəbbüskarı, təşkilatçısı və redaktoru Azər Abdulla idi. Yazıçılar Birliyi bu nəşrlərə maliyyə dəstəyi verirdi. Binamızın birinci mərtəbəsində icarəyə verdiyimiz restoran absurd bir bəhanəylə hücuma və talana məruz qaldı, bağlandı. Ordan aldığımız gəlir də kəsildi və ehtiyacı olan yazıçılara maddi yardımlarımız kimi, "Yazıçı"nın nəşrini də dayandırmalı olduq. Amma hərdən Azər özü hardansa maddi imkan tapıb "Yazıçı"nın yeni saylarını buraxırdı. Son böyük arzusu Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi nömrə buraxmaq idi. Mən də söz vermişdim ki, necə olsa bu buraxılışa vəsait tapacam. Əfsus ki, Azərin ömrü bu arzusuna çatmamış qırıldı.

Həm böyük Üzeyir bəyin, həm də Azərin xatirəsi naminə "Yazıçı"nın bu sayı mütləq işıq üzü görəcək. Amma nə yazıq ki, hazırladığı nömrəni Azər özü görməyəcək.
Azər Abdulla ilk "qobustançıların" sonuncularından idi. O da getdi. İndi o "ilklərdən" tək mən qalmışam.

23 mart 2021
“Ədəbiyyat qəzeti”

# 5471 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər