news-inner
clock09:01 calendar-gray 29 Yanvar 2021 view-gray1793 dəfə oxunub
view-gray1793 dəfə oxunub

Bakının xəcalətindən necə çıxacağıq?! – Bircə yazır...

Kulis.az Bircənin “Bakılı rəfiqəm Təranəyə” silsiləsindən “Gəl sənə Qarabağdan deyim” yazısını təqdim edir.

əvvəli burda

Birədən başlamış şaha qədər hamısını torpaq yedizdirir, deyirdi nənəm.

Canım Təranə!!!

Qış Şuşadan aşağı necə enirdisə, yaz da aşağıdan yuxarı, Şuşaya doğru eləcə yeriyirdi.

Bir yazı aşağıda sovub, təzə, xeyli gecikmiş yazın nərgiz-bənövşəsinə Qalada batardıq.

Ay Təranə, ay mənim Qarabağı görməyən can dostum, sirr dostum!

Vallah, indi mən özüm də çaş-baş qalmışam.

Sənə o yerlərin harasından danışım ki, ürəyin sıxılmasın.

Gəl sənə nalından qığılcım qopan Qarabağ atlarının qeyrətindən danışım.

O atlardan ki, kral saraylarını bəzəyib, kraliçalara pay göndərilib.

Bu atların, Qarabağımız kimi dünyada bənzəri yoxdur.

Sarı, incə, tökmə bədənli Qarabağ atıyla, ancaq öz atlarımız yarışa bilər.

Hərdən elə bilirəm ki, Qırat-Dürat da elə Qarabağda doğulub.

Sən və mən həyatda olmayanda, bu atlardan Zaman adlı birini ikinci Yelizavetaya pay göndərib bizimkilər.

Zaman da bir Zaman olub eyyy!

Uzaq kral sarayında adımızı batırmayıb. Bunu da deməsəm çatlaram: Sən heç hansısa ermənini at belində gördünmü?

Kinoda, lap elə şəkildə, savaşda?

Görməzsən, görə bilməzsən. Çünki onlar, atdan, at minməkdən çox qorxurdular. Mən buna şahidəm.

Qonşu mahaldan bir oğlan bizim kənddən qız bəyənmişdi.

Hər gün atla neçə kilometrlərlə yol çapıb sevgilisi Nərgizi görməyə gəlirdi.

Atı evimizin arxasından keçən arxın dodağında bitən çəkilə bağlı görəndə bilirdik ki, aşiq oğlan hardasa buralarda, üzümlüyün qalın yerlərindədir.

Ərgən qızların çoxu Nərgizə həsəd aparırdı. Bir gün qız özünü lap naza qoydu.

- At minib məni görməyə gələn oğlanı mən sevə bilmərəm. Oğlan dediyin maşınla gələr.

Səhəri çəkilin dibində ağ rəngli “Qaz-24” dayanmışdı.

O dövrdə par-par yanan həmin maşını ancaq o varlı mahalın oğlanı sürə bilərdi.

Gəl bir az da sənə yalnız Qarabağda olan kəhrizlərdən danışım.

Qup-quru çölün ortasında qəfil qarşına buz sulu bir arx çıxır. Bir neçə addımdan sonra qəfil çıxdığı kimi də qəfil yox olur. Hər kəhrizin yiyəsi olurdu. Amma hər yiyənin kəhrizi olmazdı.

Sənəyi körpə uşağı belinə şəlləyən sayaq şəlləyən nənələrimiz vardı. Çatıyla şəllənən sənəklər bir evin su daşıqçısı olurdu.

Mən bu sözü çox demişəm, yenə deyirəm: qarabağlı nənələrimiz yeriyən fabrik, canlı emalatxana idilər. Xınalı saçlarını tomağa papağın altına yığıb, üstündən çalma vuran, qolları dirsəyə kimi çırmalı, qatlama tumanlı, məxməri arxalıqlı nənələrin cəhrəsi, darağı, hanası, gavahını əlindən düşməzdi.

Darayıb, əyirib, sonra bükdərib, sonra kələfləyib boyadığı iplərdən toxuduqları misilsiz xalçalar yağıya qismət oldu, ay Təranə. O, nənələrdən nə qədər danışsam, yenə onları sənə tanıda bilmərəm.

Yundan, pambıqdan, barama çözündən nələr toxumazdılar. Gəbə, kilim, palaz, xurcun, fərməş, çarıq bağı, alaçıq bağı, yəhər üstü.

Virtual Qarabağ - Qarabağ - Azərbaycan

Kecidən (ipəkqurdunun barama çözündən) nənəmin toxuyub tikdiyi tuman (yubka) bu gün də gözümün qabağındadır.

On barmağı qızıl nənələrimizin saldığı ipək üzlü yorğan-döşəkləri dünyanın heç bir ölkəsində tapmaq olmazdı.

Alışdım-yandım yorğanlar ən əziz qonaqların üstünə sərilər, qızlara cehiz verilərdi.

Sən bilməsən də qoy mən deyim. Elə ən yaxşı atların, ən gözəl yəhərləri də Qarabağda tikilərdi.

Altında boz at, çiynində tüfəng, əlində tatarı...

Dedim axı, nənələrimiz yeriyən emalatxana olublar.

İndiki kimi mövsümsüz yaşamırdıq.

İstədiyini gedib alasan, ağlarını kiridəsən, xəstənin murazını gözündə qoymayasan, qonaq yanında üzün yerə düşməsin...

Yenə yükün ağırı nənələrin çiyninə çökürdü. Hanasını qarı qışa saxlayırdı - qar qapını alana.

Kəhrizyelin inəklərini sağıb "axtarma" motalını , dəri yağını "quyruq doğmamış" becərirdi.

Əvəliyi, kəklikotunu, qırxbuğumu, çayçiçəyini qurdub "əl damlarına" yığırdı.

Hər meyvənin qurusunu ayrı-ayrı torbalara doldururdu.

Üzümü budağında cunalayırdı, narı quyuya, heyvanı, almanı çardağa sərirdi.

Evin, elin xəstəsi üçün qarpızı min məşəqqətlə saxlardı...

Çünki, qarşıda "qanlı qış" vardı.

Bir salım kəklikotu üçün, umacına əvəlik üçün, xəstəsinə turş nar üçün kiməsə əl açsaydı, qonum-qonşu evin ağbirçəyini qınayardı, onu əfəl, əcvəl adlandırardı.

Qarabağın nənəsi bu töhməti üstünə götürərdimi?

Evini, əyalını kiməsə möhtac eləyərdimi?

Çətin.

Həm də bu sahədə bir-biriylə sanki yarışardılar. Qar qapını alanda hana qurulan evlərdə şaqqıltıdan qulaq tutulardı.

Nənələr həvə-kərki vurardı, qız-gəlinlər isti sobanın üstündə bişirdikləri qozu, almanı, heyvanı, qarğıdalını yeyib fətir kimi qızarardılar.

Hananın hansı evdə qurulduğunu, gimgənin hara düşdüyünü bilən qonşu gəlinlər, quymaqdan, halvadan, xaşıldan çalıb özlərini verərdilər "arvad bazarına".

"Qara sudan qaymaq tutan" kişilər, cavanlar da öz işlərində, güclərində olardılar.

El-elat lap nağıllardakı kimi şad-xürrəm yaşardı.

Sovetin kəshakəs vaxtı Qarabağın yeni qaçağı da peyda oldu. Qaçaq Hüseynin sorağı çox keçmədi bütün SSRİ-yə yayıldı.

Camaatı incidən, özünü bir az yanpörtü aparan iki paqonlu milisi günün günorta çağı öldürüb Kəlbəcər meşələrində gizlənmişdi.

Oğlunun toyu günü belə onu tuta bilməmişdilər: gecədən gəlib dibində toy mağarı qurulan iri tutun başına çıxmışdı, oğlunun toyuna şahidlik eləmişdi. Sovetin canına vəlvələ salan qaçaq, beləcə, illərlə hökuməti qorxuda saxladı. Bəs belə ciyərli, qoçaq, sözündən dönməyən kişilərin vətəni niyə 30 il yağı tapdağında qaldı, görəsən?

Məktubumu çox uzatmağa qorxuram, bezərsən, yorularsan, ay Təranə!!!

Şad-şalayın yaşayışımıza, qaynar qazanımıza, isti aşımıza zəhər qatdı daim qapımızda burnunun suyunu axıdan, qorxaq qonşumuz.

Sürüldük torpaqlarımızdan.

Burdan sonra olanların hamısını bilirsən, çoxuna şahidsən.

Ağban evlərimiz yıxıldı. Şirin bulaqlarımızı duz kəsdi. Siçan deşiyini satın aldıq.

Allı-güllü, zərxara barxanasını, qayçıdan çıxma onlarla gəbəsini yağı daşıdı, özləri beton üstündə yatdılar...

Qarabağda evlərində musiqi aləti olmayan ailə tapmazdın.

Heç yadımdan çıxmaz, qaçqın qızın “Mənim də pianom vardı, musiqi məktəbində oxuyurdum”, - deməsinə şəhərli iş yoldaşları güldülər. Ona inanmadılar, ələ saldılar. Təkcə mən bilirdim ki, o qız düz danışır.

Heç kimin görmədiyinə əmin olan kimi incə, uzun, elastik barmaqlarıyla havada, fəzanın dillərində piano dınqıldadırdı:

- Motsartı çalıram, şahidim Allah olsun! - deyirdi...

Selləmə yağışda idarəmizə gələn Xocalı dağlısına - ürəyinin qanı qurumamış, bütün əzizlərini o müdhiş gecədə itirmiş qadına boyunu sevdiyim çətirimi verəndə sən də təəccüblənmişdin. Amma bəlkə ağlına da gəlməmişdi ki, o çətirlə mən Xocalıya yağan güllələrdən, mərmilərdən özümü (o zavallı qadını yox ha, məhz özümü!) qorumaq istəmişdim.

Sənin bir sözün də qulağımdadır: "Sən elə asan, elə tez ağlaya bilirsən ki..."

İndi bildinmi məni "belə asan" ağladan nəymiş?

Məni bu gün bir qayğı da sinsidir: dar gündə bunca insana dayaq duran, tikəsini bölüşən, qanadının altında yer verən anamız Bakının xəcalətindən necə çıxacağıq?!

Sən indi Qarabağ uğrunda can vermiş Mübarizdən, Cəbrayıldan, Yüksəldən, Xudayardan, adını zikr eləməkdən doymadığım üç min igiddən qızına dastanlar, əfsanələr danışırsan.

Danış, əzizim!

Hələ ki, danış!!!

Çox keçməz, mən sizi ana-bala o torpaqlara - igidlərimizin qanı sıçramış o daşların ziyarətinə apararam.

Bəlkə onda sənin ata yurdun, ana qucağın, qara sularıyla millətimə, məmləkətimə ağ gün yazmış Bakının borcundan az da olsa çıxa biləm.

25.01.21

news-inner-user
Bircə

180 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

BAFTA mükafatının təqdimetmə mərasimi keçirildi
18:54 12 Aprel 2021
Anar: "Çox istərdim ki, yazıçılarımız Şuşanı ziyarət etsin"
18:11 12 Aprel 2021
Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
17:30 12 Aprel 2021
“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021