news-inner
clock09:00 calendar-gray 26 Yanvar 2021 view-gray2203 dəfə oxunub
view-gray2203 dəfə oxunub

Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə

Kulis.az “Hekayə günü” layihəsindən İlham Əzizin “Umud” hekayəsini təqdim edir.

Başı qeylü-qaldan açılmırdı, iş yox, güc yox, evdə də danlaq-məzəmmət.

Mağazanın qabağındakı daşın üstündə oturmaqdan daş da par-par yanır, şalvarının arxası da. Günortalar gün şaxıyanda şalvarın dalına baxsan saçını-başını düzəldə bilərsən.

Bu gün də səhər açılandan Umud əlini gah qoynuna qoyur, gah da dizlərini qucaqlayır, topa yumurlanır, duruxmuş at kimi ora-bura boylanırdı.

Dükançı Vaqif onu çağıranda Umud əvvəl inanmadı, neçə vaxt olardı onu heç kim belə ürəklə çağırmamışdı, çağırsaydı da, astadan üz-gözünü turşudub çəmkirərdi ki, ya yoldan çəkil, ya da əl-ayağa dolaşma. Özü də razılaşmışdı ki, onun külli-aləmə zərrə qədər xeyri yoxdu. Allahın pensiyasını da çox görmüşdülər Umuda. Vaxt-vədə yetişəndə gedib çömbəlmişdi pensiya idarəsinin qabağında, onlar da ha ələk-vələk eləmişdilər, Umudun sənədlərin tapa bilməmişdilər. Umud bir neçə gün idarənin qabağındakı daşları parıldadandan sonra əllərini həmişəki yerinə -qoynuna bərk-bərk sıxıb qayıtmışdı evə. Evdə heç soruşmamışdılar ki, ay Umud nə oldu, düzəldə bildinmi? Öz evinə xəlvəti gəlməyindən hər şey gün kimi, ya da elə şalvarının dalı kimi aydın idi.

İndi Umud adını ucadan eşidəndə dik atıldı, elə atıldı, az qaldı yerə düşməyə, elə göydə qala. Dükançı Vaqif onu elə belə çağırmazdı, borcu yox, xərci yox. Aləmin Vaqifə borcu olsa da, Umudun borcu olmazdı. Ölərdi acından, yanardı susuzluqdan, bir adamdan borc alıb yeməzdi, içməzdi.

Beş addım yolu Vaqifə çatınca ürəyindən min cür fikir keçdi. Nə deyib danlayacaq? Nə deyib tərifləyəcək? Heç nə! Neyləmişəm ki? Heç nə! Sonuncu “heç nə”ni deyəndə üşəndi, necə yəni heç nə? İnsan bu yaşda, bu zəmanədə heç nə etmirsə, niyə yaşayır? Umuda elə gəlirdi ki, qocalmır, yaşlanmır, arıqlamır, kökəlmir. İllər asta-asta gəlib Umudun parıldayan altına yığılsa da, görkəmində dəyişiklik hiss olunmurdu. 30 il qabaq necəydisə, indi də eləydi. Nə bilsin, bəlkə zəmanənin də yadından çıxıb, zaman da gəlib oturduğu daşın yanından sivişib keçib, Umudu narahat etməyib ki, səksənər.

Vaqifə çatar-çatmaz bir də hər şeyi ölçüb biçdi, əmin oldu ki, bu nədirsə, təzə söhbətdir. Köhnə söhbət ola bilməzdi, çünki min ildir Umudun heç kimlə sözü-söhbəti düşməmişdi. Bəs, sözü-söhbəti düşməmişdisə, bu təzə söhbət hardan çıxdı?

Vaqif Umudu görcək gülümsündü. Umud birtəhər oldu. Gör nə vaxtdı bir inni-cinni ona gülümsəməyib, xoş söz deməyib. Umudun içində nələrsə tərpəndi, yerini dəyişdi. Bir istədi o da gülümsəyə, qorxdu. Qorxdu ki, birdən gülümsəməyi yadından çıxa, bu hərəkəti də eybəcər ola, Vaqifin də üzündən gülüş çəkilə, yenə əvvəlki don-donuşluq başlaya.

Özün yığıb-yığışdırıb birtəhər dodağını qaçırıb gülümsədi. Və elə o anda başa düşdü ki, hər şey dəyişdi, o daha əvvəlki Umud olmayacaq. Şalvarını yuxarı çəkəndə hiss elədi ki, göbəyi də var, əli bədəninə dəyəndə özü özünü milyon ilin yuxusundan oyatdı. Başının içindən uğultu keçdi, dərindən nəfəs aldı, içində illərlə tutduğu onu boğan hava ağız-burnundan çölə fontan vurdu.

Yaxınlaşıb düz durdu Vaqifin qənşərində, gözünü dikdi gözünə. Vaqif gülümsəyə-gülümsəyə təzədən səsləndi:

- Umud, yaxın gəl, babanın balası.

- Onda Umud özünə gəldi, qanrılıb baxanda nəvəsini gördü. Vaqif də qamarlayıb yığdığı konfetləri balaca Umudun əlinə sıxışdırdı:

- Anana de axşam nənənlə gələcəyik, darıxmasın. Atan nətərdi?

Balaca Umud “yatıb”, dedi, Vaqif dərindən ah çəkdi:

- Get, baba qurban, get evə

Umud bir uşağa baxdı, bir Vaqifə, istədi qucaqlayıb nəvəsini bağrına basa, nəvəsi dönüb getdi, Umudun əlləri açıqda qaldı. Özünü tox tutub mağazadan çıxdı. Asta-asta gəlib oturdu daş evinin üstündə.

Bir çimdik işıq qonmuşdu daşın başına, bu işıq nə Günəşin, nə də Ayın işığı idi.

Bu daş da burdakı daşlara oxşamırdı, hardan düşmüşdü bura, kim gətirmişdi, bəlli deyildi. Heç özü də bilmirdi niyə həmişə bu daşın üstündə oturur, düzü-dünyanı qoyub, niyə bu daşdan başqa heç yerdə qərar tutmur. Arada götürüb başqa yerə qoyurdu, amma necə olurdusa, bir də baxırdı ki, daş həmin köhnə yerində, bir çimdik işıq da başında, Umud da əli qoynunda daşın üstündə. Hamının günəşi başının üstündən çıxsa da, Umudunku altından şəfəq saçırdı. Umuda elə gəlirdi ki, daşın parıltısı içindən keçib onu aydınladır, oturanda hamı onun nə düşündüyünü, nə hiss etdiyini görür, bilir. Odur ki, onunla çox danışmırlar, hər şey hamıya bəllidir.

Görən Vaqif bizə niyə gələcək, o ki bizi saymazdı, qohum olmağımıza həmişə peşmanlıq çəkib. Oğlu Əli Vaqifin qızını qaçıranda daş atıb başını tuturdu, deyirdi, bir həsirdilər, bir Məmmədnəsir. İş-işdən keçmişdi deyə qızıyla qanlı-bıçaq olmuşdu. Arvad-uşağına da qızıyla görüşməyi qadağan etmişdi.

İndi nə olmuşdu birdən-birə qonaq gəlirdi, nəvəsini belə əzizləyirdi. Məəttəl qalmalı işdi. Düzdür, toya xalasının əliylə kömək etmişdi, amma tapşırmışdı ki, bir daş alta, bir daş üstə, heç kim bilməsin. Toyda Umud çox sevinmişdi, oynamışdı, amma yenə saya salan olmamışdı. Paltarları fərli deyildi, nə olsun, bəyəm hər şey paltarla düzəlir? O qədər arvadının qənşərində şıdırğı oynadı, bəyin o tərəfinə bu tərəfinə keçdi! Nə arvad, nə də Əli Umudla göz-gözə gəlmədi, onunla oynayan olmadı.

Bəyi tərif elədilər atasını çağırmadılar, toy qurtardı, nəməri yığıb hesab-kitab elədilər, Umuddan soruşmadılar ki, nəyi necə edək. Borcu-xərci qaytardılar, özlərinə də bir az qaldı, onu da verdilər Əliyə. Əli də demədi ki, ay dədə, bəlkə cibində pulun-paran olmaz, beşdən üçdən verim, lazımın olar.

Umud incimədi, vur-tut bir oğlu var, xoşbəxt olsun bəsdir. Şükür Allaha, yaxşı yerə ilişib, vaxt gələr Vaqiflə də barışar. Vaqif elə belə adam deyil, pulunu balta kəsməz. Neyləyəcək, əvvəl-axır barışacaq, Əliyə dayaq olacaq. Yavaş-yavaş toran düşməyə başlayırdı, naxır kəndin yuxarısından asta-asta selinti kimi dolurdu küçələrə. İnək-camış Umudun o yan-bu yanından keçir, çataçatda hürkürdülər.

Fikir Umudun ürəyini üzürdü, papiros çıxarmaq istədi. Əlini şalvarın cibində tam gəzdirəndən sonra başa düşdü ki, orda nə papiros var, nə də kibrit. Amma bir şeyi anlaya bilmədi ki, o, papiros çəkən idi, ya yox! O biri cibini də qaranlıq hində yumurta axtaran kimi yoxlayandan sonra papiros əvəzinə bir urvatlı ah çəkdi.

Ayağa qalxıb parıldayan şalvarına tumar çəkib evin yolunu tutdu. Ona elə gəldi ki, bu yolu min il bundan qabaq gəlib, indi qayıdır. Yolda yenə fikir Umudu götürdü. Gün hardan çıxıb, Vaqif belə canıyananlıq edir? Gün deyəndə tutuldu. Gör nə vaxtdandır gündən, aydan, həftədən xəbəri yoxdur. Bircə onu xatırladı ki, keçən cümə axşamı plovun qoxusu evi bürümüşdü. Necə olmuşdusa, o gün adı arvadının dilindən düşmürdü. Qazanın başına fırlananda göz-gözə gəldilər, Cəmilə lapdan kövrəlib pıçıldadı: “Səninçün bişirmişəm, ay Umud.” Umud heç o plovdan yemədi, amma nə sirdirsə dadı indi də damağındadır.

Öz özünə gileyləndi, çoxdandı iştaham yoxdu, Allah eləməsin xəstələnib yatağa düşərəm, evim yıxılar. Son zamanlar iy də bilmirdi, bircə hardansa xaraba yurdun nəm havası dolurdu burnuna.

Evlərinə qədər yol qurtarmaq bilmirdi. Küçənin hər tərəfindən kölgə salan ağacların nə yaşılı həmən yaşıldı, nə qoxusu, nə də kölgəsi. Dünyanın qaranlığından sökülüb qalmış kölgələr indi boza çalırdı, gümüşü olmuşdu. Doqqazlardan armud kimi asılan lampaların hava qaraldıqca üzü gülür, eyni açılırdı. Umud ta uşaqlığından quşları sevirdi. Az qalırdı onlarla birgə qanadlana, uça, dünyaya bir də quş gözündən baxa. Amma indi nədənsə nə quşlar gözə dəyir, nə də Umudun içində kəpənək kimi uçuşan nəğmələri. Axır zamanlar səslər onu dəli eləyirdi.

Eşitdiyi səslər dünyanın dibindən gəlirdi, hamının səsi əks-səda verirdi.

Arabir başqa səslər də gəlir ki, bu dünya səsləri deyil, ayrı səslərdi, ha qulaq verirdi anlaya bilmirdi, sanki bu səslər bükülmüşdü, açıq deyildi.

Bu səslər köhnə, qədim xatirə səslərdi. Arada içindən danışanda ona elə gəlirdi ki, özünün də səsi getdikcə pas bağlayır, köhnəlir və canından qopub tökülür.

Evlərinin yolu Kürün qırağında yetim uşaqlar kimi gözlərini çaya dikən yulğunluqların arasından keçirdi. Hər dəfə burdan keçəndə istidən tərləmiş yulğunları aralayıb Kürə baxırdı, baxırdı ki, birdən nəsə görər. Axşam vaxtı Kür vahiməli olur, mısmırığnı sallayıb axır, qeyzlənir ki, kəhkəşanını görən yoxdur.

Umud qaranlıqda Kürə baxanda Kür də hiss edirdi, səs çıxarırdı, nazlı gəlin kimi saçını-başını düzəldir, qayalara çırpınıb ehtirasla vurnuxurdu.

İndi də adəti üzrə yulğunları aralayıb Kürə baxanda hiss etdi ki, özü qaldı bəndin üstündə, gözləri yulğunların arasından qaranlıq tunellə ildırım sürətiylə çayın yatağına düşdü, hər yeri gəzdi, hər yerə baxdı. Kür qurumuşdu, yatağında tanıdığı-tanımadığı adamlar vardı - Umudun uşaqlığında batan qız, dünənlərdə batan iki qardaş Kürün quru yatağında oynayır, bəziləri oturmuş, bəziləri isə ora-bura qaçırdı. Adamlar şüşə kimi şəffafdılar. Batandan bəri Kür onları yuyub-yuyub tərtəmiz etmişdi, hamısının üzündə müdhiş sevinc vardı. Gözü qonşu iki qardaşı aradı. Ordaydılar. Bir-birinə sarmaş-dolaş xoşbəxt-xoşbəxt çayın yatağında qaçışırdılar. Unadı ki, bunların çaydan cansız bədənləri də belə çıxmışdı - sarmaş-dolaş. “Tövbə-tövbə” eləyib geri dönəndə elə ildırım sürətilə də gözləri qayıdıb yerinə düşdü, ilahi, tələsə-tələsə axan kür dayanıb qurumuş, adam dəfinələri üzə çıxmışdı. Dayanmadı. Dayanmadı ona görə ki, nəsə sirli-sehrli qüvvə onu evə çəkirdi.

Darvazalarına çatanda qonşu arvadları bir-bir, iki-iki həyətlərinə, evlərinin qabağına yığışırdılar. Addımlarını yeyinlədib, adamların yanından keçəndə fikirləşdi ki, kənd camaatında hörmət-izzət qalmayıb, “salam-sağol”ları da yoxa çıxıb.

Aynabənddən keçib evə girəndə gördüyü mənzərədən duruxdu. Əli evin ortasında yorğan döşəkdə sir-sifəti ağappaq. Arvadı. Cəmilə yaxa-başını cırır, gəlin də sığınıb Əliyə, ağlayır.

Bilmədi neyləyə! Gah arvadına, gah da Əliyə tərəf qaçdı, var gücüylə qışqırdı! Nə olub, uşağa? Niyə ulayırsız?

Bu qışqırığın qabağında heç kim danışmadı, hamının fikri-zikri Əlidəydi. Ona elə gəldi ki, öz əli ilə qapıya, pəncərəyə vurduğu mismarlar laxlayıb, yerindən çıxıb. İndi hər şey əsəcək, heç nə yerində olmaycaq.

Arvadı ona cavab verməkdənsə, qınadı:

- Bu tifili buraxıb hara getdin, ay Umud?

- Vallah, bir yerə getməmişdim, səhər açılandan mağazanın qabağındayam, inanmırsan, qudandan soruş.

Ağzında qaldı ki, çöldən Vaqiflə arvadının səsi gəldi. Vaqif otağa girəndə gəlin qaçıb boynunu qucaqlayıb, elə oxşama dedi ki, Vaqif də qoşuldu qızına. Umud bilmirdi neyləsin? Onun üstünə cumur, bundan soruşur, hamı lal kar ora-bura baxırdı.

Bu vaxt gözü nəvəsi Umuda sataşdı. Uşaq günorta babasının verdiyi konfeti balaca ağzında oynatdıqca ovurdları şişirdi. İçəri Molla Məlik girəndə hər şey Umuda çatdı.

Vay, ağacın bahar üzü görməsin, ay Məlik! Gen dünyada olub qalanım bir Əli idi, onun da üstünə gəldin.

Özünü birtəhər çölə atdı. Hava qaralırdı, kənd gecə kədərini yorğan kimi üstünə çəkirdi. Qapıdan çıxıb özü də bilmədən mağazaya tərəf getdi.

İlahi, bir uşağı məndən niyə alırsan? Axı mən nə gün görmüşdüm ki, bu zülmü də mənə rəva gördün?

Daş evinə çataçatda gördü ki, həmişə parıldayan daşı parıldamır. Lap yaxına gələndə Əli daşın üstündən qalxıb dedi:

- Dədə, gəldim.

- Xoş gəldin, bala!

news-inner-user

18050 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mədəniyyət naziri Türkiyəyə gedib
09:59 01 Mart 2021
Ürək cərrahı Rəşad Mahmudov: “Şairlərin ürəyi fərqli deyil” – Müsahibə
09:00 01 Mart 2021
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021