news-inner
clock13:32 calendar-gray 16 Yanvar 2021 view-gray629 dəfə oxunub
view-gray629 dəfə oxunub

Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi

Kulis.az hər həftənin şənbə günü, saat 13-30-da mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayır. Məqsəd 80-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən olan E.Əlləzoğlunu oxuculara daha yaxından tanıtmaqdır.

Növbəti hekayə: “Əliboş qayıtdılar”

Göy üzü qaranlıq idi. Təpələrin üstündə iri, dəyirmi ay soyuq-soyuq işıldayırdı. Hardasa bayaqdan bir it özünü dartıb yeyirdi. Həyətdəki ağacların yarpaqları tökülmüşdü. İnək orada, o yandakı pəyədə idi. Buranı Məmli bələdləmişdi, hər şeyə yerli-yerində göz qoymuşdu. İndi malı aparmaq qalırdı. Amma ev sahibi yatmamışdı. İşıq da onlar olan otaqdan gəlirdi.

Məmli tayanın böyrünə qısılmışdı, papağı gözünün üstünə basmışdı.

- Yoluna nə deyim, - dedi, - bunlar nə vaxt yatacaq?

- Əlimi ha iyləməmişəm. – Şiraslan xırıltılı səslə güldü.

Başa düşürdü ki, gülməyi, danışmağı ilə Şiraslan içindəki qorxunu özündən kənara itələyir.

- Ax, nə girərdim yorğan-döşəyə. – Məmli əsnədi.

Təkcə o susmuşdu. Söhbətə qarışmırdı. Yorğan-döşək, yatmaq söhbəti də ürəyindən deyildi. Gecələr yata bilmirdi. Yatanda da çox sayıq yatırdı, gözü bekarca allanırdı. Meh səsi, balaca şaqqıltı oyanmasına bəs idi. Bu vərdişə cavanlıqda qoyunda gedəndə alışmışdı. Sonra Veysəllə oğurluğa gedəndə bu cür sayıq olurdu.

Bir dəfə Çarıqtökəndə sürülərini bölüb, aparmışdılar. Veysəl Allahı-bəndəni bir yerə yığmışdı, - Əşi, - deyirdi, - mən dünyanı çalıb-çapıb talayıram, bunlar da mənə sataşır.

Sürünü örüşə qaldırmamışdan atlanıb yarrı-yasaqlı qonşu binənin üstünə getdilər; ya oğrulara yol vermiş, ya da sürünü özləri bölüb aparmışdılar, başqa güman ağıllarına gəlmirdi.

Onları çeyillikdə itlər qarşıladı, hürə-hürə binəyəcən ötürdü. Səsi binədəkilər eşidirdi, amma heç kim qapıya çıxmırdı, Veysəlin dəli-dəngəsər xasiyyətindən halı idilər.

Ruzigarda dağ küləyi, sürünə-sürünə yamaclarda bürmələnən duman, qızmış atların burnundan qalxan buğ vardı.

Qapı cırıltıyla aralandı. Mərdan kişi itlərə təpinib irəli durdu.

- Veysəl lələ, düşün atdan.

- Sənin lələnin də, o birinin də... – Söyüş qamçı kimi şaqqıldadı.

Qoruq səmtə iki qoç buynuz-buynuza gəlib döyüşürdü. Buynuzların küt səsini Veysəlin hayqırtısı batırdı:

- Çıxın dağlara-daşlara səpələnək, atışaq, atışaq!

Dağlar səksəndi. Qayalar elə bil bir boş yerlərindən dikəldilər. Səs çopur qayaların, xınalı daşların bağrına işlədi. Dağlar, daşlar dil açdı: çıxın, çıxın, dağlara, dağlara...

Həmin gün itiyi haça qayanın altından tapdılar. Bilmək olmurdu gecə bölünüb, yoxsa oğruların işidir. Amma bu nə sirr idisə qonşular halıydı, and içsələr də suçuxmalarından hər şey gözgörəsiydi.

Həmin gecə oğurluqdan dönəndə qara qoç kəsdilər. Yedilər, içdilər. Sonra Veysəl ocağın işığında üzünü dağlara tutub oxuyurdu: “Yeyim qurdlarınla ulaşım dağlar...”

Üstündən illər ötməsinə baxmayaraq hərdən o hayqırtını, adamın içinə ləngərli sərxoşluq gətirən mahnını içində eşidirdi. Qoluna elə bil təzədən qüvvə gəlirdi.

O biri evin qapısı cırıldadı. Kimsə bayıra çıxdı. Qapı-bacanın sakitliyinə xırdaca addım səsləri hopdu. Kimsə, qadın xeylağı damın böyrünə çökdü. Sonra eləcə gəldiyi kimi də tələsə-tələsə qayıdıb özünü içəri saldı.

Gecə uzun, sonsuzdu. Vaxt nədənsə gəlib keçmirdi. Yaraqlar qurşaqlarında hazırdı. Amma irəlicədən bir-birinə tapşırmışdılar ki, gözləyin əlinizdən xata çıxmasın.

Məmli söydü ki, bu anası belə-belə elədiyin nə vaxt yuxuya gedəcək. Gözləməkdən gözümün kökü saraldı.

Şiraslan kəsik-kəsik güldü: - Ay lələ, o çoxdan arvadın yanına girib. Sən də nəyi qoyub nəyin dərdini çəkirsən.

- Zayıl-zayıl danışma, - Şiraslana təpindi. Adamlarından ən çox Şiraslandan zəhləsi gedirdi.

Malı aparıb-aparmamalarından asılı olmayaraq bir şeyə arxayın idilər, maşın çayın alt yanındakı dərədə onları gözləyirdi. Hələ dan qaranlığınacan orada duracaqdı.

Buradan batıb oradan çıxırdılar. Təkcə öz kəndlərinə dəyib dolaşmırdılar. Ət çox olanda tanış yeməkxanalara aparıb ucuz verirdilər. Qalan vaxtsa Piralının köhnə zirzəmisində kabab, çaxır, aşıb-daşırdı. Yuxudan gecə ayılır, qurd kimi təmiz havanı ciyərlərinə çəkir, qaranlığın içində qıvraq, cəld, diri olurdular.

İşıqlar sondürüləndə həyətdəki tutun kölgəsi ətrafı bir az qaranlıqlaşdırsa da ay işığında hər şey aydınca seçilirdi. Orda-burda itlər hürüşürdü. Bayaqdan həyətdəki iti də çörəkləyib özlərinə alışdırmışdılar. Bir də ki, Məmlinin üstünə it hürmürdü. Bu da bir sehr idi. Məmli həmişə itin üstünə gəlib xaltanı açır, çox vaxt da bunun üçün irəlicədən yoldaşları ilə mərc çəkirdi. Açıb buraxdığı, quyruq bulayan itlərin hesabına mərci həmişə aparırdı.

Tövlənin içi isti idi. Miz, təzək qoxusu gəlirdi. İnək axurun yanında gövşəyirdi. Zənciri açmaq istəyirdilər ki, həyətdən şıqqıltı gəldi. Zənni heç vaxt onu aldatmazdı. İşarə elədi ki, yaraqları çıxarın amma atmayın, məni gözləyin.

Qapı açılanda gizlənmişdilər. Kişi qucağındakı otu axura basdı. Qalxıb düzələndə göz-gözə gəldilər. Tapança əlində, barmaq tətikdə idi. Onu təəccübləndirən, heyrətə gətirən kişinin qorxmaması oldu. Ev sahibi üzünün ifadəsi dəyişmədən onun gözünə baxırdı. Sonra eləcə, gəldiyi kimi də çıxıb getdi.

Şiraslan:

- Qoymadın kələyini kəsək, - dedi, - indi gecə vaxtı üstümüzü aldıracaq.

Quruyub qalmışdı. İlk dəfəydi ki, düzgün çıxış yolu tapa bilmirdi. Tapançanı qurşağına keçirdi, qapıya sarı addımladı:

- Gedək, - dedi, səsini özü də tanıya bilmədi, elə bil yad adam idi, ondan on addım aralı durub deyirdi. – Gedək.

Qaranlıqda yoldaşlarının gözü ağarırdı. Anladı ki, onlar üçün əliboş getmək qorxaqlıqlarını boyunlarına almaq kimi bir şeydir. Özündə isə qorxu-zad yox idi. Sadəcə malı açıb aparmağa əli gəlmirdi.

Məmli irəli durdu:

- Ağlın çaşıbmı, ə? – dedi. – Mal yeyib bordanıb, piy-palandır. Bundan yaxşısını haradan tapacaqsan?

Dodağı qaçdı. Məmli elə danışırdı ki, guya o, malı bəyənməyib, guya heyvana ağız büzür. Əsl səbəbi isə yoldaşlarına izah edə bilməzdi, sadəcə ürəyi gəlmirdi. Ötkəm-ötkəm:

- Gedək! – dedi.

Məmli özündən çıxdı:

- Əliboş, tullana-tullana heç yana getdi yoxdu, - dedi.

Göz-gözə gəldilər. Məmlinin tüklü qaşının altından gözü canavar gözü kimi işarırdı. Xeyli beləcə buynuz-buynuza gələn qoçlar kimi göz-gözə qaldılar. Sonra Məmlinin gözündəki o işartı əridi, iynə deşiyi boyda olub öləzidi, baxışlarını azdırdı.

İçi sıxıldı. Həmişə bərə daşlarının üstündə oturub vuruşan qoçlara baxıb nəşələnəndə məğlub olmuş qoç gözünü qaçırıb, quyruğunu qısıb başını aşağı sallayıb gedəndə bu cür sıxılır, ürəyi dəstəklənirdi və elə bilirdi ki, nə vaxtsa bu qoç kimi kiminsə qarşısında basılacaq, qeyrətsiz, cürətsiz adam kimi başını aşağı sallayıb gedəcək.

İnəyi açıb aparmağa əli gəlmirdi. Elə bil içində nəyəsə xəyanət edirdi. Bu cür oğurluqdan sonra “dam yarıb dana çıxardım” deyə öyünməkdən xoşu gəlmirdi.

Şiraslan həyətdən çıxıb, qayıtmış, bir növ vəziyyəti öyrənmişdi.

- Kişi məhəcərə söykənib papiros çəkir, - o heç kimə baxmadan ortalığa dedi.

- Dalımca gəlin. İnəyə əl vuranın anasını ağladaram!

Oğrular ayağa qalxdılar, qapını açıb bayıra çıxdılar. Həyətdən keçib darvazaya doğru getdilər. Elə bil bu evin qonaq-qarası idilər, yeyib-içməkdən sonra evlərinə dağılışırdılar.

Məhəccərə söykənmiş kişi onları görməməzliyə vurmuşdu. Guya onlar yerli-dibli tövlədə olmamışdılar, inəyi aparmaq niyyətində deyildilər. Kişi sakit-sakit papirosunu çəkirdi və ay işığında papirosun tüstüsü bir az göyümsov görsənirdi.

Kənd yolu ilə xeyli getdilər. Ayın işığı duru idi. Soyuq düşmüşdü. Xır yolu bomboşdu. Dinib-danışmırdılar. Axırda Məmli yanıqlı-yanıqlı:

- Ay nə əlimizdən çıxdı, - dedi, - yeyib bordanmışdı...

Heç kim söhbətə qoşulmurdu. Kənddən çıxdılar. Maşını gizlətdikləri səmtə yan alanda yoldaşları onun fikrini anladı.

Məmli:

- Ə, - dedi, - dəli olubsan, başına at təpib nədir? Boş, tullana-tullana öyə nə təhər qayıdaq? Bu olmadı, onun əmisi oğlu olsun.

Şiraslan yoldaşının sözünə kömək verdi:

- Düzdü, - dedi, - biri kəndin ayağında gözümə dəymişdi. Bəlkə bir şey çıxar.

Onlarla ağız-ağıza verib söz güləşdirməyə hövsələsi çatmırdı. Bir də ki, Şiraslanın göyəzəliyinin həddi-hüdudu vardımı? Bir kəlmə ilə cavablarını verdi:

- Kim başından keçibsə getsin.

Söz qılınc kimi ortalarından keçdi, tamahlarını biçib tökdü. Kiridilər. Küskün-küskün, danışmadan gedirdilər. Torpaq yol boşalmışdı. Maşını gizlətdikləri dərədən bəridə şofer gizləndiyi kolun dalından çıxdı, təəccüblə gözünü onlara zillədi. Az qalırdı soruşa ki, niyə belə, amma dili gəlmirdi. Axır-axırda dözə bilməyib:

- Ə, - dedi, - yoxsa əlinizdən xata-zad çıxıb?

Şoferə cavab verən olmadı.

Məmli ilə Şiraslan yuxarı qalxdılar. Çul kimi yapıncının üstünə düşdülər.

- A yaradansızlar, ə, olmaya əlinizdən xata çıxıb? Yuxumu da qatmışdım.

Şofer əl çəkənə oxşamırdı. Soyuqqanlığını qoruyub saxlamaq istəyirdisə də özü ilə bacara bilmirdi. Pərt idi.

- Yox əşşi, - dedi, - heç nə olmayıb. Bu dəfə baş tutmadı.

Bir şey başa düşməyən şofer kabinəyə qalxdı. Qapı şaqqıltı ilə örtüldü. Motor zəif-zəif səsləndi. Yola düşdülər.

Dərədən sonra çöllük başlandı. Maşının qabaq işığında sapsarı otlar qaçışıb arxada qalan qaranlığa qovuşurdu. Qəfildən bir dovşan işığa düşüb qaçdı. Amma bu dəfə maşını dovşanın arxasınca qovub əylənməyə hövsələləri çatmadı.

Başını arxaya söykəyib döyənək kimi bərkimiş torpaq yola baxır, özlərini bayaq qapısına getdiyi kişi ilə müqayisə edirdi. Fikirləşirdi ki, başlarına bu cür iş gəlsə nə edər, vəziyyətdən necə çıxardılar? Fikirləşir, amma cavab tapa bilmirdi.

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur müğənni kitabxanada striptiz klip çəkdi – Video
18:00 06 Mart 2021
Xalq artisti “Ay laçın” mahnısına klip çəkdirdi - Video
17:05 06 Mart 2021
Papaq - Cəfər Cabbarlının hekayəsi
16:32 06 Mart 2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsi keçirilib
16:10 06 Mart 2021
Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum
11:44 05 Mart 2021