news-inner
clock08:50 calendar-gray 24 Dekabr 2012 view-gray2271 dəfə oxunub
view-gray2271 dəfə oxunub

Akademiyanın əməkdaşı: “Sufiyəm, təkyəyə gedirəm”

Kulis.az-ın suallarını tarixçi alim, sufi Dilavər Əzimli cavablandırır.

- Sufi olduğunuzu deyirsiniz. Nə vaxtdan bu yoldasınız?

- Son 10-15 ildə işlədiyim sahə ilə əlaqədar məndə sufiliyə maraq yarandı. Mənim araşdırdığım dövr Azərbaycan orta əsrlər dövrüdür. Gördüm ki, dövlətçilik tarixini təriqətlərdən kənar öyrənmək mümkün deyil. Bunu öyrənmədən o dövrkü dövlətlər haqqında mənfi rəy formalaşdırırlar.

Osmanlı sultanlarının həyatına baxdım, gördüm ki, 36 Osmanlı sultanından 17-si təriqət rəhbəri səviyyəsində olan şəxslərdir. Sultan Süleyman bütün təriqətlərə hörmətlə yanaşan insan imiş.

Osmanları sultanlarının hamısı təriqət əhli olub.

Səfəvilərdə, Ağqoyunlu, Qaraqoyunlularda da belədir, 4 minə yaxın təkyə fəaliyyət göstərib. Türkiyə tarixçiləri yazırlar ki, Həsən padşah Şeyx Cüneydin müridi səviyyəsində olub.

Bütün bunlar məndə böyük maraq oyatdı və mən irfan məsələsinə girişdim. Sufizmi öyrənmək, dərk etmək olduqca çətindir. Çətindir, çox çətin. Elə bir tədqiqatçı tapa bilməzsiniz ki, sufizmin tam tərifini versin. Sufizmin müxtəlif yönlərdə tərifləri var, olduqca mürəkkəb bir sistemdir. Çünki Azərbaycanda və İranda sufizmə qarışan mistizm var. Ondan qabaq zərdüştlük, şamanizm, hind, yunan fəlsəfəsi var.

Bütün bunları araşdırdıqca özüm də sufizmin əsirinə çevrildim. Orta əsrləri araşdıran böyük alimlərin bir çoxu da əsirə çevriliblər. Məsələn, Petruşevski sufiliyi öyrənə-öyrənə islamı qəbul etmişdi. O cür alimin islamı qəbul etməyi asan məsələ deyildi.

- Siz konkret olaraq hansı təriqətdəsiniz?

- Mən Əhli-Həqqlərə yaxınam. Sufilərin hamısında onlara münasibət yaxşıdır.

- Deyirsiniz ki, sufizmin tərifini vermək, izah etmək mümkün deyil. Ancaq hər halda insanların başa düşəcəyi şəkildə hansısa izah vermək olar da.

- Kimsə lovğalıq edib desə ki, mən bunu tam bilirəm, yalan deyir. Bu, mümkün deyil. Amma indi bacardığım səviyyədə izah edə bilsəm özümü xoşbəxt hiss edərəm. Həllac Mənsur, Cüneyd Bağdadi, Bəyazid Bistami bu yolun ən böyük yolçularıdır, onların dedikləri ilə sufizmi izah etməyə çalışacağam. Məsələn, Cüneyd Bağdadi belə bir tərif verirdi: “Təsəvvüf Allahın zatının xaricində heç bir şeyə ilgi duymadan onun yolunda və onunla birlikdə olmaqdır”. Əlavə edir ki, təsəvvüf haqqın səni səndə öldürməsi və səni özündə diriltməsidir. Təsəvvüfdə hal var, bu keçmiş zamanın sonu, gələcək zamanın ilkidir.

Bəyazid Bistami isə deyirdi ki, mən bir dənizə daldım, peyğəmbər onun sahillərində idi. Və yaxud deyir ki, mən Kəbə evinə ulaşmadan onun ətrafına dönürdüm. Ulaşdıqca gördüm ki, Kəbə mənim ətrafımda dönür. Əvvəl Kəbəni, sonra ev sahibini gördüm. Daha sonra isə nə ev sahibini, nə də Kəbəni gördüm.

Sufiliyi müxtəlif yerlərə yozanlar var. Etiraf etmək lazımdır ki, XVI-XVII əsrlərdən sonra Qərbin bura barmaqları uzandı. Bundan sonra siyasi oyunlara girənlər oldu. Elə təriqət rəhbərləri oldu ki, adını sufi qoyub siyasi məqsədlərə xidmət etdi. Bunları gizlətmirəm, amma biz təmiz qəlbli sufilərin yanındayıq.

Suflik Allahı öz içində tapmaqdır. Allah deyir ki, mən sizə şah damarınızdan yaxınam. Bunu görmək üçün təmizlənməlisən. Təmizlənməyin yolu: şəriət-namaz qılıb, oruc tutursan, nəfslə mübarizə aparmalısan, buna görə də təriqəti seçirsən və həqiqətə qədər ulaşırsan.

Dərindən düşünsəniz görərsiniz ki, peyğəmbərin həyatı sufi həyatıdır.

Sufilik necə yarandı? Əməvilər dövründə ərəbizm başladı. Türkiyədə bunu səltənət dövrü adlandırırlar. Bizans dövlətçiliyi bərqərar oldu, hakimiyyət atadan oğula keçməsi prosesi başladı. Bu zaman peyğəmbər əhli-beytinə qarşı pis münasibət üzə çıxdı. Təqib olundular. Başqa əlac yox idi, bölünmə baş verdi. Və sufi məktəbləri yarandı. Sufiliyin yaranmasının əsas səbəbi islamda haqqın-ədalətin pozulması idi.

Türk alimlər bu qənaətə gəlirlər ki, sufilik türkün içindən gəlir.

- Asif Ata yazırdı ki, sufilikdə Allah eşqi yox, Allahlıq eşqi var. Bu fikirlə nə dərəcədə razılaşmaq olar, Allahlıq eşqini biz daha çox hürufilikdə görmürükmü?

- Asif Ataya böyük hörmətim var. Hətta o məni Ocağa dəvət edirdi, ancaq alınmadı. Qəbul eləmədiyim bir sıra şeylər vardı. Ancaq onunla dəfələrlə ünsiyyətdə olmuşam, İnam Evinə gedib-gəlmişəm. Onun bəslədiyi “Haraylar”a qulaq asanda tüklərim biz-biz olurdu. Ancaq düşünürəm ki, indi yaşasaydı, bir az dəyişərdi. Çünki Asif Ata o dövrün ədəbiyyatları ilə qərar verirdi.

Ancaq indi Türkiyədən kitablar göndərirlər, baxıram, dəhşətə gəlirəm. Hürufilikdəki Tanrı məsələsi bir az başqa məsələdir. Tanrı olmaq məsələsi deyil o, Allahın insanda təcəlla etməsi məsələsidir.

Amma sufilikdə arifin yolu ayrıdır. Arifin eşqi olmasa, Allaha qovuşa bilməz. Sufi Allahdan qorxmur, hətta bəzən ona naz edir.

Eşqsiz sufi yoxdur. Doğrudur, xüsusi xidmət orqanlarının nəzarətində olan təriqətlər də var, amma Allah, insan sevgisindən danışıram.

Sufi Tanrıya qovuşar, ancaq Tanrı olmaz.

- Füzuli də deyirdi ki, Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni...

- Füzuli başdan-ayağa irfandır. Onun dediyi bəla yıxıldığımız bəla deyil. Füzuli deyir ki, Ya Rəbb, mənə elə bir qüvvə ver ki, nəfsimdən əl çəkim. Gözüm tox olsun. Mənə zülm elə, axı, sufiliyə də elə-belə qovuşmursan. Sufi olmaq üçün imtahandan keçirsən. Otla qazan dibi qaşıtdırırlar sənə. 6 ay səni incidir, yeməkdən məhrum edirlər. Qabağına hər şeyi qoyurlar, ancaq yeməyə icazə yoxdur. Sufi Allahdan gələn bəlanı qəbul etdikcə, onu daha çox sevir. Deyir ki, nə bəla göndərirsən-göndər eşqimi əlimdən ala bilməzsən.

- Mirzə Fətəli Axundovun Füzulini kəskin tənqid etməsinə necədir münasibətiniz?

- Mirzə Fətəli Axundova dramaturq kimi hörmətim var. Özü də şəriəti, təriqəti bilən adam idi. Bir məqamı qeyd edim ki, ruslar bura gələndən sonra bütün irfan məktəbləri yığışdırıldı. Mollaya, “Quran”a, yasinə keçildi. Axundov da baxırdı ki, bura cəhalət içərisində üzür. Buna görə də çox kəskin tənqid edirdi. Yaşadığı mühit onu bu vəziyyətə salıb. Axundovda masonçuluq da vardı.

- Axundovun mason olması ilə bağlı konkret fakt göstərə bilərsinizmi?

- Mən masonçuluğa pis baxmıram. Masonçuluq qardaşlıq, bərabərlik ideyası ilə gəlmişdi. Ö dövrdə İranda yazılan yazılarda bu barədə məlumat var. Mən bu məsələnin üstünə ona görə çox getmirəm ki, masonçuluğa münasibətim pis deyil. Axundov “Kəmalüddövlə məktubları”nda yazırdı ki, padşah mason olmalıdır ki, ədalətli ola bilsin (Bu yerdə söhbətdə iştirak edən Qan Turalı qonaq otağını tərk edir, adıçəkilən kitabı gətirir).

- Zəhmət olmasa göstərin, bu kitabda bu fikir hardadır?

- Burda göstərə bilməyəcəyəm, dəqiq yadımda deyil, hansı səhifədədir. Ancaq qeyd eləmişəm, qeyd evdədir. Mən sizə zəng edib deyərəm. Bu təzə nəşrdir, köhnə nəşrdə bu fikir var.

- Belə təklifləri tez-tez eşidirik, Füzuli əsərlərinin orta məktəb dərsliklərinə salınması doğru deyil. Çünki bir şagirdin onu anlaması mümkün deyil. Necə baxırsınız bu təkliflərə?

- Mən bu təklifləri yaxşı qarşılamıram. Əksinə təklif edirəm ki, məktəblərdə islam tarixini öyrədək. Universitetdə dərs deyirəm, Türkiyədən gələn tələbələrim var, mən bu söhbətləri deyəndə onlar bir həsrətlə, eşqlə qulaq asırlar ki... Elə suallar verirlər ki, adam mat qalır. Çünki onlar orta məktəbdə dini öyrəniblər. Onlar buna hazırdır, ancaq bizimkilər yox.

Biz Füzulini keçməsək insanların yetişməsində problem olacaq. Füzulini başa salmaq üçün formanı tapmaq lazımdır. Füzuli dünyadı, bəzən deməyə qorxuram, Füzuli bəşər deyil. Yanaşmaq mümkün deyil, yandırır. Bəxtəvərik ki, bu insanı dünyaya bəxş eləmişik.

Formanı tapsaq, Füzulini öyrənmək olar.

- Sizin bir fikriniz vardı ki, sufi olmayan sufilik haqqında danışa bilməz. Bu fikir nə dərəcədə məntiqlidir?

- Sufiliyin içinə girmədən hər hansı fikir yürütmək mümkün deyil. Çox çətin sistemdir, bu sistemdə itib-bata bilərsən. Özün hiss etməsən anlaya bilməzsən, həm də ədəbiyyat həddindən artıq çoxdur, sufi olmayan bunu oxuyub qurtara bilməz.

- Hazırda Azərbaycanda sufi təkyələri varmı?

- İsmayıllıda, Bakıda-Əmircanda, Kürdəxanıda, Maştağada təkyələr var. Hələ sovet vaxtı Əmircanda təkyə olub. Onlar rifailərdir, bu, sufizmin ən mötəbər qollarından biridir. Bakıda bizim öz təkyəmiz, ustadımız var, ayda bir-iki dəfə yığışırıq. Mürşidimizin moizələrini dinləyirik, sonra ilahilər səslənir. İlahilərdə adətən Pir Sultan Abdaldan, Miskin Abdaldan oxunur. Ruh vəcdə gəlir. Ora elə bir yerdir ki, bir dəfə getsən ayrıla bilmirsən. Əvvəllər çox gedirdim təkyələrə, indi iş çoxdur deyə vaxt tapa bilmirəm.

Onu da deyim ki, təkyələrə gələnlər içərisində sizin tanıdıqlarınız da çoxdur.

Sufizm islamın bətnindən doğub. Mən də namaz qılıram, amma baxışlarım sufi baxışlarıdı.

Mənim nəqşibəndiliyə çox hörmətim var, Dağıstanda nəqşibəndi təriqətlərində olmuşam. Dağıstanda bu təriqət böyük inkişaf edib. Orada belə bir fikir var ki, Türkiyə sistemini bura tətbiq etmək lazımdır, xüsusilə nəqşibəndiliyi. Azərbaycanda-İsmayıllıda da nəqşibəndilər var, ancaq onların təkyəsində olmamışam.

- Dediniz ki, təkyəyə gələnlər arasında sizin tanıdıqlarınız çoxdur. Ad çəkə bilərsiniz?

- Yox, ad çəkmək istəmirəm.

- Sizinlə birgə təkyəyə getmək olar?

- Məsləhətləşim sonra...

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020