Yavaş-yavaş sevdim səni - Ramiz Rövşənin ən gözəl şeirləri

Yavaş-yavaş sevdim səni - Ramiz Rövşənin ən gözəl şeirləri
15 dekabr 2020
# 14:21

Bu gün - 15 dekabr Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Kulis.az bu münasibətlə Ramiz müəllimi təbrik edir və onun seçmə şeirlərini oxucuların diqqətinə çatdırır

Bulud kimi ölmək...

Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.

Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.

Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...

Bu yaz gecəsində sevməyə nə var?

Çiçəklər doğulur bu yaz gecəsi,
bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın,
Hələ öpülməmiş dodaqlarından, –
bu yaz gecəsində ölməyə nə var?!..

...Çiçəklər doğulur bu yaz gecəsi,
uzaq xəstəxana otaqlarında.
Başını dipçəkdən uzadıb baxır
yatan xəstələrin hər birisinə.

Hələ qorxaq ətri, utancaq ətri
qarışır otağın yad iyisinə,
dərman iyisinə, yod iyisinə...

Çiçəklər doğulur bu yaz gecəsi,
çiçəklər açılır güllə səsinə.
Güllə açılır;
Ağ-ağ köynəklərin yaxalığında,
Sağ-sağ ürəklərin yaxınlığında
güllər açılır,
Güllələr açılır,güllər açılır,
çiçəklər açılır bu yaz gecəsi...

Çiçəklər doğulur bu yaz gecəsi,
Parisdə,
Təbrizdə,
həyətimizdə.
Bu yaz gecəsində çiçəkləyəcək,
bəlkə dərdimiz də, həsrətimiz də.

Çıxacaq yollara çiçəkli qızlar,
Nə baxmağa güc var, nə göz yummağa.
Nə çiçək verməyə bir kimsəmiz var,
Nə bir kimsəmiz var çiçək ummağa…

…Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın,
Hələ öpülməmiş dodaqlarından, –
bu yaz gecəsində ölməyə nə var?!.

Yavaş-yavaş sevdim səni

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

Təpədən dırnağa hirs içindəyəm

Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm.
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz.

Bir çiçək qoxusu, bir quş səsi də
Daha ürəyimə yol tapa bilməz.
Səpdim öz yarama mən öz külümü
Adam öz külünə bulanır belə.
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə...

Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim..

Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın.

Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam.

Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim.
Daş olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdu həvəsim.

Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı.

Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin...

Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə..”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…

Qara paltarlı qadın

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!

Bu qadın
baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..

Başı kəsik gözəl kötük

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa…

Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq…

# 10152 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #