news-inner
clock11:20 calendar-gray 17 Dekabr 2012 view-gray3788 dəfə oxunub
view-gray3788 dəfə oxunub

Anar: “Əkrəm Əylisli ilə ancaq yuxuda görüşə bilərik”

Kulis.Az Qan Turalının Anarla müsahibəsinin üçüncü və sonuncu hissəsini təqdim edir:

Əvvəlki hissələri müvafiq keçidlərə tıklamaqla oxuya bilərsiniz...

Birinci hissə İkinci hissə

- Bu yaxınlarda Xalq Yazıçısı Elçin Əfəndiyevin Yaşarla ədəbiyyat söhbətini oxudum. Siz oxumusunuzmu?

- Yox, oxumamışam.

- “Azərbaycan” jurnalında da çap edilmişdi.

- Oxumamışam.

- Orda Elçinin yeni romanı haqda dedikləri də diqqətimi çəkdi. Sitat: “Mən 6-7 il bundan əvvəl üç kitabdan ibarət böyük həcmli bir roman yazmışam və deyəsən, birinci dəfədir bu barədə danışıram. Təsəvvürün olsun deyə, deyim ki, bu, XX əsrin “Forsaytlar haqqında dastan”, “Tibo ailəsi”, ya da “Buddenbroklar” tipli ailə romanıdır. Roman bir neçə nəslin həyatını – 1878-ci il fevralın 26-da Tiflisdə vəfat etmiş Mirzə Fətəli Axundovun yas mərasimindən 1956-cı ildə Stalinin ifşasına qədərki böyük bir dövrü əhatə edir. Bu romanda sənin dediyin həmin magik realizmin çox ciddi payı və rolu var”.

- Bunu mən deyirəm, yoxsa Elçin?

- O deyir...

- Axı, mən də demişəm bunu. Allah, Allah (gülür).

- Sualım da elə budu. Elçinin adını açıqlamadığı romanın süjeti sizin hələ 1987-ci ildə, bayaq xatırlatdığım plenum məruzəsində verdiyiniz təklifi yada saldı. Siz orda deyirsiniz: “Mən bizim istedadlı nasirlərdən – həm yaşlı, həm orta, həm cavan nəslə mənsub olan nasirlərimizdən xalqımızın tarixi və taleyini əks etdirən, bəlkə də bir ailənin, bir soyun, bir nəslin timsalında Azərbaycan tarixinin, taleyinin, məsələn, - XX əsrdə keçdiyi yolu əks etdirən epik roman gözləyirəm... Qoy bu romanda inqilabdan əvvəlki keçmişimizin səhifələri də əks olunsun, inqilabi hadisələr də, otuzuncu illər də, müharibə dövrü də, müharibədən sonrakı ictimai mərhələlər də və bütün bu hadisələrə bugünkü aşkarlıq, həqiqət prinsipləri baxımından nəzər salınsın”.

- Türklər belə yerdə deyirlər: yorum yok. Üçüncü cilddə bununla bağlı yazım vardı, gərək onu pozam, yoxsa deyəcəklər ki, Elçindən götürdü. Səni məni hamıya düşmən etmək istəyirsən deyəsən (gülür). Düşmənlərim çoxdur, əlavə düşmən istəmirəm.

- Demək istəyirsiniz ki, Elçin sizdən götürüb?

- Yorum yok. (gülür)

- Ən müxtəlif adamlar sizi eyni süjet ətrafında bir neçə əsər yazdığınızı deyirlər. “Ağ liman”ın motivlərini genişləndirib “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını yazdınız, sonra bu roman əsasında “Zaur və Təhminə” pyesi, “Təhminə” ssenarisini qələmə aldınız. Bunu nə ilə izah edirsiniz?

- Onların xəbəri varmı ki, ədəbiyyatda trilogiya deyilən janr var. Bu, təbii bir şeydir.

“Təklif eləsələr, serial ssenarisi yazaram”

- Salman Rüşdi İngiltərədə teleserial ssenarisi yazır. O deyir ki, teleseriallar müasir romanlardır. Təklif alsanız bir teleserial üçün ssenari yaza, ya da bir teleserialda ssenari məsləhətçisi olarsınızmı? Ya da Türkiyə təcrübəsində olduğu kimi hər hansı bir əsərinizi-məncə “Beşmərtəbəli evin altıncı mərtəbəsi”i daha uyğundur-teleserial üçün ssenariləşdirmək təklifini qəbul edərsinizmi?

- Təklif eləsələr, serial ssenarisi yazaram. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nə bir serial çəkdilər. Xoşuma gəlmədi, istəməzdim bu cür çəksinlər. Rejissoru Ülviyyə Könül, ssenarist isə Elxan Cəfərovdur. Mənə dedilər ki, çəkmək istəyirik, dedim, etiraz etmirəm. Amma məni ssenari ilə tanış etmədilər. Sonra baxdım, gördüm ki, alınmayıb.

- Sizin ssenarinizlə “Cavid ömrü” filmi çəkildi. Bir neçə gün əvvəl isə “Sübhün səfiri” filmi təqdim edildi. Amma geniş xalq kütlələri bu filmləri görə bilmir. Bu sizi narahat edirmi? Bir ssenarist kimi bu məsələnin həll yolunu nədə görürsünüz?

- Qəti narahat eləmir. İndi mədəniyyətimizdə çox böyük bayağılaşma gedir, bu filmlər mədəni dəyərlərin keşikçiləridir. “Cavid ömrü”nü bir neçə dəfə veriblər televiziyada, yəqin ki, “Sübhün səfiri”ni də verəcəklər. Mən çox istərdim ki, “Qəm pəncərəsi”ni də tez-tez versinlər. Çox vacib bir filmdir. Amma indi camaat daha çox meyxanaya baxır.

Məşhur italyan rejissoru Roberto Rossellini deyirdi ki, indi hamı özünü təsdiq etmək istəyir, mən isə başqa dəyərləri təsdiq etmək istəyirəm.

Özümü onunla müqayisə etmirəm, ancaq qarşıma qoyduğum məqsədlərdən biri budur. Deyirsən, camaat baxa bilmir, camaatın Axundovdan xəbəri var bəyəm? Caviddən xəbəri var camaatın? Mirzə Cəlildən xəbərləri var? Heç olmasa bu filmlərə baxsınlar, öyrənsinlər.

“Yazdıqlarımı 10 ildən sonra başa düşürlər”

- “Sübhün səfiri” filminə hələ baxmamışam. Amma elə Kulis.az -da çap edilmiş resenziyada və Şərif Ağayarın məqaləsində çoxlu mənfi qeydlər vardı. Misal üçün sizin Axundovun Şeyxdən günahlarınının bağışlanıb-bağışlanmayacağını soruşmasını yazmağınız birmənalı qarşılanmayıb. Bundan başqa, film boyunca Axundovun ölüm döşəyində olmasını simvolik mənada Axundovun məğlubiyyəti kimi də yozurlar. Bu iradlarla bağlı nəsə qeyd etmək istəyirsinizmi?

- Ola bilər, bir neçə il keçəndən sonra başa düşərlər ki, nə demək istəmişəm. Onsuz da yazdıqlarımı 10 ildən sonra başa düşürlər (gülür).

Axundovun ölüm döşəyində olmağı bir üsuldur ki, bütün ömrü gözünün qabağından keçir. Xəstə adamın xəyalları burada öz əksini tapıb.

- Axundovun ölüm döşəyində olmasının simvolik bir mənası yoxdurmu?

- Xeyr, bu ədəbi priyomdur.

- Deyilənə görə, Axundovun zəif, miskin obrazı yaranır.

- Səhv fikirdir, elə deyil. Hər halda başa düşən adamlar belə demirlər. Elə adamlar var ki, sabah götürüb Quranı köçürsəm, deyəcəklər ki, düz köçürməyib.

- Yeri gəlmişkən, “Sübhün səfiri” filminin təqdimatında sizin fotolarınıza baxanda iki orden taxdığınızı gördüm. Bu ilk dəfə idi, yoxsa mən səhv edirəm?

- “İstiqlal” ordeni idi, bir də “Heydər Əliyev” ordeni. Smokinqim var, ordenlər də onun üstündədir, onu bir dəfə də geyinmişdim, bu dəfə geyinəndə də çıxartmadım.

“Arka sokaklar”a, “Aşkı-məmnu”ya baxdım...

- Yazılarınızdan bildiyim qədəri ilə “italyan neorealizmi” sizin kino zövqünüzün formalaşmasında mühüm rol oynayıb. Amma indi bu cərəyan klassikaya çevrilib və dünya kinofondunun inciləri arasındadır. Bəs siz müasir dünya kinosunu izləyirsinizmi? Nisbətən gənc rejissorları Lars fon Trier, Almadovar, Tarantino, sizin təqribi yaşıdınızı Vudi Allenin son filmləri haqqında nə deyə bilərsiniz?

- Yox, izləmirəm. Kinonu məndən yaxşı bilənlər var, onlardan soruşuram ki, indi Fellini, Antonioni səviyyəsində rejissorlar var? Deyirlər ki, yoxdur.

- Sözsüz ki, Fellini böyük rejissordur, ancaq indi Trier kimi dahi var axı.

- Görməmişəm onun filmlərini. Bəlkə də yaxşı rejissorlar var, ancaq mənə görə, ən böyük rejissorlar Çarlin Çapli və Fellinidir.

- Bəs Vudi Allen?

- O da yeni rejissorlardandır?

- 3 yaş sizdən böyükdür.

- Baxmamışam onun filmlərinə. Ardıcıl izləmirəm kinonu.

- Müasir türk filmlərinə baxırsınızmı?

- Əylənmək üçün “Arka sokaklar”a baxıram. Bir də “Aşkı memnu”ya baxırdım. 50 seriyaya baxdıq, bilmədik ki, arvad kişiyə xəyanət edir, ya yox. “Yaprak tökümünə”də baxmışdım. Vaxt eləyə bilmirəm hamısına baxmağa.

- Müasir türk bədii filmlərinə baxırsınızmı?

- Yox. Bir dəfə Ataolla Yılmaz Güneyin “Arkadaş” filminə baxmışdıq. Ataol çox tərifləyirdi bu filmi, deyirdi ki, dünya çapında bir filmdir. Film başlayanda qəhrəman tapança ilə oynayır, dedim, Ataol bu adam axırda bununla özünü vuracaq. Dedi ki, sən izlədinmi bu filmi? Dedim, görməmişəm, ancaq sxem aydındır.

- “Yol”a baxmısınızmı?

- Baxmışam, o yaxşı filmdir. Bu film göstərir ki, Yılmaz Güney böyük rejissordur, ancaq “Arkadaş” filmi alınmamışdı. Ən maraqlısı isə budur ki, həbsxanada yata-yata film çəkib.

“Erudisiyamı nümayiş etdirməyi sevmirəm”

- Bəzi yazıçılar var ki, müsahibədə özlərindən daha çox başqalarından danışırlar, özlərinin mütaliəli olduğunu göstərmək istəyirlər. Amma siz bu məsələdə xəsislik edirsiniz...

- Mən gərək onlardan nəyləsə fərqlənim də. Hamı eyni sifətdə, eyni xasiyyətdə olsa maraq qalmaz ki... Mən erudisiyamı nümayiş etdirməyi sevmirəm. Elə bir erudisiyam da yoxdur. Var e, amma məndən çox oxuyanlar, bilənlər var, utanmıram, bunu etiraf etməyə. Yeri gəldi-gəlmədi ad çəkməyi sevmirəm.

- Prustu oxuyan nadir adamlardansınız..

- Prustu mən gəncliyimdən oxumuşam. İndi oxuyuram, mənə elə gəlir ki, məhəbbət haqqında ondan gözəl yazan olmayıb. Mən başa düşürəm ki, çox adam üçün Prustun əsərləri darıxdırıcıdır. Çünki heç nə baş vermir.

“Ora mənə yad gəlir”

- Teatrda əsərləriniz çox oynanılmır, bunun səbəbi nədir?

- Tofiq Kazımov, Həsən Turabov öləndən, Şəfiqə, Fuad Poladov, Amaliya teatrdan gedəndən sonra ora mənə yad gəlir.

- Ancaq Elçin Əfəndiyevin əsərlərinə geniş yer verilir.

- Allah başacan versin!

- “Səhra yuxuları” adlı pyesiniz var...

- Vaqif İbrahimoğlu çox istedadlı rejissordur, ancaq onu çox uğursuz qoydu. Bir-iki dəfə getdi, sonra getmədi. Moskvada iki-üç dəfə anşlaq oldu, sonra Mərkəzi Moskva Televiziyası bunu verdi. Onlar çox nadir hallarda tamaşa verirlər. İndi Rövşən Almuradlı qoymaq istəyir, görək necə olur.

“Əkrəm Əylisli ilə ancaq yuxuda görüşə bilərik”

- Bu günlərdə nə oxuyursunuz?

- Pərvinin kitabını oxuyuram. Axırıncı oxuduğum bədii kitab odur. Qəzetlər məni çox məşğul edir.

- Bayaq dediniz internet saytlara baxmırsınız. Nədir bunun səbəbi?

- Gələn ildən baxacam. İndi vaxt tapa bilmirəm. Günel deyir ki, elə hər il deyirsən girəcəyəm internetə. Mən də deyirəm, özün deyirsən ki, haqqında ağızlarına gələni yazırlar, istəyirsən onları oxuyum, bir az da əsəbiləşim?

- Bizim sayta yazı yazarsınız?

- Bunun özü yazı deyil?

- Söhbət məqalədən gedir.

- Fikirləşərəm bu barədə.

- “525-ci qəzet”də Elçinlə polemikanızın sonunda yazmışdınız ki, redaktor mənə güclü qonarar verib, o pulla Elçinə qonaqlıq verəcəm...

- İndiyədək heç bir qəzet mənə qonorar verməyib. Heç bir televiziya mənim çıxışlarım üçün qonorar ödəmir. Deyəndə deyirlər ki, təqaüd verirlər də.

- Gəlin siz “Kulis”ə yazın, biz Sizə nəinki Elçinə, hətta Əkrəm Əylisliyə də qonaqlıq verəcək qədər qonorar ödəyək.

- Əkrəm Əylisli ilə ancaq yuxuda görüşə bilərik. Mənim ona qarşı heç bir kinim yoxdur, ancaq cığallıq edəndə sevmirəm onu.

“Özüm məmnuniyyətlə çıxıb gedərəm”

- Sizə elə gəlmirmi ki, bir postda 25 il oturmaq olmaz?

- Məndən əvvəl Rüstəm İbrahimbəyov, Fərhad Xəlilov oturub onu deyən yoxdur. Başqa adamlar da var. Niyə Yazıçılar Birliyi matah olub? Mən özüm məmnuniyyətlə çıxıb gedərəm, bura mənə heç nə vermir. Vaxtımı alır, yaradıcılığıma mane olur. Amma 25 il bura can qoymuşam ki, dağılmasın, jurnalları saxlayaq. Jurnallar olmasaydı, ədəbiyyat, Azərbaycan dili olmayacaqdı. Azərbaycan dili ilk növbədə ədəbi dildir. İndi deyim ki, 25 ildir bunları saxladıq indi nə olur-olsun? Mən istəyirəm yerimə gələn adama yüz faiz inanım ki, buranı qoruyub-saxlayacaq.

- Kimə inanırsınız?

- Adını deyə bilmərəm. Cavanlara inanıram. Hesab edirəm ki, bura mənim yaşda olan adam yox, daha cavan adam gəlməlidir. Mən Yazıçılar Birliyinin sədri olanda 49 yaşım vardı. Düşünürəm ki, elə yaşlarda olan adam gələ bilər bu posta.

- Rəşad Məcid elə bu yaşdadır...

- Rəşad Məcidi təyin etmisiniz artıq... Rəşad çox layiqli oğlandır, o da ola bilər, niyə olmasın?

- Keçən qurultayda AYB-nin gənclər orqanı olan “Ulduz” jurnalını gəncləşdirirək, onu AYB-nin aktiv gənclərinin birinə-Elçin Hüseynbəyliyə həvalə etdiniz. Son qurultaydan keçən zaman ərzində Rəşad Məcidin əməyi ilə qurulan Gənc Ədiblər Məktəbinin hesabına birliyin sıralarına xeyli gənc qoşulub. “Ulduz” jurnalını bu gənclərə tapşırmaq fikriniz varmı? Misal üçün, Cavid Zeynallını, Qisməti bu post üçün layiqli bilirsinizmi?

- Baxarıq da. Səmimi deyirəm ki, namizədliyi verib-verməməklə bağlı konkret qərarım yoxdur. Qalsam dəyişikliklər olacaq. Cavanlar yaşlaşdıqca daha cavanları gəlməlidir, bu, ədəbi prosesdir.

“30-cu illərin döyüşləri “qladiator döyüşləri” idi”

- Sizin “Həyatım ağrıyır” essenizdə və “Sizsiz xatirə” romanınızda o illərin ədəbi intriqaları haqda çoxlu materiallar var. Şəxsən mən o yazıları oxuyanda ədəbi mühiti “qurdlar süfrəsi”, “fillər döyüşü” kimi təsəvvür edirdim. Amma özüm ona daxil olanda gördüm ki, əvvəlki kimi deyil. Sizcə, ədəbi intriqalar o dövrə görə daha zəifləyib, yoxsa daxilində olduğumuz üçün bizə belə gəlir?

- 30-cu illərin döyüşləri “qladiator döyüşləri” idi. Ölüm döyüşü gedirdi. Yaxşı o şeylər bu binada olmayıb. Ənvər Məmmədxanlı deyir ki, hələ gənc idim, Yazıçılar İttifaqında gəlib-gedirdim. Bir yazıçı Sultanməcid Qənizadənin əlindən yapışıb deyirdi ki, ver bileti. O da deyirmiş ki, Qorkinin imzası var. 75 yaşlı kişiyə bu cür davranmağa ad vermək çətindir. Belə qanlı iclaslar olurdu. Mənim dövrümdə də burada iclaslar olurdu, ancaq qanlı deyildi. Bir ədəb çərçivəsi vardı, heç kim heç kimə “şarlatan”, “vətən xaini” demirdi.

SON

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021