Hər iki valideynini eyni gündə itirən uşaqlar...

Hər iki valideynini eyni gündə itirən uşaqlar...
13 oktyabr 2020
# 13:32

Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.

Düşmənin amansız zərbələrindən sonra Gəncədə bir ailənin atası, anası həlak oldu. Geridə üç uşaq qaldı: iki qardaş, bir bacı. Həmin ailənin fotosu yayıldı. Fotonu yaxınlaşdırıb diqqətlə baxıram. Böyük oğul çiyinlərində balaca qardaşını daşıyır, yanında bacısı - ata, anasının fotosunu saxlayır, donuq baxışları ilə... Ən kiçiyi göz yaşlarını yanaqlarında aparır, böyük isə soyuqqanlılığını bir əsgər misalı qoruyur.

Bu uşaqlar heç vaxt müharibə görməmişdilər. İndi güllə səsi, faciə gördülər. Gözlərinin qarşısında ataları, anaları dünyadan köçdülər. Nədənsə Çanaqqala döyüşündəki bir hadisə yadıma düşür:

Bir gün döyüşə tələbələri gətirirlər və onlar müharibədə iştirak etmək istədiklərini deyirlər.

Komandir uşaqlardan soruşur:

- Siz heç müharibədə olmusunuz?

Uşaqlardan biri cavab verir:

- Yox… Amma filmlərdən, romanlardan necə bir şey olduğunu təxmin edirik.

Komandir gülümsünür və əsgərlərin birinin qulağına pıçıldayır ki, getsin bir-iki top atsın. Əsgər əmri yerinə yetirəndə uşaqlar hay-küylə ora-bura səpələnir, qorxudan titrəməyə başlayırlar. Komandir deyir ki, uşaqlar, müharibənin içində olmaq çölündə olmağa bənzəməz. Sizin gördüyünüz, oxuduğunuz müharibə səhnələri yalnız aysberqin bir üzüdür.

İndi o uşaqlar aysberqin digər üzünü də gördülər.

İndi o uşaqlar müharibə uşaqlarına çevrildilər.

O üç uşaq mənə həm də soyuq fevral ayını xatırladır. Payız günəşində üstümə qar yağır. Atamı, anamı itirdiyim soyuq günlər... O uşaqların nələr hiss elədiyini çox yaxşı hiss edirəm, lap dərindən duyuram. İnsanları ağrı-acılar birləşdirir. Heç unutmuram, atamın dəfnində dostlarından biri dedi ki, sizin artıq 40 yaşınız var. Biz onda o sözün ağırlığını duya bilməmişdik, acımız təzə idi. Aradan heç bir ay keçmədi. Mən o yaşın ağırlığını çiyinlərimdə hiss eləməyə başladım.

Valideynlərini itirən müharibə uşaqları da çox tez böyüyəcəklər. Artıq onlar üçün uşaqlıq illəri geridə qalacaq. Ən balaca oğul bəlkə də içində cəbhədə döyüşmək üçün alışıb, yanacaq.

Təki o uşaq böyüyənə kimi Qarabağı tam azad edək.

Müharibə də dayansın.

Daha uşaqlar, analar ağlamasın.

Göz yaşları qurusun, yerinə ağaclar pöhrələsin, çiçəklər açsın...

# 5579 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

16:00 2 noyabr 2026
"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər