news-inner
clock08:57 calendar-gray 14 Oktyabr 2020 view-gray3095 dəfə oxunub
view-gray3095 dəfə oxunub

Müharibə vaxtı gözə dəyməyən ziyalılar: Onlar hardadır?

Ölkə, xalq olaraq sentyabrın 27-dən üzübəri çətin və şərəfli günlər yaşayırıq. Amma icazə verin bu məşhur klişedə şərəfli sözünü əvvələ keçirim. Bəli, məhz, yaşadığımız günlərin şərəfli tərəfi daha çoxdur.

Hər kəsin gözü, qulağı cəbhədən gələn xəbərlərdədir. Hər birimizin evindən, ailəsindən, qohumundan, qonşusundan cəbhəyə könüllü gedənlərin sayı günbəgün artır. Nə qədər həyəcan yaşasaq da, ondan artıq sevinc və qürur hissimiz var. İllərlə həsrətində olduğumuz ərazilərimiz yavaş-yavaş işğaldan azad olunur, düşməndən təmizlənir.

Hamısı bir nəfər kimi döyüşə gedən, silaha sarılan vətənpərvər insanlar canlarından keçməyə hazır olduqları torpaqlar uğrunda şəhid olurlar.

Arxa cəbhədə isə onları valideynləri, qohumları, sevgililəri, dostları gözləyir.

Yol gözləyənlərin gücü bircə şeyə - dua etməyə çatır.

Müharibə başlayan gündən ətrafdakı insanların dualarını eşitmək insana qəribə bir rahatlıq verir. Dərhal hər kəs öz içindəki gözəgörünməzə səslənir.

Biz bu duaları cəbhədə qanlı döyüşlərdə göz qırpmağa vaxt tapmayan əsgərlərin yerinə də edirik.

Ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgərə ən ağır məqamlarda belə gərəkli şey isə motivasiyadır.

Böyük Vətən müharibəsində sovet ittifaqı bu ideoloji xətti çox dəqiqliklə, xüsusi ayıq-sayıqlıqla həyata keçirirdi. Arxa cəbhədə çalıb-oxuyan nə qədər adam vardısa, ön cəbhənin müxtəlif istiqamətlərinə göndərilir, topun-tüfəngin altında əsgərlər üçün çıxışlar edirdilər. Bəzən bir gitara, qarmonla çalınan musiqi, yaxud oxunan mahnı bütöv bir ordunun döyüş əzmini yüksəldir, onları düşmən üzərinə yeriməyə cəsarətləndirirdi. Musiqiçilər 30-40 dərəcə şaxtada səngərlərə qədər gedib əsgərlər üçün konsertlər verir, bununla həm də mənəvi borclarını yerinə yetirirdilər.

Birinci Qarabağ müharibəsi zamanı bizdə də bu ənənələr vardı. Xüsusilə, Qarabağdan olan xanəndələr əsgərlərimizi motivasiya etmək üçün cəbhəyə yollanır, işğalda olan torpaqların təsəllisini əsgərlərimizdən alırdılar.

Musiqi adamları ilə yanaşı yaradıcı şəxslər və ziyalılar davamlı şəkildə ön xətlərdə olublar. Yazıçı Sabir Əhmədli, Famil Mehdi, Bəxtiyar Vahabzadə tez-tez əsgərlərlə görüşür, söhbətləşir, onlara ürək-dirək verirdilər.

Yazıçı İsmayıl Şıxlı 90-cı illərin əvvəllərində ermənilərin Qazağı atəşə tutma xəbərini eşidib ora yollanaraq rayona atılan mərmilərdən təlaşlanan, həyəcan keçirən insanları sakitləşdirməyə müvəffəq olmuşdu. O, bunu çox sadə bir üsulla etmişdi. Rayon mərkəzindəki çayxananın həyətində saatlarla oturub qəzet oxumuş, çay içmiş və beləliklə, təlaşa düşən insanlarda inam yaratmışdı.

Ancaq az sonra işğal olunan ərazilərimiz artdıqca kədərli, ağrılı günlərimizin də sayı çoxalmağa başladı. Toy-büsat çalınmalı qapılara şəhid cənazələri gəldi. Övladını, yaxınını itirən insanları sakitləşdirən, ürəklərini azca da olsa toxtadan tanınmış qələm adamlarının və ziyalıların təsəllisi idi.

Biz Birinci Qarabağ müharibəsinin dəhşətli depressiyasından şairlərimizin, yazıçılarımızın və ziyalılarımızın köməyi ilə çıxdıq. Çünki onlara özümüzdən artıq inanırdıq. Yadıma gəlir, tanıdığım bir qadının 19 yaşlı oğlu cəbhədə şəhid olmuşdu, yas məclisinə bəstəkar Süleyman Ələsgərov da gəldi. Bu ağayana, ziyalı insanın məclisdə iştirakından xeyli mütəəssir olmuşduq. İnsanlar onun başına yığışıb son günlərin hadisələrini müzakirə edirdi. Qadınlarsa əl-ayağa düşüb bəstəkar əyləşən masaya onun adına layiq xidmət etməyə çalışırdılar. Hətta ağıçı qadın kişidən ayıbdır deyib, ağlamağına ara verib, məclisi sərinlədir, ağlayan qadınlara him-cimlə başa salırdı ki, bir az səbirli olun.

Süleyman Ələsgərov şəhidin qırxına qədər o evə gəldi.

Hər dəfə gələndə əlində məclis üçün vacib olan nəsə gətirirdi.

Qırx gün boyunca mərasimə toplaşan insanlar hər cümə axşamı səbirsizliklə bəstəkarın gəlişini gözləyir, hazırlıq görürdülər.

Bəstəkar oğlu şəhid olan ailənin dərdini onlarla birgə çəkdi, onlara sözün əsl mənasında təsəlli verdi, mənəvi dayaq oldu.

Əlbəttə indi nə Sabir Əhmədli, nə Süleyman Ələsgərov, nə Famil Mehdi, nə də digərləri sağdır. Hamısı çoxdan haqq dünyasına qovuşub. Ancaq indi həmin yaşa gəlmiş nə qədər sevimli sənətkarımız var. Onlar haradadırlar? Niyə görünmürlər? Bəlkə də hansısa cəbhə bölgəsinə gedirlər, insanlarla görüşürlər, şəhidlərin yas mərasimində iştirak edirlər, mən bilmirəm? Axı bu gün əsgərlərimizin, şəhid ailələrimizin, atəş altında yaşayan sakinlərimizin yanına Kamil Zeynallılar deyil, Anarlar, Rasim Balayevlər, Fərhad Bədəlbəylilər, Azər Paşalar, Fərhad Xəililovlar getməlidir. Konkret adlar çəkməkdə kimisə təhnqid etmək istəmirəm. Azərbaycan Süleyman Ələsgərov kimi sənətkarlardan, ziyalılardan bu gün də xali deyil. Bu adamlar çoxu həm də məxsus olduqları sahənin yaradıcı təşkilatlarına rəhbərlik edirlər. Bu gün axı passiv fəaliyyət zamanı deyil.

Səs-küyündən qulaq tutulan, ən xırda hadisələrə belə reaksiya bildirən Xalq artisti Afaq Bəşirqızı hardadır görən? Efirdə ağlamaqdansa, ağlayanların yanında ağlamaq daha təbii olmazdımı?

Övladını vətən uğrunda itirən valideyn tanınmış bir sənətkarın, bir ziyalının onun qapısını açdığını görsə, dərdini azacıq da olsa unudar, ağrısı bir az sakitləşər.

Hanı başqa vaxt efirdən düşməyən millət vəkilləri?

Bu gün insanların, xüsusilə də övladını itirən ailələrin onlara mənəvi ehtiyacı var. Eləcə də hospitallarda yatan yaralı əsgərlərin...

Bu gün sözün birbaşa mənasında xalqın içində olmaq zamanıdır.

Vətənə hamımızın borcu var.

Bu borcu imkan daxilində qaytarmağa çalışmaq lazımdır.

Oxşar xəbərlər

Xəbər lenti

"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
13:35 02 Avqust 2021
Kino xadimləri təltif edildi - Siyahı
12:58 02 Avqust 2021
İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
12:30 02 Avqust 2021
Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
12:01 02 Avqust 2021
Kamal Abdullanın yeni romanı çap olunub
11:33 02 Avqust 2021
Kinostudiyanın direktoru: “Müjdə çox yaxındadır” – Müsahibə
10:51 02 Avqust 2021
Mərmi düşməyən pir, şükür edən icra başçısı - Tap Qaraqoyunluda söz bayramı - Fotolar
10:30 02 Avqust 2021
Bu gün Milli Kino Günü qeyd olunacaq
09:56 02 Avqust 2021
Rüstəm Behrudi: “Xalq şairi adını versələr, qəbul eləmərəm” – Müsahibə
09:00 02 Avqust 2021
Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
13:12 01 Avqust 2021
Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
11:30 01 Avqust 2021