Atasına nifrət edən qız

Atasına nifrət edən qız
11 sentyabr 2020
# 11:35

“Axı məni niyə dünyaya gətirdin?” Uşaqlar bəzən analarına bu sualı verirlər. Bəzən gülüb keçirik. Amma əslində tragik bir sualdı. Doğrudan da övladlarınızı nə üçün dünyaya gətirirsiniz? Onlara yaxşı ata-ana olacağınızdan əminsinizmi? Əmin deyilsinizə, onda necə?

Amerika məktəblərində boşanmış ailələrin uşaqlarına daha fərqli yanaşma olur, onlara digər uşaqlardan daha fərqli, daha həssaslıqla yanaşırlar, çünki hesab edirlər ki, valideynləri ayrılmış uşaqlar psixoloji cəhətdən travmaya məruz qalır. Aydındır ki, uşaq psixologiyası həyatında baş vermiş dəyişikliyi qavramaq iqtidarında deyil.

Bəlkə də ayrılmış valideynlərin bir çoxu bu yazını oxuyarkən əlini yelləyib “bizdə belə problem yoxdur”, deyəcək. Amma müşahidələr göstərir ki, valideynləri ayrılmış, hansısa səbəbdən atasından, ya anasından uzaq qalmış uşaqlar müəyən formada psixoloji sarsıntı keçirir. Bəlkə də övladlarınız sizə bu haqda sual vermirlər, amma əmin olun ki, öz dünyalarında sizi mühakimə edirlər.

Sinif otağının pəncərəsindən atılıb intihar edən Elina da boşanmış ailənin övladı idi və əgər normal bir ailədə yaşasaydı, bəlkə də məktəbdə ona olan təzyiqlərin öhdəsindən gələ biləcəkdi.

Uşaqlar həssas varlıqlardır və neqativ olaylardan sarsılanda hər an sığına biləcəklərini düşündükləri bir qala var- ev, ailə, ata, ana. Əgər bu qala yetərincə möhkəm deyilsə və onu qoruya bilmirsə, onda necə?

Bu yaxınlarda iki qızcığazın öz yaşlarına uyuşmayan söhbətinin şahidi oldum. Adətən kiçik yaşlı qızlar kuklalardan, ya allı-güllü arzulardan danışır. Bu uşaqlar isə böyüklər kimi dərdləşirdilər. Həmin anda onlara bir-birindən yaxın heç kim yox idi, çünki birinin dediyi kimi “eyni taleni bölüşürdülər”.

Onların söhbətinin kənardan təsadüfən şahidi olmuşdum. Sarsılmışdım. Bu qızcığazların kiçik ürəklərində bu boyda yük gəzdirdiyi ağlıma gəlməzdi.

Hər ikisi anasından uzaq yaşayır. Səbəblər müxtəlifdi. Səmranın anası milliyyətcə rusdur. Valideynlərinin problemləri olub, çünki ayrı-ayrı dünyaların adamları imiş. Maddi çətinliklər mənəvi çətinlikləri də üstələyəndə qadının səbri tükənib və valideynlərinin yanına, Rusiyaya gedib. Orda ailə qurduğunu deyirlər. Özündən xeyli yaşlı bir kişiyə ərə gedib.

“Çox çətin günlər keçirdim, deyir 12 yaşlı Səmra. Hər gün anamın zəngini gözləyirdim. Amma o çox gec-gec zəng edirdi”.

Səmra anasızlığının öhdəsindən gəldiyini desə də, onun hər qadında anasını axtardığını hiss edirəm. Hərçənd o özü rəfiqəsi Ayselə təskinlik verir. Yaşına uyuşmayan ciddiyyətlə deyir:

- Bax, görürsən, mən necə bunun öhdəsindən gəldim, demək sən də gələ bilərsən.

Rəfiqəsinin taleyi üçün də narahatlıq keçirən bu kiçik qıza heyrətlə baxıram. Ondan iki yaş balaca olan Aysel də onun bu sözlərindən güc alır, təskinlik tapır. Ayselin ata anası bir-birini sevərək evləniblər. Amma onun dünyaya gəlişindən az sonra valideynlərinin arasında narazılıqlar başlanıb. Kişinin həyatında hansısa qadın peyda olub. Qadın etirazını bildirəndə qalmaqal baş verib. İş o yerə çatıb ki kişi həyat yoldaşına əl qaldırıb. Qadın da intihara cəhd edib. İntihar cəhdi alınmasa d,a psixoloji sarsıntıya məruz qalıb, bir müddət ruhi xəstəxanada yatıb. İndi xeyli düzəlib, amma uşaqlara baxacaq halda deyil. Qadın öz valideynlərinin yanında qalır, Səmraya isə atası və analığı baxır (Səmranın atası rəsmən başqa qadınla evlidir).

Anasının intihara cəhd etməsini Aysel kabus kimi xatırlayır. Tez- tez o hadisə yadına düşür, “anam özünü öldürmək istədi”, - deyir. Və bu hadisənin günahkarını da özlüyündə qətiləşdirib. Bəlkə də ona görə atasına gizli-gizli nifrət duyur.

Onların söhbətini ürək ağrısıyla dinləyirdim. Həmişə elə bilmişəm ki, iki qız uşağı bir yerdə xəyallar qurar, göy qurşağı toxuyar. Amma rəngli xəyallar qurmalı olan iki uşaq bir-birinə dərd toxuyurdu!..

Bəlkə də siz duymursunuz, uşaqlarınız sizi necə mühakimə edirlər. Axı heç də bütün uşaqlar özünü sözlərlə ifadə etmir, ya da bunu bacarmır. Deyilməyən sözlərin ağrısı isə daha dəhşətlidir. Bu ağrılar uşaqların içinə yük kimi çökür, zamanla böyük travmaya çevrilirlər.

“Mən travmalı böyüdüm”, deyir on iki yaşlı Səmra və gözləri yol çəkir.

Kim bilir, gələcəkdə bu travmalar hansı problemə yol açacaq, onu həyatının hansı məqamında yaxalayacaq?

Ətrafımızda, yan-yörəmizdə, elə öz evimizin içində neçə-neçə Səmralar, Aysellər var. Ata-analı olub onların həsrətini çəkən, onları görəcəkləri günü gözləyən uşaqlar...

Tez-tez statistika həyəcan təbili çalır: “Boşanmaların sayı artır”, -deyir. Demək bədbəxt uşaqların da sayı artır. Boşanmanı uşaq böyük bir fəlakət kimi qəbul edir. Böyüklər çox vaxt “uşaqdır, anlamaz”, deyirlər, ancaq onlar biz təsəvvür etdiyimizdən də həssasdırlar.

Hətta boşandıqdan sonra dost qalan valideynlərin uşaqları da ata- ananın ayrılığından əzab çəkir. Bəzən xoşbəxt görünüşün altında yaralı qəlb gizlənir. Sadəcə kiçik olduqları üçün özlərini ifadə edə bilmirlər.

Məşhur “Karlson” personajının müəllifi Astrid Lindqrenin taleyini incələyəndə oğluyla bağlı fraqment mənə çox təsir etmişdi. Yazıçı oğlunu qanunsuz nikahdan dünyaya gətirmişdi, sonra onu Danimarkada baxıcı anaya etibar etmişdi, özü İsveçdə işləyir, hərdənbir də ona baş çəkirdi. Baxıcı ana xəstələndikdən sonra Lindqren uşağını özüylə İsveçə gətirməli olur. Danimarkada alışdığı rahat evdən, alışdığı vərdişlərdən uzaq düşmüş uşaq dağınıq mehmanxana otağında başını stula söykəyib ağlayır.

“Bu mənim həyatımda ən ağır günlərdən biri idi, - sonralar Astrid xatirələrində yazırdı. Aradan illər keçib, amma mən onun göz yaşlarını unuda bilmirəm və yəqin ki, heç vaxt da unutmayacağam. Bəlkə də həmin o göz yaşlarının səbəbindəndir ki, bürokratlar uşaqların taleyini istədikləri kimi həll etməyə çalışanda mən həmişə uşaqların tərəfini tuturam. Onlar elə hesab edirlər ki, uşaqlar asanlıqla istənilən mühitə alışırlar, amma bu belə deyil. Onlar sadəcə olaraq, zəif olduqları üçün təslim olurlar”.

Bəlkə də Lindqren gələcəyini düşünmədən uşaq dünyaya gətirdiyi üçün ilk dəfə peşmanlıq hissi keçirmişdi.

Bəlkə də uşaq dünyaya gətirmək üçün verilən qərar insanın həyatda verəcəyi ən önəmli qərardır, əfsus ki, bəzən bunun məsuliyyətini anlamırıq.

Xarici filmlərdə çox tez-tez bu ifadəyə rast gəlirik: “Təzə evlənmişik, hələ uşaq haqqında düşünmürük”.

Toydan bir ay sonra “yeni bir şey yoxdurmu” deyə eyham vuran insanların yaşadığı mühitdə uşaq haqqında düşünməmək laqeydlik, ailə dəyərlərinə sayğısızlıq sayılır. Halbuki əksinə, məhz ittifaqın möhkəm olduğuna əmin olduqdan sonra uşaq dünyaya gətirmək ailə dəyərlərinə hörmətdir, bir valideyn kimi məsuliyyəti anlamaqdır.

Evlilik qərarının doğru olub-olmadığından tərəddüd keçirən insanların dünyaya uşaq gətirməyi nə dərəcədə doğrudur? Sizin ittifaq hər an dağıla bilər, bu dağıntılardan isə ən çox uşaq zərər çəkəcək.

Yarımçıq ailələrdə böyüyən uşaqların taleyi çox zaman natamam olur. Bəzən bu travmalar uzun illərdən sonra üzə çıxır.

Mən gözlərində qorxu donub qalmış, problemli ailədə böyüyən uşağı heç cür unuda bilmirəm.

Onun atası narkotik istifadəçisi idi. Qadının getməyə yeri yox idi, ona görə narkomanla bir dam altında iki uşaq böyütməli olmuşdu. Evdə mübahisə olanda qorxudan gözləri böyüyən uşaq stolun altında gizlənirdi. Bir dəfə isə yorulub əldən düşən uşaq elə orda da yuxuya gedir. “O, stolun altında büzüşüb yatmışdı, - anası deyirdi, elə hüzurluydu ki, onun ancaq yuxusunda dinc və rahat olduğunu düşünüb hönkürdüm...”

İndi həmin uşaq böyüyüb, gənc oğlandır, amma hələ də gözlərində həmin o dəhşət donub qalıb. Sanki ruhu o illərin dəhşətinə yenilib, yalnız gücsüz bədənini xilas edə bilib.

O oğlanın da sözləri qulaqlarımda əks-səda verir:

- Axı məni niyə dünyaya gətirdiniz?

Uşaqlar yalnız uşaq evlərində yol gözləmirlər. Həm də doğma evlərində, ata analarının yanında onların yolunu gözləyirlər. Onları nə vaxt görəcəklərini, nə vaxt dinləyəcələrini gözləyirlər.

Bu uşaqlara baxa-baxa oxuduğum əsərlərin birindən yaddaşıma hopmuş bir frazanı xatırlayırdım: “İlahi, bu biçarə insanları nə üçün yaratdın, biz sənin nəyinə lazımıq?”

Hamı valideyn olmaq, ata, ana olmağın xoşbəxtliyini duymaq istəyir. Dünyaya gətirəcəyimiz uşaqlara xoşbəxt, hüzurlu həyat təmin etmədən bu xoşbəxtlik hissini duya bilərikmi? Və qorxmursunuz ki, bir gün uşaqlarınız sizə sorsun ki: “Axı xoşbəxt edə bilməyəcəyiniz uşaqları niyə dünyaya gətirirsiniz?”

Əgər onlara yaxşı ata, yaxşı ana ola bilməyəcəksinizsə, valideynlik məsuliyyətinə qatlanmayacaqsınızsa, onları dünyaya gətirib zalım dünyayla baş-başa buraxmaq nə dərəcədə doğrudur?

Və biçarə insan dünyaya gətirməkdən qorxmalı deyilikmi?

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #