Qızlara idman meydançasında bax - Umberto Ekonun nəvəsinə məktubu

Qızlara idman meydançasında bax - Umberto Ekonun nəvəsinə məktubu
24 avqust 2020
# 17:19

Kulis.az ədəbiyyatda postmodernizmin banilərindən olan italyan yazıçı, filosof Umberto Ekonun nəvəsinə yazdığı məktubu təqdim edir. Məktubu dilimizə Sevda Rzayeva tərcümə edib.

(Açıq məktub ilk dəfə İtaliyanın məşhur L’Espresso qəzetində dərc olunub)

Əziz nəvəm,

istəməzdim ki, bu milad məktubu De Amiçis ruhunda öyüd-nəsihət kimi səslənsin, yaxınlarımıza, vətənə, insanlığa və bu kimi nəsnələrə sevgi təlqin eləyən moizəyə bənzəsin. Onsuz da, buna əhəmiyyət verməyəcəkdin (artıq böyümüsən, mənsə yaşlanmışam), çünki dəyərlər sistemi o qədər dəyişilib ki, mənim məsləhətlərim yersiz görünə bilər.

Planşetdən istifadə etdiyini nəzərə alaraq, sənə bir tövsiyəm olacaq. Sənə bu işin daşını atmağı məsləhət görməyəcəyəm, çünki xərifləmiş qoca kimi görünməkdən ehtiyat edirəm. Üstəlik, mən özüm də planşetdən istifadə edirəm. Uzağı sənə məsləhət görə bilərəm ki, insanlar arasındakı seksual oyunları, eləcə də, insanlarla heyvanların cinsi yaxınlığını nümayiş etdirən yüzlərlə pornoqrafik saytlara çox da fikir verməyəsən. Bil ki, seksual münasibətlər yalnız bu cür monoton hərəkətlərdən ibarət deyil. Bu səhnəcikləri ona görə göstərirlər ki, sən gedib real qızlarla tanış olmaq əvəzinə, evdən çölə çıxmayasan. Fikirləşirəm ki, sən heteroseksualsan, əks halda, mənim tövsiyələrimi öz vəziyyətinə və şəraitə uyğun şəkildə diqqətə ala bilərsən; istənilən halda qızları məktəbdə və ya idman meydançalarında görməyin məsləhətdir, çünki onlar televiziya personajlarından yaxşıdır və onlayn qızlardan fərqli olaraq, hasansa sənə əsl sevinc bəxş etmək iqtidarındadır.

Əslində bu barədə yox, sənin tay-tuşunun və səndən əvvəlki, artıq universitetlərdə oxuyan nəslin düçar olduğu xəstəlik haqqında danışmaq istəyirəm. Mən YADDAŞIN İTİRİLMƏSİni nəzərdə tuturam. Doğrudur, Böyük Karlın kim olduğunu və ya Kuala-Lumpurun harada yerləşdiyini öyrənmək istəsən, düyməyə basıb, internetə girməyin kifayətdir. Bunu istədiyin vaxt eləyə bilərsən, amma məlumatı əldə etdikdən sonra onun məzmununu yadda saxlamağa çalış ki, məsələn, məktəbdə ehtiyac yarandıqda təkrar axtarmalı olmayasan.

Ən pisi odur ki, kompüter istənilən vaxt sənin sualını cavablandıra bilir və bununla da SƏNDƏ İNFORMASİYANI YADDA SAXLAMAQ İSTƏYİNİ ÖLDÜRÜR. Bununla bağlı belə bir analogiya gətirmək olar: tələsərkən, bir küçədən başqa küçəyə avtobus və ya metroyla getməyin daha rahat olduğunu öyrənəndən sonra, insan bu qərara gəlir ki, artıq ayaqla gəzməyə ehtiyac yoxdur. Amma sən yeriməyi yadırğasan, istər-istəməz, əlil arabasında hərəkət etməyə məcbur olan adama çevriləcəksən. Hə, idmanla məşğul olduğunu bilirəm, bilirəm ki, bədənini idarə eləməyi bacarırsan, amma gəl, beynində baş verənlərdən danışaq.

Yaddaş ayaq əzələləri kimidir. Onu məşq etdirməsən, tamamilə ölgünləşəcək və xətrinə dəyməsin, sən idiota çevriləcəksən. Bundan başqa, hər kəs qocalıqda Altsgeymer xəstəliyinə tutula bilər və bu bəladan yaxa qurtarmağın üsullarından biri də yaddaşımızı diri saxlamaq, onu daim məşq etdirməkdən ibarətdir.

Mənim reseptim aşağıdakı kimidir. Hər səhər kiçik bir şeir əzbərlə, necə ki, uşaqlıqda bizə əzbərlədirdilər. Dostlarınla birgə ən yaxşı yaddaş yarışı təşkil eləyə bilərsiniz. Əgər poeziyadan xoşun gəlmirsə, futbol komandalarının tərkibini yadda saxlaya bilərsən. Amma təkcə Roma klubunun yox, başqa komandaların, eləcə də, onların kemiş tərkibini (təsəvvür et ki, mən Superqa təpəliyində təyyarə qəzasına uğramış Turin klubu oyunçularının adlarını da bilirəm: Baçiqalupo, Ballarin, Marozo və b.) də yadda saxlamalısan. Öz aranızda yarışın: görün, oxuduğunuz kitabların məzmununu kim daha yaxşı yadda saxlayıb. Maraqlan, gör, dostların üç muşketyor və d.Artanyanın nökərlərinin adlarını (Qrimo, Bazen, Muşketon və Planşe) yadda saxlayıblarmı?.. Yox, əgər «Üç muşketyor»u oxumaq istəmirsənsə (heyf ki, bu halda özünü çox şeydən məhrum etmiş olacaqsan), onda özünün seçib oxuduğun kitablarla bağlı belə oyun qura bilərsən.

Bu, oyun kimi görünə bilər, əslində elə oyundur, amma nəticədə sən personajlar, hekayətlər və ən müxtəlif xatirələr dünyasına düşəcəksən. Soruşa bilərsən ki, niyə haçansa kompüteri elektron beyin adlandırıblar? Ona görə ki, kompüter sənin (bizim) beyninin modeli əsasında hazırlanıb. Amma insan beynindəki bağlar kompüterdəkindən çoxdur. Beyin – həmişə yanında olan kompüterdir, elə bir kompüter ki, çalışdıqca imkanları genişlənir, sənin stolüstü kompüterin isə, bir müddət istifadə etdikdən sonra, sürətini itirir, bir neçə ildən sonra isə onu başqasıyla əvəzləməli olursan. Amma beynin sənə 90 il xidmət eləyə bilər, doxsan yaşdan sonra da, əgər onu məşq etdirsən, indikindən də çox şeylər xatırlayacaqsan. Həm də, beyin sənə müftə verilir.

Bundan başqa, tarixi yaddaş da var ki, sənin həyatındakı faktlar və ya oxuduqlarınla bağlı deyil. O, hələ sən doğulmadığın vaxtlarda baş verənlər haqqında bilgiləri qoruyub-saxlayır.

Bu gün kinoteatra gedirsənsə, özünü filmin əvvəlinə çatdırmalısan. Film başlayır və bu zaman sanki əlindən tutub, sənə bələdçilik edir, nə baş verdiyini izah edirlər. Mənim cavanlığımda kinoteatra istədiyin vaxt, lap filmin ortasında da gedə bilərdin. Bu halda, sən gələnə qədər baş vermiş hadisələrin çoxunu özündən uydurmalı olurdun. Film başdan göstərilməyə başlayanda sənin rekonstruksiyanın düzgün olub-olmadığını yoxlamaq imkanın olurdu. Film xoşuna gəlirdisə, qalıb bir daha baxa bilərdin. Həyat mənim vaxtlarımda filmə baxmaq kimidir. Bizdən əvvəl, yüz min illər ərzində çoxlu hadisələr baş verib, yalnız bundan sonra doğulmuşuq. Odur ki, bizdən əvvəl baş verənləri anlayıb, başa düşmək çox vacibdir. Bu, həm də, bu gün baş verən saysız-hesabsız olayları anlamaq üçün lazımdır.

Bu gün sənin oxuduqlarından savayı, məktəb sənə hələ doğulmadığın vaxtlarda baş verənləri də öyrətməlidir, amma bunu yaxşı bacarmır. Çeşidli rəy sorğuları göstərir ki, bu günkü gənclik, 1990-cı ildə doğulmuş universitet tələbələri də daxil olmaqla, 1980-ci ildə baş vermiş hadisələr barədə heç nə bilmir və ya bilmək istəmir. Mən hələ 50 il qabaq baş verən hadisələrdən danışmıram. Statistika göstərir ki, cavanlardan Aldo Moronun kim olduğunu soruşanda, onun «Qırmızı briqada»ya başçılıq etdiyini söyləyirlər, halbuki onu məhz həmin radikal solçu təşkilat qətlə yetirib.

Bu günkü gənclik iyirmi il əvvəlin kino artislərini tanımır, mənsə, Françeska Bertinini tanyırdım. Halbuki o, səssiz kinoya çəkiləndə mən hələ doğulmamışdım. Bəlkə də, evimizdəki anbarda qalaqlanmış köhnə jurnalları vərəqlədiyimə görə Bertinini tanıyırdım. Sənə də köhnə jurnalları vərəqləməyi məsləhət görürəm, çünki bu, hələ dünyada olmadığın vaxtlarda baş verənləri dərk etməyə şərait yaradır.

Uzaq keçmişdə baş vermiş hadisələri öyrənmək niyə vacibdir? Ona görə vacibdir ki, həmin biliklər bu günkü hadisələrin gedişatını və mahiyyətini anlamağa kömək edir və istənilən halda, yaddaşımızı möhkəmlədir. Eynilə futbol komandalarının tərkibini yadda saxlayarkən, əldə etdiyimiz effekt kimi.

Nəzərə al ki, yaddaşını təkcə kitablar və jurnalların yox, həm də internetin köməyi ilə məşq etdirə bilərsən. İnternet təkcə dostlarla laqqırtı vurmaq işinə yaramır, onun köməyi ilə dünya tarixini də öyrənə bilərsən. Xettlər və kamizarlar kim olublar? Kolumbun üç gəmisi necə adlanıb? Dinozavrların necə kökü kəsilib? Nuhun gəmisində şturval olubmu? Öküzün əcdadı necə adlanırdı? Yüz il əvvəl pələnglərin sayı indikindən çox idi? Mali imperiyası haqqında nə bilirsən? Bu barədə kim məlumat verib? İkinci Papa kim olub? Mikki Maus necə ərsəyə gəlib?

Beləcə, saysız-hesabsız suallar verə bilərəm və bunların hər biri gözəl araşdırma mövzusu ola bilər. Bütün bunları yadda saxlamaq lazımdır. Gün gələcək, sən də yaşlanacaqsan, amma sənə elə gələcək ki, min ömür yaşamısan. Səndə belə bir hiss olacaq: sanki Vaterloo döyüşündə iştirak etmisən, Yuli Sezarın qətlini öz gözlərinlə görmüsən, müxtəlif maddələri həvəngdəstədə döyüb-qarışdıraraq qızıl almağa çalışan, amma təsadüfən barıtı kəşf edib, özünü partladan (ona əcəb olub!) Bertold Şvartsın yanında olmusan. Yaddaşını zənginləşdirməyə səy göstərməyən dostların isə yalnız bir ömür yaşayacaqlar. Monoton, usandırıcı, böyük emosiyalardan xali bir ömür.

Beləliklə, yaddaşının qeydinə qal və günü sabah «La Vispa Teresa»nı əzbərlə.

# 4077 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #