Tanrıdan gələn səs  - Şeirlər

Tanrıdan gələn səs  - Şeirlər
11 iyun 2020
# 16:21

Kulis.az Təranə Arifqızının şeirlərini təqdim edir.

Son nəfəs

Hərdən pəncərəmə toxunub keçir
şüşədə rəqs edir küləyin səsi.
sonra pərdələrin əlindən tutub
əl çalır evimdə külək nəğməsi...

Tənha baxışlarım yumur gözünü
oynayır içimdə dəli küləklər...
ürəyim yağışda yuyur üzünü
sinəyə sıxılır yorğun biləklər...

Götürmür kirpiyim kədər yükünü
düşür göz qapağım dizimin üstə...
ağrılar tələsir, son addım kimi
kəfəntək bükülür sözümün üstə...

Qaynayır qazanlar, yanır od-ocaq
bir ehsan verilir əlsiz evlərə...
min əlin yumruğu birdən açılır,
Tanrının nurumu, dəyir əllərə?

Gülür yad evlərin doğma səsləri
içimdə bir yaşıl ağac bitirir...
dodağım xəfif bir təbəssüm doğur,
bələkli körpəyə beşik gətirir...

Son nəfəs ümidlə qayıdır geri
çıxır pillələrdən gülümsəyərək...
üzünə qapılar açılan zaman
ruhum incik düşür, çıxıb gedərək...

Görən adam bilir məni...

Dərdim saraldıb üzümü,
Görənlər dan bilir məni...
Görməyən... həsrət üzümə,
Görən... adam bilir məni...

Bu dünyanı yorub gedən,
Gah yaramı sarıb gedən,
Gah evimi hörüb gedən,
Bilir...hardan bilir məni?

Görmədiyim günə baxan,
Gəlmədiyim dinə baxan,
Məndən dönüb sənə baxan
Yağsız, yavan bilir məni...

Sən ki... məndən asılısan..
Öz qınına qısılısan.
Göy üzündən asılı can
Ruhu edam bilir məni...

***

Nağıl-nağıl doğulub
Sehr-sehr yatıram.
Diksinib ürəyimdən
Bir bənd şeir atıram.

Əllərimin gözünə
bağlayıram sözümü.
Kirpiyimin ucunda
saxlayıram izini.

Baxışlarım yol gedir
Üzü keçmişə doğru...
Səninlə olmaq uçun
Xəyalım olub oğru...

Paltarımı çırpıram
ətrin göyə çəkilsin.
Xətrimi istəməyən
o daş xətrin tökülsün.

Gözlərim kor işıqtək
yolları çarpaz gedir.
İçimdə səssiz nəğmə,
olub bir avaz, gedir.

Gəlişinin küləyi,
fikrimə duman qatır.
Acıbdı ümidlərim,
ahıma aman qatır.

Oyanıb bu yuxudan
Mən yenidən yatıram.
Gecənin ürəyinə
Qəfil bir daş atıram...

***

Necə gözümdən düşmüsən,
Bir daş suya düşən kimi...
Axıb sözümdən düşmüsən
Bir baş vaya düşən kimi...

inamımdan qoparıbsan,
Gülən gözü aparıbsan,
Bu ömrümü qurtarıbsan,
Mən ömründən çıxan günü.

Bir yük kimi yığılıbsan,
Bir yay kimi sıxılıbsan,
Vallah, məndən yıxılıbsan,
Məni məndən yıxan günü...

Ruhuma

Ruhum, sən məni yazırsan,
Mən səndən yaza bilmirəm.
Səndə azdığım qədəri
Kimsədə aza bilmirəm....

Zamanı dilə tuturam,
Sənlə dolub, axım deyə...
Hər şeyi ona buraxıb
Səssiz - səssiz baxım deyə...

Başqa bir yol yoxdu mənə,
SƏN mənim cəzalı yolum...
Bir işarə bəsdi mənə,
Dönum kölən, qulun olum....

Gec gələndə darıxıram,
Beynim olur dolu qazan...
Tanrıdan icazə alıb,
Sənsən qələmimlə yazan...

***

Qupquru quruyubdu
Niyə olub çöl ürək?
inci sapdan tökülüb,
Dönüb olub göl ürək...

Ürəyimə şırım çək
Kərdi-kərdi kağla sən...
Səpdiyin göyərməsə
Gözdən bir arx bağla sən...

Vər götürüb tum elə,
Toxayla döy, mum elə,
Daşa dəysən, qum elə,
Özünə yer saxla sən...

***

Qulağımda bir pıçıltı...
Sus...dinmə...deyir mənə...
Ürəyimdə bir uçuntu...
Dur...getmə...dəyir mənə...

Ayağım geriyə addım...
atır...irəli gedir...
səni səndən soruşmağa
dəstəyə əli gedir...

sevgim... cavabsız sual...
ümid bağımı yeyir...
ömrüm qurtarır - sözə
ürək yağını yeyir...

gecə gözümə dolub...
tufan əsir, can üzür...
yuxusuz gözüm yatır,
yağış yağır dan üzü...

ürəyimin daş gözü
piltə-piltə oyulur...
sabah səndə yox olur,
- Salam... dildən soyulur...


Tanrıdan gələn səs

Darıxmağım işgəncə,
sevməyim günahımdı.
Nəfəs deyil, verdiyim
həbsə düşmüş ahımdı...

Sabahlarım qaranlıq,
gecələrim oyaqdı...
inadından yerə en,
gör, halım nə sayaqdı?

Səssiz gəlişlərinlə
içimə haray çəkmə,
bircə udum su verib,
dənizə avar çəkmə...

Gözüm qaranlıq gecə,
işığını udmusan,
qaytar gülüşlərimi...
gedişində tutmusan...

Yaraların qanayır...
gəl yaramla sarıyım,
dərdləri içimizdən
sevgi ilə daraym...

Məzarda olsan belə,
sən aldığım nəfəssən...
hər günümü oyadan,
tanrıdan gələn səssən...


***

İndi rahat oldunmu?
Daha zəng də vurmuram...
Mesaj yolu bağlıdı...
Hər siqnala durmuram...

Öz-özümə danışıb
Səni didib tökmürəm...
yuxusuz yuxulara
xəyalını bükmürəm...

hərdən sənə söz atıb,
demirəm, danış bir az...
heç özündə olmayan
sevgiyə alış bir az...

Vallah, vecimə deyil,
nə yeyib, nə içirsən...
hər süfrə açılanda
gözlərimdən keçirsən...

Səndən qabaq salamı
Verməyim də, yox artıq...
Tez-tez- “özünü qoru”-
Deməyim də, yox artıq...

Ruhsuz baxışlarınla
çox döymüşəm özümü...
Tellərimin ağına
Mən hörmüşəm dözümü...

Bir dəfə daş dəyəndə
Canım yaman ağrıyıb...
Öyrəşəndə ağrıya
Daşlar məni qarğıyıb...

Sən, sən deyilsən artıq
Ürəyimdə “itibsən...”
Ürəyimi tapdayan
Ayağında bitibsən...

Baxma uzaqdan mənə,
Yaş da çıxmır gözümdən...
Hər gün yağışlar yağır
Sanki... sənin üzündən...

Bu da sənə son sözüm...
Başlamamış bitirdin...
Niyə sənli günləri
Misralara gətirdim...???

Bu şeir sənə deyil,
sənsiz günün adına...
bu nömrəni yığarsan
mən düşəndə yadına...

- Bu ki, mənim nömrəmdi...
- Təəccüblənib karıxma,
Məndə qalan özünü
hərdən ara, buraxma....

# 5399 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #