news-inner
clock14:03 calendar-gray 06 İyun 2020 view-gray1696 dəfə oxunub
view-gray1696 dəfə oxunub

Aynalı Çərkəz – Sara İbrahimdən yeni hekayə

Kulis.az Sara İbrahimin “Aynalı Çərkəz” adlı yeni hekayəsini təqdim edir.

Qarşıdan sürətlə gələn yük maşınını görüb özünü yolun kənarındakı yoğun gövdəli qoz ağacının arxasına verdi. Köhnə, sınıq-salxaq yük maşını torpaq yolda arxasınca toz buludu buraxa-buraxa gizləndiyi ağacın yanından ötüb keçdi. Arıq, caydaq kişi maşının kifayət qədər uzaqlaşdığını görüb gizləndiyi ağacın arxasından çıxdı, rahat nəfəs alıb alnındakı tər damcılarını cibindən çıxardığı təmiz, ağ yaylıqla sildi. Əlini əynindəki mixəyi rəngdə pencəyinin döş cibinə salıb balaca, dəyirmi güzgüdə özünə baxdı. Dən düşmüş sallaq bığlarını sığallayıb güzgünü yenidən cibinə qoydu.

O, hələ cavanlığından həmişə özüylə güzgü gəzdirirdi. Onun cibindən təmiz, ağ cib yaylığı və güzgü heç vaxt əskik olmazdı. Hədsiz səliqəli və təmizliyi xoşlayan adam idi. Bu barədə kənddə ona çatan ikinci bir adam tapmaq çətin olardı. Yalnız çiməndə başlarına daraq çəkib güzgüyə baxan kəndin kişi qismi Çərkəz kişinin güzgüyə baxmaq vərdişini layiqincə qiymətləndirib onun adının əvvəlinə “aynalı” ləqəbini qoymuşdular. Beləliklə, Çərkəz kişinin özünün dəqiq xatırlaya bilmədiyi vaxtlardan bu ayamayla onun adı Siam əkizləri kimi ayrılmaz olmuşdu.

Çərkəz kişi güzgüsünü tez-tez təzələməli olurdu. Ona görə yox ki, o, əldən pərtov adamıydı. Əksinə, çox səliqəli, təmiz-tarıx adam olduğundan, özünə aid olan hər şeyin üstündə əsirdi. Onun ev- eşiyi, həyət-bacası da kəndin ən abad, təmiz evlərindən sayılırdı.

Aynalı Çərkəzin güzgüsü ehtiyatsızlıqdan, təsadüf- filandan sınmırdı. ”Aynalı”nın aynasını, aynayla bərabər onun özünün də o yumşaq qəlbini sındıran başqa bir səbəb vardı. Aynalı Çərkəz ağlı kəsəndən bu səbəbin xəcalətini çəkib çox vaxt insanlardan gizlənməyə məcbur olurdu.

“Aynalı”nın gömgöy, bir az irəli çıxmış, oynaq gözləri başına bəlaydı. Onun gözləri daşı da dəlib keçirdi. Kənddə əksəriyyət bu fikirdəydi. “Aynalı” nın gözünün gördüyü daş da olsa, çat verib partlamalıydı. Onun gözü öz güzgüsünü də çatladırdı. Aldığı yeni güzgüsünə bir aydan artıq baxa bilmirdi. Əvvəlcə güzgüdə qara, tutqun ləkələr peyda olurdu; getdikcə çoxalan ləklər bir gün çat-çat olmuş şüşədə görünməz olurdu.

Onun gözündəki bu “kəramət” haqqında kənddə çoxlu rəvayətlər, şaiyələr yaranmışdı. Guya bir dəfə iki nəfər Aynalının gözünün əgər diqqətlə baxarsa, qızılı qaraldıb deşəcəyi haqda mərcə giriblər. İşi elə qurublar ki, Aynalının bundan xəbəri olmayıb. Qızıl onluğu Aynalıya göstərib onun saxta, yoxsa doğruçu olmasını soruşanda Aynalının göy gözlərini qıyıb iki-üç dəqiqə qızıl onluğa zilləməsi kifayət edib ki, qızıl onluq əvvəlcə sahibinin heyrətdən boğulan rəngi kimi qaralıb, sonra ortasında iynənin dəliyi kimi xırda bir dəlik açılsın.

Bu əhvalat ildırım sürətilə nəinki kəndə, hətta qonşu rayonlara qədər yayılmışdı.

Bir dəfə Aynalı inəklərinin təzəcə doğulmuş buzovuna necə məhəbbətlə baxmışdısa, körpə buzov anasının südündən əmməyə macal tapmamış çabalayıb ölmüşdü.

Çərkəz kişi özündəki bu qəribəliyə özü də məəttəl qalırdı. Axı, onun heç kimə qarşı pis niyyəti yoxuydu. Allah da şahiddir ki, o, hamıya yaxşılıq arzulayır, heç kimin bir toyuğunun da zərər görməsini istəmirdi. Onun bu qeyri-adiliyi insanların ondan çəkinib kənar gəzməsinə səbəb olurdu. Kənd adamlarının çoxu onu görəndə yolunu dəyişirdi. Aynalı özü də buna görə adamlardan qaçırdı. Onun kənddə ən çox qorxduğu, görəndə qaçıb gizlənməyə yer axtardığı biri vardı. Yük maşınıyla yaşadıqları rayondan Bakıya tikinti materialları daşıyan Cümşüd onun kabusuna çevrilmişdi. Uzaqdan Cümşüdün gəldiyini görər-görməz rəngi qaçıb ürəyi guppuuldayan Aynalı özünü soxmağa yer axtarırdı.

“Daşdələn” gözü onu bir dəfə Cümşüdün caynağına vermişdi.

Səhər tezdən maşınıyla yola çıxmağa hazırlaşan Cümşüdün ilk gördüyü, yolun kənarında dayanıb şəhərə getməyə minik axtaran Aynalı olmuşdu. Aynalını maşınına mindirib rayon mərkəzinə çatdıran Cümşüd özü mənzil başına çata bilməmişdi. Aynalı Çərkəzi düşürdüb yoluna davam etmək istəyən Cümşüd yüz metr aralanmamış maşınıyla dərəyə yuvarlandı. Maşını konserv qutusu kimi əzilən Cümşüdün özünün də qol-qabırğası sınmışdı. O vaxtdan Cümşüd Aynalıya qanlısı kimi baxırdı. Sağalıb özünə gələndən sonra o, gözüylə onu az qala o dünyalıq eləmiş bu adamdan oddan, sudan qaçan kimi qaçırdı. Bir dəfə təsadüfən, Aynalı Cümşüdün qarşısına yenidən çıxanda, o, eləməyib tənbəllik, maşından düşüb Aynalını yaxşıca əzişdirdikdən sonra səfərə çıxmağı təxirə salıb qayıdıb evinə getmişdi.

Gözündəki qeyri-adilikdən savayı, Aynalını kənd camaaatından uzaq tutan başqa bir səbəb yox idi. Beş oğlu, beş də qızı olan Aynalı uşaqlarına, ailəsinə bağlı biriydi. Arvad-uşağı özündən incik salmazdı. Uşaqları kiçik olanda onları çox sevib əzizləməzdi. Bunu soyuqluğundan eləmirdi, sadəcə çox istədiyi uşaqlarına gözüylə zəfər yetirəcəyindən qorxurdu. Sonbeşiyi Rəhimi hərdən bağrına basmaqdan özünü saxlaya bilmirdi. Uşağı sinəsinə sıxıb gözünü yumar, saçlarını oxşayıb üzünə baxmamağa çalışaraq:

- Di qaç, ananın yanına, - deyib köksünü ötürürdü. Buzovu gözüylə o dünyalıq edəndən sonra ürəyində səksəkə qalmışdı.

Aynalı geyim-geçiminə də xüsusi diqqət yetirirdi. Onun nimdaş, çirkli paltar geyindiyini hələ indiyə qədər görən olmamışdı. Ütülü köynəyinin üstündən geyindiyi şax pencəyi, soyuq havalarda çiyninə atdığı boz mahud paltosuyla oxumuş, tədbirli adam təsiri bağışlayırdı.

Aynalının kənddə oturub-durduğu, ondan qaçmayan yeganə adam dostu Şəmşir kişiydi. O, Aynalının fosforlu gözlərindən çəkinib eləmirdi; hər gün axşamtərəfi əl-ayaq çəkilib hamı evinə yığışanda dostu Aynalıya mütləq baş çəkirdi. Kəndin son yeniliklərini müzakirə edib onunla bir- iki əl nərd oynamanış evinə getmirdi.

Aynalının tərəfini heç kimə vermirdi. Dəfələrlə dostunun gözündən ziyan çəkmiş adamlar onun haqqında “gözü çıxmış bilmirəm hardan qarşıma çıxdı, bütün günüm zay oldu” kimi sözlər eşidəndə həmin adamın cavabını mütləq verirdi.

Havalar soyuyanda toy mövsümü başlayırdı. Aynalı kənddəki toylara hər deyəndə getməzdi. Çox vaxt nəmərini göndərməklə kifayətlənirdi. Toy edən yaxın qohumlardan biri olanda toy sovulana yaxın sakitcə məclisə daxil olub bir tərəfdə oturur, baxışlarını yerə dikib kimsənin üzünə baxamamağa çalışırdı. Məclisdə qohum-əqrəbadan oynayanlar qarşısında dayanada pencəyinin cibindən şax pullar çıxarıb onların başına atırdı.

Toy əhli bilirdi ki, Aynalı durub heç kimlə oynamayacaq; onun toyda sözünü yerə sala bilməyib qollarını qarşısında qaldıra biləcəyi yeganə adam dostu Şəmşir idi. Aynalı məclisə gələndə hamı onların rəqs edəcəyi vaxtı səbirsizliklə gözləyirdi. Şəmşirlə Aynalının rəqsini görmək lazım idi. Şəmşir qollarını havada bir-birinə çarpaz keçirə-keçirə pəncəsi üstə tullana-tullana musiqiyə uyğun hərəkət edərək Aynalının qarşısında süzürdü. Aynalı sallaq bığlarının altından qımışa-qımışa Şəmşirin hər əlinə bir kağız pul verib özü ayağa durmağa tələsmirdi. Şəmşir oyun meydançasında çalınan havaya uyğun hərəkətlə dövrə vurub Aynalının qarşısında dizini yerə qoyub əlini boğazına atırdı:

- Aynalı Çərkəz, mən ölüm dur oyna!, - deyəndə Aynalı ağır-ağır yerindən qalxıb çiyninə atdığı boz, mahud paltosunu yanında oturan adama verib qollarını qaldırırdı.

O, asta-asta, havaya uyğun, taktla, ayaqlarının yüngül hərəkətiylə qollarını qaldırıb meydanda gərdiş edəndə toy mağarındakılar çəpik çalıb cuşa gəlirdilər. Bu, Aynalıya həmkəndlilərində rəğbət oyadan yeganə səbəbiydi.

Kəndin uzunömürlülərindən biri - doxsan beş yaşlı Ələkbər kişi ömrünü başa vurub bu fani dünyadan haqqın dərgahına köçmüşdü. Aynalı toylara seyrək getsə də, yas məclislərindən qalmırdı.

Mərhumu torpağa tapşırandan sonra yas çadırında mollanın moizələrinə qulaq asa-asa dərin düşüncələrə dalmışdı. Mollanın: “insan bu dünyadan köçəndə özüylə aparacağı yalnız yaxşı əməlləri olur, arxasınca hər dəfə xoş sözlər deyib, rəhmət oxuyanda ölən adamın ruhu o dünyada əzablardan azad olub rahatlıq tapır” sözləri Aynalını əməlli-başlı kədərləndirirdi.

“Mən öləndən sonra arxamca yaxşı bir söz deyən olmayacaq. Heç kim mənim ölümümə heyifslənməyəcək; ailəmdən, bir də dostum Şəmşirdən başqa, əksəriyyət sevinəcək. Bu çıxmış gözüm məni gözükölgəli elədi, ömrüm boyu el içində dilim gödək, başım aşağı oldu”.

Bu fikirlərdən ürəyi lap sıxıldı,qüssəli göy gözlərini yas məclisində oturanların üzündə gəzdirdi. Nadir kişi, Təhməz, Əvəz... Köksünü ötürdü. Onlar öləndə heç kim sevinməyəcək; rəhmət oxumasalar da, heç olmasa arxalarınca söyməyəcəklər. Bu nə ömür idi yaşamışdı, bu nə tale idi ona yazılmışdı? “ kor doğulsaydım, bundan yaxşıydı”. Özünü bu məclisdə, bu kənddə, hətta bütün dünyada yalqız, heç kimə lazım olmayan adam kimi hiss etdi. Ürəyindən sanki ağır daş asılmışdı. Sakitcə ayağa durdu, heç kimə baxmadan məclisi tərk elədi.

Yol boyu sıralanmış söyüd ağaclarının kölgəsiylə yavaş-yavaş, ağır addımlarla evinə tərəf üz tutdu.

Həyət qapısından içəri keçəndə əlində içində qara maye olan balaca şüşə qab tutmuş arvadı Mahizər həyəcanla onun qabağına yeriyib:

- “Alagöz”ün yarasına baytar həkimin yazdığı dərman kömək eləmir. Belə getsə, inək tələf olacaq, - dedi.

Son günlər kəndin mal-qarasının başı üzərində qara buludlar dolaşırdı: heyvanların bədənində göz kimi yaralar peyda olmuşdu. Əvvəl nöqtə boyda olan yaralar getdikcə böyüyüb irinli çibana çevrilirdi. Baytarın iynə-dərmanları kömək etmədiyindən, kənd sakinlərindən bir neçəsinin mal-qarası tələf olmuşdu.

Aynalı cəld evə keçib əynini dəyişib qayıtdı, arvadının ardınca tövlədəki xəstə inəyin yanına getdi. İnəyin belindəki qara göz formasında yaradan qanlı çirk axırdı. Heyvan ölgün, kənarlarına pıçalaq yığılmış gözlərini Aynalıya zilləyib zəif səslə mələdi.

Aynalı gözünü qıyıb diqqətlə yaraya baxırdı. Bütün fikrini yaraya yönəltmişdi. Bədəninin,əllərinin istiləndiyini hiss edirdi. Ona elə gəldi ki, istilik ayaqlarından başlayıb bütün bədənində dolaşaraq gözlərinə dolur. İki-üç dəqiqədən sonra Aynalının gözünün önündə inəyin irinli çirk axan yarasının ağzı qaysaq bağladı, səhəri gün yara yığılıb balaca qərtməyə döndü.

Üç gündür ot-ələfə gözünün ucuyla baxmayan inək boynunu yem qabına tərəf uzatdı.

Gözünün qabağında baş verən möcüzədən heyrətlənmiş Mahizərin ağzı açıq qalmışdı.

Aynalının inəyi bir baxışla sağaltması xəbəri ildırım sürətiylə kəndə yayıldı. Kənd camaatı bunu öz gözüylə görmək üçün Aynalının həyətinə axışdı.

Yarası sağalandan sonra iştahı açılıb tükü durulan” Alagöz” ona baxmağa gələnlərin qarşısında kövşək gətirib buynuzlarını oynadanda camaatın matı-qutu qurudu. İndi hər kəs Aynalıdan onun da heyvanına baxmağı xahiş edirdi. Aynalının qapısında əməlli-başlı növbə yaranmışdı. Kəndlilərin ayaq üstə güclə dayanan heyvanlarını onun qapısına gətirməyə Aynalının insafı yol vermədi.

- Özüm gəlib baxacam; heyvana da, özünüzə də əziyyət verməyin, - boynunu büküb duranlara elan etdi.

Xəstə heyvanları müalicə edəndən sonra kənd camaatınn Aynalıya münasibəti tamamilə dəyişmişdi. Zarafat deyildi, ali təhsilli həkimin müalicə edə bilmədiyi heyvanları Aynalı dava-dərmansız sağalda bilmişdi. Daha onun gözündən heç kim qorxmurdu. Özü də fikir verib görürdü ki, gözündəki qüvvə daha heç kimə ziyan vermir.

Bir dəfə Cümşüdün maşınıyla burun-buruna gələndə gizlənməyə macal tapmadı; o gün axşama qədər qulağı səsdə qaldı. Axşam Cümşüdün yük maşını kəndin ortasından keçən yolda toz qaldıranda Aynalının sevincdən gözləri yaşardı. Yox,Tanrı onun səsini eşidibmiş; bu dünyadan xatircəm, rahat gedə bilər.

Aynalının ağlına gəldi ki,heyvanların yarasını sağaldan gözündəki möcüzə ilə insanları da müalicə edə bilər. Niyə də olmasın? Yara yaradır, insanda, yoxsa heyvanda olmağının nə əhəmiyyəti var?

Odun doğrayanda ehtiyatsızlıq edib ayağını yaralamış böyük oğlu Kərimdən başladı. Göy,fosfor kimi işıldayan gözlərini yaraya dikib bütün diqqətini cəmlədi. Bədənini bürüyən istilik selinin başının ortasında toplaşıb sonra qaşlarının ucundan gözlərinə axdığını hiss elədi. Kərimin ayağındakı kəsilmiş yara “Alagöz”ün yarası kimi büzüşüb balacalaşdı, iki gündən sonra yerində nazik çapıq izi qaldı.

O vaxtdan Aynalı Çərkəzin adının yanına bir ləqəb də əlavə olundu: “Loğman Aynalı Çərkəz”.

Daha kənddəki toylara hamıdan axırda gözünü yerə dikib getmirdi. Başını dik tutub boz mahudu paltosu çiynində məclisə gələndə onu ehtiramla yuxarı başa keçirdirdilər. Şəmşir onların havasını sifariş verib qarşısında dizini yerə qoyub əlini boğazına çəkirdi:

- Aynalı Çərkəz, mən ölüm, dur oyna!

Aynalı indi daha həvəslə, şövqlə rəqs meydançasında qollarını qaldırıb taktla oynayanda məclisdəkilər onların başından pulları yağış kimi səpirdi.

Amma Aynalıyla Şəmşirin bu sevinci uzun sürmədi. Hamının ondan çəkinib kənar gəzdiyi vaxtlarda Aynalıya arxa, dayaq olmuş Şəmşir gözlənilmədən, Aynalının Loğmanlığının sevincini doyunca dadmağa macal tapamış ürək tutmasından dünyasını dəyişdi. Şəmşir öləndən sonra Aynalı toylarda oynamağı ömürlük tərgitti.

Fosforlu gözünü xora xəstəliyinə tutulmuş on iki-on üç yaşlı uşağa,- bu, onun yaxın qohumunun yeganə oğluydu, - zilləmişdi. Aynalıya elə gəlirdi ki, bütün gücü, enerrjisi bədənindən çıxıb uşağın bədəninə keçir. O, getdikcə halsızlaşdığını, gücdən düşdüyünü hiss edirdi. Aynalının əksinə,uşaq anbaan yaxşılaşıb dirçəlirdi. Neçə gündü zəiflikdən başını yastıqdan qaldıra bilməyən uşaq yerində dikəlib su istədi.

Xəstə uşağın yanından gələndən sonra Aynalı özü yorğan-döşəyə düşdü. Sap-sağlam gəzdiyi yerdə sağalmaz mərəzə tutulmuşdu. Fosforlu gözündəki kəramətlə neçə xəstəni sağaltmış Aynalı indi özü loğmana, təbibə möhtac idi.

Bir vaxt gözündən qorxub ondan uzaq duran kənd camaatı uşaqlı- böyüklü ona baş çəkməyə gəlirdi.

Aynalını huş aparmışdı. Hənirtiyə göz qapaqlarını güclə araladı. Divarlarda əks olunub düz gözünə düşən işıq gözünü qamaşdırdı. Yarımqaranlıq otaqda sanki yüzlərlə şam yandırılmışdı. Ona elə gəldi ki, kimsə başının üstündə dayanıb ona baxır. Parıltısını itirmiş gözlərini dolandırıb başı üzərində dayanmış işıqlı kölgəyə baxdı.

Sonuncu dəfə müalicə etdiyi uşağı görəndə diksindi. O,uşağın gözlərində özünü görmüşdü. Sanki ikiləşmişdi. Çarpayıda uzanan da, başının üstündə dayanıb gülümsəyən uşaq da o özüydü. Özündə bir yüngüllük, rahatlıq hiss etdi. Özünü heç vaxt bu qədər rahat, xoşbəxt hiss etməmişdi. Uşaq gömgöy gözlərini ona zilləyib gülümsəyirdi. Aynalı birdən hiss etdi ki, daha bu dünyada onluq bir iş qalmayıb. Onu gözləyən uşağa baxıb gülümsədi, gözləri asta-asta yumuldu.

news-inner-user

15835 məqalə

Oxşar xəbərlər