Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi
23 mart 2026
# 11:49

Kulis.az Rüstəm Dastanoğlunun "Atalı günlər" hekayəsini təqdim edir.

... Atasının vəziyyəti heç yaxşı deyildi.

Xeyli vaxt idi ki, yatağa düşmüşdü, oğlan bilirdi ki, atasının xəstəliyi hər nə idisə ağır idi, yaşı da az deyildi, yetmişi keçmişdi.

... Dib otaqda taxtın üstündə atası üçün döşək atılmışdı, mələfə sərilmişdi, iki dənə böyük yastıq qoyulmuşdu. Belini yastıqlara söykəyib, yorğanı yarı oturaqlı vəziyyətdə sinəsinə çəkmişdi, qıçlarını dizdən yığıb dikəltmişdi, əlləri yorğanın üstündə idi. Başını yaylıqla bağlatdırıb alnında düyünlətmişdi.

... Oğlan atasının ayaq tərəfində, böyük taxtın aşağısında oturmuşdu, başını aşağı salmışdı. Atasının xəstəliyinin nədən ibarət olduğunu düz-əməlli dərk eləmirdi, bilmirdi, elə-belə onun ayaq ucunda oturub, atasının hənirini alırdı, bir şey lazım olub eləyəndə verirdi. Çay istəyəndə anasına gedib deyirdi, anası çay süzüb gətirirdi.

... Çox istəyirdi ki, atası nələrdənsə danışsın, o da atasına qulaq assın, atasının isə danışmaqla elə arası yox idi, susurdu.

***

Atasının qismətinə dünyanın hər üzünü görmək düşmüşdü; uşaqlıqdan atadan yetim qalmışdı, əmisinin himayəsində böyümüşdü, qoyuna, quzuya getmişdi, məktəb üzü görməmişdi. Birinci erməni-müsəlman davasında, 7-8 yaşı olanda, kənddən qaçqın düşmüşdülər, bir də ara sakitləşəndən, sovet höküməti gəlib, stabillik yaratdıqdan sonra kəndə qayıtmışdılar. Hardasa, 15-16 yaşında axşam məktəbinə yazılmışdı, yazmağı, oxumağı öyrənmişdi, attestat almışdı.

... Atasının keçdiyi həyat yolunu, oğlan qohumlarından, ondan-bundan eşitmişdi, özü heç vaxt uşaqlığından, çətin həyat yolundan, oğluna danışmamışdı, həyatından şikayət eliyən adam deyildi.

Kolxoz quruculuq illərini görmüşdü, bütün o çətinlikləri keçmişdi, yarı ac, yarı tox anasının böyründə böyümüşdü.

İkinci Dünya müharibəsi başlayan kimi müharibəyə aparmışdılar, müharibənin əvvəlindən axırına, düz Berlinə kimi bir yol keçmişdi, orden, medallarla kəndə qayıtmışdı. Texnikumda oxumuşdu.

53-cü ildə yenidən qaçqınlıq həyatı yaşamışdı. Onları Azərbaycana, aranın isti rayonlarından birinə köçürmüşdülər, orda dözə bilməyib, bir neçə ildən sonra yenidən öz kəndlərinə qayıtmışdılar.

***

... Oğlan bilirdi ki, atasının xəstəliyi ağır olmasaydı, yatağa düşən adam deyildi. Və heç vaxt əvəllər atasının xəstələndiyini, yatağa düşməyini görməmişdi. Həmişə onu hərəkətdə, iş başında, ayaq üstündə görmüşdü.

Onun əlindən nə gəliri ki, pulu-parası yox, xəstəliklərin nə olduğundan xəbərsiz idi. Oğlan üçün hər şey qabaqda idi, həyatının qurulmasının başlanğıcında idi. Atası isə, oğlan dərk eliyirdi ki, ömrünü başa vurmağın astanasındaydı, bəlkə də ömrünü başa vurmağa sayılı günləri qalmışdı.

Ona görə oğlan çox istəyirdi ki, atası ilə bir yerdə olsun. Sakitcə taxtın üstündə oturmuşdu, atası ilə bağlı günlər yadına düşürdü, fikirindən keçirdi.

... Hardasa, 5-ci, 6-cı sinifdə oxuyardı, atası ilə rayon mərkəzinə getmişdilər. Rayonda o dükandan, bu dükandan bəzi şeylər aldıqdan sonra, bazara gəlmişdilər, atası yenə nələrsə aldı, sonra ağ tut aldı, yəqin pulu az qaldığından evə aparmağa yox, iki kağız bükməsində və hər bükmədə iki stəkan tut aldı. Birini ona verdi, birini də özünə saxladı. Bazarın bir küncünə çəkilib ağ tutu yeməyə başladılar.

Kəndləri dəniz səviyyəsindən çox hündürdə və soyuq olduğundan, tut ağacı və digər meyvə ağacları kəndlərində bitmirdi, ona görə də oğlan indiyə kimi heç vaxt tut yeməmişdi, indi birinci dəfə şipşirin, çox dadlı tut yeyirdi və yavaş-yavaş, bir-bir yeyirdi ki, tutlar gec qurtarsınlar. Gözünün altından baxıb görürdü ki, atası da tutu çox ləzzətlə və yavaş-yavaş yeyir.

... İndi, atasının ayaq ucunda oturduğu vaxt hardansa, birdən-birə yadına atası ilə birgə birinci dəfə tut yediyi həmin gün düşmüşdü.

... Əməlli başlı kövrəldi kövrəldiyini atasına hiss etdirməməyə çalışdı və ürəyindən keçdi ki, sabah tezdən rayon mərkəzinə gedim, tut alıb gətirim, atamı sevindirim, bir yerdə tut yeyək.

Tezdən rayona gedən yolun kənarına çıxdı, avtobusa minib rayona getdi, bazara girdi, bütün bazarı axtardı, tut tapa bilmədi, dedilər ki, artıq avqustun ortasıdı, tutun mövsümü qurtarıb.

***

... Oğlan kor-peşman avtobusa minib kəndə qayıdırdı, orta cərgədə pəncərənin qabağında oturmuşdu, gözlərini sonsuzluğa dikib, hey Allaha yalvarırdı ki, gələn il tut çıxana kimi atasına heç nə olmasın...

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

16:00 22 mart 2026
Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

11:30 22 mart 2026
Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

11:00 21 mart 2026
"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

11:00 20 mart 2026
"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

17:00 17 mart 2026
"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan  aforizmlər

"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan aforizmlər

14:30 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər