Mədəni geriliyin səbəbi aşağı zümrədirmi? - Cavid Ramazanov

Mədəni geriliyin səbəbi aşağı zümrədirmi? - Cavid Ramazanov
24 mart 2026
# 12:00

Kulis.az Cavid Ramazanovun "Filistin" yazısını təqdim edir.

Geniş tamaşaçı kütləsi olan verilişlərin bayağı damğasıyla bağlanmasının əsassız olduğunu hamı bilir. Di gəl, özünü mədəni hesab edən əksəriyyət bu qərarı dəstəkləyir. Sidqi-ürəkdən gələn bu fikri eşitməmiş olmazsınız: "Əslində bilirəm, düzgün qərar deyil, amma ürəyimdə sevinirəm, tik-toku da bağlasalar, yaxşı olar!"

Gündə bir tik-tok fenomeni həbs olunur, mədəni adamlar ayaqda alqışlayır.

Doğrudanmı bağlamaqdan, tutmaqdan, cərimələməkdən savayı yol yoxdur? Axı verilişləri bağlamaqla, tik-tokerləri tutmaqla onların tamaşaçı kütləsini təşkil edən nəhəng təbəqə - adətən aşağı zümrə adlandırılır - havaya buxarlanmır. Bu, başını quma soxmaq deyilsə, nədir?

Bəri başdan deyim, aşağı zümrə deyəndə alçaltmaq niyyəti güdmürəm. Hər cəmiyyətdə bu zümrə var, əhalinin azgəlirli, azsavadlı, azmədəni, resurslara çıxışı olmayan təbəqəsini təşkil edir.

Aşağı zümrənin miqyasının iri olması istənilən cəmiyyət üçün başağrısıdır. O, nəbadə məcrasından çıxa. Çıxdımı cəmiyyətin dayaqları çökür və xaos qaçılmaz olur. Ona görə də, tarix boyu dövlətin və yuxarı zümrələrin işi-peşəsi aşağı zümrəni nəzarətdə saxlamaqdan ibarət olub. O nəzarətdədirsə, başın dincdir, nəzarətdən çıxdısa, altını çəkəcəksən.

Azərbaycanda mədəni geriliyin səbəbi həqiqətən aşağı zümrədirmi?

Azərbaycanda özünü mədəni hesab edən istənilən kəsi dindirsən, ölkədəki mədəni geriliyin səbəbini aşağı zümrəylə əlaqələndirəcək. Heç ağlına da gətirməyəcək ki, əslində əsas problem o və onun mənsub olduğu zümrə ola bilər.

Bəli, Azərbaycanda əsas mədəni problem aşağı zümrənin bayağı verilişlərə baxması deyil, əsas problem orta və yuxarı zümrənin dəyər yarada bilməməsidir. Dəyər məsələsindən ətraflı yazacağam, ona qədər istəyirəm, orta və yuxarı zümrə deyəndə, kimləri nəzərdə tutduğumu aydınlaşdıram.

Əslində, bizdə zəngin olmaqla yanaşı, yüksək mədəniyyətə malik yuxarı zümrə - elita, yaxud aristokratiya - tarixən formalaşmayıb. Ona görə də yuxarı zümrədən danışmağın mənası yoxdur. Düzdür, müstəqillikdən sonra neft pulları və ticarət hesabına zənginləşən müəyyən bir zümrə var, amma bu zümrənin mədəni göstəriciləri ilə aşağı zümrənin mədəni göstəriciləri arasında xüsusi fərq yoxdur. İkisi də eyni meyxanaçıya qulaq asır, yeganə fərq odur ki, biri ona bahalı maşın bağışlaya bilir, o biri yox.

Gələk orta təbəqəyə. Bir vaxtlar bizdə orta təbəqə yox kimi idi, ancaq son on, on beş ildə xeyli dirçəlib. Ola bilsin, onun əlində kifayət qədər iqtisadi və siyasi güc yoxdur, ancaq hər halda bu təbəqəni görməmək mümkün deyil. Orta zümrə - ali təhsilli, azdan-çoxdan xarici dil dilən, müəyyən aylıq qazancı, evi, yaxud maşını olan, plazalarda, ofislərdə, dövlət orqanlarında işləyən, frilans fəaliyyət göstərən, yaxud kiçik və orta biznesə malik şəxslərdən təşkil olunub. Televiziyada aşağı zümrəyə xitab edən verilişləri əslində bu zümrə bağlatdı, tik-tokerlərin də dənlənməsinə ürəkdən sevinən bu təbəqədir.

İndi keçək əsas mətləbə - dəyər yarada bilməmək məsələsinə.

Bizim tipik orta zümrə təmsilçisi filistindir - yəni mədəniyyətə, sənətə və intellektual məşğuliyyətlərə biganə, hətta bəzən istehzalı münasibət bəsləyən bir kəs. Onun mədəni və intellektual miqyası məhduddur. Arada məlumatlı olmaq üçün Dostoyevski, ya da uğur (pul) qazanmaq üçün hansısa fərdi inkişaf kitabı oxuya bilər, amma püxtələşmək üçün onda istək və intizam çatışmır. Vaxt qıtlığından şikayətlənsə də, vaxtını sosial mediada israf etməklə məşğuldur. Gündəlik baş verənlərlə bağlı informasiya onun ətraf aləm barədə təsəvvürlərini formalaşdırır. Fikri-zikri ancaq maddiyatda və səthi əyləncələrdədir.

O dəyər yarada bilmir, çünki bunun üçün zəruri keyfiyyətləri yoxdur. Dəyər yaratmaq deyəndə mütləq sənət və intellektual sferada fəal yaradıcılıq nəzərdə tutulmur. Sanballı oxucu, dinləyici, tamaşaçı kimi də dəyər yaratmaq mümkündür. Bizim orta zümrə təmsilçilərinin isə oxumaqla araları yoxdur, sanballı əsərlərin dinləyicisi və tamaşaçısı deyillər. Həftə səkkiz, mən doqquz keçirilən əyləncə tədbirləri anşlaqla keçir, restoranlar, kafelər, pablar - şəkil çəkdirmək, yemək-içmək və laqqırtı məkanları - ağzınacan dolu, amma sərgi salonlarında bayquşlar ulayır. Tələb varsa, təklif də var. Bizim orta zümrənin ciddi sənət, mədəniyyət və ədəbiyyat sifarişi yoxdur. Olsaydı, əyləncədən kənar istənilən ciddi təşəbbüs dibsiz quyuya atılan daş effekti doğurmazdı.

Əslində aşağı zümrələr yuxarı zümrələri təqlid etməyə meyilli olurlar. Yuxarı və orta zümrə dəyər yaradırsa, aşağılar bu dəyərləri mənimsəməyə başlayır, müsbət mənada mədəni assimilyasiyaya məruz qalırlar. Azərbaycanda əksinədir, aşağı zümrələr yuxarı zümrələri assimilyasiya edir. Əgər yazıçılığa, sənətkarlığa, filosofluğa, naşirliyə, iqtisadçılığa, psixoloqluğa iddialı kəslər də müxtəlif cür səthi performanslar göstərib facebook, tik-tok fenomeni olmağa çalışırlarsa, deməli, dəyər yarada bilmirlər, beləcə aşağı zümrənin assimilyasiyasına yol açırlar.

İngiltərə analogiyası

İngiltərə ilk baxışda analogiya aparmaq üçün qüsurlu nümunə kimi görünə bilər, amma 19-cu əsrin ortalarında ingilis cəmiyyətində bizim indiki vəziyyətimizə oxşar bir vəziyyət yaranmışdı. Sənaye inqilabından sonra ilk dəfə əlinə kapital toplamaqla iqtisadi və siyasi güc əldə edən yeni bir zümrə ortaya çıxmışdı. Hərçənd bir əmma vardı, bu zümrə dəyər yarada bilmirdi. Əvvəllər din cəmiyyətdə harmoniya yaradan ən vacib təsisat idi. O, ortaq inanc, əxlaqi dəyərlər və həyatı mənalandıran hekayələri ilə varlıdan kasıbacan müxtəlif təbəqələri vahid müstəvidə birləşdirə bilirdi. Sözügedən dövrdə isə din artıq ictimai həyatda nüfuzdan düşmüşdü. Dinlə yanaşı aristokratik sinif də zəifləyir, mövqeyini kapitalist sinfinə təhvil verirdi. Aşağı zümrələrin təmsilçiləri ucqarlardan şəhərlərə axışır, zavod və fabriklərdə iş əldə edirdilər. Şəhərlərdə birdən birə fəhlə paltarında kəndli kütlələri meydana çıxmışdı. Onlar sənaye müəssisələrində əmək istismarına məruz qaldıqlarından tez-tez tətillər, iğtişaşlar, üsyanlar təşkil edir, inqilabçı qruplarda birləşirdilər. Cəmiyyət partlayış həddindəydi, amma müxtəlif zümrələr arasında harmoniya yaradacaq bir ideologiya yoxuydu.

İlk dəfə cəmiyyətdəki dəyər boşluğuna diqqət çəkən özü də orta sinifdən çıxmış şair və mütəfəkkir Metyu Arnold olur. O, orta zümrənin formalaşdığını deyir, ancaq onları filistin - yəni mənəviyyatca maddiyatçı, mədəniyyətcə səthi - kimi təsvir edir, buna görə də cəmiyyətin ciddi sınaqla üzləşdiyini bildirir. Arnold problemin həlli yolu kimi orta zümrənin ellinistləşməsinin, yəni qədim yunan mədəniyyətini mənimsəməsinin zəruri olduğunu deyir. Ellenistləşməyə intellektual püxtələşmə, sənət və ədəbiyyata dəyər vermə, mənəvi həssaslığı inkişaf etdirmə kimi məziyyətlər daxildi. Amma əsas məqsəd orta zümrəyə dəyərlər aşılamaqla onu dəyər yaradan bir qüvvəyə çevirmək, beləcə aşağı zümrəni mədəni assimilyasiyaya məruz qoymaq idi. Arnold inanırdı ki, ictimai münaqişənin qarşısını almaq üçün yeganə yol təhsil və mədəniyyətdir. Əgər aşağı zümrə orta zümrənin mədəni dəyərlərini mənimsəsə, daha mülayim olar, sosial iyerarxiyanı qəbul edər və təhlükəli siyasi proseslərə yaxın durmaz.

Terri İqlton "Ədəbi nəzəriyyə: Giriş" əsərində ingilis dilinin yüksəlişə başlamasının bu proseslərlə əlaqədar olduğunu bildirir və fikrini yumorla belə ifadə edir: "Əgər fəhlələrə roman verməsəniz, onlar barrikadalar qura bilərlər".

Britaniyada orta zümrənin islahı prosesinə başçılıq edənlər din təsisatının nüfuzdan düşməsiylə yaranan ideoloji boşluğu ingilis dili və ədəbiyyatı ilə doldurmaq işinə girişirlər. Onların fikrincə, ədəbiyyat insani və əxlaqi xüsusiyyətləri qabartmaqla universal dəyərlər aşılayırdı. Ədəbiyyat neytral və sülhpərvər idi, siyasi münaqişələrə deyil, əbədi insani həqiqətlərə yönləndirirdi. O, milli kimliyi təşviq edirdi, fəhlələr ədəbiyyat oxumaqla mənsub olduqları xalqın dahiyanə əsərlər yaratdığını görəcək və öz milli mədəniyyətləriylə fəxr edəcəkdilər.

Bu, çox bilinən fakt deyil: əslində ingilis dili və ədəbiyyatı akademik fənn kimi ilk dəfə universitetlərdə deyil, fəhlə sinfi üçün nəzərdə tutulan mexanika kolleclərində ixtisaslaşıb. Çünki köklü universitetlər diletant fənn hesab etdiklərindən ingilis dili və ədəbiyyatını uzun müddət tədris proqramına əlavə etməkdən boyun qaçırıblar. Nəhayət, Oksford Universiteti fənni proqramına daxil edəndə ingilis ədəbiyyatı üzrə ilk professorlardan biri olan Corc Qordon çıxışlarının birində belə demişdi: "İngiltərə xəstədir... ingilis ədəbiyyatı onu xilas etməlidir. Kilsələr müvəffəqiyyətsizliyə düçar olublar, ictimai əlaclar ləngdir, ingilis ədəbiyyatının indi üç funksiyası var: bizə zövq vermək, yol göstərmək, ən əsası isə ruhumuzu və dövlətimizi sağaltmaq".

İngilis dili və ədəbiyyatı üzrə tədris əsas etibarilə Şekspir kimi məşhur ədiblərin yaradıcılığına köklənmişdi. Teatr bu dövrdə vacib mədəni mərkəz idi, teatrlarda həm əsilzadələr, həm də sıravi insanlar Şekspirin tamaşalarına baxırdılar. Bu, ictimai harmoniyanın inikası sayılırdı.

İngilis ədəbiyyatı eləcə də Dövət Qulluğu imtahanlarına daxil edilmişdi. Dövlət qulluğunda işləyən məmurlar ədəbiyyatı yaxşı bilməli, milli kimlikdən qürur hissi keçirməli və mədəni üstünlük hissinə malik olmalıydılar.

Bu prosesin sonunda ingilis dili və ədəbiyyatı Britaniya imperiyasının simvoluna çevrilmişdi. Bu gün ingilis dili əgər dünya dilidirsə, 19-cu əsrdə başladılan ingilis dili və ədəbiyyatını millətə aşılamaq prosesinin böyük payı var.

Aşağı zümrənin assimilyasiyası

Qayıdaq Azərbaycana. Əvvəllər Azərbaycanda cəmiyyəti birləşdirən bir ideologiya vardı: Qarabağ dərdi. Müharibə bu dərdi sağaltdı, amma bu gün artıq cəmiyyəti birləşdirən dəyərlər yoxdur. Orta bir zümrə formalaşıb, amma bu zümrə filistindir - mənəviyyatca maddiyatçı, mədəniyyət və intellektcə səthi. O, dəyər yarada və aşağı zümrələri assimilyasiyaya məruz qoya bilmir. Hazırda aşağı zümrənin seçdiyi "yazıçılar", filosoflar", "psixoloqlar", "müğənnilər", "politoloqlar" cəmiyyətdə at oynadırlar. Orta zümrə təmsilçiləri öz dəyərlərini diqtə etməkdənsə, aşağı zümrənin zövqlərinin təsiri altına düşürlər. Nəticədə mədəni və intellektual miqyasda ciddi tənəzzül var.

Başını quma soxmaqla reallığı gözardı etmək olmaz. Orta zümrə özü mədəniyyətcə və mənəviyyatca təkmilləşməlidir, yoxsa zorla qapı arxasına qoyulan bayağılıq geriyə ya pəncərədən, ya bacadan daha da pis qayıdacaq.

# 246 dəfə oxunub

Oxşar xəbərlər

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 24 mart 2026
"İsa ölüb, özünüzü aldatmayın..." - Əli Çağla

"İsa ölüb, özünüzü aldatmayın..." - Əli Çağla

11:30 24 mart 2026
Səmərqənddə İmam əl-Buxari külliyəsi açıldı

Səmərqənddə İmam əl-Buxari külliyəsi açıldı

10:50 24 mart 2026
Süleyman Rüstəm "donos" yazıb? – İttihamlara cavab

Süleyman Rüstəm "donos" yazıb? – İttihamlara cavab

17:00 23 mart 2026
Ramazan və Novruz bayramları münasibəti ilə bayram konserti keçirildi

Ramazan və Novruz bayramları münasibəti ilə bayram konserti keçirildi

15:18 23 mart 2026
Benksinin sirri faş oldu - Məşhur küçə rəssamı əslində kimdir?

Benksinin sirri faş oldu - Məşhur küçə rəssamı əslində kimdir?

13:00 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər