İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva
23 mart 2026
# 12:13

Kulis.az Sona Vəliyevanın "İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr" yazısını təqdim edir.

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi Seyran Səxavətin 2025-ci ildə nəşr olunmuş “Seçilməmiş əsərlər”ini təzədən bir daha gözdən keçirirəm. Ürəyimdən keçənləri yazmaq istəyirəm.

Göz önündə çox səmimi, kimin kim olmasını çəkinmədən, düşündüyü kimi söyləyən, fikrində həmişə həqiqəti və dürüstlüyü qoruyan Seyran Səxavət şəxsiyyəti canlanır. Hər qələm adamı belədirmi? Təəssüf ki, yox!!! Həqiqət və dürüstlük insana İlahi əmanətdir, ağır yükdür, hər oğul daşıya bilməz... Amma ədəbiyyat, söz adamının bu nəsnələrə gücü yetməyəcəksə, onda o qələm adamı tək özünü yox, elə oxucularını da miskin duruma düşməyə sövq edir. Kim nə deyir desin, həqiqətdən uzaq düşmüş yazar, xüsusilə şairlər özünü yazmadan, içindəkilərlə oxucusunu tanış etmədən əhatəsində, dünyada baş verənləri həqiqi ustalıqla bədiiləşdirməyə nail ola bilmir. Ona görə də yazarın, şairin mənəvi dünyasının gerçəkliklə harmoniyası, düşüncələri, arzuları, yerə, göyə, olanlara, olacaqlara öz səmimi münasibəti yaradıcılığının qayəsinə çevrilir. Bax, onda yazar səmimiyyəti ilə hər sətrindən özünün daxili portretini oxucuya məhz olduğu kimi təqdim edir. Söz adamları İlahinin seçdiyi insanlardır, Allahla əsl qələm adamının arasında ona əmanət olunmuş həqiqi söz dayananda oxucuya saxta düşüncələri və ya yalan hissləri sırımaq mümkünsüz olur.

Ona görə də qələm adamları yazdıqlarının çəkisində, məna yükündə özünü bütövlüklə ehtiva edir. S. Səxavət bütün yaradıcılığında təpədən dırnağa özüdür ki, var. Sözü, düşüncəsi, əməli, edib edəcəkləri ilə birlikdə var olan şairə, yazara eşq olsun! Bu dəyərlərin vəhdətinə isə MƏNƏVİ BÜTÖVLÜK deyilir...

Bu bütövlük heç nə yazmadığı anlarda belə pozulmur, əksinə S. Səxavətin yaradıcılığını yüksəldərək oxucusunu yeni əsərləri səbirsizliklə gözləməyə sövq edir. Bəzən də yaradıcılığın susqunluq dövrünü Seyran bəy belə dəyərləndirir: “Gözəl ədəbi nümunə yarada bilmirsənsə, kənara çəkilmək də bir növ ədəbiyyatda xidmətdir... Susmağı bacarmaq özü də yazmaq qədər istedad istəyir”...

Bu fikirlər həqiqətə tapınan bir şairin ən doğru etirafıdır. Mənim çox sevdiyim Cibran Xəlil Cibran: “Böyük şair bizim sükutumuzu ifadə edə bilən şairdir” –deyəndə elə ədəbiyyatın bu missiyasının dərinliyini nəzərdə tuturdu.

İlk yaradıcılıq nümunələrində özünün şəstli duruşunu, düşüncələrinin orjinallığını necə başlamışdısa iri həcmli əsərlərində də bu orjinallığı qoruyub saxlaya bildi. Onu nəsr yaradıcılığına sövq edən cəsarət mənbəyi sözsüz ki, poeziya yaradıcılığının qısa müddətdə sevilməsi hesab olunmalıdır. Ona görə də mən S. Səxavətin poeziya yaradıcılığı haqqında yazmaq istədim... O ədəbiyyata 1970-ci illərdə gələnlərdəndi.

70-cı illərdə poeziyaya gələnlər sonralar Azərbaycan ədəbiyyatının xüsusi inkişaf mərhələsini təşkil etdilər. Bu dövr Azərbaycan ədəbiyyatında yeni inkişaf mərhələsinin – cəsarət və novatorluq ənənələrinin ön planda görünməsi poeziya və nəsrdə fərqli hadisələr dövrü idi. M.İsmayıl, S. Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli imzaları sırasında S. Səxavət imzası həm də fərqli yaradıcılıq xüsusiyyəti ilə elə ilk gündən seçilməyə başladı. VIII sinifdən imzası tanınan, tələbə ikən ilk şeir kitabı çıxan, istedadı ilə qürur duyulası şair kimi tanındı. Onun yaradıcılığının qısa müddətdə sevilməsi, şeirlərinin dillər əzbərinə çevrilməsi, sözlərinin musiqi janrına yol alıb könülləri riqqətə gətirməsi mövzuya, sözə səmimi münasibəti və təkrarsız ifadə üslubuna malik olması səbəbindən idi. Daxili duyğu və hisslərin təkrarsız təsvir üslubu, ruh halının azad və sadə ifadə tərzi şeirlərində elə əsrarəngiz gözəlliyə büründü ki, heyranlıq bütün oxucularının yaddaşlarında uğursuz olan “ilk məhəbbətin” yara qaysağını qopardı. Vüsalın həsrəti ürəklərdən elə boy verdi ki, hər kəs:

Sən bir soyuq ulduz, mən gözləri nəm,

Eybi yox mənimçün həmişə varsan,

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan.

-deyə ilk məhəbbətin ülviliyinə unudulmazlığına bir daha inandı.

Şairlər həm də qələm adamı olaraq vəhylə yazanlardır. Qəribədir, Seyran müəllimin yaradıcılığı ilə tanışlığım bu düşüncəmi daha da möhkəmlətdi. Hələ 16 yaşı olarkən çoxunun “sevgilim” sözünü dilinə gətirməyə cəsarət etmədiyi bir yaşda S.Səxavət “İki arzu”sunu dilə gətirirdi:

Sual verdi, sevgilim

bir gün üz tutub mənə:

Nədir arzun həyatda,

cavan oğlan, desənə?

Dedim, həyatda yalnız

iki arzum var, ay qız...

Biri sənət dağının

zirvəsinə ucalmaq,

Biri də ki, səninlə

ömür sürüb qocalmaq...

Çox düşündürücüdür! V.Belinski bir vaxtlar yazırdı: “Şair həqiqəti sübut etmir, onu göstərir.” Hansı sənət dağının zirvəsi ona bu yaşda vəhy işığında görünmüşdüsə, o zirvəni fəth etdirənə də şükür, fəth edənə də!

Eləcə də sevdiyinə sadiqliyin son dayanacaq məntəqəsinin sərhədlərini sədaqət və vəfa ilə möhkəmlədən, dəyişməyən, ruh və xarakter sabitliyi ilə nümunə olan şairə “həmişə var olun!” arzusundan başqa söz qalmır.

Sevgi şeirlərində Seyran müəllimin sevdiyinə münasibəti belə, dünyanın, təbiətin elə sevginin sərhədsizliyi, ölçülməzliyi kimidir. Şair və onun şeir yaradıcılığı haqqında bir daha o qənaətə gəldim ki, şairlər İlahidən seçilən şəxs olmasaydı, 16-17 yaşlı bir gənc göndərilən bu munis duyğuların tərənnümünü sadəliyin, səmimiyyətin, gözəlliyin, cəsarətin qələmiylə dünyaya necə car çəkərdi...

Qəlbinə həmdəm olan

sirdaşını sevirəm.

O atanı, ananı

qardaşını sevirəm.

Görürsənmi, gözəl qız,

neçənizi sevirəm.

O daşlı, o kəsəkli

küçənizi sevirəm.

Evinizin başına

mənim kimi dolanan,

barını da sevirəm.

Keçən yay bağçanızda

məni dilintək sancan

arını da sevirəm.

Qonşunuzda yaşayan

o sifəti qırışmış

qarını da sevirəm.

Hərdən məni duymayıb

gözümə düz baxmayan

gözünü də sevirəm.

Lap mənə acı gəlib

ürəyimə od vuran,

sözünü də sevirəm.

Ən çılğın, dəli-divanə ruhlu şeirləri yeniyetməlik dövrünün qələm nümunələri kimi onun gələcək püxtə sənətkarlığının bünövrə daşları idi. İlk gəncliyinin böyük ailə çevrəsində müdrik insanlar əhatəsində keçməsi onun sənətkarlığına, həyatı erkən duyub dəyərləndirməsinə, dil-üslub xususiyyətlərinin orjinallığının qorunmasına elə təsir göstərdi ki, bu inkişaf sonralar yaradıcılığının bütün sahələrində ona geniş oxucu auditoriyası və tənqidçilər münasibətini formalaşdırdı.

Bu həyatın “Gizlənpaç” oyunu, “Utancaq məhəbbəti”, “İlk məhəbbəti-son məhəbbəti”, “Elegiya”sı lap gənclik dövrlərindən onun qələmiylə poeziyamıza yeni rəng çalarları, fərqli ruh gətirdi:

Yenə səni gördüm, kaş görməyəydim,

Başımda ildırım çaxdı elə bil.

Mənim o utancaq ilk məhəbbətim

Hardansa boylanıb baxdı elə bil…

Sənə deməyiblər əhdini dan ki,

Soyuqsan… bənövşə, yarpaq üşüyər,

Gedirsən ayağın altında sanki

Torpaq qırov bağlar, torpaq üşüyər…

Soyuq baxışlardan od tutar yoxsa,

Kağız parçasıtək yanar məhəbbət.

Mənə bircə dəfə mehriban baxsan,

Qartaltək zirvəyə qonar məhəbbət.

Mən bir dağ çayıyam, səsli-küylüyəm,

Sonsuz qayaları yıxa bilmərəm.

Çıxma dağ yuxarı üzər məni qəm,

Axı dağ yuxarı axa bilmərəm…

İlahi bu nə munis qəmdir?!Bu nə gileydir! Bu nə istəkdir!

R.Həmzətov bir vaxtlar yazırdı: “Şeir xoş bir təbəssümdən və ya göz yaşlarından yaranır.” Var olsun dərin poeziyanı yaradan munis kədəri!

Eləcə də yaşamaq və mübarizə söykənəcəyimiz ümidi “Ağ dənizdə bir ada” kimi görmək mövqeyi Seyran Səxavətin baxış bucağından bizi də özüylə birgə duyğuların ən həssas, ən zərif nöqtəsinə çəkib aparır:

İnanmazdım nə zamansa

ümidi

həsrətə

əsir verəcəkdim.

Ovxalaram gözlərimi,

Əzərəm pöhrə yuxuları.

Bəlkə də, əzdiyim yuxularda

səni görəcəkdim…

Gözümün qarasında ümid,

Gözümün ağında həsrət.

Həsrətin ağ dəniz,

ümidim

ağ dənizdə bir ada…

Mənzilimin də yolu

uşaq mahnıları kimi

biganə bir ballada.

Deyirlər yumorlu adamlar ən ağıllı adamlardır. Seyran müəllim xarakter və danışıq üslubunda yumorlu, səmimi olduğu qədər də cəsarətlidir. Ona görə də bu xarakterik xüsusiyyətləri poeziyasında elə ustalıqla uzlaşdırır ki, ömrün müəyyən məqamlarında məhəbbət dünyasının “partizanına” çevriləndə belə oxucu onun bu halına təəccüblənmir; axı bu Seyran Səxavətdir, “qırmızı yanaqlara” “həsrət güllələri” ilə atəş açan aşiqdir.

Elansız, filansız,

müharibəyə başladın mənimlə,

“Şaxtalı ayrılıq” oyunu oynadın

məhəbbət çəmənimlə,

Hicran dolusu döydü

məhəbbət çəmənimi,

Vüsal bayramına

bitirdiyim səmənimi.

Partizan oldum, çəkildim

məhəbbət meşələrinə,

Məhəbbət dağlarına.

Hər dəqiqə gözlə məni.

Bir gün

qəflətən

baxışlarım

həsrət güllələrilə

atəş açacaq

yenidən

qırmızı,

alma yanaqlarına…

Şairin xanımı olmağın zülümü bir zülümdür, qədir urvata bükülməsi, əzizlənməsi isə başqa bir aləmdir.

“Dustaq gün” şeirinin kövrəkliyinə elə aludə oldum ki, şairin xanımını, yanından uzaqlara yola salması, müvəqqəti ayrılıqların qəmli şahidinə çevrildim…

Evimizin açarıydın –

düşüb itdin.

Körpə balamı

qucağına alıb getdin.

Getdin...

Getdin...

Mən də həbs elədim

sizli günlərimin sonuncusunu,

Əsir günə tapşırdım

yığılmamış yatağımı.

Əlimi yandıran açarla

bağladım otağımı.

Bir elan yazdım qapıma:

"Mən görəni görməsin

dostum, yadım,

bu evin açarını

butulkaya qoyub

okeana tulladım…”

Eşq olsun, xanımının ev-ocağından müvəqqəti, səbəbli gedişinə dözməyib, həsrəti, hicranı “şüşə ovuntusu” kimi ovcuna yığan, ailə dəyərinin bütövlüyünü qoruyan Azərbaycan şairinə!

Bu bir həqiqətdir ki, böyük ideyaları qoruyan, təbliğ edən qələm adamları, söz sahibləri qəhrəmandırlar. Həm özləri, həm də tarix olan fikirləri və sözləri ilə birgə qoşa qəhrəmanlardırlar. Bir vaxtlar böyük M.Füzuli: “Hər sözüm bir pəhləvandır. Kim bölüb əyidi – Həqq” – dediyi kimi…

Seyran müəllimin qız övladı olmaq sən demə böyük sevgiylə sevilmək imiş… Məhəmməd peyğəmbər “övladlar arasında fərq qoyulmaq Tanrı buyruğu olsaydı, mən yenə Fatiməyə üstünlük verərdim” – demişdi. Qız övladı ataların göz nuru, qız sevinci, ana əvəzi nəvaziş dünyasıdır. “On dördü martda”, “Qızıma şeirlər”i övlad sevgisinə bir atanın hansı məsafədə olub-olmamasından asılı olmayaraq məhəbbətinin sərhədsizliyinin münasibətidir:

Kim deyir ki,

sənsizliyi danıram?

Tərk olunmuş

yurd yeriyəm, qızım,

ocaq daşı kimi yanıram

deyir.

S.Səxavətin poeziya yaradıcılığı müəllifin daxili dünyasına xas olan əhvalı, mənəvi yaşantıları, könül çırpıntıları kimi görünsə də zamanla hamımızın iç dünyasında baş verənlərin təzahürü kimi dilimizdə əzbərə çevrilir. Yəni bu yaradıcılıq nümunələri oxucunun düşüncəsinə elə doğmalaşır ki, hərə bu şeirlərdən öz taleyini oxuyur. Onun qəlbinin mövzularla qurduğu poetik dialoq üslubu da çox fərqlidir. Sevdiyinə, yar – yoldaşa, dosta, dünyanın gülünə, çiçəyinə, hətta mənəvi, bioloji yaşam səbəbimiz olan ürək haqqında düşüncələrini kövrəlmədən oxumaq olmur. “Ürək” şeiri şairin ağrıyan ürəyi ilə səmimi əhvallaşması, könül dərdləşməsidir:

Sonsuz arzuların sonuna yetsəm,

Harayla dağları qoparacaqsan.

Təkliyi sevmirsən, bilirəm getsən

Məni də özünlə aparacaqsan...

Əməlim səninki, eşqim səninki,

Məndə həsrət yaşar, o qoy ölməsin.

Demirəm ağrıma, elə ağrı ki,

Anam dözümsüzdür, ana bilməsin.

Analar oğullarının ağrıdığını biləndə oğullar gücsüzləşirmiş. Bu şeirdən bird aha anladım ki, analar xəstələnəndə qızlarına əzizləndikləri kimi, elə o ölçüdə də oğullarına “sən işində ol, heç yerim ağrımır, sap-sağlamam” deyə onların gücsüzləşməyinə qıymırlar.

Məhz bu həssas, kövrək şair ürəyi, şair qəlbi mövcud coğrafi təbiət hadisəsi olan adaların kimsəsizliyinə, yetimliyinə biganə qala bilərdimi? Uzaqdan gördüyü adalara “Kimsəsiz adalar, yetim adalar” deyir şair. Əslində, yaşadığımız cəmiyyətdə hər bir insan özü belə tənha bir adadır. Ehtiyyacları ilə, düşüncələrinin fərqliliyi ilə, intellekt potensialının bəzən xəbislik ucbatından qəbuledilməzliyi ilə bəzən də arzu və istəklərinin reallaşmasına yaranan münasibətlərin tərs mütənasibliyi ilə tənha adalar kimi qərib tale yaşayırlar.

Tale qasırğalarının qürbətə atdığı qərib taleli adamlar da vətən həsrətli, torpaq taleli ada insanlarıdır. Seyran Səxavət hadisələrə məhz bu prizmadan yanaşdığı üçün adaların kədərini, tənhalığını dərindən yaşayaraq:

Sular adaları dağıdır, didir,

Adalar dənizdə həyat diləyi...

Adalar səhrada tək ev kimidir,

Adalar torpağın qərib gileyi...

Kimsəsiz adalar bir qul, bir kəniz,

Gizlincə göz yaşı tökər adalar.

Tufanla oynayıb əylənər dəniz,

Ancaq ağrısını çəkər adalar...

İnsanın bir şeydə gözləri qalsa,

Əksi gözlərinin yaşına düşər.

Dənizə ildırım düşməli olsa,

Yenə adaların başına düşər...

İndi alim olub hər xalq, hər ölkə,

Onlar adaları yaxşı duyarlar.

İyirminci əsrdir, nə bilim, bəlkə,

Adasız dənizi oğurlayarlar...

deyir.

Adalar tənhalığın, kövrəkliyin, eləcə də dözüm və mətanətin, iradənin təcəssümü kimi oxucuya çatdırılır.

Təbiətlə S.Səxavətin qəlb, könül söhbəti belə bambaşqadır. Tanınmış tənqidçimiz V. Yusifli şairlə təbiət arasında baş tutan poetik söhbətə münasibətini belə ifadə edir: “Seyran Səxavət təbiətdən qopub gələn və təbiət sevgisini şeirlərinin canına hopduran şairdir. Ancaq onun şeirlərində sırf peyzaj lövhələri ilə çox az rastlaşarsan. Təbiət haqqında o, insandan danışdığı kimi danışır.

Metaforalardan ustalıqla istifadə edir. "Payız" şeirində deyir ki: "Sən Molla İbrahimxəlil kimi kimyagərsən...

Sən qazanmamısan bu yarpaqları, Bəs niyə səpirsən sola-sağa?!". Dənizin azadlıq həsrətini belə ifadə edir: "Dalğalar-ümidlərin, Dəyib sahillərə parçalanacaq. Eh yazıq dəniz... Sən də çaylar kimi axmaq istəyirsən...

Çaylar da bir tərəfdən axır sənə... Vallah, başım çıxmır, Bəlkə belə lazımdır: Kənizə kəniz azadlığı?! Dənizə dəniz azadlığı?!

“Azərbaycan dağları” şeiri ilə göz önünə əsrarəngiz gözəlliyi, vüqarlı duruşu, əzəmətli görünüşü ilə göylərin göndərdiyi ildırıma, şimşəyə qürurla sinə gərən dağlarla tanışlığa bütün oxuculara, hətta dünyaya şair dəvəti göndərir.

Bura Vətəndir, dağları tarix yaşadan, yer kürəsinin hər yerindən görünən gözəl Vətən dağıdır, gəlin, görün, qürurundan, duruşundan öz payınızı aparın!

Seyran müəllimin könlündən elə mövzulara qığılcım nuru düşür ki, sadə görünən predmentlər şeirin, sözün əsrarəngiz işığına bürünən kimi dünya özü belə gözəlliyə bürünür. Ayrılıqlar belə, mənaya çevrilir, işıqlı olur.

Gəmilər olmasa, limanlar olmaz,

Limanlar olmasa neylər gəmilər?

və ya

Sahildən üzəndə kədərlənərlər

Sahildə üzəndə sevinər onlar…

yaxud da:

Yamanca bənzəyir bu torpaq, bu yer,

Limana, gəmisə adicə yarpaq

Dəvə karvanına bir qurtum su ver,

Gəmi karvanına bir ovuc torpaq.

Hər şey, hər kəs İlahinin ona vermiş olduğu missiya ilə öz yerində və öz funksiyasında mənalıdır, gərəklidir. Yerində və öz gərəklilik məqamında hər şey gözəlliyə, həqiqətə xidmət edir. Əks halda gəmilər olmayanda limanlar bom-boş, yetim olur… Vay o günə ki, boşluqları hörümçək toru zəbt edə. Yaxud da ürəklər boşala, talana, yerini infarkt stendlər tuta…

S.Səxavət yaradıcılığı ilə dərindən tanışlığım mənə bu qənaətə gəlməyə əminlik verdi; poeziyadan nəsrə körpü salması, “bədii quruculuq işi” müəllifi uğurlu yaradıcılıq meydanına rahatlıqla çatdıra bildi. Bir vaxtlar R.Həmzətov deyirdi ki, nəsr oxucusunu uzaqlara götürür, poeziya isə zirvələrə uçurur. Nəsrin də, poeziyanın da inkişafında Seyran müəllim öz yerini ləyaqətlə fəth edə bildi. O sübüt etdi ki, bizi əhatə edən təbiət “bəxşişləri” ilə – dağla, yolla, dənizlə, ağacla, arx-bərə, ot-ələf, gül-çiçəklə onların dilində dialoq qura bilmək bacarığı hər qələm adamının hünəri deyil. Eləcə də bu proseslərin uğurlu anlaşılması üçün çox vaxt şairə könül inzivasına, qəlb mağarasına çəkilib, olub-olacaqlara gözün almayacağı fəhmlə baxmaq istedadı gərəkdi. Hər gün bizi müxtəlif yerlərə aparıb gətirən yollara da şairin münasibəti fərqlidir. İnsanın dünyaya gəlişinə, yolların insanların həyatındakı roluna, proseslərə şair İlahinin yer üzünə növbəti bəxşişi kimi baxır. Yollar göydən yerə çəkildi, əvvəl göndərilən səs yolu idi. “Ol!” kəlməsi ilk səsli yol idi. İnsan yolun ilk əşrəfi kimi göründü. Allah göndərdiyi ilk sakinini görüb özü də sevindi yaratdığına. Yollara gediş-gəlişli ömür verdi… Sevindirdi insan kimi yolları da… Kədər ölüm-itim olduqca, qəm üstünü örtməsin deyə bir gedənin yerinə onunu gətirdi, yolların xiffət çəkməsini istəmədi, Allah…

Seyran bəy “Yollar, ayaqlar” şeirində isə belə söylədi:

İnsanlar körpə tək gəlib dünyaya

Yollar cığır kimi doğulubdular…

Eh… Cığırlar yol olunca, insan adam olunca GÖZLƏYƏN nələr çəkdi…

Və ya ümidlər puç oldusa onda cığıra da, yollara da ayaqlara da yazıq…

İnsanlar insandan doğulubdular,

Yollar da insanın ayaqlarından

və ya:

Deyirəm dünyanın işlərinə bax,

Yollar tapdanmasa yaşaya bilmir…

deyərək şair yolun və yolcunun taleyini beləcə poetik ruhla əbədiləşdirir..

Bu şeirlərlə oxucu dünyaya bir də təzədən baxır. İnsanın özünü və ətrafını dərindən dərk etməsinə, daxilində ölçü-biçini müəyyənləşdirən vicdan sayğacına yenidən baxmağa, zamana, yaddaşa münasibəti bir də nəzərdən keçirməyə, həyatın əbədi olmadığına, müvəqqəti, kəpənək ömrü yaşadığımız bu dünyada yer-yurdumuzu düzgün müəyyənləşdirməyimizdə Seyran Səxavət poeziyası oxucunun ən emosional, ən gərəkli könül dostuna çevrilir. Məhz bu məna dərinliyinə görə tənqidçilərin, oxucuların, Seyran Səxavət sevərlərin düşüncəsində onun poeziyası həqiqətən “lirik duyğuların uca zirvəsi”nə çevrildi. Müəllifin dərin emosional zənginliyi poetik həssaslığı ilə birləşərək mövzuya söz üstadının fərqli, orjinal münasibətini ərsəyə gətirir. Vaxtilə M. Müşfiq deyirdi:

Neyləyim ki, fikrim kimi,

Gözəl olsun nəğmələrim…

Qəlbdə doğulan düşüncələr, hisslər, dildə ustalıqla yoğrulmağa çox möhtacdı…Fikrimcə bu proses SSəxavət yaradıcılığında öz ölçü-biçisini düzgün müəyyənləşdirə bilib.

S.Səxavətin dünyaya, həyata münasibəti onun iç dünyasının orjinallığı ilə çox uzlaşır.

Ömür dediyimiz yaşantı yer üzünə hicrətdir, səyahətdir, bizlər səfər yolçuları kimi burada, yer üzündə qonağıq… Tale yazımızda “bu qonaq məclisinə” əliboş gəlmirik. Hətta bəzilərimiz Allahın xeyir-duası və verdiyi ərməğan boxçası ilə bu “məclisə”, yer üzünə məqsədli göndərilirik. Sonra geri çağrılanda evimizə, ORAYA dönürük. Seyran bəy bu yaşam “məclisinə” Allahın bir neçə “boxça”yla göndərdiyi, seçilmiş olanlardandır. Sevdiyinə, doğulduğu kənd-kəsəyə münasibəti, ata-anaya, nənə-babaya, dosta, elə-elata doğmalığı dərin məhəbbətə çevrildikcə, sevgisi daha da böyüyüb yer kürəsinin taleyini, təəsübünü çəkməyə qədər yüksəlir, elə oradan da Yerə söz göndərir. “Milyon ildir Günəş sevgilinin başına dolanırsan, amma elçilərini Marsa, Yupiterə göndərirsən” – deyir. Mövcud Yer planetinin obyektiv varlığına, S.Səxavət baxışından subyektiv emosional tərzdə “tənbeh”li münasibəti poetikləşir.

Yerin müxtəlif qitələrinin (otaqlarının) dava-dalaşı haqqında şairin dərdi, ona məxsus gözəlliklərin qorunmaması, Yer və insan taleyi, siyasətlərin siyasi baxışları, qloballaşan narahat dünyamızın yaşantılarında planetin malik olduğu sərvətlərin qorunma qayğısı, hətta Antarktidadan Qarabağa qədər bütün düşündürücü məqamlar şairin daxili narahatlıqlarını ifadə edir. Altı qitə, dörd okeanla zəngin sərvətlə mükafatlandırılan Yerin İlahi taleyi S.Səxavəti elə düşündürür ki, hətta atası oğluyla söhbət edirmiş kimi əhatəli nəsihətin şahidinə çevrilirik:

Milyon ildir

Günəşin

başına dolanırsan,

Onun oduna

yanırsan.

Elçilərini isə

göndərirsən

Yupiterə, Marsa.

Mən də qəzəblənirəm,

deyirəm:

Allah mənim

Belimi qırsın,

əgər səndə

məhəbbət varsa,

Məni batırma

dərdə, qəmə.

Ayıbdır,

Belə eləmə.

Altı otaqlı

evin,

Dörd

çarhovuzun var.

Sənə qibtə edir

bütün

canlılar.

"Antarktida" markalı

soyuducun,

"Qarabağ" markalı

pianon,

"Vostok" markalı

maşının...

Daha

nəyi olar

kişinin?..

Seyran bəy mənsub olduğu milli yaşantılardan və coğrafi ərazi rakusundan qloballaşan dünyanın dərdinə necə boylanır? Əlbəttdə ki, bir azərbaycanlı kimi, bir könül adamı kimi, elə özü kimi… Dünyanı, Yer kürəsini evi bilir, xalqların, millətlərin taleyinə öz doğmasının taleyi kimi yanaşır.

İnsan hər yerdə kədəri, qayğıları, sevinci ilə insandır. “Torpaq torpağı yeməz, insan insanı yeyir”, deyir şair. Acgözlüyün gətirdiyi bəlaları izah edərək bütün xalqları, dünyanın hər yerində müharibə qızışdıranlara qarşı nifrətə çağırır. Alınmayanda isə:

Kədərin, sevincin nömrəsiz

dayanacaq hammalıyam,

boşalıb, doluram.

Hər gecə özüm adlı

dayanacaqda hamıdan

axıra özüm qalıram.

deyir.

Dərdi tək çəkmək dəhşətdir. Bu da görünür şairlərin İlahidən qəbul etdiyi missiyasıdır.

S.Səxavətin yaradıcılıq kodları açılmayan sir kimi poeziyasında və nəsrində eləcə də publisistikasında fərqli rənglərdədir. Qarabağın ilk bahar, son bahar çiçəkləri, eləcə də türkün mifik yaddaşını qoruyan qədim Topxana meşəsinin ağacları kimi…

Amma fikrinin incikliyini, kədər və arzularını ironik istehza yolu ilə çatdırmaq üslubu onun görünən əsas yaradıcılıq kodlarından biridir. Bir dəfə görüşəndə mənə söylədi ki, “sizi mənimlə Kefli İskəndər tanış edib (mənim “Qardaşım Kefli İskəndərə” şeiri nəzərdə tutulur) Onda heç təəccüblənməmişdim… Düşündüm ki, Kefli İskəndər tək mənim qardaşım deyilmiş, elə Seyran müəllimin də doğması imiş…

Həm yazı üslubu, ifadə vasitələrinin seçilməsinə, həm dil zənginliyimizdən yaradıcılığına fərqli gözəlliklər gətirmək bacarığında belə Seyran Səxavət orjinallığı ortaya çıxaraq oxucunu heyran edir.

Xalq şairi S.Rüstəmxanlı yazırdı: “Seyran Səxavətin Azərbaycan ədəbiyyatında özünəməxsus dil və üslubu var. Qarabağ, danışıq dilini bütün koloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib.” Əlbəttdə ki, bu fikirlər həm də onun poeziyasına da aiddir.

Seyran Səxavətin şeirlərində dərd fərdi, şəxsi dərd deyil, qlobal kədərdən doğan dərdlər şairin ümumbəşəri, eləcə də milli, ümumxalq təəsübkeşliyindən yaranan düşüncələrdir:

“İynə” şeirində deyir:

Bir əlimdə qələm

birində iynə,

Biriylə kitab yazıram

biriylə gor…

Hərdən də tərsinə olur,

tərsinə…

Saman təpəndə

adamın dərisinə

qələmlə gor qazıram

iynəylə kitab yazıram.

Bəli, bu bir həqiqətdir, “iynəli” ədəbiyyat düşündürücü, tərbiyyəedici ədəbiyyatdır!

Klassik ədəbiyyatımızdan öncə hətta şifahi xalq ədəbiyyatından “iynəli” qələm nümunələri həmişə düşüncələrimizin sərrast çatdırılmağında öz əhəmiyyətini təsdiq etmişdi. Bu qəbildən olan “iynəli” şeirlərini oxuduqca anlayıram ki, məni Seyran müəllimlə tanış edən Kefli İskəndər bizim ortaq düşüncə əzizimiz kimi dərdlərin çəkilməsini də hansı qələm sahibinə həvalə edəcəyini bilirmiş…

“Xoruz və Azərbaycan dili”, “Aşıq Ələsgərə xəbərçilik”, “Salatın”, “Evimdəki televizora” kimi şeirlərinin üstünü, içini iynəylə dolu gördüm.

Seyran Səxavətin poeziyasını yaşdaşı olan şairlərin yaradıcılığından fərqləndirən də yaradıcılığındakı “iynəli işıq”dır.

Sevgi şeirlərindən süzülən məhəbbət işığı nə qədər füsunkar kədəri ilə könülləri riqqətə gətirirsə, “iynəli” şeirləri mənəvi dünyamızı təmizlənmək üçün işıqlı iynələrlə könlümüzə bahar küləkləri əsdirir.

Seyran Səxavətin yaradıcılığında ürəkləri riqqətə gətirən, dillər əzbəri olan sevgi şeirləri, vicdan və mənəviyyat təmizliyinə, ictimai ədalətə çağırış mövzulu şeirləri bir şairin qəlb harayı kimi görünsə də əslində bütün insanlığın düşüncələrinin cəmidir.

Sevilmək, yaddaşlarda unudulmazlıq taxtı qurmaq hər yazara məxsus olmur. Şair üçün, yazar üçün ən böyük xoşbəxtliklərdən biri xalq sevgisi, oxucu məhəbbətidir.

Daim Tanrı sevgisiylə mükafatlandırılmaq diləklərimlə dəyərli Seyran Səxavətə can sağlığı, könül rahatlığı, 100 illik yaradıcı ömür arzulayıram.

# 82 dəfə oxunub

Oxşar xəbərlər

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər