Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi
25 mart 2026
# 10:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Mehdi Dostəlizadənin "Sina səhrasında qətl" hekayəsini təqdim edir.

“Allah sizə bir inək kəsməyinizi əmr edir”

(Bəqərə, 67)

I

Axşamlar tez yatırdı. Tez yatırdı ki, sübh tezdən oyanıb dəmir döyməyə, qılınc düzəltməyə tələssin. Özlərini müdafiə etmək üçün daha çox silaha ehtiyacları vardı. Səhərlər evdən çıxıb zindanların qurulduğu yerə çatana kimi yolüstü on müqəddəs qanunu təkrar edirdi: “öldürmə!”, “oğurlama!”, “tamah salma!”, “öldürmə!”, “oğurlama!”, “tamah salma!” deyə-deyə mənzil başına çatır, körükçülərə, dəmirçilərə kömək edirdi. Bircə şənbə günündən başqa. Həmin gün də evdə oturub “şənbə gününü unutma!” deyir, heç bir işlə məşğul olmurdu.
Yolda qabağına çıxanların çöhrələrinə baxıb fikrə gedirdi. Danyal oğlu Şimonu görəndə düşünürdü ki, görəsən bu gün səhər sağ tərəfi üstə oyanıb, ya sol tərəfi üstə? Oyananda fikirləşdiyi ilk şey nə olub, hansı xatirəsi yadına düşüb? Görəsən Misirdən qaçdıqları gün yadındadır? Ya dənizdən keçməkləri? Allah eləməmiş, birdən göydən enən yeməklər yadından çıxar ha.
Yaxud, Əfraim oğlu Binyamini görəndə Misir günlərini xatırlayırdı, o iztirablı, o əzablı günləri. Bu camaatın arasında elə bir adam yoxdu ki onun üzündə Misirin ağrılı-acılı günlərindən bir əlamət olmasın. O isə yalnız Əfraim oğlu Binyamini görəndə Fironu, onun əsgərlərini, dənizin yarılmağını və başqa-başqa möcüzələri xatırlayırdı. Niyəsi isə heç özünə də məlum deyildi.
Misirdə qaldığı vaxtlar gününü daş daşımaqla keçirirdi. İndi də müşküldəydi, düzdür, amma o günlər, o lənətli günlər getsin gəlməsin! Dolanışıq dərdi həmişə onun başına bəla olmuşdu. Əvvəlki güzəranından, onsuz da, söz açmağa dəyməz, adi bir kölə idi. Kölənin gün-güzəranı nə olacaqdı? Qamçı gücünə hər nə iş vardısa gördürürdülər, ağzını açıb bir söz deyə bilmirdi. Oğul-uşaqlarını öldürüb arvadlarını da kənizlik üçün diri saxlayırdılar. Elə bil nə müsibət var idisə başlarının üstünü kəsdirmişdi.
Qılınc düzəltmək məsələsi ortaya çıxandan günü xoş keçirdi. Yoxsa ürəyi lap partlayardı: bir yandan soğan yeyəsən, bir yandan da işin-gücün olmaya. İndi heç olmasa bilirdi ki, səhər oyanıb getməyə bir yeri var, ocağın başında, çəkic səslərinin altında başını girələyir. Qamçı vuran yox, üzünə söyən yox, qabağına it yalı atan yox. Bircə dərdi arvadının zəhlətökənliyi idi, onu da Firon ordusunun zülmü ilə müqayisə etmək insafsızlıq olardı. Səhərlər ona görə tez-tələsik yola düşürdü ki, heç olmasa günün yarısı baş-qulağı dinc olsun. Amma bəzən arvadıyla dalaşanda “kaş o vaxt səni də kəniz aparaydılar” deməkdən də gen durmurdu.
Günorta vaxtı evə elə gəldiyi yolla qayıdırdı, amma gəldiyi kimi qayıda bilmirdi. Həmişə pal-paltarı his-pasın, əl-ayağı da qan-tərin içində üzürdü. Yaş olan-qalan istedadını, zirəkliyini alıb aparmışdı, düz-əməlli çəkic vura bilmirdi. Evə çatan kimi mayasız çörəyini, qatığını yeyib yuxuya gedir, qəbilə kişiləri yığıncaq etməyincə ayılmırdı. Hər axşam ibadət üçün yığışır, ilahilər oxuyur, Misirdə yaşadıqları acı xatirələri yada salıb bugünlərinə şükür edirdilər. O da hər gün bu yığıncaqlarda iştirak edir, yediyi qamçıları, eşitdiyi söyüşləri yada salıb Fironun sümüyünə lənət oxuyurdu.
Son vaxtlar söhbətləri çayın o biri tərəfindəki qəbiləylə savaşmaq barəsində idi. Öz-özünə fikirləşirdi ki, gün-güzəranımızın yaxşı olduğu belə bir vaxtda müharibəyə, qan-qadaya nə hacət var? Balalarımız əvvəllər Fironun qamçısı altında xurd-xəşil olurdular, indi nəyimizə gərəkdir ki, özümüz kiminsə üstünə hücum çəkib onları öz əlimizlə təhlükəyə ataq? Fikirləşirdi ki, indiki rifahı əldə etmək üçün min cür əzab-əziyyətə tab gətirəndən sonra müharibə həvəsi ilə onu zay etməyə dəyməz.
Şənbə gününü ötürəndən sonra yenidən dəmir döymək üçün yola düşdü. Yolda tanımadığı bir kişi ilə rastlaşdı. “Şalom aleyxem” desə də, cavab ala bilmədi. Kişi o saat gözdən itdi. O tərəf bu tərəfə boylanıb bir şey görə bilməyəndən sonra çiyinlərini çəkib yoluna davam etdi. İşlədiyi yerə çatanda orda heç kimi tapmadı. Qəbiləsinin yanına qayıtdı. Gördüyü mənzərə bayaqkının tam əksi idi: səs-küy, bir-birinin yaxasından yapışan uzun saqqallı kişilər, çəkişənləri ayırmağa çalışan arvadlar və bu həngamədə oyun oynayan uşaqlar.
Fironun əzazil əsgərləri də onun atasını qamçılayan bir vaxtda başı həmişə oyuna qarışardı. Atasının cırılmış paltarı, qanlı bədəni onun üçün nəsə ifadə etməzdi. O cır-cındır sonralar hansısa oyuncağına geydirəcəyi libasa, ya da çubuqdan düzəltdiyi atı üçün yəhərə çevrilərdi. Yaşadıqları yer bataqlığa bənzəyirdi, amma uşaqlıqda başqa yer görməmişdi deyə çox da vecinə olmazdı. Bircə dərdi vardı: çubuqdan atına minib o tərəf bu tərəfə qaçmaq, hərdən Fironun əsgərlərinə arxadan daş atıb gözdən itmək.
Meydandakı izdihamın içinə tərəf yeridikcə səslər bir-birinə qarışır, hər kəsdən bir avaz gəlirdi. Musanın yanına getməkdən, bu düyünü ancaq onun aça biləcəyindən danışırdılar. Əvvəlcə heç nə anlamadı. Yalnız kənardakı uşaqlardan birinin dili ilə öyrəndi ki, Yəsakir övladlarından Şimronu öldürüblər və günahı da onun qəbiləsinin üstünə yıxıblar. Ağsaqqallara qoşulub böyük meydana çatanda qan içindəki cənazəni gördü. Hamı söz güləşdirir, dəlil-sübut olmadan günahı bir-birinin üstünə atırdılar.
Bir qıraqda dayanıb saqqalını didməyə başladı. Çoxdandır belə bir adəti yaranmışdı, tez-tez saqqalını didişdirirdi. Əsasən arvadı ilə dava edəndə biixtiyar əli saqqalına gedirdi. Yeməkdən sonra da bığındakı qatığı təmizləyən kimi barmaqları saqqalında dolanırdı. Saqqalını ovcuna alanda fikirləşirdi ki, görəsən arvadların da saqqalı olsaydı nə olardı? Kişilər kimi onların da eşmə bığları, qıvrım-qıvrım saqqalları uzansaydı, dünya dağılmazdı ki? Görəsən arvadının saqqalını ağzına tıxayıb susdura bilərdi? Hər dəfə bu cür düşünəndən sonra belə nəticəyə gəlirdi ki, yox, arvadına bu da kar etməz, gərək onu Fironun əsgərləri tutub kəniz aparaydılar.
Bəxtindən kölgələnməyə bir yer tapmışdı. Oturub camaatın hərəkətlərinə baxdı. Uşaqlar, qadınlar, qocalar, cavanlar hamısı bir-birinə dəymişdi. Birinin üzündə qəzəb, birinin üzündə qisas hissi görürdüsə də, başqa birinin üzündə heç nə sezə bilmirdi, sanki quru taxtaya baxırdı. Elə bil bəzi adamlar marağa durub bu meydana yığışmışdılar; heç xəbərləri də yox idi ki, məsələ nədir, kimi öldürüblər və niyə intiqam almaq lazımdır. Çoxları heç bilmirdi ki, Şimron kimdir, onu nə üstündə qətlə yetiriblər. Amma hamı bu meydanı məhkəmə, özünü də ən ədalətli hakim olaraq görürdü.
Əsasıyla yerdə nəsə cızdı. Oxuyub-yazmağı bilmirdi, bunu bilən adamlara da həsəd aparırdı. Əsasını bir qabağa, bir arxaya apardıqca özünü yan-yörədə dolanan uşaqlara müdrik ağsaqqal kimi göstərməyə çalışırdı. Guya o bir kahindir və hadisənin əsl səbəblərindən sadəcə o xəbərdardır. Qatilin kim olduğunu yaxşı bilir, amma özünü qabağa verməyə hacət görmür. Hətta bir məqamda istədi ki, yerdən qalxaraq ayağını bir daşın üstünə qoyub fikrə getsin, amma o saat da bu fikrindən daşındı. Əlini saqqalına aparsa da, tez özünü yığışdırdı. Fikirləşdi ki, birdən uşaqların gözündən düşər, daha onu hikmətli bir qoca saymazlar.

II
Bu günlərdə arvadı çox deyinmirdi. Amma bu günlərdə arvadının zəhlətökənliyi üçün yaman darıxmışdı, çünki bu günlərdə adamlar başlarını qatmaq üçün hər yola əl atırdılar. Qatilin tapılması üçün həll yolları axtarmaqdan başını itirmişdi. Çünki başqa ağsaqqallar kimi o da Musanın gətirdiyi həll yolunu ağlabatan hesab etmirdi: necə yəni bir inək kəsin? Heç inək kəsməklə də cinayətin üstünü açmaq olar? İndiyədək kim belə istintaq görüb?
Özü də, axı çoxlu inək var, necə bir inək kəsmək lazımdır? Dişləri tökülmüş, beli bükülmüş bir inək kəssələr qurbanları qəbul olardı? Allah eləməsin, birdən Qabilin gününə düşməzdilər ki? Cavan inəyin qanı qaynar olar, birdən onları yandırıb yaxmazdı ki? Məgər bu günə qədər az qurban vermişdilər ki, Allah onlardan yeni bir qurban istəyir? Bəlkə heç qurban da istəmir, başqa məsələdir? Bəlkə o köhnə buzov məsələsinə görə Musa onlardan acıq çıxır?
Başını qatmaq üçün evdən çıxdı. Ağsaqqalların didişməyindən təngə gəlmişdi. Belə bir vaxtda arvadının sus-pus oturmağı da ayrı tərəfdən əsəblərini korlayırdı. Əsasını quma çırpa-çırpa boş vadidə var-gəl etdi. Qəfildən qətlin baş verdiyi gün yolda gördüyü adamı xatırladı. Həmin günə qədər heç vaxt onunla rastlaşmamışdı. O adam hara tələsirdi həmin gün? Niyə tez-bazar gözdən itmişdi? Hansı təlaşla o cür yüyürürdü? Bəlkə də heç məsələyə dəxli yoxdur. Bəlkə də hardasa arxasınca it düşmüşdü, o da qorxusundan özünü itirib ora-bura qaçırdı. Bəlkə də dəlinin biri idi, camaatdan qorxurdu, adam görən kimi yox olurdu? Bəlkə də hardansa Şimronun ölüm xəbərini eşidib tez özünü camaata çatdırmaq istəyirdi. Sina səhrasının bu əcaib yerində qaçmaq üçün çox səbəb vardı.
Çadırlardan çox aralandığını görüb bir qədər geri qayıtdı. İndi qatilin sorağını soyuq qumlardan, daşlardan almaq əvəzinə bir az da camaatın baxışlarında gəzmək istəyirdi. Ocaq ətrafında yığışan ağsaqqalları görüb yüngülcə təzim etdi. Kənarda durub hər kəsin ittihamlarına, dəlil-sübutlarına, məzəmmətlərinə diqqətlə qulaq asdı. Heç birindən baş açmadı. Tək razılaşdığı şey ağsaqqalların Musaya olan tənqidləri idi.
Bəs Şimron haqda nə demək olardı? Onu doğrudan da öldürmüşdülər? Bəlkə canına qəsd etmişdi? Hardan bilmək olardı, bəlkə bu camaat özünü əbəs yerə zəhmətə salmışdı? Özü də, Şimronu harada dəfn etdilər görəsən? Musa “bir inək kəsin” deyəndən sonra özlərindən elə çıxmışdılar ki, Şimronun cənazəsi ayaq altında qalmışdı. Elə hay-həşir qopmuşdu ki, o da böyük meydandan evinə qayıdanda son dəfə dönüb cənazəyə baxmağa fürsət tapmamışdı. Bircə qanına qəltan olduğunu görmüşdü. Bəlkə haqqıdır, bəlkə kiminsə namusuna sataşıb? Amma yox, belə bir şey olsa səsi mütləq çıxardı.
Səhər qəbilədaşlarına qoşulub Musanın yanına getdi. “Sarı bir inəkdir” sözünü eşidəndə hamıdan əvvəl o güldü. Necə yəni sarı bir inəkdir? Bu dünyada sarı inəkdən çox nə var? Bir dəfə çayın o biri tərəfindəki qəbilənin mal-qarasını görmüşdü. Orda da çoxlu sarı inək vardı. Bəlkə Musa dolayı yolla düşmənə hücum əmri verirdi? Bəlkə onlar pusqu qurub bütpərəst qəbilənin çobanlarını öldürməli, inəklərini oğurlamalı, bu vasitə ilə də sonu görünməyən müharibəni başlatmalı idilər?
Evə qayıdanda qızının xəmir yoğurduğunu gördü. Bir küncdə oturub qızına nəzər saldı. Arvadına oxşasa da, onun heç vaxt eşmə bığlı, qıvrım saqqallı olmasını istəməzdi. Amma arvadından fərqli olaraq, kəniz getməsini də diləmirdi. Elə bu şeyləri fikirləşəndə qılınc düzəltməyin ağlabatan olduğu qənaətinə gəldi. Qətl məsələsi ortaya çıxandan səhər-axşam qapı-qapı düşüb inək axtarırdılar, ona görə də silah-sursat tədarükləri ləngiyirdi. Qızına baxıb inək mövzusunun tezliklə həll olunması arzusu ilə yuxuya getdi.
Axşamüstü qapı döyüldü. İbadətə çağırırdılar. Əyin-başını geyinib ağsaqqalların yığıncağına getdi, bir küncə oturdu. Dualardan, qarğışlardan sonra növbə inək məsələsinə çatmışdı. Belə qərara gəldilər ki, son dəfə Musanın yanına getsinlər. Əgər iş aydınlaşsa, Şimronun məsələsi ağlabatan üsulla həll olunsa, ona tabe olacaqdılar. Yox əgər bu dəfə də istədikləri cavabı almasalar, daha evbəev gedib inək axtarmayacaqdılar. O da bu qərarla razılaşdı və evə qayıtdı. Arvadına sabah hər şeyin bitəcəyini deyib yenidən yatdı.
Səhər qəbilədaşlarına qoşulub Musanın yanına getdi. “Yer şumlamamış, əkin suvarmamış bir inəkdir” sözünü eşidəndə gülmək istədi, amma ağsaqqalların ciddi sifətini görüb fikrindən daşındı. Hətta aralarından bir nəfərin “hə, indi iş düzəldi” dediyini eşidəndən sonra daha gülməyə yer olmadığını anladı. Deyəsən inəyin hansı inək olduğu artıq hamıya məlum idi. Görənləri sevindirən, sarı rəngli, orta yaşlı, yer şumlamamış, əkin suvarmamış neçə inək vardı ki bu səhrada?

III
Şimron elə bil indicə ölmüşdü, meyitindən pis iy gəlmirdi. O da bu cəsədə baxıb bir xeyli təəccüblənmişdi. Hamı ilə birlikdə böyük meydanda Şimronun ölüsünə tamaşa edirdi. Bəlkə indi baxdığı meyit Şimronun yox, bir başqasının idi? Bəlkə bir neçə gün də onun ölümünə görə bir ayrı zəhmətə düşəcəkdilər? Bəlkə Musa bu dəfə “bir qoyun kəsin” deyəcəkdi? İlahi, qoyun inəkdən çoxdur, belə bir ağır yükün altından necə çıxacaqdılar?
Bu dəfə arvadını və qızını da özü ilə böyük meydana gətirmişdi. Arvadı artıq tamamilə zəhlətökənliyi bir qırağa qoymuşdu. Elə sakit, elə sözəbaxan olmuşdu ki, istəyirdi bir gün qılınc düzəltməyə gedəndə bir ülgüc də düzəltsin, xəyalındakı bütün zəhlətökən arvadların eşmə bığlarını, qıvrım saqqallarını onunla kəsib töksün yerə. Keçib qızının qabağında dayandı. İstəmirdi ki, Şimronun meyitini görsün. Ona elə gəlirdi ki, qızı indidən kiminsə cəsədini görsə, sabah zəhlətökən bir arvada çevrilər. İndidən kiminsə ölüsünü görən qızların bir müddət sonra ifritə bir arvada çevrilə biləcəyindən yaman qorxurdu.
Yan-yörəsində uşaqların oynadığını görəndə onların da qabağında durmaq istədi. Xüsusilə də qız uşaqlarının. Həmin an ən böyük arzusu bu meydandakı qız uşaqlarının sayı qədər bədənə sahib olmaq idi. İstəyirdi ki, bu bədənlərlə keçib hamısının qabağında dayansın, onları Şimronun meyitini görməkdən qorusun. Amma belə bir şeyin mümkün olmadığına görə çox da təəssüflənmədi. Hardansa eşitmişdi ki, heç kim öz boynuna düşən vəzifədən artığına cavabdeh deyil. O da öz boynuna düşən vəzifəni yerinə yetirməklə kifayətləndi.
Uşaqların o tərəf bu tərəfə qaçanda çıxardıqları tozanaq ona Musanın qiyamət günü haqqında danışdıqlarını xatırlatdı. Həmin gün hamı qaçıb canını qurtarmağa yer axtaracaqmış. Camaat öz arvad-uşağından, ata-anasından qaçacaqmış. Hamının gözü bərələcəkmiş o dəhşətli gündə. Amma o özünə söz vermişdi ki, qiyamət günü gələndə qətiyyən qızını qoyub heç hara qaçmayacaq. Göydən ulduzlar tökülsə, dağlar ovulub getsə, hər tərəfi su bassa da qızını tək qoymayacağına and içmişdi. Uzaqdan gələn hənirtiyə diksinib fikirdən ayıldı.
İnəyi darta-darta böyük meydana gətirən cavanların canfəşanlığına tamaşa etdi. Onlar var gücləri ilə inəyin iri buynuzlarına, yan-yörəsinə bağlanmış kəndirləri dartırdılar. Bu səhnə illər əvvəlki buzov macərasını onun yadına saldı. Onda da Şimron adlı başqa bir nəfərin buzovunu böyük meydana darta-darta gətirmiş, özlərinə ilah bilib qarşısında səcdə etmişdilər. O vaxtlar hələ qızı dünyaya gəlməmişdi, amma arvadı ilə birlikdə o buzovun qabağında əyilmişdilər. Bəlkə də arvadı o buzova yaman ürəkdən səcdə etmişdi, ona görə sonralar zəhlətökən birinə çevrilmişdi.
Misirdən qaçanda özü ilə bir balalı inək dartıb gətirmişdi bu torpaqlara. Yol boyu özündən çox onlardan muğayat olmağa çalışırdı. Özü gedib ən yaxşı otları yığıb gətirir, öz əlləri ilə sevimli inəyinə yedirdirdi. Dənizlə üz-üzə qalanda fikir onu aparmışdı. Düşünürdü ki, daha yolun axırına gəlib çatıblar, indicə Firon gəlib onların hamısını ya qırıb dənizə tökəcək, yada sürüyə-sürüyə geriyə, Misirə qaytaracaq. Bəs onda bu balalı inəyin halı necə olacaqdı? Axı o yazığın daha yol getməyə taqəti qalmamışdı. Axı o buzov daha haldan düşmüşdü. Firon ordusunu görəndə qorxusundan tir-tir əssə də, yumruğunu havada yelləyib onlara xox gəlməyə çalışmışdı. Bunu ona görə etmişdi ki, heç olmasa inək öz sahibinin şücaətini görüb özündə güc tapsın.
İndi də qızının qulaqlarını tutmağa çalışırdı. İstəmirdi ki, inəyin kəsiləndə çıxardığı o əzablı səsi eşitsin. Ölümün nə olduğunu anlamağa qətiyyən imkan vermək istəmirdi, nə göz yolu ilə, nə də qulaq yolu ilə. Amma buna nail ola bilmədi. İnəyin səsini eşidən kimi özünü itirib qızını bir kənara itələdi. İndi onun qızı həm ölünün özünü görmüş, həm də ölümün səsini eşitmişdi. Deməli o da nə vaxtsa zəhlətökən bir arvad olacaqdı.
Hadisələri daha yaxından müşahidə etmək üçün bir az irəli gəldi. “İnəyin bir parçasını ölüyə vurun” göstərişini eşidə bildi. Necə yəni? Bütün həngamə buna görəymiş? O qədər zəhmət çəkib inək tapmışdılar ki, onun bir tikəsini Şimronun meyitinə vursunlar? Tutaq ki, hər şey elə buna görəymiş, tutaq ki, inəyin bir tikəsini Şimronun cəsədinə vurmalıdırlar. Bəs hansı tikəsini? Quyruğunu, başını, qarnını, qıçını, harasını? Bu dəfə nə etməli idilər? Axı nə vaxta qədər bu dolaşıq qanunların boyunduruğuna dözəcəkdilər? Yox, bəlkə qanunlar dolaşıq deyildi? Musa çox iş görüb deyə onunla mehriban dolanmağa məcbur idilər. Bəs onlar? Onlar az iş görmüşdülər? Çəkdikləri əziyyətin müqabilində daha rahat yaşamağa haqları çatmırdı?
Dirsəkləri ilə izdihamı yarıb ən qabağa, qan gölməçəsinin yanına gedib çatdı. Ağsaqqalların istehza dolu baxışları ilə razılıq əlaməti olaraq başını yellədi. Musanın qarşısında dayanıb arıq, nazik qollarını möhkəm ağac kökləri kimi bir birinə keçirdi. Elə bil bununla demək istəyirdi ki, artıq bütün inək macəralarından cana gəlib, bezib, daha xatirələrində heç bir inəyə yer yoxdur. Sanki ürəyindən keçirirdi ki, bundan sonra inək ancaq südünü içib təzəyini yandırdığı bir heyvan olaraq həyatında, məişətində yer almalıdır. Kiminsə inəyin quyruğunu kəsib Şimrona toxundurduğunu görəndə başını aşağı saldı. Dişlərini qıcayıb dodaqlarının altında həmişəki zikrini zümzümə etdi: “öldürmə!”.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə

"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə

15:00 24 mart 2026
Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

11:49 23 mart 2026
Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

16:00 22 mart 2026
Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

11:30 22 mart 2026
Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

11:00 21 mart 2026
"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

11:00 20 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər